Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar:
496-34-82; 496-37-61; e-mail ünvanı:
qaynar-xett@edu.gov.az) 2011-ci ilin fevral
ayında 2107 müraciət daxil olub.
Müraciətlərin 1881-i telefonla, 226-sı elektron
poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər
dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma
tələb edən müraciətlər aidiyyəti qurumlara
göndərilib, müvafiq araşdırmalar aparılıb,
ünvanlı müraciətlər yazılı şəkildə
cavablandırılıb.
Daxil olan müraciətlərin əksəriyyəti sorğu
xarakterlidir. Sorğular ümumtəhsil məktəblərində
IX və XI siniflərdə mərkəzləşdirilmiş yoxlama
imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni
mexanizmin tətbiqi, respublika fənn
olimpiadalarının, beynəlxalq olimpiadaların
təşkili, keçirilməsi və nəticələrinin
öyrənilməsi, "Ən yaxşı müəllim" müsabiqəsinin
təşkili, keçirilməsi və xaricdə təhsillə bağlı
olub. Digər sorğular müəllimlərin dərs yükü ilə
təmin olunması və əməkhaqqının hesablanması,
təhsil sənədlərinin tanınması və sair
məsələlərlə bağlıdır.
Müraciətlərin bir qismində məktəbəqədər, ümumi,
texniki peşə, orta ixtisas və ali təhsil
müəssisələrindəki problemlərdən bəhs olunur.
Həmin müraciətlər əsasında araşdırmalar aparılıb,
problemlərin aradan qaldırılması istiqamətində
müvafiq tədbirlər görülüb.
"Qaynar xətt" xidmətinə daxil olan şikayət
xarakterli müraciətlər 10 faizdən çox olub. Bu
müraciətlərin böyük əksəriyyəti Bakının
ümumtəhsil məktəblərindən (75 müraciət), Abşeron
(15 müraciət), Lerik (8 müraciət), Ağdaş (7
müraciət), Ağdam, Quba, Bərdə (hər birindən 5
müraciət), Gədəbəy, Ağcabədi, Sabirabad,
Cəlilabad, Neftçala, Qusar (hər birindən 3
müraciət), Yardımlı, Laçın, Zaqatala (hər
birindən 2 müraciət), Qəbələ, Şabran, Şəki, Ağsu,
Daşkəsən, Yevlax, Qax, Biləsuvar, Salyan,
Siyəzən, Xaçmaz, Göyçay, Göygöl, Şamaxı,
Beyləqan, İsmayıllı, Ağstafa, Lənkəran
rayonlarından (hər birindən 1 müraciət),
Sumqayıt, Gəncə (hər birindən 3 müraciət) və
Mingəçevir şəhərlərindən (1 müraciət) daxil olub.
Beləliklə, ümumtəhsil məktəbləri barədə qeydə
alınmış 173 müraciət araşdırmaya yönəldilib.
Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris
prosesinin təşkili, maddi-texniki təchizat
sahəsindəki çatışmazlıqlar, məktəb
direktorlarının idarəetmədə yol verdikləri
nöqsanlar, məktəbli formasının, tədris
ədəbiyyatı və müxtəlif nəşrlərin satışı, istilik
sistemlərinin fasilələrlə işləməsi, məktəb
avadanlıqlarının alınması, məktəblərin təmiri və
digər məsələlər öz əksini tapıb.
Məktəbəqədər təhsil müəssisələri ilə bağlı daxil
olan 8 müraciətdə uşaqların bu müəssisələrə
qəbulu, sanitar-gigiyenik qaydaların pozulması,
yeməklərin müvafiq normalara uyğun olmaması və
digər nöqsanlardan bəhs olunur. Bu müraciətlər
də araşdırılıb və müvafiq tədbirlər görülüb.
Ali təhsil müəssisələri ilə əlaqədar daxil olan
34 şikayət xarakterli müraciətin 11-i dövlət,
23-ü isə özəl tədris ocaqları ilə bağlıdır. Bu
müraciətlər dövlət ali təhsil müəssisələrində və
dövlət sifarişi üzrə özəl məktəblərdə təhsil
alan tələbələrin təqaüdlərinin gecikdirilməsi və
yaxud düzgün hesablanmaması, təhsil sənədlərinin
gecikdirilməsi, qış imtahan sessiyasının
nəticələri ilə əlaqədar apelyasiya qaydalarının
pozulması, əməkhaqqının verilməsinin bir neçə
gün ləngiməsi və digər məsələləri əhatə edir.
Özəl ali təhsil müəssisələri ilə əlaqədar daxil
olan müraciətlərin böyük əksəriyyəti fəaliyyəti
dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti
ilə bağlıdır. 20-dən çox şikayət xarakterli
müraciətdə bu məsələdən bəhs olunur.
Kolleclərdən daxil olmuş 4 müraciət müəllimin
işinin öhdəsindən gələ bilməməsi, özəl orta
ixtisas məktəbindən təhsil sənədinin verilməsinə
kömək göstərilməsi və digər məsələlərlə bağlı
olub. Həmin müraciətlərə də baxılıb və müvafiq
qaydada cavablandırılıb.
Fevral ayında "Qaynar xətt" xidmətinə daxil olan
müraciətlərin araşdırılmasının nəticələrinə
uyğun olaraq Ağcabədi rayonu Qiyamadinli kənd
tam orta məktəbinin müəllimi N.Qəmbərovanın və
Ağdaş rayonu Abad kənd tam orta məktəbinin
müəllimi A.Əmrahovanın diplomlarının saxta
olduğu müəyyənləşdirilib, sənədlər müvafiq
qaydada tədbir görülməsi üçün Respublika Baş
Prokurorluğuna göndərilib. Həmin müəllimlər
tutduqları vəzifədən azad ediliblər. Eləcə də
Bakı şəhərindəki 37 nömrəli məktəbin direktor
müavini N.Əliyevaya sonuncu xəbərdarlıqla
şiddətli töhmət, həmin məktəbin direktoru
İ.Əliyevə xəbərdarlıq, 153 nömrəli körpələr
evi-uşaq bağçasının müdiri Ş.Musayevaya sonuncu
xəbərdarlıqla şiddətli töhmət verilib. |
|