Yaz gələr, yenə də qaynayar qanın,
Bizim pəncərəyə dikilər gözün.
Mən elə baxaram, od tutar canın,
Alışar pərdəsi pəncərənizin.
Hələ ki sazaqdır, hələ ki qışdır,
Hələ ki torpaq da xalı toxumur.
Hələ ki qar yağır, naxış-naxışdır,
Hələ ki quşlar da nəğmə oxumur.
Mən sənin yadına düşmürəm, neynək,
Qəmin ağuşunda ümid bəslərəm.
Oturub pəncərə önündəcə tək,
O gözəl, o göyçək yazı gözlərəm.
Yaz gələr, yenə də qaynayar qanım,
Bizim pəncərəyə dikilər gözün.
Mən elə baxaram, od tutar canın,
Çatlayar şüşəsi pəncərənizin.
Məhəmməd BAHARLI |