Martın 15-də - ilaxır çərşənbə günü Azərbaycanın
hər bir guşəşində olduğu kimi, Bakının Ramana
qəsəbəsindəki E.Ağayev adına 198 nömrəli orta
məktəbdə də Novruz bayramı təntənəli şəkildə
qeyd olundu. Tədbir Ramana qəsəbə mədəniyyət
evinin nümayəndələrinin iştirakı ilə qəsəbədəki
XIV əsrin yadigarı olan qədim qalada keçirildi.
Tədbiri giriş sözü ilə 198 nömrəli məktəbin
direktoru Şəlalə Nadirova açaraq qonaqları,
iştirakçıları və qəsəbə sakinlərini bayram
münasibətilə təbrik etdi. "Cəngi"nin sədaları
altında tonqallar alovlandı. Bahar qızı, Kosa,
Keçəl hamını salamladılar. Milli paltar geyinmiş
qızlar xalça-palaz üstündə oturaraq bayram
şirniyyatları hazırlayır, yuxa yayır, bayram
xonçaları bəzəyirdilər. Bayram xonçalarının
nemətləri bütün tədbir iştirakçılarına paylandı.
Məktəbin "Leyla" rəqs qrupunun üzvləri milli
rəqslərlə, gənc meyxanaçılar bayram təbriki ilə
çıxış etdilər.
Tədbir iştirakçılarına ilin dörd çərşənbəsinin
rəmzi əlamətləri haqqında məlumat verildi.
Tədbirdə BŞTİ-nin "AzGerNeft"şirkətinin, Təhsil
Problemləri İnstitutunun nümayəndələri, qonşu
məktəblərin direktorları və digər qonaqlar
iştirak edirdilər. Çıxış edənlər bayram
təbriklərini çatdırdılar və tədbirdən məmnun
olduqlarını bildirdilər.
Aynur DADAŞOVA,
AMİ-nin Mingəçevir filialının
Tələbə Elmi Cəmiyyətinin sədri |