Martın
14-də Beynəlxalq Muğam Mərkəzində "Muğam aləmi"
II Beynəlxalq muğam festivalının təntənəli
açılış mərasimi olmuşdur.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva iştirak etmişlər.
Beynəlxalq festivalın prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban ƏLİYEVA tədbiri açaraq
dedi:
- Xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Sizi II Beynəlxalq muğam festivalının açılış
mərasimində səmimi-qəlbdən salamlayıram.
Festivalda iştirak etmək üçün ölkəmizə gələn
bütün qonaqlara "Azərbaycana xoş gəlmisiniz"
deyirəm.
Muğam festivalının Novruz bayramı ərəfəsində
keçirilməsi heç də təsadüfi deyildir. Muğamla
Novruzu birləşdirən bir çox amillər vardır.
İkisi də olduqca qədimdir, ikisi də özündə
ənənələrlə yeniliyi birləşdirir. Təbiət hər
zaman təkrarsız canlandığı kimi, muğam sənəti də
heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən
bəhrələnən bir sənətdir.
İki
il bundan öncə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə paytaxtımızda I Beynəlxalq muğam festivalı
keçirilmişdir. Uğurla keçirilmiş bu festival çox
geniş əks-səda yaratmışdır. Eyni zamanda, biz bu
gözəl, möhtəşəm Beynəlxalq Muğam Mərkəzinin
açılışını keçirmişik. Bu gün tam əminliklə deyə
bilərik ki, Muğam Mərkəzi bütün dünya
muğamsevərləri üçün əsl muğam evinə çevrilib və
bu gündən etibarən burada çox gözəl ölməz musiqi
- muğam səslənəcəkdir.
Builki festival çərçivəsində müxtəlif tədbirlər
keçiriləcəkdir. Artıq elmi simpozium öz işinə
başlayıb. Bu günlər ərzində siz yeni ifalarda
klassik Azərbaycan muğamlarını dinləyəcəksiniz,
muğam opera tamaşalarına baxacaqsınız, muğam
əsasında yaradılmış simfonik əsərlərə qulaq
asacaq, etno-caz kimi nadir bir fenomenlə tanış
olacaqsınız. Bir sözlə, muğamsevərlər, muğama
vurğun olan hər bir insan bu günlər ərzində
qədim mədəniyyətin, təkrarsız musiqinin, dərin
fəlsəfənin şahidi olacaqdır. Festivalımızda
Azərbaycan xanəndələri ilə yanaşı, xarici
müğənnilər də iştirak edirlər. Mən bir daha
onlara "Azərbaycana xoş gəlmisiniz" deyirəm.
Onlar həm öz ölkələrində, həm də dünyada çox
məşhurdurlar. İnanıram ki, bizim festival
onların ümidlərini doğruldacaq və unudulmaz bir
hadisəyə çevriləcəkdir.
Bilirsiniz ki, Heydər Əliyev Fondu il ərzində
bir neçə musiqi festivalı təşkil edir və keçirir.
Bu, Üzeyir Hacıbəyli, Qara Qarayev adına musiqi
festivallarıdır. Bu, qədim Qəbələ şəhərində
keçirilən Beynəlxalq musiqi festivalıdır. Bu
görkəmli həmyerlimiz Mstislav Rostropoviçin
adını daşıyan musiqi festivalıdır. Hər bir belə
hadisə, hər bir belə musiqi festivalı böyük bir
bayrama çevrilir. Dünyanın məşhur musiqiçiləri,
sənətkarları ölkəmizə gəlirlər. Mən ümidvaram ki,
"Muğam aləmi" festivalı bu sırada layiqli yerini
tutub və geniş auditoriyasını formalaşdırıb.
Builki
festivalın başqa bir özəlliyi də vardır. Bu
festival Azərbaycanın müstəqilliyinin bərpa
olunmasının 20-ci ildönümü ərəfəsində keçirilir.
Biz fərəh hissi ilə qeyd edə bilərik ki, bu 20
il ərzində muğam sənətinin inkişafında,
təbliğində çox davamlı dinamika müşahidə edilib.
Son illər ölkəmizdə mədəniyyət sahəsində dövlət
tərəfindən irimiqyaslı layihələr həyata
keçirilir. Dövlət Proqramına əsasən Azərbaycanın
teatrları, muzeyləri, konsert salonları bərpa
olunur, yeni mədəniyyət ocaqları, regionlarda
yeni musiqi məktəbləri tikilir, muğam və
mədəniyyət mərkəzləri açılır.
Bizim ən böyük sərvətimiz bizim mədəni
irsimizdir. Bizim ədəbiyyatımız, poeziyamız,
musiqimiz, təkrarsız, nadir xalçaçılıq
məktəbimiz, təsviri sənətimiz, memarlıq
abidələrimizdir. Bu mədəni irs bizi millət kimi
qoruyub saxlayır. Bu gün bu mədəniyyəti qorumaq,
saxlamaq, təbliğ etmək hər birimizin mənəvi
borcudur.
Bu gün mən üzümu məşhur ustadlarımıza tutub
onlara dərin hörmət və ehtiramımı çatdırıram.
Siz muğam sənətimizin korifeylərisiniz. Eyni
zamanda, siz gənc istedadların müəllim və
məsləhətçilərisiniz, onların bilik mənbəyisiniz.
Mən sizə uzun ömür və cansağlığı arzulayıram.
Bu festivalın hazırlanmasında əməyi olan hər bir
insana öz təşəkkürümü bildirirəm. Ümidvaram ki,
festival uğurla keçəcəkdir.
Mən bir daha hamınızı qarşıdan gələn Novruz
bayramı münasibətilə ürəkdən təbrik edirəm,
bütün festival iştirakçılarına uğurlar,
muğamsevərlərə xoş anlar arzulayıram.
İndi isə "Muğam aləmi" festivalını açıq elan
edirəm.
***
Hökumət rəsmilərinin, Milli Məclisin
deputatlarının, Azərbaycanda akkreditə olunmuş
diplomatik korpusun nümayəndələrinin, tanınmış
mədəniyyət və incəsənət xadimlərinin iştirak
etdikləri tədbir geniş konsert proqramı ilə
davam etmişdir.
Festivalın açılış mərasimində ABŞ, Türkiyə, Çin,
İran, Özbəkistan, İraq, İordaniya, Küveyt,
Mərakeş və digər ölkələrdən gəlmiş qonaqlar da
iştirak etmişlər.
AzərTAc |