Bakının Xətai rayonunda yerləşən Ə.Abbasov
adına 257 nömrəli orta məktəbdə "Fənn
kurikulumlarının tətbiqi" mövzusunda
elmi-praktik konfrans keçirildi. Konfransda
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri
Pənah İmanov, Xətai Rayon Gənclər və İdman
İdarəsinin rəisi Əfqan Rzayev, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi Metodik Mərkəzinin
Xətai-Suraxanı bölməsinin rəhbəri Firduz Əhmədov,
məktəb direktorları, müəllimlər, KİV
nümayəndələri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları məktəbin akt
zalında təhsil ocağının əldə etdiyi uğurlar
barədə hazırlanmış stendlə tanış oldular.
Direktor Q.Qaratov qonaqları pedaqoji
kollektivlə tanış etdi və keçirilən "açıq
dərs"lər barədə məlumat verdi. Bildirildi ki,
məktəbdə mütəmadi keçirilən "açıq dərs"lərdə
informasiya-kommunikasiya texnologiyalarından
geniş şəkildə istifadə olunur.
Təkcə fevral ayı ərzində məktəbdə İKT-dən
istifadə edilməklə 29 "açıq dərs" keçirilmişdir.
İKT-nin tətbiqi ilə keçirilən "açıq dərs" və
tədbirlərin hazırlanmasında informatika
müəllimi Sədaqət Veysovanın əməyi böyükdür.
Məktəbin tarix müəllimi Səbinə Məmmədovanın IX
"a", Azərbaycan dili və ədəbiyyat müəllimi Gülər
Quluyevanın X "a", riyaziyyat müəllimi Sevil
Abilovanın X "d" siniflərində və digər
müəllimlərin "açıq dərs"ləri maraqla dinlənilib.
Tədbirin proqramına uyğun olaraq keçirilən "açıq
dərs"lər müzakirə edildi. Tədbir iştirakçıları
məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Arzu Hüseynovanın IX "a" sinfində "Səməd
Vurğunun həyat və yaradıcılığı" mövzusunda
keçdiyi "açıq dərs"lə tanış oldular.
Müzakirələrdə dərslərin kurikulumun tələblərinə
uyğun keçdiyi, müəllimlərin müasir təlim metod
və resurslarından səmərəli istifadə etdikləri
vurğulandı.
Rəşad ZİYADOV |