Lənkəran Dövlət Universitetində informasiya
texnologiyalarına dair beynəlxalq olimpiada
keçirildi. Olimpiadadan əvvəl keçirilən plenar
iclasda universitetin rektoru, fizika-riyaziyyat
elmləri doktoru, əməkdar elm xadimi, professor
Asəf İsgəndərov tədbirin məqsəd və
vəzifələrindən danışdı, iştirakçıları
maraqlandıran suallara cavab verdi. Rektor son
illərdə Lənkəran Dövlət Universitetində
informasiya texnologiyalarına diqqətin daha da
artırıldığını bildirdi.
Plenar
iclasda "İnformasiya texnologiyaları dünən, bu
gün və sabah" mövzusunda məruzələr dinlənildi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və fiziki kimya kafedrasının dosenti
Əli Zalov, Gəncə Dövlət Universitetinin Riyazi
analiz kafedrasının baş müəllimi Nazim Nemətov,
Azərbaycan Texniki Universitetinin İnformasiya
texnologiyaları və proqramlaşdırma kafedrasının
baş müəllimi Rəfael Əhmədov Azərbaycanda
formalaşan informasiya cəmiyyəti və elektron
hökumət, elektron imza, İKT-nin təhsildə tətbiqi
barədə danışdılar.
Tədbirdə olimpiadanın iki turda keçirildiyi qeyd
edildi. Bildirildi ki, birinci tur respublikanın
müxtəlif ali məktəblərində keçirilib. Qaliblər
Lənkəran Dövlət Universitetində keçirilən yekun
turunda istirak etmək hüququnu qazanıblar.
Olimpiadada məqsəd gənc mütəxəssislərin və
tələbə-gənclərin informasiya texnologiyalarından
istifadəyə və onların innovativ fəaliyyətin
məqsədyönlü formada aparılması prosesinə
yaxından cəlb olunmasına diqqəti daha da
artırmaqdır. Olimpiadada respublikanın 8 ali
məktəbindən 50-dən çox gənc iştirak edirdi.
Müsabiqə iştirakçılarının informasiya
texnologiyalarından bilikləri yoxlanıldı.
Qaliblər komissiya üzvlərinin rəyinə əsasən
səsvermə nəticəsində müəyyənləşdi.
Olimpiada Azərbaycan Respublikası Təhsil
Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, AMEA Lənkəran Regional Elm Mərkəzi,
Avrasiya Universitetləri Assosiasiyası,
Xəzəryanı Ölkələr Universitetləri
Assosiasiyasının dəstəyi ilə həyata keçirilirdi.
Beynəlxalq olimpiadanın iştirakçıları həmin gün
universitetin Heydər Əliyev muzeyi, Lənkəran
tarix-diyarşünaşlıq muzeyi, iki dəfə Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyi və
rayonun görməli yerləri ilə də tanış oldular.
Hacı Etibar ƏHƏDOV |