Milli bayramımız, baharın müjdəçisi Novruzu
uşaqlar daha çox sevir və gəlişini səbirsizliklə
gözləyirlər. Hər il bu əziz bayram şərəfinə
təhsil müəssisələrində bir-birindən maraqlı,
yaddaqalan mərasimlər təşkil olunur. Bu il də
Novruzun gəlişini uşaqlar böyük sevinclə
qarşılayırlar.
Paytaxtımızın
Sabunçu rayonunda yerləşən 3 nömrəli "Səadət"
uşaq bağçasında keçirilən bayram şənliyində
bunun şahidi olduq. Al-əlvan geyimli uşaqlar
üçün bağçanın həyətində düzənlənmiş mərasimdə
çoxlu qonaq və valideynlər də iştirak edirdilər.
Onlar öncə əsaslı təmir olunmuş, hazırda gözəl
tərtibat işləri aparılan bağçanı gəzib uşaqların
təlim-tərbiyəsi üçün yaradılmış nümunəvi
şəraitlə tanış oldular. Zövqlə hazırlanmış və
bağçanın fəaliyyətinin bəzi məqamlarını əks
etdirən stendlər, nağıllarımızın personajlarının
maketlərindən ibarət guşələr, Novruzun rəmzləri
olan səmənilər, xonçalar onlarda xoş ovqat
yaratdı. Hazırda bağçada 6 qrupda 140 uşaq
ictimai tərbiyə ilə əhatə olunub. Bura uşaq
axınının çoxluğu nəzərə alınaraq bu ilin
yanvarından bağçada daha bir qrup - sayca 6-cı
qrup açılıb.
Mərasimi bağçanın müdiri Şahnaz Abdullayeva
açaraq uşaqları, bağçanın pedaqoji kollektiv
üzvlərini, tədbirin digər iştirakçılarını
Novruz bayramı münasibətilə təbrik etdi, onlara
həmişə bayram əhvali-ruhiyyəsi arzuladı.
Sonra uşaqlar bayram şənliyi üçün hazırladıqları
maraqlı ədəbi-musiqili proqramı təqdim etdilər.
Novruzun, baharın şəninə şeirlər, mahnılar ifa
olundu, səhnəciklər nümayiş etdirildi. Bağçanın
xor kollektivinin çıxışları, balaca Aysunun,
Səmanın, Dilarənin ifa etdikləri mahnılar
mərasim iştirakçıları tərəfindən alqışlarla
qarşılandı. Şənliyin ən maraqlı anları isə,
şübhəsiz, Kosa ilə Keçəlin çıxışları oldu. Onlar
öz məzəli sözləri, hərəkətləri ilə uşaqlara
sevincli anlar yaşatdılar.
Sonda Kosa və Keçəl uşaqlara bayram hədiyyələri
verib, onlarla şəkil çəkdirdilər.
Y.ƏLİYEV |
|