Nəinki
şəhərlərdə, həm də uzaq kəndlərdə elə insanlar
vardır ki, onlar sadə xalq müəllimi olub,
dünyəvi elmləri tədris etməklə yanaşı, həm də
böyük rus xalqının dilini və mütərəqqi rus
mədəniyyətini təbliğ etmişlər. Belə carçıların
sırasında əmək qəhrəmanı Vahid Musabəyovun
xüsusi yeri var. Musabəyovun xidmətlərindən biri
odur ki, o düz 55 il keçmiş Qutqaşen (indiki
Qəbələ) kənd məktəbində pedaqoji fəaliyyətlə
məşğul olmuşdur. Vahid Musabəyov elə bir nəslə
məxsusdur ki, o həm inqilabdan öncəki kəşməkəşli
dövrdə, həm də Azərbaycanda sovet hakimiyyətinin
ilk çətin illərində xalq maarifi uğrunda
mübarizə aparmış və ömrünün sonuna kimi öz
sevimli peşəsinə sadiq qalmışdır.
Uşaqlıqda
müəllim olmağı arzulayan Vahid Musabəyov
tanınmış müəllim oldu və əsl xalq müəllimi kimi
də yaddaşlara həkk olundu.
Vahid
Musabəyov Azərbaycan ziyalısının elə qabaqcıl
dəstəsinə mənsubdur ki, hələ XIX əsrdə rus
dilində təhsil almış və bu dilin carçısı kimi
məşhurlaşmışdır. Görkəmli Azərbaycan maarifçisi
və pedaqoqu Seyid Əzim Şirvaninin təbirincə
desək, "onlara ehtiyacımız çoxdur, bilməsək dil
əlacımız yoxdur" fikrini o daha dərindən
duymuşdur.
Vahid
Musabəyov İrəvan Müəllimlər Seminariyasının
yetirməsi idi. Məlum olduğu kimi, XIX əsrdə
Azərbaycan ərazisində müəllim kadrlarının
hazırlığı ilə məşğul olan bir dənə də olsun
tədris müəssisəsi yox idi. Odur ki, azərbaycanlı
müəllim kadrlarının əsas hissəsi Qori
şəhərindəki Zaqafqaziya Müəllimlər
Seminariyasında, bir dəstəsi isə İrəvan
Müəllimlər Seminariyasında təhsil almışdır.
Vahid
Musabəyov 1864-cü il avqust ayının 1-də
Qutqaşendə kəndli ailəsində doğulmuşdur.
Pedaqoji təhsilini, qeyd etdiyimiz kimi, İrəvan
Müəllimlər Seminariyasında almışdır. Burada o,
rus və Azərbaycan ədəbiyyatının məşhur
nümayəndələri, ilk növbədə, Fonvizin, U.Şekspir,
N.M.Karamzin, A.S.Puşkin, M.Y.Lermontov,
N.V.Qoqol, M.F.Axundov, İ.S.Turgenev,
L.N.Tolstoy və digər tanınmış yazıçı və
şairlərin əsərləri ilə yaxından tanış olur ki,
onlar V.Musabəyovun pedaqoji baxışlarının
formalaşmasına güclü təsir göstərir. Bu
sətirlərin müəllifinin şəxsi arxivində
saxlanılan qeydiyyat kitabçasında ədəbiyyat,
tarix və pedaqoji elmlərlə bağlı çoxsaylı
əsərlərin adları vardır ki, o, onları oxumuş və
müəyyən qeydlər etmişdir.
Sənədləri
vərəqlədikcə Vahid Musabəyovun seminariyanın son
dərəcə istedadlı və səliqəli şagirdlərindən
olması göz önündə canlanır. Musabəyovun
seminariyada oxuduğu zaman çəkdiyi xəritələr və
digər əl işləri böyük maraq doğurur. Bunlar
Rusiyanın, Qafqazın, İspaniyanın,
Portuqaliyanın, İtaliyanın, Norveçin, İsveçin,
Danimarkanın, Amerikanın coğrafi xəritələridir.
Xəritələrdə seminariya müəlliminin qeydləri
vardır. Xəritələr o qədər yaxşı tərtib
edilibdir ki, ilk baxışda onun seminarist
tərəfindən çəkildiyi təəccüb doğurur. Musabəyov
1889-cu ildə seminariyanı müvəffəqiyyətlə
bitirdikdən sonra ibtidai sinif müəllimi rütbəsi
almışdır. O, Yelizavetpol quberniyasının Nuxa
qəzasındakı doğma Qutqaşen kəndində 1 sinifli
məktəbə müəllim təyin edilir. Qutqaşen kənd
məktəbi 12.09.1882-ci ildə açılmışdır və Nuxa
qəzasında ilk xalq məktəbi idi. Bu 3 şöbədən
ibarət olmaqla birsinifli məktəb idi. Tədris
Azərbaycan və rus dillərində aparılırdı. Burada
hesab, coğrafiya, tarix, təbiətşünaslıq və rəsm
fənləri tədris edilirdi. Məktəbin ilk müəllimi
və onun müdiri Zaqafqaziya Müəllimlər
Seminariyasının ilk məzunlarından,
K.D.Uşinskinin pedaqoji ideyalarının davamçısı
olan məşhur Azərbaycan pedaqoqu və maarifçisi
Rəşid bəy Əfəndiyev idi. Rus və Azərbaycan dili
dərsləri səs üsulu ilə K.D.Uşinski və
A.O.Çernyayevskinin dərslikləri əsasında
aparılırdı.
Qutqaşen
məktəbi ictimai məktəb idi. O, kənd icmasının
vəsaiti hesabına təsis olunmuşdur. XIX əsrin
80-ci illərində avamlığın hakim olduğu,
savadsızlığın hökm sürdüyü bir dövrdə dünyəvi
məktəblərdə təlimin rus dilində aparılması son
dərəcə mürəkkəb olmaqla yanaşı, həm də olduqca
mütərəqqi hadisə idi.
Rəşid bəy
Əfəndiyev tərəfindən əsası qoyulmuş təlim işi
Vahid Musabəyov tərəfindən davam etdirilmişdir.
O, yarım əsrdən çox Qutqaşen kənd məktəbində
fasiləsiz olaraq rus dili müəllimi işləmişdir.
R.Əfəndiyevdən sonra V.Musabəyov 34 il həmin
məktəbin müdiri olmuşdur.
Qutqaşen
məktəbi Nuxa qəzasında tədris-tərbiyə işlərinin
mərkəzinə çevrilmişdir. 1893-cü ildə Nuxa
sahəsində müəllimlər qurultayı məhz Qutqaşen
məktəbində keçirilmişdir. Qurultay iştirakçıları
V.Musabəyovun nümunəvi dərslərini dinlədikdən
sonra onu müzakirə etmişdir. Sahə qurultayının
nümayəndələri məktəbdə tədris-tərbiyə işləri ilə
tanış olmuş, rus dili və hesabın tədrisi ilə
bağlı səmərəli metod və vasitələr
müəyyənləşdirmiş, təlimdə əyaniliyin daha böyük
üstünlük təşkil etdiyini qeyd etmişdilər.
Ümumiyyətlə,
qeyd etmək lazımdır ki, sahələr üzrə keçirilən
müəllim qurultayları müəllimləri hərəkətə
gətirmiş, onları pedaqoji ədəbiyyatda gedən
yenilikləri izləməyə məcbur edirdi. Qurultay
ərəfəsində müəllimlərə müəyyən referatlar
hazırlamaqla bağlı referatlar verilirdi.
Məsələn, "Uşaq psixologiyası", "Şagirdlər
üzərində məktəbdə və məktəbdənkənar şəxsi
müşahidələrin nəticələri", "Müxtəlif xalqlarda
tərbiyənin qoyuluşu", "Uşinski, Kapterov, Lokk
tərbiyə haqqında" və s.
Qutqaşen
məktəbi yarandığı gündən kənd sakinlərinə müsbət
təsir etdiyinə görə kəndlilərin rəğbətini
qazanmışdır. Burada tədris-tərbiyə işləri
nümunəvi şəkildə idi.
Sankt-Peterburqdakı
Rusiya Mərkəzi Dövlət Tarix Arxivində və
Tbilisidəki Gürcüstan Mərkəzi Dövlət Arxivində
bu məktəbin əhəmiyyətini əks etdirən çoxsaylı
sənədlər saxlanılır. Məsələn, "Kəndlilərin
həyatında elə bir hadisə ilə üz-üzə gəlmisinizmi
onlar məktəbin təsiri ilə izah olunsun" sualına
Sankt-Peterburq Savad Komitəsi 14 yanvar 1895-ci
ildə belə cavab vermişdi: "1882-ci ildən
məktəbin əsası qoyulandan indiyə kimi kəndlilər
içində 100 nəfərdən artıq savadlı vardır ki, bu
məhz məktəbin təsiri ilə izah olunur".
Kənd
ictimaiyyətinin tələbi ilə Qutqaşen məktəbi
1895-ci ildə ikisinifli Zemstvo məktəbinə
çevrildi. V.Musabəyov bu məktəbdə fasiləsiz
işləmiş, bütün çətinliklərə baxmayaraq, məktəbin
fəaliyyətini davam etdirmişdir.
Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra da o, xalq
müəllimi kimi Azərbaycanda yeni məktəb
təhsilinin inkişafında fəal iştirak etmişdir.
V.Musabəyov
1925-ci ildə Nuxa dairəsindən Ümumrusiya
müəllimlər qurultayına nümayəndə seçilmiş,
1931-ci ildə isə Azərbaycan müəllimlər
qurultayının nümayəndəsi olmuşdur. Qutqaşen
pedaqoji ictimaiyyəti onun pedaqoji
fəaliyyətinin 35 illiyini qeyd etmişdir. O, bir
neçə dəfə qiymətli hədiyyə və fəxri fərmanlarla
təltif olunmuşdur. Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin 15 oktyabr 1932-ci il tarixli
fərmanı ilə respublika qarşısında böyük
xidmətlərinə görə "Əmək qəhrəmanı" adına layiq
görülmüşdür. 1 yanvar 1935-ci il rayon "Bolşevik
mübarizi" qəzetinə ünvanladığı məktubunda
V.Musabəyov yazırdı: "Keçmişin qara günlərində
mən qocalırdım, çünki o vaxt müəllimliyə qiymət
verilmirdi. İndi isə mən cavanam...".
O,
"savadsızlıq ləğv olunsun" şüarı altında
çalışmaqla bütün qüvvəsini gənc nəslin təlim və
tərbiyəsinə həsr etmişdir. Bununla belə o, həm
də yaşlı sakinlərin təhsil almasında yaxından
iştirak edir, metodik və pedaqoji tövsiyələr
tərtib edir, rayon müəllimlərinə kömək edirdi.
O, bütün müəllimləri, xalq təhsili işçilərini
yüksək intizama dəvət etməklə savadsızlığa qarşı
mübarizəni ön plana çəkir və təhsilin
keyfiyyətini yüksəltməyə səy göstərirdi.
Azərbaycan SSR
Xalq Maarif Nazirliyinin 11 sentyabr 1938-ci il
tarixli qərarı ilə Vahid Musabəyova orta məktəb
müəllimi rütbəsi verilmişdir.
V.Musabəyov
olduqca səliqəli müəllim olmuşdur. 1938-1939-cu
dərs ilinə aid olan və bu günümüzə qədər
saxlanılan gündəlikləri onun öz peşəsinə ürəkdən
vurğunluğunu əks etdirir. Ümumiyyətlə,
V.Musabəyov özünün əlli beş illik pedaqoji
fəaliyyəti dövründə bu məktəbdə 5628 nəfərə rus
dilini mənimsətmişdir. Onların sırasında, demək
olar ki, bütün peşə sahibləri olmuşdur: baş
səhiyyə işçisi Cəfər Rüstəmov, ədliyyə işçisi
Həsən Paşayev, Azərbaycan hüquq kadrlarının
ağsaqqalı Vahid Qəhrəmanov - ADU-nun (indiki
BDU) kafedra müdiri, Azərb.SSR Elmlər
Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat
elmləri doktoru, professor Ələkbər Kərimov və b.
V.Musabəyov
daim öz yetirmələri ilə fəxr edirdi. Onlar bu
gün də öz sevimli müəllimlərini hörmətlə
xatırlayırlar.
9 yanvar
1940-cı ildə Qutqaşen rayon təşkilatları xalq
müəlliminin pedaqoji fəaliyyətinin 50 illiyini
geniş qeyd etdilər. Rayon və mərkəzi qəzetləri
vərəqləyərkən, arxiv sənədlərinə baxarkən, biz
V.Musabəyovun pedaqoji fəaliyyəti ilə bağlı
çoxsaylı maraqlı rəylər tapa bilirik. Qəzet
səhifələrində onun məqalələri və fotoportretləri
yerləşdirilmişdir. Bakı Şəhər Partiya
Komitəsinin orqanı olan "Vışka" qəzetinin 25
yanvar 1931-ci il sayının birinci səhifəsində
Azərbaycan müəllimlər qurultayına həsr olunmuş
"42 il postda" başlığı altında V.Musabəyovun
böyük portreti yerləşdirilmişdir. Vahid
Musabəyov Azərbaycan kəndində sosialist
dəyişikliklərin aparılmasında partiya və
hökumətin yardımçısı olmuşdur. 1936-cı ildən o,
respublikanın fərdi pensiyaçısı idi.
O, 13 may
1943-cü ildə 79 yaşında dünyasını dəyişmişdir.
Qəbələ ictimaiyyəti bu gün öz müəllimini
hörmətlə yad edir. Rayonun fəxri vətəndaşları
sırasında - tərbiyəçi və xalq müəllimi, maarif
məşəlinin daşıyıcısı Vahid Musabəyovun adı
yüksəkdə durur.
Qəbələ
sakinləri öz məktəblərinin yubiley tədbirlərini
qeyd etdikləri günlər bu elm məbədinin əsasını
qoyanların xidməti ayrıca qeyd edilmişdir.
Bu gün Qəbələ
kənd məktəbi nəhəng addımlarla irəliləyir,
inkişaf edir. Qəbələ şəhər 1 nömrəli ümumtəhsil
məktəbi respublikanın ən iri ümumtəhsil
məktəblərindən biridir.
Bu gün
məktəbdə 600-dən artıq şagird vardır ki, onların
da 300 nəfərə qədəri qızlardır. Məktəbdə 110
nəfər müəllim işləyir ki, onlardan bir neçəsi
məhz V.Musabəyovun yetirmələridir. Qəbələ 1
nömrəli şəhər orta ümumtəhsil məktəbinin
pedaqoji kollektivi doğma tədris ocağının
təşkilinin 130 illik yubileyinə böyük hazırlıq
işi görür.
Hüseyn ƏHMƏDOV,
ADPU-nun kafedra müdiri,
Rusiya Dövlət Təhsil
Akademiyasının akademiki |