Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz
və Mərkəzi Asiya ölkələri üzrə proqram rəhbəri
Manja Hussner Azərbaycan Dillər Universitetinin
alman dili fakültəsinin dekanı, dosent Ulduz
Aslanova ilə görüşüb. Görüşdə bir sıra maraq
doğuran məsələlər, o cümlədən DAAD ilə
əməkdaşlıq məsələləri müzakirə olunub.
Çalışdığı təşkilatın fəaliyyətindən danışan
Manja Hussner bildirib ki, DAAD xaricdə alman
universitetlərini təmsil edir və 20 ildən
artıqdır ki, fəaliyyət göstərir. Təşkilatın
müxtəlif ölkələrdə 14 nümayəndəliyinin olduğunu
deyən proqram rəhbəri, bununla yanaşı 50-yə
yaxın IC-Lektoratlıq və ümumilikdə 400-dən artıq
lektorun bütün dünya üzrə sıx əməkdaşlıq
şəbəkəsi təşkil etdiyini sözlərinə əlavə edib.
Azərbaycanda yerli lektoratlıq kimi 1997-ci ildə
fəaliyyətə başlayan təşkilatın nümayəndəliyi
2004-cü ildən Bakı Məlumat Mərkəzinə çevrilib.
Onun sözlərinə görə, təşkilat dil kursu, təhsil,
gənc aspirantlar və elmi işçilər üçün, eləcə də
elmi dərəcəli ali məktəb müəllimləri üçün
tədqiqat təqaüdləri təklif edir. İndiyədək
Azərbaycanda təşkilatın maliyyələşdirdiyi
proqramlardan 70 nəfər yararlanıb. Bununla
yanaşı, Azərbaycan hökumətinin ayırdığı maliyyə
vəsaiti hesabına 50 nəfər bu proqramlarda
iştirak edib. M.Hussner qeyd edib ki, DAAD
əsasən tibb, təbiət, eləcə də son iki ildə
iqtisadiyyat elmləri istiqamətində aparılan
tədqiqatlara üstünlük verir.
Almaniyalı qonaq ADU ilə alman universitetləri
arasında qarşılıqlı əlaqələrin yaradılmasına
yardım göstərəcəyini diqqətə çatdırıb. Proqram
rəhbəri DAAD-ın bir sıra yeni proqramlar
istiqamətində Azərbaycan universitetləri,
xüsusən də ADU ilə əməkdaşlıqda maraqlı
olduqlarını vurğulayıb. Təşkilat tərəfindən
doktorluq işinin müdafiəsi üçün qısamüddətli
təqaüd (1-3 ay), bakalavr və magistrlər üçün 3
aylıq yekun təqaüd proqramlarının həyata
keçirildiyini söyləyib. Qonaq ADU müəllimlərinin
elmi məqalələrinin ölkəsində çap edilməsində
münbit şəraitin yaradılmasında imkanlarını
əsirgəməyəcəyini önə çəkib.
Alman dili fakültəsinin dekanı Ulduz Asla
nova isə ADU ilə Almaniya universitetləri
arasında mövcud əməkdaşlıq proqramlarından
danışıb. Dekan universitetin koordinatoru
olduğu TEMPUS layihəsi çərçivəsində Leypsiq
Universiteti ilə sıx əlaqələrin qurulduğunu
deyib. Eyni zamanda ADU Frayburq universiteti
ilə də təcrübə mübadiləsi aparır. U.Aslanova
DAAD ilə təklif olunan yeni təqaüd proqramları
çərçivəsində əməkdaşlıq etməkdə maraqlı
olduqlarını və bunun təşkilatla əlaqələrin
möhkəmlənməsində zəruri olduğunu vurğulayıb.
Şakir CƏFƏROV |