Dövlətin, cəmiyyətin və təhsilalanların təhsil
sisteminə sosial tələbi keyfiyyətli təhsildir.
Təhsil sahəsində aparılan bütün islahatların
məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə
nail olmaqdır.
Təhsilin
keyfiyyəti nədir? O, necə müəyyən olunur?
Təhsilin keyfiyyətini necə idarə etmək olar?
Ümumiyyətlə, istənilən sahədə keyfiyyət anlayışı
müəyyən olunmuş standartlara uyğunluğu ifadə
edir. Obyektin və ya sistemin halını xarakterizə
edən parametrlər standarta nə qədər yaxındırsa,
keyfiyyət də bir o qədər yüksək hesab olunur.
Təhsildə də belədir. Təhsilin keyfiyyəti əldə
olunan nəticələrin əvvəlcədən müəyyən olunmuş
meyarlara (standartlara) nisbəti ilə müəyyən
olunur. Təhsilin keyfiyyətinin
müəyyənləşdirilməsində əsas göstərici şagirdin
təlim nəticələridir və bu nəticələrin obyektiv
qiymətləndirilməsi keyfiyyəti üzə çıxaran
etibarlı mənbə hesab olunur.
Beləliklə, təhsildə keyfiyyətin müəyyən olunması
şagird nailiyyətlərinin obyektiv
qiymətləndirilməsi ilə şərtlənir. Lakin şagirdin
təlim nəticələri təhsil sahəsində baş verən
bütün fəaliyyətlərin yekun nəticəsi kimi ortaya
çıxdığından şagirdin təlim nəticələrindən çıxış
edərək müəllimin tədris fəaliyyəti, təhsil
müəssisələrinin, təhsili idarəetmə
strukturlarının və bütövlükdə ölkənin təhsil
sisteminin fəaliyyətini də qiymətləndirmək
mümkündür. Eyni zamanda, keyfiyyətin faktiki
vəziyyətini müəyyənləşdirməklə kifayətlənməyib
onun yaxşılaşması və idarə olunması problemini
də həll etmək olar. Azərbaycan Respublikasının
ümumi təhsil sistemində belə bir qiymətləndirmə
sistemi yaradılmaqdadır.
Yeni qiymətləndirmə sisteminin fəaliyyət
mexanizmini başa düşmək üçün qiymətləndirmə və
monitorinq anlayışlarının mahiyyətini bilmək
lazımdır. İstənilən obyektin və ya sistemin halı
müəyyən parametrlərlə (yunanca parametron -
ölçülən deməkdir) xarakterizə olunur. Məsələn,
sadəlik üçün deyək ki, insanın sağlamlığı onun
qan təzyiqi, nəbzinin tezliyi, qanın tərkibi və
s. kimi parametrlərin ölçülməsi ilə müəyyən
edilə bilər. Ölçmənin nəticələri parametrlərin
normal (standart) qiymətləri ilə müqayisə
olunaraq, ayrılıqda hər bir parametrin və
bütövlükdə insanın sağlamlıq vəziyyəti
qiymətləndirilir. Əlbəttə, insan fəaliyyətinin
bu cür kəmiyyət göstəriciləri ilə birbaşa bağlı
olmayan sahələrində belə qiymətləndirmə aparmaq
nisbətən çətindir. Təhsil də belə sahələrdəndir.
Şagirdin hər hansı fəndən müəyyən mövzu, bölmə
və ya tam kurs üzrə bilik və bacarıqlarının
səviyyəsi (nailiyyət səviyyəsi) onun göstərdiyi
təlim nəticələrinin uyğun qiymətləndirmə
standartları ilə müqayisə olunması ilə
müəyyənləşdirilir.
Beləliklə, qiymətləndirmə ölçülən parametrin
qiymətinin, obyektin və ya sistemin halının
qəbul olunmuş standarta nisbətdə müəyyən
olunmasıdır. Bu prosedur ölçmə nəticəsinin
standarta yaxınlıq dərəcəsini kəmiyyət
göstəricisinə çevirməyə imkan verən
qiymətləndirmə şkalasının olmasını tələb edir.
Bu cür müəyyən olunan qiymətləndirmə faktiki
vəziyyətin qiymətləndirilməsidir. O,
standartlara əsaslansa da, bəzi hallarda
reallığı əks etdirməyə də bilər. Belə ki,
insanın qan təzyiqi və nəbzinin tezliyi
keçirdiyi hissdən asılı olaraq, qanın tərkibi
qidalanma ilə əlaqədar dəyişə bilər. Şagirdin
yoxlama suallarına verdiyi cavablara da bəzən
onun bilik və bacarığından əlavə kənar amillər
təsir edə bilər (sağlamlıq vəziyyəti, keçirdiyi
hisslər və s.). Digər tərəfdən, faktiki
vəziyyətin qiymətləndirilməsi statik xarakter
daşıyır və nəticələr qiymətləndirmənin
aparıldığı zamandakı vəziyyəti əks etdirir.
Zaman keçdikcə obyektin və ya sistemin halını
xarakterizə edən parametrlər dəyişir. Əgər
fasiləsiz olaraq sistemli şəkildə belə
qiymətləndirmələr aparılsa, müəyyən dövr ərzində
parametrin qiymətini və vəziyyətin dəyişmə
dinamikasını müəyyən etmək olar. Bu proses
monitorinq adlanır. Monitorinq parametrin
qiymətinin, obyekt və ya sistemin halının (keyfiyyət
göstəricisinin) dəyişmə xüsusiyyətlərinin, bu
dəyişmələrin səbəblərini, onlara təsir etmək
yollarını müəyyən etməyə imkan verir. Beləliklə,
monitorinq baş verən dəyişikliklərin
xüsusiyyətlərini öyrənmək və müvafiq qərarların
qəbul edilməsi məqsədi ilə vəziyyət haqqında
informasiyanın fasiləsiz və sistemli şəkildə
yığılması və təhlili prosesidir. Müasir dövrdə
monitorinq müxtəlif fəaliyyət sahələrində, o
cümlədən təhsildə uğurla tətbiq olunan
texnologiya kimi qəbul olunur.
Göründüyü kimi, qiymətləndirmə və monitorinq
anlayışları bir-birilə əlaqəli, daha doğrusu
biri (qiymətləndirmə) digərinə (monitorinqə)
xidmət edən anlayışlardır. Qiymətləndirmə
faktiki vəziyyətin, monitorinq isə vəziyyətin
dəyişmə dinamikasının, başqa sözlə, prosesin
qiymətləndirilməsidir. Monitorinq faktiki
vəziyyətin müntəzəm şəkildə qiymətləndirilməsi
nəticəsində alınan informasiyanın toplanması və
təhlil edilməsi yolu ilə həyata keçirilir.
Təhsildə ənənəvi qiymətləndirmə ona görə yalnız
nəzarət mexanizmi sayılmışdır ki, inzibati
amirliyə əsaslanaraq monitorinqə deyil,
idarəetməyə xidmət etmişdir.
Monitorinq sözü latın mənşəli "monere" felindən
götürülüb, "xəbərdar etmək" mənasını verir.
Monitorinq müəyyən fəaliyyət növünün və onun
inkişafının sistemli və məqsədli şəkildə
müşahidə edilməsi və nəticələrin qeydə
alınmasıdır. Monitorinq müşahidə edilən
fəaliyyət növünün bütün aspektləri haqqında
sistemli şəkildə məlumat toplamağa və bu
məlumatları təhlil etməyə, həmin fəaliyyətin
effektivlik və səmərəlilik dərəcəsini artırmağa,
fəaliyyətin uyğunsuzluqları barədə məlumatın
idarə edənlər və qərar verənlərə vaxtında
ötürülməsinə imkan verir.
Planlaşdırmada monitorinqin həyata keçirilməsi
velosiped sürərkən getdiyin yola nəzarət etməyə
bənzəyir: velosipeddən enmədən onu nizamlaya
bilər və düzgün cığırla getdiyinə əmin ola
bilərsən.
Müasir dövrümüzdə təhsil sisteminin
monitorinqini təhsil keyfiyyətinə nəzarəti təmin
edən ən vacib mexanizm hesab etmək olar.
Şagird nailiyyətlərinin monitorinqindən alınan
məlumatlar vasitəsilə məktəb fəaliyyətinin
hazırkı vəziyyətini sistemli və obyektiv şəkildə
proqnozlaşdırmaq mümkündür.
Təhsildə monitorinq və qiymətləndirmənin ən
böyük fərqi ondan ibarətdir ki, monitorinqin
nəticələrindən proses davam edərkən prosesin
səmərəliliyində, müəyyən düzəlişlərin
edilməsində istifadə etmək mümkündür. Belə ki,
monitorinq fəaliyyətin hazırkı vəziyyətini
(status) müəyyən edir. Qiymətləndirmə isə
fəaliyyətin təsirini (impact) müəyyənləşdirdiyi
üçün monitorinq məqsədilə onun nəticələrindən
yalnız növbəti dərs illərində və ya növbəti
qiymətləndirmə proqramının həyata keçirilməsi
zamanı istifadə etmək olar. Məsələn,
məktəbdaxili qiymətləndirmə nəticəsində
şagirdlərin göstəriciləri dövlət standartları
ilə uyğunluq baxımından müqayisə edilə bilər.
Lakin şagirdlərlə ən çox təmasda olan müəllimlər
geri qalan şagirdlərə kömək etmək üçün dərs ili
ərzində hər zaman belə statik göstəricilərə
malik olmur, yalnız müxtəlif qiymətləndirmənin
üsul və vasitələrindən istifadə edərək öz
müşahidələrinə əsaslanırlar. Məhz bu səbəbdən
qabaqcıl təhsil sisteminə malik bir çox
ölkələrdə şagird nailiyyətlərinin monitorinqi
məktəbin müəllimləri tərəfindən aparılır. Belə
ki, tədrisdə geri qalan şagirdlər haqqında
məlumat almaq üçün müəllimlər məktəbdaxili
qiymətləndirmənin xüsusi növündən - formativ
qiymətləndirmədən istifadə edirlər. Beləliklə,
heç bir şagird diqqətdən kənarda qalmır.
Deməli, monitorinq daxili idarəetmə prosesi olub
təhsilin keyfiyyətinə davamlı nəzarəti həyata
keçirməyə imkan verir. O, təhsil fəaliyyətinin
güclü və zəif tərəflərini üzə çıxararaq
gözlənilən nəticələri əldə etmək üçün praktik
təkliflərlə çıxış edə bilər. Monitorinq dedikdə
yalnız təkliflər deyil, problemlərin həll
edilməsi üçün konkret addımların da atılması
nəzərdə tutulur.
Monitorinqin üç əsas komponenti var:
*
Məlumatın toplanması
*
Məlumatın təhlili
*
Görülən tədbirlər
Məlumatların toplanması
Təhsil keyfiyyətinin monitorinqi yalnız etibarlı
məlumatların toplanması sayəsində həyata
keçirilə bilər. Belə məlumatların mənbəyi
müxtəlif ola bilər: əsasən, qiymətləndirmə,
bəzən isə hər hansı bir sorğunun və ya
tədqiqatın nəticələri və s. Əsas məqsəd təhlil
obyekti ola biləcək məlumatların toplanmasıdır.
Məlumatların təhlili
Məlumatların təhlili elə həyata keçirilməlidir
ki, bu təhlil problemlərin aradan qaldırılması
üçün lazımi tədbirlərin həyata keçirilməsinə
kömək etsin. Bura təhsili idarə edənlərə
problemləri müəyyən etmək üçün etibarlı
göstəricilərin (indikatorların)
müəyyənləşdirilməsi aiddir. Bu göstəricilər (indikatorlar)
empirik nəticələrdir və reallığı əks etdirir.
Görülən tədbirlər
Monitorinq nəticəsində görülən tədbirlərə
ehtiyat tədbirləri, islahedici tədbirlər və
gücləndirici tədbirlər aiddir. Tədbir görmədən
məlumat toplamaq və ya toplanan məlumatları
yalnız təhlil etmək tədqiqat baxımından
əhəmiyyətli ola bilər, lakin bu, idarəçilik
baxımından nəticəsiz təcrübədən başqa bir şey
sayılmaz. Tədbirlər aşağıdakı formalarda ola
bilər:
Strukturyönümlü: təhsil sisteminin inkişafına və
ya kökündən dəyişdirilməsinə yönəlmiş islahat
tədbirləri.
Şəxsyönümlü: buraya sanksiyalar və tövsiyələr
aiddir. Sanksiyalar pozitiv - stimulverici (məsələn,
vəzifədə yüksəliş, məktəb avadanlıqlarının
yenilənməsi və s.) və ya neqativ - cəzaverici (məsələn,
töhmət və ya işdən azad olunma) ola bilər.
Tövsiyələr isə pedaqoq-məsləhətçilərin
müdaxiləsi, müxtəlif seminarların keçirilməsi və
s. vasitəsilə həyata keçirilir.
Monitorinqin obyektinə və subyektinə görə iki
növü müəyyən edilir.
Ümumi təhsil sahəsində həyata keçirilən yeni
qiymətləndirmə sistemi ümumi təhsildə bütün
fəaliyyətləri qiymətləndirən və onların müəyyən
olunmuş müvafiq standartlar istiqamətində
inkişaf etməsini təmin edən bir mexanizm kimi
düşünülmüşdür. Burada bütün fəaliyyətlər dedikdə
şagirdin, müəllimin, təhsil müəssisəsinin,
təhsili idarəetmə strukturlarının və nəhayət
ölkənin ümumi təhsil sisteminin fəaliyyəti
nəzərdə tutulur. Bu iyerarxiyada aparıcı həlqə
şagirdin təlim fəaliyyətinin nəticələridir,
qalan bütün fəaliyyətlər bu nəticələrin
alınmasına xidmət edir və bu nəticələrdə əks
olunur. Buna görə də yeni qiymətləndirmə
sisteminin əsasını şagird təlim fəaliyyətlərinin
ardıcıl və sistemli şəkildə qiymətləndirilməsi
təşkil edir. Onun mahiyyəti, əsas xüsusiyyətləri
və növləri, eləcə də hər bir növün mahiyyəti,
məzmunu və aparılması qaydaları "Azərbaycan
Respublikasının ümumi təhsil sahəsində
qiymətləndirmə Konsepsiyası"nda və onun əsasında
hazırlanan təlimatlarda öz əksini tapmışdır.
Yeni qiymətləndirmə sisteminin əsasında
şagirdlərin təlim fəaliyyətlərinin ardıcıl və
sistemli şəkildə qiymətləndirilməsi, nəticələrin
təhlili və müvafiq qərarların qəbul edilməsi
dayanır. Şagird nailiyyətinin qiymətləndirilməsi
məktəbdaxili, milli və beynəlxalq olmaqla üç
istiqamətdə aparılır. Əslində bunlar yeni
qiymətləndirmə sisteminə daxil olan və
bir-birindən asılı olmadan fəaliyyət göstərən
alt-sistemlərdir. Onların arasında ən əhatəli və
əhəmiyyətli olan məktəbdaxili qiymətləndirmədir.
Məktəbdaxili qiymətləndirmənin əsasını təşkil
edən şagird irəliləyişlərinin monitorinqi
sistemi dərs ili ərzində şagirdin təlim,
müəllimin tədris fəaliyyətini fənn üzrə müəyyən
olunmuş təlim nəticələrinin əldə olunmasına
istiqamətləndirən və dərs ilinin sonunda hər iki
tərəfin fəaliyyətini qiymətləndirməyə imkan
verən texnologiya kimi düşünülmüşdür.
Milli qiymətləndirmə
mövcud təhsil proqramlarının (kurikulumların)
real tələbata uyğunluğunu araşdırmağa, onların
keyfiyyətini müəyyənləşdirməyə, beynəlxalq
qiymətləndirmənin nəticələri isə ölkədə
təhsilin keyfiyyətinin digər ölkələrlə
müqayisəsinə imkan yaradır. Beləliklə, milli və
beynəlxalq qiymətləndirmələrin nəticələri
ölkənin təhsil sisteminin təkmilləşdirilməsi
üçün əsas məlumat bazası rolunu yerinə yetirir.
Beləliklə, yeni qiymətləndirmə çox geniş və
əhatəli bir proses olmaqla təhsil sahəsində
bütün fəaliyyətlərin "Azərbaycan Respublikasının
ümumi təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumları)" sənədində müəyyən
olunmuş tələblər istiqamətində
təkmilləşdirilməsinə və bununla da bütövlükdə
təhsilin keyfiyyətinin idarə olunmasına xidmət
edir.
Təranə HACIYEVA,
Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri,
filologiya elmləri doktoru |