Martın 11-də Fransanın Strasburq şəhərində
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı
Gənclər Təşkilatının (ASAİF) "Azərbaycan-20 -
Baxış-2020" adlı beynəlxalq forumu işə
başlamışdır.
AzərTAc
xəbər verir ki, ASAİF-in sədri Orxan Əkbərov
forumu açaraq tədbirdə 25 ölkədən 150-dən artıq
tələbənin iştirak etdiyini diqqətə çatdırmış,
gənclərin səmərəli dialoq aparacaqlarına
əminliyini bildirmişdir.
Azərbaycanın Macarıstan, Böyük Britaniya və
Niderlanddakı səfirlərini, ABŞ-ın Los-Ancelesdəki
konsulunu və tədbirdə iştirak edən bir sıra
dövlət məmurlarını salamlayan gənclər və idman
naziri Azad Rəhimov onlara gənclərlə görüşə
gəldikləri üçün təşəkkürünü bildirmişdir. Nazir
forumun Azərbaycanın müstəqilliyinin 20-ci
ildönümü ərəfəsində keçirildiyini bildirmiş,
ölkəmizin gənclərinin qazandıqları uğurlardan
söz açmışdır. A.Rəhimov Azərbaycan gənclər
təşkilatlarının, ölkəmizi 30-dan artıq
beynəlxalq qurumda təmsil edən gənclərimizin
uğurlarından danışmışdır.
Nazir bildirmişdir ki, bu gün müxtəlif ölkələrdə
təhsil alan azərbaycanlı tələbələrin ölkəmizin
parlaq gələcəyi uğrunda, informasiya
müharibəsində daim qalib gəlmələri istiqamətində
savadlı və geniş dünyagörüşünə malik olmaları
böyük önəm daşıyır. Məhz keçirilən belə
forumlarda gənclər bir araya gəlməklə bərabər,
eyni zamanda möhkəm əlaqələr qura, ölkəmizin
təbliği istiqamətində layihələr də işləyə
bilərlər.
Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə
sədrlik edən Türkiyənin qurum yanındakı daimi
nümayəndəsi Dəryal Batıbəy toplantıya uğurlar
arzulayaraq forumun gənclər arasında müzakirələr
aparmaq, həmçinin əlaqələr qurmaq üçün münasib
fürsət olduğunu qeyd etmişdir.
Azərbaycanın artıq Boloniya prosesinə
qoşulduğunu bildirən AŞ-ın gənclər, idman və
mədəniyyət komitəsinin sədri xanım Qabriela
Battanini bununla bağlı cari ildə Azərbaycanda
beynəlxalq konfransın keçiriləcəyini diqqətə
çatdırmışdır. Q.Battanini AŞ-ın 1974-cü ildə
təsis olunmuş Gənclər Mərkəzinin 2010-cu ildə
yenidən qurulmasına Azərbaycanın da yardım
göstərdiyini bildirərək mərkəzdə ildə 2 min
gəncin müxtəlif təlimlər keçdiyini
xatırlatmışdır.
Komitə sədri ölkəmizin uğurlu siyasətini xüsusi
vurğulayaraq azərbaycanlı gənclərin xaricdə
təhsil almaları istiqamətində həyata keçirilən
işləri müsbət qiymətləndirmişdir. Qabriela
Battanini bildirmişdir ki, bu gün AŞ-da
keçirilən tədbir gənclər üçün əlaqələrin
qurulması, yeni ideyaların həyata keçirilməsi
istiqamətində mühüm əhəmiyyət daşıyır. O,
gənclərə müraciətlə demişdir: "Siz təhsil
aldığınız ölkələrdə öyrəndiyiniz elmi bilikləri
məhz öz ölkənizdə tətbiq edin, daim yenilik
gətirin. Peşəkar olmaq azdır. Siz, eyni zamanda
öyrəndiklərinizi öyrətməyi də bacarmalısınız".
Milli Məclisin komitə sədri, AŞPA-da
Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd
Seyidov çıxışında Azərbaycanın gələcəyinin
gənclərimizin əlində olduğunu bildirərək
gəncliyin sözünə, səsinə önəm verilməsinin
əhəmiyyətini vurğulamışdır.
S.Seyidov forumun gənclərin ünsiyyət qurması
sahəsində önəm daşıdığını və düşünən beyinlərin,
xaricdə təhsil alan tələbələrin ölkəmizdə həyata
keçirilən layihələrə cəlb olunmasının
mahiyyətindən də danışmışdır.
Sonra Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri Elnur Aslanov xaricdə
təhsil alıb ölkəmizə qayıdan hər bir gəncə bu
gün böyük ehtiyac duyulduğunu, onların ölkənin
gələcək inkişafında əhəmiyyətli rol
oynayacaqlarını bildirmişdir. E.Aslanov qeyd
etmişdir ki, ölkəyə qayıdan hər bir gənc
çalışdığı sahəyə yenilik gətirəcək, demokratik
ab-havanı daha da möhkəmlədəcəkdir.
Prezident Administrasiyasının şöbə müdiri
respublikamızın iqtisadi inkişafı nəticəsində bu
gün minlərlə gəncin Azərbaycan hökuməti hesabına
xaricdə təhsil aldığını diqqətə çatdırmışdır.
"Azərbaycan gəncləri bu gün real işlərlə məşğul
olmalıdır. Ölkəsini düşünən gənc təxribata
uymamalıdır" - deyən E.Aslanov hər bir
azərbaycanlı gəncin təhsil alıb ölkəmizin
gerçəkliklərini dünyaya çatdırmalı olduğunu
vurğulamışdır.
Forumda Azərbaycan Respublikası Dövlət Neft
Fondunun icraçı direktoru Şahmar Mövsümov,
təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın sədri
Bəhram Xəlilov, Azərbaycanın Avropa Şurası
yanındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov
və başqaları çıxış edərək xaricdə təhsil alan
gənclərin Azərbaycanın inkişafı uğrunda rolundan
danışmışlar.
Fasilədən sonra forum Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın müraciəti və
təbrik məktubunun oxunması ilə işini davam
etdirmişdir.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
nümayəndəsi forum iştirakçılarına təşkilatın
yaranması və onun fəaliyyəti barədə məlumat
vermişdir.
Sonra ABŞ-da fəaliyyət göstərən "Qarabağ"
Fondunun nümayəndəsi Tural Kərimli çıxış edərək
Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında
xaricdə təhsil alan azərbaycanlı tələbələrin
görə biləcəyi işlərdən danışmışdır.
Daha sonra forum iştirakçıları Xocalı
faciəsindən bəhs edən "Məcburi köçkün Anar
Usubovun uzun səyahəti" filminə baxmışlar.
***
Martın 12-də Strasburqda Xaricdə Təhsil Alan və
Məzun Olmuş Azərbaycanlı Tələbələr Forumu (ASAİF)
öz işini davam etdirmişdir.
ASAİF-in sədri Orxan Əkbərov tədbirin
gündəliyini açıqlamış və forumun dörd bölmə üzrə
öz işini davam etdirəcəyi barədə məlumat
vermişdir.
Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı nümayəndə heyətinin rəhbəri
Səməd Seyidovun başçılığı ilə keçirilən "Şəbəkələşmə
və Azərbaycanı təmsil etməyin yeni yolları" adlı
bölmədə iştirakçılar xaricdə təhsil alan
azərbaycanlı gənclərlə diaspor təşkilatlarımız
arasında şəbəkələşmənin rolundan danışmış, onun
müxtəlif yolları ilə bağlı təkliflər irəli
sürmüşlər.
Azərbaycanı təmsil etməyin yeni yolları ilə
bağlı məsələ daha qızğın müzakirələrə səbəb
olmuşdur. Tələbələr bununla bağlı müxtəlif
təkliflər vermişlər. Bu istiqamətdə İnternetin
xüsusi rolu qeyd olunmuşdur.
Böyük Britaniyada fəaliyyət göstərən
Avropa-Azərbaycan Cəmiyyətinin sədri Taleh
Heydərov rəhbərlik etdiyi qurumun yaşadıqları
ölkənin əhalisini Azərbaycanı tanıtmaq, onun
qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı,
incəsənəti, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi barədə məlumatlandırmaq
istiqamətində apardığı işlərdən söhbət açmışdır.
Moderatoru Azərbaycan Respublikası Dövlət Neft
Fondunun icraçı direktoru Şahmar Mövsümovun
olduğu "İnsan kapitalı-Azərbaycanın inkişaf
prioriteti" bölməsində tələbələr və digər
qonaqlarla dövlətimizin neft kapitalının insan
kapitalına çevrilməsi istiqamətində həyata
keçirdiyi siyasət haqqında geniş fikir
mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki,
azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil
alması ilə bağlı müvafiq Dövlət Proqramı
dünyanın inkişaf etmiş əksər ölkələrinə
nümunədir.
Xaricdə təhsilini bitirərək doğma Vətəninə
qayıdan gənclərin ölkədəki fəaliyyəti ətrafında
da ciddi fikir mübadiləsi aparılmışdır. Xaricdə
təhsil alan gənclərimizin Azərbaycanı
yaşadıqları ölkələrdə tanıtmaqda böyük qüvvə
olduğu diqqətə çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri Elnur Aslanovun
rəhbərlik etdiyi "Gənclik və ictimai diplomatiya"
bölməsində Azərbaycan gəncləri bu gün
respublikamızın xaricdə elçiləri olaraq onun
tanınması və təqdimatı məsələlərində ölkəmizin
işğalçı Ermənistan ilə informasiya müharibəsində
hansı işləri görə bilmələri ilə bağlı
müzakirələr olmuşdur. Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının və tarixinin təqdimatı ilə
əlaqədar konkret bir layihə ətrafında da fikir
mübadiləsi aparılmışdır. Azərbaycanın
təqdimatına xidmət edən məlumatların
hazırlanması, müxtəlif akademik konfransların
keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin yeni formada təqdim
yollarından danışılmışdır.
Gənclər və idman naziri Azad Rəhimovun
rəhbərliyi altında keçən "Azərbaycançılıq-gənclik
naminə birlik" bölməsində iştirak edən tanınmış
mütəxəssislər və tələbələr mövzu ilə bağlı ciddi
müzakirələr aparmışlar. Qeyd olunmuşdur ki,
azərbaycançılıq geniş mənada Azərbaycan
mədəniyyətinin, dilinin, tarixi və ədəbiyyatının
təbliği üzərində qurulmuşdur. Bütün bunların
mərkəzində dayanan isə Azərbaycan
vətəndaşlığıdır. Qeyd edilmişdir ki, ölkəmizdə
çoxlu sayda müxtəlif dildə danışan
vətəndaşlarımız vardır. Onları birləşdirən məhz
azərbaycançılıqdır. Azərbaycançılığı müəyyən
edən əsas amil isə Azərbaycan dilidir.
Azərbaycanda yaşayan bütün xalqlar bu dil
vasitəsilə bir-biri ilə ünsiyyət yarada bilirlər.
Fasilədən sonra öz işini davam etdirmiş forumda
Azərbaycanın Fransada və Müqəddəs Taxt-tacda
səfiri Elçin Əmirbəyov, Belçika Krallığında və
Lüksemburq Hersoqluğundakı səfir, ölkəmizin
Avropa İttifaqı yanında daimi nümayəndəsi Emin
Eyyubov, İngiltərədəki səfir Fəxrəddin Qurbanov,
Niderland Krallığındakı səfir Fuad İsgəndərov,
Macarıstandakı səfir Vilayət Quliyev,
Almaniyadakı səfir Pərviz Şahbazov və
Azərbaycanın Avropa Şurası yanındakı daimi
nümayəndəsi, səfir Arif Məmmədov tələbələrin
müxtəlif məzmunda suallarına cavab vermişlər.
Forumun işinə yaxından dəstək vermiş gənclər və
idman naziri Azad Rəhimova, Prezident
Administrasiyasının siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri Elnur Aslanova, təhsil
nazirinin müavini Elmar Qasımova, səfir Arif
Məmmədova və bir qrup tələbəyə ASAİF-in
mükafatları təqdim edilmişdir.
A.Rəhimov, E.Aslanov, E.Qasımov və A.Məmmədov
forumun əvvəlində çıxış edərək belə tədbirlərin
gəncləri Vətən və respublika Prezidenti
ətrafında sıx birləşməyə sövq etdiyini, onlarda
doğma Azərbaycana qarşı məhəbbət hissi
aşıladığını, Azərbaycanı təhsil aldıqları ölkədə
layiqincə təmsil etməyə, ölkəmizi tanıtmaq işinə
səfərbər etdiyini bildirmişlər. Qeyd etmişlər ki,
bu səbəbdən belə forumların gələcəkdə digər
ölkələrdə də təşkili diqqət mərkəzində olmalıdır.
Sonda Azərbaycan incəsənət ustalarının konserti
olmuşdur. Əməkdar artist Tünzalə Ağayevanın ifa
etdiyi xalq mahnıları, gənc cazmen Emil
Əfrasiyabın səsləndirdiyi musiqi nömrələri
alqışlarla qarşılanmışdır.
AzərTAc |