Təhsil sistemi
Rusiya
Federasiyası Müstəqil Dövlətlər Birliyində (MDB)
təmsil olunan ən böyük dövlətdir. Keçmiş
SSRİ-nin varisi olan Rusiya Boloniya prosesinə
ilk qoşulan ölkələrdəndir. Son 10 ildə təhsil
sisteminin yenidən qurulması üçün ölkədə ciddi
təhsil islahatları aparılıb.
Rusiya Federasiyasında mövcud olan dövlət, özəl,
bələdiyyə təhsil müəssisələri fəaliyyətlərini
hökumət tərəfindən təsdiq olunmuş nümunəvi
əsasnamələrə uyğun qururlar. Rusiyanın təhsil
sistemi aşağıdakı təhsil səviyyələrinə bölünür:
*
məktəbəqədər təhsil;
*
ümumi təhsil:
-
ibtidai ümumi təhsil;
-
əsas ümumi təhsil;
-
orta ümumi təhsil;
*
orta peşə təhsili:
-
ixtisaslı fəhlələrin hazırlığı;
-
orta səviyyəli mütəxəssislərin hazırlığı;
*
ali təhsil:
-
bakalavriat;
-
magistratura (mütəxəssis hazırlığı);
-
elmi-pedaqoji kadrların hazırlığı.
Məktəbəqədər təhsil
Rusiyanın
məktəbəqədər təhsilində uşaqların sağlamlığının
qorunması kimi kifayət qədər geniş kompleks
vəzifələr yerinə yetirilir və ailələrlə
qarşılıqlı səylər əsasında uşaqlara mənəvi
dəyərlər aşılanır, onların hərtərəfli və
harmonik inkişafı üçün zəruri şərait yaradılır.
Məktəbəqədər təhsil müəssisələrinə təlim-tərbiyə
prosesinin prioritet istiqamətlərinin, təhsil
proqramlarının seçimində sərbəstlik verilib. Bu
da, öz növbəsində, məktəbəqədər təhsildə
rəngarəngliyə səbəb olur.
Ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil
müəssisələri bir sıra cəhətlərinə görə
bir-birindən fərqlənirlər. Bu baxımdan uşaqların
bir və ya bir neçə prioritet istiqamətdə
(intellekt, bədii-estetik, fiziki və s.)
inkişafını nəzərdə tutan uşaq bağçaları, əsasən
fiziki və psixi cəhətdən qüsurlu uşaqların
təlim-tərbiyəsi ilə məşğul olan uşaq bağçaları,
sanitar-gigiyenik, profilaktik və digər
sağlamlaşdırıcı proseduraların həyata
keçirildiyi uşaq bağçaları, universal uşaq
bağçaları (onların tərkibinə müxtəlif səviyyəli
ümuminkişaf, bərpa və sağlamlaşdırıcı qruplar
daxildir) və uşaq inkişaf mərkəzlərinin - bütün
uşaqların sağlamlığını, fiziki və psixoloji
inkişafını nəzərdə tutan uşaq bağçalarının adını
çəkə bilərik.
Onlardan əlavə, Rusiyada körpələr evləri də
fəaliyyət göstərir. Lakin son 10 il ərzində
körpələr evlərinin sayı nəzərəçarpacaq dərəcədə
azalıb. Bu, müxtəlif iqtisadi və digər amillərlə
əlaqədardır.
Ölkədə məktəbəqədər təhsil müəssisələrinə 3-6,
körpələr evlərinə isə 1-3 yaşlı uşaqlar qəbul
olunur. Nadir hallarda isə 2 aydan 1 yaşa qədər
olan uşaqlar da körpələr evlərinə verilə bilər.
Məktəbəqədər təhsil müəssisələri dövlət,
bələdiyyələr və müxtəlif idarələr tərəfindən
maliyyələşir. Son zamanlar özəl məktəbəqədər
təhsil müəssisələri də fəaliyyətə başlayır ki,
onlar da ölkə üzrə cəmi 8 faiz təşkil edir.
Rusiyada uşaqların yalnız 59 faizi uşaq
bağçalarına gedir. 20 faiz uşaq isə bağçaya
getmək üçün növbə gözləyir. Bir sıra valideynlər
isə hələ də uşaqlarını bağçalara vermək barədə
düşünmürlər. Bu baxımdan dövlətin 3 yaşa qədər
uşaqlar üçün effektiv təlim proqramları qəbul
etməsinin vacibliyi önə çəkilir.
Ümumi orta təhsil
Ümumi
orta təhsilin ilk mərhələsi olan ibtidai
təhsildə uşaqlar ətraf mühit, ünsiyyət
vərdişləri, tətbiqi tapşırıqların həlli barədə
ilkin biliklərə yiyələnirlər. Bu mərhələnin
uşaqların şəxsiyyət kimi formalaşmasına və
inkişafına göstərdiyi təsirə görə ibtidai təhsil
dövlət və cəmiyyət üçün olduqca əhəmiyyətlidir.
Rusiyada icbari ibtidai ümumi təhsil hamı üçün
əlçatan hesab olunur. İbtidai məktəblərdə
uşaqların təlim-tərbiyəsinə 6 yaşdan (uşağın
sağlamlığı ilə əlaqədar ciddi səbəb olarsa, 8
yaşdan gec olmayaraq) başlanılır.
İbtidai məktəblərdə rus dili, oxu, xarici dil,
riyaziyyat, ətraf mühit, təsviri incəsənət,
musiqi, texnologiya, fiziki mədəniyyət
fənlərinin tədrisi icbari xarakter daşıyır.
Fənlərin tədrisi üçün ibtidai məktəbdə müvafiq
şəraitin yaradılmasına xüsusi diqqət yetirilir.
Proqram üzrə xarici dil II sinifdən tədris
olunur. Texnologiya fənninin "Kompüterdə iş
təcrübəsi" (informasiya texnologiyalarından
istifadə) bölməsinin tədrisinə III sinifdən
başlanılır. Rus dili və ədəbiyyat fənni isə
federal təhsil proqramında iki variantda təqdim
olunur: rus dilində tədris aparılan məktəblər və
qeyri-rusdilli təhsil müəssisələri (digər
xalqların doğma dillərində tədris aparılan
məktəblər) üçün.
İbtidai məktəb federal təhsil sisteminin
qarşısında duran aşağıdakı əsas məqsədlərə nail
olunmasını təmin etməlidir:
-
məktəblinin şəxsiyyətinin inkişafı, onun
yaradıcılıq qabiliyyətinin, öyrənmək marağının,
arzusunun və oxumaq bacarığının
formalaşdırılması və inkişaf etdirilməsi;
-
mənəvi və estetik hisslərin tərbiyə olunması,
özünə və ətraf mühitə qarşı emosional müsbət
münasibətin formalaşması;
-
biliklər sisteminin, bacarıq və vərdişlərin,
fəaliyyətin müxtəlif növlərinin həyata
keçirilməsi təcrübəsinin mənimsənilməsi;
-
uşaqların fiziki və psixi sağlamlığının
mühafizəsi və möhkəmləndirilməsi;
-
uşaqların individuallığının qorunması və
dəstəklənməsi.
Ümumi orta təhsil Rusiya təhsil sistemində əsas
yerlərdən birini tutur. Orta təhsil müəssisələri
sırasına aiddir:
-
orta ümumtəhsil məktəbləri;
-
ayrı-ayrı fənlərin dərindən öyrənilməsini həyata
keçirən xüsusi məktəblər;
-
gimnaziyalar;
-
liseylər;
-
axşam məktəbləri;
-
internat tipli təhsil müəssisələri;
-
fiziki və psixi qüsurlu uşaqlar üçün xüsusi
məktəblər;
-
məktəbdənkənar təhsil müəssisələri (uşaq musiqi
məktəbləri, incəsənət məktəbləri, xor və
xoreoqrafiya studiyaları, folklor ansamblları,
uşaq-yeniyetmə idman məktəbləri, gənc texniklər
stansiyaları, istirahət mərkəzləri və s.).
Adətən ümumtəhsil müəssisələrinə uşaqlar 6 və ya
7 yaşında daxil olur, 17 və ya 18 yaşda orta
məktəbi bitirirlər. Ümumi orta təhsilin standart
məktəb proqramı IX və ya XI sinfə qədər nəzərdə
tutulur. Dərslər sentyabrın 1-də başlayır və
mayın sonunda başa çatır. Tədris ilinin
bölünməsinin iki əsas üsulu var:
-
tədris ili 4 rübə bölünür və hər rübün sonunda
(yay, payız, qış və yaz) tətillər verilir;
-
tədris ili 3 rübə bölünür və rüblər birhəftəlik
tətillə başa çatır. Bu zaman hər rüb 5 bloka
bölünür.
Hər rübün sonunda bütün fənlər üzrə yekun
qiymətləndirmə aparılır. Hər ilin sonunda isə
şagirdlərin illik qiymətləri müəyyən olunur.
Bəzən rüblüklərlə yanaşı, yarımilliyin
nəticələri üzrə də qiymətləndirmə aparılır. Pis
oxuyan, illik qeyri-kafi qiymətlər almış
şagirdlər sinifdə saxlanıla bilər.
XI sinifdə, eləcə də IX sinfin sonunda şagirdlər
bir sıra fənlər üzrə imtahanlar verirlər. Bu
imtahanların və illik qiymətlərin əsasında
attestat qiymətləri müəyyənləşdirilir.
İmtahanlar keçirilməmiş fənlər üzrə isə rüblərə
əsasən çıxarılmış illik qiymətlər attestata
yazılır.
IX sinfə qədər oxumaq icbari, X və XI siniflər
üzrə təhsil isə könüllüdür. XI sinfi bitirən
şagird tam orta təhsil barədə attestat, IX sinfi
uğurla başa vuran şagird isə əsas ümumi təhsil
haqda şəhadətnamə alır.
IX sinfin məzunu təhsilini orta ixtisas
(texnikum, kollec, bir sıra tibbi, pedaqoji və
digər orta ixtisas məktəbləri) və peşə təhsili
müəssisələrində (orta peşə texniki, peşə texniki
məktəblərində) davam etdirə bilərlər. Ali
məktəbə daxil olmaq üçün tam orta təhsil barədə
attestat və yaxud peşə texniki məktəbinin,
texnikumun diplomu tələb olunur.
Məktəblərin əksəriyyəti 6 günlük iş həftəsi
əsasında fəaliyyət göstərir. Hər gün 4-7 dərs
keçilir. Dərslər 45 dəqiqə davam edir. Həmçinin
dərslərin həftədə 5 gün keçilməsi də mümkündür.
Bu zaman dərslərin sayı 9-a qədər artırıla, dərs
saatı isə 45 dəqiqədən 35 dəqiqəyə qədər
azaldıla bilər. Şagirdlər məktəbdə dərslərdən
əlavə ev tapşırıqlarını da yerinə yetirirlər.
Müəllimlərin qərarına uyğun olaraq aşağı
siniflərin şagirdləri üçün ev tapşırıqları
verilməyə bilər.
Rusiyada ixtisaslaşmış orta məktəblərə və ya
ayrı-ayrı ixtisaslaşmış siniflərə də təsadüf
olunur. Bu halda bəzi fənlərin (xarici dil,
fizika-riyaziyyat, kimya, mühəndislik, biologiya
və s.) daha dərindən tədrisi təşkil olunur.
İxtisas fənləri üzrə dərslər ənənəvi
məşğələlərdən əlavə dərs yükü ilə fərqlənir.
Son vaxtlar Rusiyada günərzi məktəb şəbəkəsi də
inkişaf edir. Bu məktəblərdə uşaqlar nəinki
ümumi təhsil alır, onlarla böyük həcmdə
dərsdənxaric işlər aparılır, dərnəklər, bölmələr
və uşaqların əlavə təhsili üzrə digər birliklər
də fəaliyyət göstərir.
Uşaqların əlavə təhsilini təmin edən
məktəbdənkənar müəssisələrdə musiqi, bədii,
idman və digər istiqamətlər üzrə məşğələlər
keçirilir. Bu məktəblərin fəaliyyəti uşaqlarda
yaradıcılıq potensialının inkişafına təkan
verir, onların ixtisas və gələcək həyat yolunu
müəyyənləşdirmələrinə kömək edir.
Orta peşə təhsili
Rusiya
Federasiyasında peşə təhsilinə xüsusi önəm
verilir. Ölkədə 280-dən artıq ixtisas üzrə
praktik-mütəxəssislərin hazırlanması həyata
keçirilir.
Peşə təhsili iki əsas tədris proqramı üzrə
aparılır: baza səviyyəsi və yüksək səviyyə. Baza
səviyyəsini mənimsəyən məzuna L-texnik dərəcəsi
verilir. Təhsil müddəti bir il çox olan yüksək
səviyyəli peşə təhsili baza səviyyəsinə nisbətən
daha dərin və geniş hazırlığı nəzərdə tutur.
Peşə hazırlığını dərinləşdirən məzuna L-baş
texnik dərəcəsi verilir.
Hazırda Rusiyada iqtisadiyyat və sosial
sahələrdə 21,6 milyon peşə təhsilli mütəxəssis
çalışır. Bu isə məşğul əhalinin ümumi sayının 34
faizinə bərabərdir.
Orta peşə təhsili müəssisələrində əyani,
əyani-qiyabi (axşam), qiyabi oxumaq mümkündür.
Peşə təhsili müəssisələrinə əsas ümum təhsil
(ümumtəhsil məktəbinin IX sinfindən) və ya orta
təhsil (ümumtəhsil məktəbinin XI sinfindən)
məktəblərinin məzunları daxil ola bilərlər. Orta
peşə təhsilinin müddəti əyani hazırlığın
profilindən asılı olaraq 2-3 il arasında
dəyişir. Əyani-qiyabi və qiyabi peşə təhsili isə
bir il artıqdır. IX sinif məzunları orta peşə
təhsilinə yiyələnmək üçün tam orta (XI sinif)
təhsilli gənclərlə müqayisədə bir il artıq
oxuyurlar.
Orta peşə təhsili müəssisələrinin 2 növü
mövcuddur:
-
Baza səviyyəsində orta peşə təhsilinin əsas peşə
təhsili proqramlarını reallaşdıran
texnikumlar;
-
Baza və yüksək baza səviyyəli orta peşə təhsili
proqramlarını həyata keçirən kolleclər.
Bəzən orta peşə təhsili proqramları ali
məktəblərdə də tədris olunur. Müvafiq profilli
peşə təhsili almış şəxslər qısa gücləndirilmiş
proqramlar üzrə ali peşə təhsilinə yiyələnə
bilərlər.
Rusiyada 25-dən artıq federal nazirlik və
idarənin nəzdində orta peşə məktəblərinin
bölmələri də fəaliyyət göstərir.
Ali təhsil
Ənənəvi
olaraq Rusiyada ali təhsil iki pilləyə bölünür:
bakalavriat və magistratura. Ali təhsil
proqramlarının normativ müddətləri aşağıdakı
kimidir:
-
bakalavr dərəcəsi almaq üçün təhsilin əyani
forması üzrə bakalavriat proqramı - 4 il;
-
mütəxəssis dərəcəsi almaq üçün əyani forma üzrə
mütəxəssis hazırlığı proqramı - 5 ildən az
olmamaqla;
-
təhsilin əyani forması üzrə magistr dərəcəsi
almaq üçün magistr proqramı - 2 il;
-
elmi pedaqoji kadrların aspiranturaya
(adyunktura) hazırlığı proqramı - 3 ildən
artıq olmamaqla.
Ali təhsilin tədris proqramını uğurla mənimsəmiş
və yekun attestasiyadan keçmiş şəxslərə müvafiq
qaydada ali təhsil təsnifatları (akademik
dərəcələr) verilir. Bakalavriat proqramını
mənimsəyənlərə - bakalavr, mütəxəssis hazırlığı
proqramını başa vuranlara mütəxəssis,
magistratura proqramını mənimsəyənlərə magistr,
elmi pedaqoji kadrların aspirantura (adyunktura)
hazırlıq proqramını keçənlərə ali məktəb
müəllimi və ya tədqiqatçı, dissertasiya müdafiə
etmiş şəxslərə isə elmlər namizədi diplomu
verilir.
Rusiya hökuməti son illər ali təhsilin inkişaf
etdirilməsinə xidmət edən müvafiq dəstək
proqramlarının maliyyələşdirilməsi üzrə bir sıra
qərarlar qəbul edib. Bu proqramlar çərçivəsində
ayrılmış vəsaitlər istedadlı uşaqların
dəstəklənməsinə, elmi-tədqiqat institutları
yanında distant məktəblərin və federal
universitetlərdə istedadlı gənclərin inkişafı
mərkəzlərinin yaradılmasına sərf olunur. Bundan
əlavə, federal universitetlərin maddi-texniki
bazasının yaxşılaşdırılması məsələləri də diqqət
mərkəzində saxlanılır.
2010-cu ildə ali təhsil müəssisələrində
innovativ infrastrukturun dəstəklənməsi
məqsədilə dövlət proqramı qəbul olunub. Bu
proqram ali məktəblərdə innovativ mühitin
formalaşmasını, təhsil ocaqları ilə sənaye
müəssisələri arasında qarşılıqlı əlaqənin
inkişaf etdirilməsini nəzərdə tutur.
Xarici ölkələrin tanınmış mütəxəssislərinin
Rusiyaya dəvət olunması ali məktəblərə dövlət
dəstəyinin bariz nümunəsidir. 2010-cu ildə
Rusiya hökuməti "Aparıcı alimlərin Rusiya ali
təhsilinə cəlb olunması tədbirləri barədə" qərar
qəbul edib. Qərara müvafiq olaraq dövlət
büdcəsindən bu tədbirlər üçün 2010-cu ildə 3
milyard rubl, 2011-ci ildə 5 milyard rubl,
2012-ci ildə isə 4 milyard rubl ayrılması
nəzərdə tutulub. Ayrılmış qrantlar müsabiqə
əsasında hər bir elmi-tədqiqat işinə görə 150
milyon rubl həcmində müəyyənləşdirilib. Rusiya
hökuməti yanında fəaliyyət göstərən qrantlar
üzrə Şura bu vəsaitlərin ayrılması barədə yekun
qərar verir və dövlət dəstəyi göstəriləcək
elmi-tədqiqat sahələrinin adlarını da müəyyən
edir. Dövlət dəstəyi göstərilən elmi-tədqiqat
sahələri sırasına astronomiya və astrofizika,
atom energetikası və nüvə texnologiyası,
biologiya, biotexnologiya, hesablama maşınları
və informasiya texnologiyaları, riyaziyyat,
maşınqayırma, tibbi elmlər və texnologiya,
kosmik tədqiqatlar və texnologiyalar, mexanika
və idarəetmə prosesləri, nanotexnologiya, Yer
haqqında elm, materiallar haqqında elm,
psixologiya, koqnitiv araşdırmalar,
radioelektronika, tikinti və arxitektura,
fizika, kimya, ekologiya, iqtisadiyyat,
beynəlxalq tədqiqatlar, sosiologiya, energetika
və digər istiqamətlərə aid tədqiqatlar daxildir.
Keyfiyyətin aşağı olması Rusiya ali təhsilinin
başlıca problemlərindəndir. Gənclərin 80 faizdən
çoxunun ali təhsil almasına baxmayaraq, ölkədə
mütəxəssis çatışmazlığı hiss edilir, savadlı
hüquqşünaslar, iqtisadçıları və digər
mütəxəssislər çatışmır.
Ali təhsildəki digər problemin isə orta
təhsildən irəli gəldiyinə dair fikirlər
səsləndirilir. Artıq Rusiyada orta təhsil
müddətinin 12 ilə qaldırılması barədə
müzakirələr aparılır. Bildirilir ki,
universitetlərin birinci kurs tələbələrinə hələ
orta məktəblərdə öyrənməli olduqları biliklər
tədris olunur.
Eləcə də məktəbəqədər təhsilə diqqətin
artırılması, uşaqların bağçalara cəlb olunma
faizinin yüksəldilməsi məsələləri ətrafında
müzakirələr aparılır.
Universitetlər
Rusiyada
həm dövlət və həm də özəl ali təhsil
müəssisələri mövcuddur. Ali məktəblərin
filialları və müxtəlif regionlarda
nümayəndəlikləri də fəaliyyət göstərir. Hər bir
ali təhsil müəssisəsi muxtariyyət hüququna
malikdir.
Ali məktəblər müvafiq qaydalara uyğun olaraq
akkreditasiyadan (akkreditasiya ali məktəbə bir
qayda olaraq attestasiyadan sonra verilir)
keçməlidirlər. Ali təhsil müddəti, bir qayda
olaraq, 4 ildən 6 ilə kimi davam edir. Ali
təhsil əyani, axşam (əyani-qiyabi) və qiyabi
formada həyata keçirilir.
Rusiya Federasiyasında ali təhsil
müəssisələrinin aşağıdakı növləri mövcuddur:
Federal universitetlər federal dairələrin
ərazilərində fəaliyyət göstərən aparıcı ali
təhsil müəssisələri, elm və təhsil
mərkəzləridir. Artıq Rusiyada 14-ə qədər federal
universitet fəaliyyət göstərir.
Universitetlər müxtəlif sahələri əhatə edən
zəngin tədris proqramlarına malik çoxprofilli
təhsil müəssisələridir. Universitetlər unikal
elm-təhsil kompleksi kimi xüsusi hüquqi statusa
malikdirlər.
Universitetlər arasında yüksək nüfuza malik,
Rusiya cəmiyyətinin inkişafında xüsusi əhəmiyyət
kəsb edən iki ali təhsil müəssisəsinin - Moskva
Dövlət Universiteti və Sankt-Peterburq Dövlət
Universitetinin adlarını xüsusi olaraq qeyd
etmək lazımdır.
Rusiyanın aparıcı və ən böyük ali məktəbi, milli
elm və mədəniyyət mərkəzi olan Moskva Dövlət
Universitetinin (MDU) tərkibində 9 elmi-tədqiqat
institutu fəaliyyət göstərir. MDU-da 40 fakültə
və 300-dən artıq kafedra var. Universitetdə 31
mindən artıq tələbə və 7 minə yaxın aspirant
təhsil alır. Fakültə və elmi-tədqiqat
mərkəzlərində 4 mindən artıq professor və
müəllim, 5 minə yaxın elmi işçi çalışır.
Universitetin sərəncamında ümumi sahəsi 1 milyon
kvadratmetr olan 600-dən artıq bina və tikili
var. MDU yalnız Moskvada 205,7 hektar ərazini
əhatə edir. 1997-ci ildə MDU-nun Sevastopolda
(Ukrayna), 2000-ci ildə Astanada (Qazaxıstan),
2006-cı ildə Daşkənddə (Özbəkistan), 2009-cu
ildə Bakıda, həmin ildə isə Düşənbədə
(Tacikistan) filialları açılıb.
MDU-nun elmi kitabxanası ölkənin ən zəngin
kitabxanası hesab olunur. Burada müxtəlif
sahələrə aid həm rus, həm də xarici dillərdə
əksər ədəbiyyatlar cəmləşib. MDU-nun nəzdində
1963-cü ildən ixtisaslaşmış elm-tədris
mərkəzi-internat-məktəb fəaliyyət göstərir. Bu
məktəb ölkənin ən perspektivli təhsil
müəssisələrindən biri hesab olunur.
"World Reputation Rankings" jurnalının dünya
universitetlərinin reytinq cədvəlində Rusiya ali
məktəblərindən yalnız Moskva Dövlət Universiteti
yer alıb. Jurnalın 2010-cu il üzrə tərtib etdiyi
reytinq cədvəlində MDU 33-cü yerdə qərarlaşıb.
1724-cü ildə əsası qoyulmuş Sankt-Peterburq
Dövlət Universiteti Rusiya ali təhsil
müəssisələrinin flaqmanı hesab olunur.
Universitet 286 illik fəaliyyəti ərzində ali
təhsil sahəsində zəngin ənənələri ilə tanınıb,
Rusiya elminin, təhsilinin inkişafına layiqli
töhfələr verib. Hazırda universitetdə 32000-dən
çox tələbə 20 fakültədə 323-dən çox ixtisasa
yiyələnir. Sankt-Peterburq Dövlət
Universitetində çalışanların ümumi sayı 14000
nəfərdən çoxdur. Təhsil ocağının
professor-müəllim heyəti içərisində tanınmış
akademiklər, elm adamları da az deyil. Kifayət
qədər tanınmış məzunları olan universitetdə
V.İ.Lenin, V.V.Putin, D.A.Medvedev və başqa
məşhurlar da təhsil alıb.
Beynəlxalq əməkdaşlıq
Vahid
Avropa təhsil məkanına inteqrasiya Rusiyanın
milli təhsil sistemi qarşısında bir sıra vacib
vəzifələr qoyub. Rusiya təhsil sisteminin
modernləşdirilməsi və onun rəqabət
qabiliyyətinin gücləndirilməsinə nail olmaq üçün
təhsil sahəsində beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
2003-cü ildə Boloniya prosesinə qoşulan Rusiya
Avropa vahid təhsil məkanının bərabərhüquqlu
üzvünə çevrilib.
Hazırda ölkənin təhsil müəssisələri beynəlxalq
əməkdaşlıq çərçivəsində 70-dən artıq proqram və
layihənin reallaşdırılmasında iştirak edir.
Rusiya təhsil sisteminin modernləşdirilməsinə
xidmət edən layihələr sırasında TASİS texniki
dəstək proqramı və universitetlərarası
TEMPUS-TASİS proqramları (Avropa Komissiyası),
orta və peşə təhsili sahəsində Rusiya-Böyük
Britaniya əməkdaşlıq proqramı (Britaniya
Şurası), Rusiya-Niderland əməkdaşlıq proqramı
(KROSS bürosu), Avropa Şurası ilə əməkdaşlıq
üzrə işçi proqramının adını çəkmək olar. Rusiya
həmçinin YUNESKO, YUNİSEF, Avropa Şurası, Baltik
Dənizi Dövlətləri Şurası, Barents-Avroarktika
Şurası, ATES Forumu, Niderland, Fransa,
Avstriya, Finlandiya və digər ölkələrlə təhsil
sahəsində beynəlxalq əməkdaşlığının
genişləndirilməsini nəzərdə tutur.
Son illər Rusiya universitetləri ABŞ, Avropa,
Asiya, Latın Amerikası ölkələrinin aparıcı elm
və təhsil mərkəzləri ilə fəal əməkdaşlıq
əlaqələri qurur, birgə təhsil proqramları
reallaşdırılır. İlbəil xarici ölkələrin ali
məktəblərinə təhsil almağa gedən rusiyalı
gənclərin sayında artım müşahidə olunur. Əsasən,
Böyük Britaniya, Almaniya, Fransa, Kanada,
Avstraliya, ABŞ universitetlərində təhsil almağa
üstünlük verən rusiyalı gənclər bir sıra
prioritet ixtisaslara yiyələnir, ölkənin
ixtisaslı mütəxəssislərə olan ehtiyacını
ödəyirlər.
Rusiya universitetlərində təhsil alan və ya öz
təhsil səviyyələrini təkmilləşdirən əcnəbilərin
sayı da durmadan artmaqdadır. Hazırda Rusiya ali
məktəblərində 80 mindən artıq əcnəbi tələbə
oxuyur ki, onların da 57,2 min nəfəri Müstəqil
Dövlətlər Birliyi ölkələrindəndir.
Onu da qeyd edək ki, "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində, eləcə də
dövlət xətti ilə Rusiya universitetlərində 300-ə
yaxın azərbaycanlı tələbə təhsil alır.
Azərbaycanın ali məktəblərində isə 220-dən artıq
rusiyalı gənc təhsilini davam etdirir.
Hazırladılar:
Bəşarət MƏMMƏDOV,
Oruc MUSTAFAYEV
Yazının hazırlanmasında Rusiya Federasiyası Elm
və Təhsil Nazirliyinin rəsmi materiallarından
istifadə olunub. |