Bu günlərdə Gürcüstanın Batumi şəhərində
Almaniyanın Konrad Adenauer Fondu və Təhsil
Nazirliyinin birgə həyata keçirdiyi "Demokratiya
sizinlə başlayır" layihəsi çərçivəsində
müəllimlərin konfransı keçirilib.
Konfransda Azərbaycanı Bakıdakı 5, 238, 279 və
308 nömrəli, Gəncədəki 21 nömrəli, Astaradakı 1
və 2 nömrəli, Maşxan kənd, Qusar rayonundakı 6
nömrəli, Göyçaydakı 3 nömrəli tam orta
məktəblərində çalışan 10 nəfər müəllim və Təhsil
Nazirliyinin aparıcı məsləhətçisi Sevil
Məmmədova təmsil ediblər.
Gürcüstan və digər ölkələrdən dəvət olunmuş
təhsil işçilərinin, beynəlxalq mütəxəssislərin
də qatıldığı tədbirdə layihə çərçivəsində
görülmüş işlər, ölkəmizdə həyata keçirilən
beynəlxalq layihələr, əldə edilmiş uğurlarla
bağlı Azərbaycan nümayəndələrinin təqdimat və
çıxışları dinlənilib.
Üç gün davam edən konfransda layihə ilə bağlı
problemlər və qarşıda duran vəzifələr də ətraflı
müzakirə olunub. |