(Əvvəli qəzetimizin ötən sayında)
Məktəb üç kollektivin - müəllim, şagird və
valideyn kollektivlərinin vəhdətindən ibarətdir.
Bu kollektivlər ümumi məqsəd uğrunda səylərini
birləşdirərək yüksək nəticələr əldə etdikdə
inamla yaradıcı vahid kollektivin formalaşdığını
təsbit etmək olar. Məktəb elə bir müəssisədir ki,
orada formalaşan iş mühiti və üslubu, ilk
növbədə, məktəb direktorunun şəxsiyyətindən çox
asılıdır.
Xalqımız,
dövlətimiz məktəbin qarşısında çox mühüm,
məsuliyyətli vəzifələr qoymuşdur. Heç vaxt
məktəb həyatının ritmi indiki kimi dolğun,
məzmunlu və gərgin olmamışdır.
Bugünkü məktəbdə tədris olunan elmlərin
əsaslarının məzmunu və metodlarının intensiv
şəkildə yeniləşdirilməsi prosesi gedir,
təlim-tərbiyə işi dərinləşir və çoxcəhətli olur,
məktəbin sosial funksiyaları genişlənir. Bu
vəzifələrin uğurla həyata keçirilməsi məqsədə
istiqamətləndirilmiş, yüksək səviyyədə
təşkilatlanmış və səfərbər edilmiş pedaqoji
kollektivə müyəssər ola bilər. Yaxşı təlim və
tərbiyə edə bilən kollektivin formalaşdırılması,
ilk növbədə, direktorun işidir.
Direktor kimdir? Məktəb direktoru kimdir?
Direktor latınca "yönəldən", "istiqamət verən"
mənasını bildirir, geniş mənada "sənaye, elm,
təhsil müəssisəsinin rəhbəri" deməkdir. (Slovar
inostrannıx slov, str. 167, M.1986) Azərbaycan
dilinin izahlı lüğətində və Rusiyanın buraxdığı
yeni ensiklopedik lüğətdə (M. 2008) verilən
şərhlər üst-üstə düşür: "müəssisə, idarə, yaxud
məktəb müdiri", Qısa izahlı iqtisadi terminlər
lüğətində (Bakı, 2005) "Direktor - müəssisənin,
təşkilatın, firmanın birinci, əsas rəhbəri" kimi
şərh edilir.
Məktəb direktoru - natamam orta və ya orta
məktəbin rəhbəri, məktəbdə təlim-tərbiyə işinin
və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır.
(Pedaqoqiçeskiy slovar, str. 338, M. 1960).
Ölkəmizdə 2009-2010-cu dərs ilində 4529 dövlət
ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir ki,
onlardan da 4135-i ümumi orta və tam orta
məktəblərdir. Bu müəssisələrə rəhbərliyi "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanunu
tərəfindən müəyyən edilmiş qaydada təyin edilmiş
direktor həyata keçirir. Direktorların hamısı
ali təhsillidir, onlardan, təxminən, 26 faizi
qadındır.
"Məktəb direktoru - bu məsul vəzifə bir çox
ixtisası özündə birləşdirir. O, müəllimi,
metodisti, dövlət inspektorunu, təsərrüfatçını,
tədris prosesi təşkilatçısını, yaşlı və uşaq
kollektivləri tərbiyəçisini bir şəxsdə
birləşdirməlidir. Burada elmi idarəetməyə nəinki
hərtərəfli, mükəmməl yiyələnmək, həm də həqiqi
fədakarlıq, seçdiyi işə son dərəcə sədaqətli
olmaq tələb edilir". (M.M.Mehdizadə,
T.Ə.Allahverdiyev, Q.H.Əliyev, "Azərbaycanda
xalq maarifinin sürətli inkişafı", səh.162, B.,
1980).
Direktor məktəbi idarə edərkən Azərbaycan
Respublikası Konstitusiyasını, "Təhsil haqqında"
Qanunu, əmək məcəlləsini, digər qanunvericilik
aktlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin "Fəhlə Peşələri və Qulluqçu
Vəzifələri üzrə Ümumrespublika Təsnifatının və
Fəhlə Peşələri və Qulluqçu Vəzifələrinin Vahid
Tarif - İxtisas Sorğu Kitabçalarının işlənib
hazırlanması haqqında" qərarının tələbləri
baxımından hazırlanmış, Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə
razılaşdırılmış, Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində qeydə alınmış və Təhsil
Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş,
nəhayət, Təhsil Nazirliyinin 07.06.2005-ci il
tarixli, 468 nömrəli əmri ilə müvafiq
dəyişikliklər edilmiş "Təhsil Sahəsi İşçilərinin
Qulluqçu Vəzifələrinin Vahid Tarif - İxtisas
Sorğu Kitabçası" ilə müəyyənləşdirilmiş əmək
funksiyalarını, ümumtəhsil məktəbinin nümunəvi
əsasnaməsinin tələblərini və məktəbin
nizamnaməsini əldə rəhbər tutmalıdır.
Məktəb direktorunun "Sorğu kitabçası"nda təsbit
edilən əmək funksiyaları aşağıdakılardır:
"Ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsinə
və təhsil müəssisəsinin nizamnaməsinə əsasən
məktəbin fəaliyyətini idarə edir; məktəbin
inkişaf proqramını, perspektiv və cari
planlarını hazırlayır; müəssisənin və pedaqoji
işçilərin fəaliyyətinin ardıcıl və sistemli
təhlilini aparır; daxili qiymətləndirməni həyata
keçirir və bunların əsasında perspektiv inkişaf
istiqamətlərini müəyyənləşdirir; həyata
keçirilməsinin optimal həlli yollarını tapır;
dövlət və ictimai orqanlarda müəssisənin
marağını təmsil edir; pedaqoji kollektivin
təlim-tərbiyə işinin səmərəliliyinə nail olmaq
üçün fəaliyyət göstərir, təlim və tərbiyənin
vəhdətini təmin edir; tədrisin müasir
metodlarından istifadə etmək üçün təşkilati
tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir,
bütün mərhələlərdə təlim-tərbiyə prosesini
təşkil edir; tədris planı və proqramların yerinə
yetirilməsini, istedadlı şagirdlərin aşkara
çıxarılması və inkişafı üçün zəruri tədbirləri
həyata keçirir; şagirdlərin fənn
olimpiadalarına və digər bilik yarışlarına,
xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb
edilməsi sahəsində məqsədyönlü iş aparır,
şagirdlərin dərin və keyfiyyətli bilik
almalarını, təlim-tərbiyə işlərinin məzmunlu və
səmərəli aparılmalarını istiqamətləndirir və
onların işinə kömək göstərir; sinifdənxaric və
məktəbdənkənar işlərin məzmunu və təşkili
üzərində nəzarəti həyata keçirir, şagirdlərin
peşə yönümü üzrə işlərini təşkil edir; qabaqcıl
iş təcrübəsini tətbiq edir; təlimin
keyfiyyətinin yüksəldilməsi istiqamətində
ardıcıl fəaliyyət göstərir; kadrların düzgün
seçilib yerləşdirilməsi məsələlərini həyata
keçirir; əmək qanunvericiliyinə və daxili
intizam qaydalarına uyğun işçilərin vəzifə
səlahiyyətlərini müəyyənləşdirir, pedaqoji
kollektivdə sağlam mənəvi-psixoloji iqlimin
yaradılması üzrə iş aparır; əməkdə xüsusilə
fərqlənmiş müəllimləri və müəssisənin digər
işçilərini rəğbətləndirmə və təltif üçün təqdim
edir; direktor müavinlərinin hesabatlarını
dinləyir, onların işinin təkmilləşdirilməsinə
dair təkliflər verir; kargüzarlığın və məktəb
sənədlərinin düzgün aparılmasına, hesabatların
vaxtında hazırlanmasına məsuliyyət daşıyır;
pedaqoji heyətin peşə ustalıqlarının
yüksəldilməsi üçün şərait yaradır; onların
ixtisasartırma və yenidənhazırlanma təhsilinə
olan tələbatını mövcud yanaşmalar əsasında
dəqiqləşdirir, pedaqoji kadrların
təkmilləşdirilməsi məqsədilə yaradılmış dayaq
məntəqələrində onların iştirakını təmin edir,
attestasiyanın keçirilməsi üçün hazırlıq
işlərini görür və onun obyektiv keçirilməsini
təşkil edir; rəhbərliklə əmək kollektivi
arasında bağlanmış kollektiv müqavilənin
şərtlərinin yerinə yetirilməsini, əmək
qanunvericiliyinin əsaslarını, müəssisənin
təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və
mühafizəsini, onlardan təlim-tərbiyə prosesində
düzgün və səmərəli istifadə olunmasını təmin
edir; daxili intizam qaydalarına riayət
olunmasına məsuliyyət daşıyır, işçilərə verilən
tapşırıqları əmək qanunvericiliyinə uyğun
nəzarətdə saxlayır və onların icrasına nail
olur, öz hüquqları dairəsində intizam tənbehi
tətbiq edir; valideynlərlə (onları əvəz edən
şəxslərlə), təlim-tərbiyə işlərinə kömək edən
müəssisələrlə, xeyriyyə cəmiyyətləri,
sponsorlarla və ictimaiyyətlə aparılan işlərin
təşkili ilə bağlı məsələləri həll edir.
Dövlət tərəfindən ayrılan, habelə müəssisənin
büdcəsinə digər mənbələrdən daxil olan
büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü
istifadəsini təmin edir".
Bu funksiyaları vaxtında, ardıcıl, sistemli,
davamlı və keyfiyyətlə həyata keçirmək üçün
məktəb direktoru dərin elmi-nəzəri biliyə, geniş
eridusiyaya, həyati və pedaqoji təcrübəyə,
yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır. O,
uşaqları sevməli və onlara qayğı ilə
yanaşmalıdır, bir pedaqoq kimi peşəsinin ustası,
ixtisasının sahibi, lider-müəllim olmalı,
pedaqoji kollektivdə olan nüfuzlu müəllimlərə
hörmətlə yanaşmalı, onlardan çəkinməməlidir,
onlara bir əngəl, maneə kimi baxmamalı, onlarla
əməkdaşlıq etməlidir, ona vicdanlılıq,
obyektivlik, məsuliyyətlik, alicənablıq
xüsusiyyətləri xas olmalı, paxıllıq və
kinlilikdən uzaq olmalıdır, əla metodist,
nəzakətli məsləhətçi, mehriban tərbiyəçi olmalı,
təmkinlə, səbrlə uşaqları da, böyükləri də
dinləməyi bacarmalıdır; ilk növbədə, özünə,
sonra isə digərlərinə qarşı tələbkarlıq
göstərməli, incə psixoloq olmalı, lazım gəldikdə
o özünü müəllimin də, şagirdin də, valideynin də
yerinə qoymağı bacarmalıdır. Əsl direktor formal
icraçı deyil, təşəbbüskar, yaradıcı insan
olmalıdır, məktəbin hər bir işçisinin uğurunu
məmnunluqla qarşılamalı, layiqincə
qiymətləndirməli, dəstəkləməli, digərlərinə
nümunə göstərməlidir. O, formalizmə, yalana,
gözdən pərdə asmağa qarşı amansız olmalı,
səhvləri, nöqsanları etiraf etməyi, onların
aradan qaldırılması yollarını tapmağı, məktəb
həyatının gündəlik cari işləri axarında əsas
məsələləri nəzərdən qaçırmamalıdır. Direktorun
xarakterində ən böyük nöqsan kobudluq, qabalıq,
sərtlik, çılğınlıq, özünü ələ ala bilməməkdir.
Direktor fəaliyyət zamanı pedaqoji taktın -
pedaqoji əxlaq qaydalarının tələblərinə riayət
etməli, sözü və əməli üst-üstə düşməlidir.
V.A.Suxomlinski tövsiyə edirdi ki, "Əgər yaxşı
direktor olmaq istəyirsinizsə, ilk növbədə,
yaxşı pedaqoq-müəllim-didakt, yaxşı tərbiyəçi
olmağa çalışın..." (İzbrannıe pedaqoqiçeskie
soçineniya, tom tretiy, str.12, M.1981).
Ölkəmizin bazar iqtisadiyyatı yolu ilə inkişafı,
təlim-tərbiyənin keyfiyyətini daha da
yaxşılaşdırılması məsələləri məktəb
rəhbərlərindən yüksək səviyyədə psixoloji -
pedaqoji və inzibati-təsərrüfat səriştəliliyi
tələb edir.
Məktəb işinin məzmununu dərindən bilmədən,
müasir şəraitdə cəmiyyətdə və təhsildə baş verən
gerçəkliklərin mahiyyətini dərk etmədən məktəbi
idarə etmək mümkün deyildir. Dövlət məktəb
rəhbərlərindən idarəçilikdə demokratik
prinsiplərə istinad etməyi, məktəbin qarşısında
duran məsələlərin həllinə yaradıcı yanaşmağı,
bütün işçilərdən işgüzarlığı, intizamlılığı,
operativliyi, təşkilatçılığı, şəxsi məsuliyyət
hissinin aşılanmasını israrla tələb edir.
Məktəb direktoru səlahiyyətli rəhbər,
təlim-tərbiyə prosesinin baş təşkilatçısıdır. O,
ilk növbədə, pedaqoqdur, tərbiyəçidir. Onun
biliyi, təşkilatçılıq qabiliyyəti və enerjisi
təlim-tərbiyə prosesinin durmadan
təkmilləşdirilməsinə, onun effektivliyinin
yüksəldilməsinə yönəlməlidir.
Təşkilati məsələlərin mahiyyəti sadəcə ondan
ibarətdir ki, hər kəs ona verilən səlahiyyətlər
çərçivəsində məsuliyyət daşıyaraq öz işi ilə
məşğul olsun. Bu, adi gündəlik həyati qayda
idarəetmə elminin və təcrübəsinin əsasıdır.
Direktor məktəbdə təlim-tərbiyə və
maliyyə-təsərrüfat işinin səmərəliliyini
yüksəltmək, hər bir işçinin məsuliyyətini
artırmaq məqsədi ilə müvafiq normativ-hüquqi
sənədlər və "Təhsil Sahəsi İşçilərinin Qulluqçu
Vəzifələrinin Vahid Tarif - İxtisas Sorğu
Kitabçası" əsasında işçilər arasında vəzifə
bölgüsü aparır və bunu əmrləşdirir. Bu əmrlə
hər bir işçinin dəqiq fəaliyyət sahəsi
müəyyənləşdirilir, əmək funksiyalarının icrasına
hüquqi əsas verilir, rəhbərliyə işə nəzarəti
optimal surətdə həyata keçirməyə imkan
yaradılır. Kollektiv üzvləri arasında vəzifə
bölgüsünün aparılması müvafiq məsələlər üzrə,
konkret icraçılarla bağlı operativ və obyektiv
qərarların, sərəncamların hazırlanması və qəbul
edilməsinə şərait yaradır. Əmək kollektivində bu
qərarlar cari və perspektiv planlar, əmrlər,
yazılı və şifahi sərəncamlar formasında meydana
çıxır.
Dərindən və hərtərəfli düşünülmüş qərarlar
məktəb rəhbərlərinin idarəedicilik fəaliyyətinin
nəticə etibari ilə səmərəliliyinin vacib
şərtidir. Onu da nəzərdə saxlamaq lazımdır ki,
qəbul edilmiş qərarlar, verilmiş əmrlər,
sərəncamlar obyektiv və ədalətli olduqda və
onların həyata keçirilməsi ilə bağlı konkret
təşkilati tədbirlər gördükdə daha yaxşı səmərə
verirlər.
Rəhbər idarəetmə sisteminin mərkəzi fiquru -
siması, işin başında duran şəxsdir. Hər hansı
idarəetmə prosesində, o cümlədən məktəbin idarə
olunmasında başlıca mövqe rəhbərə - direktora
məxsusdur. Rəhbərin müəyyənedici rolu ondan
irəli gəlir ki, ona qərar qəbul etmək
səlahiyyəti verilir, o, "nə etmək, necə etmək"
məsələsini müəyyənləşdirir və bunun üçün
məsuliyyət daşıyır.
Digər sahələrdə olduğu kimi, təhsil sistemində
də rəhbər müxtəlif, lakin qarşılıqlı surətdə
bir-birini tamamlayan funksiyaları -
inzibatçılıq, təşkilatçılıq, mütəxəssislik
(pedaqoqluq, tərbiyəçilik), ictimai xadimlik -
yerinə yetirir. Müəssisənin rəhbəri - məktəbin
direktoru bir inzibatçı kimi əmək məcəlləsi və
digər qanunvericilik aktlarının tələbləri
baxımından kollektivdə əmək intizamını
möhkəmləndirmək, kadrların seçilib
yerləşdirilməsi, ştatların komplektləşdirilməsi,
işçilər arasında vəzifə bölgüsünün aparılması,
məktəbdə daxili intizam qaydalarının
gözlənilməsi, nəzarətin təşkili ilə bağlı
tədbirlər görür.
Bir təşkilatçı kimi direktor işçilərin əməyinin
səmərəliliyini təmin etmək üçün müvafiq iş
şəraiti yaratmalı, qarşıya qoyulan vəzifələrin
işçilər tərəfindən vaxtında və tələb olunan
qaydada yerinə yetirilməsi ilə bağlı məqsədyönlü
və tənzimləyici tədbirlər görməli, vəzifələrin
uğurla həlli üçün tələb olunan ilkin şərtləri,
metodları, resursları (ehtiyatları)
müəyyənləşdirməlidir.
Məktəb direktoru öz ixtisasının elmi-nəzəri və
praktik əsaslarını dərindən bilən, peşəsinin
ustası olan bir mütəxəssis - pedaqoq olmalıdır.
Rəhbər məsələləri düzgün, savadlı qoymağı,
səriştəli təhlil etməyi, onların yerinə
yetirilməsinə effektli nəzarət etməyi, işçilərə
ixtisaslı tövsiyə verməyi, təlimatlandırmağı
bacarmalıdır. Məktəb rəhbəri, eyni zamanda
özünün bütün fəaliyyəti, insanlara münasibəti və
şəxsi mənəvi keyfiyyətləri ilə bir tərbiyəçi
kimi çıxış edir. Onun qəbul etdiyi qərarların
ədalətliliyi, sözü ilə əməlinin vəhdəti işçilərə
də, şagirdlərə də, valideynlərə də tərbiyəvi
təsir göstərir. İdarəetmə, ilk növbədə,
insanların idarə olunması ilə bağlı olduğundan
onlara əmrin gücü ilə deyil, inandırmanın gücü
ilə təsir etdikdə idarəetmə tərbiyəvi təsir
göstərir. Ona görə də məktəb rəhbərləri qəbul
edilən qərarların, verilən əmrlərin,
sərəncamların, göstərişlərin, görülən
tədbirlərin tərbiyəvi nəticələrini həmişə
nəzərdə saxlamalıdır.
Məktəb direktoru tutduğu vəzifəyə uyğun olaraq,
eyni zamanda ictimai xadim kimi fəaliyyət
göstərir. O, dövlət orqanlarında, hökumət və
qeyri-hökumət təşkilatlarında məktəbi təmsil
edir, rayonda (şəhərdə), ölkədə keçirilən
müşavirələrdə, konfranslarda, ictimai
təşkilatların tədbirlərində, yerli və mərkəzi
orqanlara seçkilərdə iştirak edir, o tədbirlərdə
əldə etdiyi informasiyalardan bəhrələnərək
kollektivdə mənəvi-psixoloji iqlimin
yüksəlməsinə və işgüzarlığın artmasına təsir
göstərir.
Məktəb direktorunun bir rəhbər kimi
özünütəsdiqində və nüfuzunun yüksəldilməsində
onun şəxsi mənəvi keyfiyyətləri, peşəkarlığı ilə
bərabər, qəbul etdiyi qərarların ədalətliliyi
daha böyük rol oynayır. Çünki insanlar həmişə
rəhbərin hərəkətlərində və münasibətlərində onun
ədalətli olmasını istəyir. Ədalətli rəhbər hər
zaman əməkdaşların hörmətini, etibarını qazanır,
kollektivdə, cəmiyyətdə yüksək nüfuza malik
olur. Hər hansı bir şəxsin məktəb direktoru
vəzifəsinə təyin edilməsi barədə əmr verildikdə
təhsili idarəetmə orqanı tərəfindən ona
müəssisəyə, oradakı kollektivlərə rəhbərlik
etmək hüququ, səlahiyyəti verilir, şəxsi nüfuzla
bağlı əmrə heç nə əlavə edilmir. Direktor nüfuzu
şəxsi nümunəsi, biliyi, təşəbbüskarlığı və digər
mənəvi keyfiyyətləri ilə qazanmalı və özünü bir
rəhbər kimi təsdiq etməlidir. Bu parametrlərə
cavab verən direktorlarımız az deyil, lakin
hazırkı şəraitdə bəziləri direktorluğunu yüksək
amallarla yox, kollektivdə hay-küy salmaqla,
bəzilərini işdən qovmaqla, hədələməklə, "burda
mənəm, Bağdadda kor xəlifə", filan "Həsən
ağanın" qohumudur xofunu yaratmaqla özünü rəhbər
kimi təsdiq etməyə çalışırlar, özünü "hakimi
mütləq" kimi aparır, idarəetmənin demokratik
prinsiplərinə məhəl qoymur, amirlik üsuluna
üstünlük verir, nəticədə kollektivdə mənəvi -
psixoloji iqlim pisləşir, konflikt yaranır,
rəhbər nüfuzunu, son nəticədə vəzifəsini itirir.
Lakin ən çox itirən şagirdlər və müəllimlər,
bütövlükdə təhsil sistemi olur. Çünki müəyyən
zaman kəsiyində pedaqoji kollektiv təlim-tərbiyə
prosesini daha da təkmilləşdirmək əvəzinə,
yaranmış konflikt situasiyaların araşdırılması
ilə məşğul olur, ən qiymətli şey - vaxt
itirilir. Yadda saxlamaq lazımdır ki, "öz
işçilərini şöhrətpərəstliklə və
mənsəbpərəstliklə idarə edən adam ağıllı hesab
edilə bilməz" ("Kəlilə və Dimnə", səh. 45,
B.1982).
Rəhbərin ciddi tələbkarlığı bəzən əməkdaşlar
tərəfindən yaxşı qarşılanmır, hətta konfliktli
situasiyaya gətirib çıxarır. Belə halda
konfliktli situasiyanın yaranması qarşısını
almaq mümkündürmü? Təcrübə göstərir ki,
aşağıdakı şərtlərə əməl edilərsə, konfliktin
qarşısı vaxtında alına bilər:
1) kollektivin işi üzərində rəhbərin nəzarəti
müntəzəm aparılarsa;
2) müstəsnalıq etmədən nəzarətlə tabelikdəki
bütün işçilər əhatə edilərsə;
3) rəhbər hamının, hər kəsin işinin
qiymətləndirilməsinə eyni dəqiq kriteriyalarla
yanaşarsa;
4) hər bir işçini əldə etdiyi müvəffəqiyyətə
görə rəğbətləndirə, işə başdansovdu yanaşan,
səhlənkar işçiləri tənqid edərsə;
5) rəhbərlərin tənqidi dəqiq, əsaslandırılmış,
xırdaçılıqdan uzaq olarsa, tənqiddən işçini
alçaltmaq üçün bir silah kimi istifadə
edilməzsə;
6) tənqid edilən işçinin əvvəlcə işindəki müsbət
cəhətlər qısaca qeyd edilərsə.
Rəhbər tərəfindən bu şərtlərin pozulması
kollektivdə qeyri-sağlam psixoloji mühitin
yaranmasına, bəzən də konfliktə çevrilməsinə
səbəb olur, müəssisənin normal iş ritmi pozulur.
Ona görə də rəhbər işçinin fəaliyyətindəki
nöqsanları tənqid edərkən pedaqoji taktı, etik
normaları gözləməli, işçinin şəxsiyyətinə,
mənliyinə, heysiyyətinə toxunmamalıdır,
tənqiddən təhqirə keçməməlidir, ona verilən
səlahiyyətdən sui-istifadə etməməlidir, hər
şeyin həddini bilməlidir.
Bu tələblərə riayət etmək üçün məktəb direktoru
hər bir işçini yaxşı tanımalı, onlar haqqında ən
düzgün, dürüst məlumatı özünün şəxsi
müşahidələri əsasında əldə etməlidir. O, hər
hansı bir əməkdaşın işə, həmkarlarına,
şagirdlərə, valideynlərə, dostlara, ailəsinə,
məktəbin mülkiyyətinə və s. olan münasibətini
ardıcıl müşahidə edərək müvafiq qənaətə
gəlməlidir - obyektiv qiymətləndirilməlidir.
Başqalarının subyektiv mülahizələri ilə işçiyə,
ümumiyyətlə insana obyektiv qiymət vermək
olmaz.
Rəhbər kadrlarla müəyyən problemlərin ortaya
çıxmaması üçün onların seçilib yerləşdirilməsi
zamanı onlar hərtərəfli - həm bir insan, həm də
bir mütəxəssis kimi - mənəvi-əxlaqi
keyfiyyətləri və peşəkarlıq, səriştəlilik
səviyyəsi, işlədiyi kollektivdə, ümumən rayonun
(şəhərin) pedaqoji ictimaiyyəti arasındakı
nüfuzu öyrənilməlidir. N.Tusinin təbirincə
desək, "Müxtəlif simalı, dəyişkən xasiyyətli
adamları seçməkdən imtina edilməlidir. Həyalı,
ağlına nisbətən gücü və şücaəti daha çox
olanları seçmək məsləhətdir..." (Əxlaqi-Nasiri,
səh. 169, B.1980). Direktor "...seçərkən şan və
şöhrət, var və dövlətə deyil, istedad və
qabiliyyətə, əxlaq və tərbiyəyə fikir
verilməlidir" ("Kəlilə və Dimnə". səh. 280.
B.1982). Ona görə ki, məktəb direktoru rəhbərlik
etdiyi müəssisənin müəllimləri, şagirdləri,
valideynləri üçün hər cəhətdən etalon olmalıdır.
Çox təəssüf ki, bəzən bir məktəbdə nüfuzunu
itirmiş, işindəki nöqsanlara görə vəzifədən azad
edilmiş kəs, bir neçə vaxtdan sonra digər bir
məktəbə direktor təyin edilir. Bu halda hansı
nüfuzdan söhbət gedə bilər? Görəsən, nə üçün
təyin edənlər bu təyinatın gələcəkdə hansı
fəsadları törədəcəyi haqda düşünmürlər?
Bazar iqtisadiyyatı şəraitində rəhbərin ən
vacib vəzifəsi dövlətimizin kadr siyasəti
prinsiplərinə uyğun olaraq onların düzgün
seçilib qabiliyyəti, biliyi və bacarığına uyğun
yerləşdirilməsindən ibarət olmalıdır.
Əgər məktəb bütün fənlər üzrə ixtisaslı pedaqoji
kadrlarla komplektləşdirilməyibsə, müəssisənin
normal fəaliyyət göstərməsi qeyri-mümkündür. Ona
görə də pedaqoji kadrların seçilməsi, onların
biliyi, bacarığı, təcrübəsi nəzərə alınmaqla
yerləşdirilməsi direktorun fəaliyyətində ən
vacib məsələlərdən biridir.
Kadrlarla iş təcrübəsi rəhbəri inandırır ki,
kadrlarla bağlı problemlərin uğurlu həllinə
mütləq ciddi, sistemli, dəqiq düşünülmüş,
perspektivli yanaşma lazımdır.
Bu tələblərin mahiyyətini düzgün dərk edən
məktəb rəhbərləri adətən ətrafına bilikli,
bacarıqlı, istedadlı, təşəbbüskar adamları
toplayırlar. Bir çox məktəb direktorları isə
xüdbinlik edərək öz şəxsi mənafeyini məktəbin,
pedaqoji kollektivin, ən ümdəsi şagirdlərin
mənafeyindən - ümumxalq, ümumdövlət mənafeyindən
üstün tutaraq ətrafına qohumlardan, yerlilərdən,
dostlardan, yaltaqlardan, şəxsi "sadiqlik"
göstərənlərdən yararlanmağı bacaranları
toplayırlar. Yaddan çıxarırlar ki, alman fiziki
və yazıçısı Q.Lixtenberqin dediyi kimi, qorxaq,
quyruq bulayan, zəif iradəli, hər şeyə yarayan
və heç nəyə yaramayan, lazım olanda isə tez
aradan çıxan, tapılmayan, nankor adamlar ən
təhlükəli adamlardır. Ona görə də məktəb
rəhbərləri tayfa təfəkküründən, feodal
yanaşmasından uzaq olmalı, məktəbimizin,
təhsilimizin tərəqqisinə gərəkli mütəxəssisləri
seçib yerləşdirməlidirlər. Adi bir həqiqəti başa
düşməlidirlər ki, "İnsanlar arasında yad
yoxdur" (C.Nort).
Məktəb direktoru, eyni zamanda yaxşı psixoloq
olmalıdır. O, nəinki ümumi psixologiyanı, eyni
zamanda pedaqoji psixologiyanı, yaş
fiziologiyası və psixologiyasını yaxşı
bilməlidir, əks halda, müxtəlif yaş qruplarına
aid olan uşaqlar, yeniyetmələr, müəllimlər,
valideynlər, ictimaiyyətin nümayəndələri ilə
qarşılıqlı anlaşma yaratmadan idarəçilikdə uğur
əldə etmək çətindir. Müəssisənin rəhbəri
işçilərin psixi xüsusiyyətlərini, xarakterini
yaxşı bildiyi zaman onları təşkil edib qarşıya
qoyulan məqsədə çatmaq üçün səfərbər etmək asan
olur, iş uğurla nəticələnir. Məktəb direktoru
işçilərdən kimin hansı temperamentə (xolerik,
melanxolik, sanqvinik, fleqmatik) malik olduğunu,
xarakterinin zəif və güclü cəhətlərini bildikdə
onlara yanaşma yollarını müəyyənləşdirmək,
onlarla işçi münasibətlərini qurmaq asanlaşır,
kimə hansı işi tapşırmaq, kimin fəaliyyətinə
necə nəzarət etmək və s. məsələlər aydınlaşır.
Bu baxımdan Amerika menecerləri belə deyirlər,
rəhbər işçi əsasən iki vacib keyfiyyətə malik
olmalıdır:
1) İnsanların xarakterinin onların işinə mane
olmayan cəhətlərinə dözümlülük; 2) işə mənfi
təsir edən hər şeyə qarşı dözümsüzlük
göstərməlidir.
Məktəb direktoru bir idarəedici kimi yüksək
intellektə malik ziyalı olmalı, "savadlı,
elmli, bilikli, cəmiyyətdə özünü apara bilən,
tərbiyəli" - mədəni insan olmalıdır. Məktəb
təlim, tərbiyə, təhsil məbədi, mədəniyyət
beşiyidir. Ona görə də belə müəssisənin rəhbəri
yüksək idarəetmə mədəniyyətinə malik olmalıdır.
İdarəetmə mədəniyyəti insanın və cəmiyyətin
rifahı və xoşbəxtliyinin zəruri şərtidir.
İntellektual, etik və hüquqi mədəniyyətlə yanaşı,
idarəetmə mədəniyyətinin yüksəldilməsi
bütövlükdə təhsil sisteminin
təkmilləşdirilməsinə və nüfuzunun artmasına
xidmət edərdi. Təhsil idarəçiləri bilməlidirlər
ki, onların yüksək daxili mədəniyyəti insanların
qarşılıqlı anlaşmasına, onlar arasında
harmoniyanın yaranmasına, daha təkmil
idarəçiliyin formalaşmasına aparan yoldur.
Hazırda ölkəmizdə digər sahələrdə olduğu kimi,
təhsil sahəsində də böyük işlər aparılır, təhsil
sahəsində İslahat Proqramı çərçivəsində təhsilin
müxtəlif aspektlərini əhatə edən Dövlət
Proqramları həyata keçirilir, təhsilin
maddi-texniki bazası möhkəmləndirilir, məzmunu
və onun təşkili formaları yeniləşdirilir, kadr
potensialını gücləndirməklə bağlı müəyyən işlər
görülür.
Təhsildə aparılan islahatların qarşıya qoyduğu
problemlərin həlli ilə bağlı dövlət və hökumət
tərəfindən nə qədər yüksək səviyyəli qanunlar,
qərarlar, əmrlər, təlimatlar və s. qəbul
edilir-edilsin, əgər onların fəlsəfəsi - ideyası,
məzmunu və mahiyyəti təhsil müəssisələrinin -
məktəblərin pedaqoji kollektivləri və onların
rəhbərləri tərəfindən lazımınca dərk edilməzsə
islahatın həyata keçirilməsində köklü uğur
qazanmaq mümkün olmayacaqdır. Çünki
sistemləşdirilmiş təhsilalma - təhsilvermə,
təlim-tərbiyə - tədris prosesi məhz məktəbdə -
siniflərdə, qruplarda, sinifdənxaric və
məktəbdənkənar məşğələlərdə həyata keçirilir.
Belə bir şəraitdə məktəbə məsuliyyətli,
təşəbbüskar, işgüzar, "sürətlə düşünməyi və
sürətlə işləməyi" bacaran direktor - menecer,
lider gərəkdir.
Arif MURADOV,
Azərbaycan Respublikasının əməkdar müəllimi |
|