Hər bir
iqtisadi sistem və bütünlükdə cəmiyyət öz
üzvlərinin yeni biliklər əldə edilməsini, o
cümlədən bu sistemə uyğun iqtisadi təfəkkürün
formalaşmasını ön plana çəkir. Belə demək
mümkündür ki, əslində bazar sistemi daha çox
iqtisadi vasitə və alətlərlə idarə olunur. Buna
görə belə şəraitdə əhalinin müxtəlif
təbəqələrinin iqtisadi tərbiyəsinin təşkili və
iqtisadi təfəkkürünün formalaşması ön plana
keçir. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır
ki, iqtisadi təhlil, əhalinin iqtisadi
təfəkkürünün formalaşması üçün ölkəmizdə
elmi-kütləvi təhsil sistemi yaradılmışdır. İndi
iqtisadi təhsili daha da təkmilləşdirməklə elə
təşkil etmək lazımdır ki, həmin təhsil qabaqcıl
təcrübənin genişləndirilməsini və tətbiqini,
təşkilini, elmi-texniki nailiyyətlərin
yayılmasını təmin etsin, ona əlverişli şərait
yaratsın.
Lakin əhalinin
iqtisadi biliklərə yiyələnməsi və onlarda belə
təfəkkürün qərarlaşması bütün istehsal
üsullarından, sosial-iqtisadi formasiyalardan
fərqli olaraq bazar iqtisadiyyatı şəraitində
mühüm əhəmiyyət kəsb edir və hər bir subyektin
tələbatına çevrilir, iqtisadi maariflənmək
imkanı olur. Çünki bütün iqtisadi sistemlərə
nisbətən bazar iqtisadi sisteminin səmərəliliyi
daha çox istehsalın təşkili, idarə edilməsi və
tənzimlənməsində iqtisadi alət və vasitələrdən
istifadəyə əsaslanır.
Əslində bazar
sistemi daha çox iqtisadi vasitə və alətlərlə
idarə edilir. Çünki bazar iqtisadiyyatı
şəraitində demək olar ki, hər kəs bu sistemin
subyekti və iştirakçısı olur, bu iqtisadiyyat
əhalinin hərtərəfli inkişaf etmiş bacarığı olan,
istehsalın, cəmiyyətin iqtisadi həyatından baş
çıxaran insan olmasını şərtləndirir, tələb edir,
buna ciddi ehtiyac və tələbat duyur. Onu bir
daha yada salmaq gərək olur ki, əhalinin
iqtisadi mədəniyyəti, ictimai şüuru, yetkinlik
səviyyəsi yüksək olmasa, nəinki istehsalın,
iqtisadiyyatın, hətta bütünlükdə cəmiyyətin
normal inkişafı mümkün deyildir. Xüsusilə
iqtisadi təfəkkürün formalaşması ağıllı və
səriştəli təsərrüfatçılıqda mühüm vasitə,
istehsalın idarə edilməsinin zəruri şərti kimi
çıxış edir. Cəmiyyətimizin yeni iqtisadi
münasibətlərə keçməkdə olduğu bir mərhələdə
əhalinin iqtisadi təfəkkürünün
formalaşdırılması, təhsil səviyyəsi, ixtisas
hazırlığı obyektiv zərurətə çevrilir,
iqtisadçılar isə bazar infrastrukturunun zəruri
ünsürü və iştirakçısı kimi çıxış edir. Bu həm də
müasir elmi-texniki tərəqqi və istehsalın
səmərəliliyini yüksəltmək bacarığını və
səriştəsini ön plana çəkir. İqtisadi təfəkkür və
bilik ağıllı, səriştəli təsərrüfatçılıqda və
istehsalın idarə edilməsində mühüm şərt və
vasitədir. İctimai istehsalın səmərəliliyini
yüksəltmək, bu işdə elmi nailiyyətlərdən işi
bilərəkdən istifadə etmək də əhalinin, sahibkar
və istehsalçıların iqtisadi biliklərə tələbatını
artırır. Onlarda belə təfəkkürün qərarlaşmasını
obyektiv zərurətə çevirir.
Rəhbər
işçilər, həmçinin mütəxəssislər çalışdığı
sahənin iqtisadiyyatını bilməsə, zəruri iqtisadi
biliyə malik olmasa, iqtisadi təhlil aparmağı
bacarmasa, iqtisadi inkişafın
qanunauyğunluqlarını lazımi səviyyədə dərk
etməsə istehsala iqtisadi baxımdan təsir edə
bilməz, əmək məhsuldarlığının yüksəldilməsi,
məhsulun keyfiyyətinin yaxşılaşdırılması, qənaət
üsulunun gücləndirilməsi, maddi və əmək
ehtiyatlarından faydalı istifadənin mexanizminə
yiyələnə bilməz. Bu isə tələb edir ki, hər bir
istehsal müəssisəsi, qeyri-istehsal sferaları,
ali və orta ixtisas müəssisələri iqtisadi maarif
ocağına, belə biliklərə yiyələnmək məbədi və
məkanına çevrilmiş olsun. Belə vəzifəni
reallaşdırmaq məqsədilə ölkənin bütün
müəssisələrində iqtisadi dərnək və daimi
fəaliyyət göstərən məktəblərin formalaşması və
fəaliyyəti lazımdır. Onların normal fəaliyyətinə
müəssisə rəhbərləri ilə yanaşı, ölkənin ali və
orta ixtisas məktəblərinin və elmi-tədqiqat
institutlarının alimləri də cəlb olunmalıdır.
Bunlar sübut edir ki, həmin işçilər konkret
iqtisadiyyata və onun tələblərinə bələd
olmalıdırlar, onun əsaslarına yiyələnməyə səy
göstərməlidirlər. Belə ki, istehsalda rəhbər və
mütəxəssislərin gündəlik işi təkcə öz ixtisası
ilə deyil, iqtisadi məsələlərlə birbaşa
əlaqədardır. Hər bir məsələyə hərtərəfli
yanaşmaqla, onun iqtisadi tərəfini dərindən
öyrənməklə yüksək son nəticələrə gəlib çatmaq,
nail olmaq mümkündür.
İqtisadi
məsələlərə bələd olmayan, onun prinsip və
tələblərinə əməl etməyən, onlardan səriştəli
istifadə etməyənlər əməli fəaliyyətdə çoxlu
lazımsız əmək və vəsait sərfinə yol verir, bu
isə müəssisənin iqtisadi və təsərrüfat
fəaliyyətinə mənfi təsir göstərməyə bilməz.
Bütün bunlar
üçün, ölkənin idarə və müəssisələrində hər bir
işçinin, mütəxəssis və rəhbərin, şagird və
tələbənin iqtisadi təfəkkürünün
formalaşdırılması üçün sistemli qayda
yaradılmalı və əsaslı tədbirlər həyata
keçirilməlidir.
Hər şeydən
əvvəl, istehsal müəssisələrində bu işin
planlaşdırılması, təşkili və icrasına əlverişli
şərait yaradılmalı, iqtisadi məsləhət, dərnək,
məktəblərin, büroların fəaliyyəti təmin
olunmalı, bu işə müəssisənin imkanları hərəkətə
gətirilməlidir. Hər bir mütəxəssisin və o
cümlədən iqtisadçının öz ixtisası üzrə işləməsi
təmin olunmalıdır. Rəhbər işçilər həmçinin
iqtisad elmlərinə, iqtisadi qanunların
fəaliyyəti mexanizminə yiyələnməli, səriştəli
fəaliyyət göstərməlidir. Axı istehsal təkcə
texnologiya deyildir, həm də iqtisadi prosesdir,
istehsal-iqtisadi sistemdir. Bu əsasda iqtisadi
bilik istehsal və əmək ehtiyatlarının
axtarışları, səmərəlilik yollarının tapılması
imkanına çevrilmişdir. Belə imkanlardan
iqtisadiyyat üzrə biliyə qidalanan istehsalçı,
işçi isə əsas istehsal fondlarından istifadəni
yaxşılaşdırmağa, məhsulun keyfiyyətini
yüksəltməyə, səmərələşdiriciliyə və ixtiraçılığa
aid təkliflər verməyə, istehsalda mövcud olan
iqtisadi hadisə və proseslərin mahiyyətini
dərindən yiyələnmək qabiliyyətinə malik olur,
belə fürsət əldə edir. Ölkənin orta
məktəblərində şagirdlərdə ilkin iqtisadi
təfəkkür, fikir və biliklərin formalaşmasının
birinci mərhələsi olduğu nəzərə alınaraq burada
"iqtisadi biliklərin əsasları" fənni mütəxəssis
tərəfindən tədris olunmalı və öyrənməlidir.
Həmçinin ümumi təhsil orta məktəblərdə
respublikanın iqtisadi təmayüllü nazirliklərin
(maliyyə, vergilər, əhalinin sosial müdafiə
fondu, sosial sığorta və s.) bütün səviyyələrdə
otaqları, sinifləri və auditoriyaları təşkil
edilməli və fəaliyyət göstərməli, onlar
şagirdlərin iqtisadi təfəkkür və düşüncəsinin
təşəkkülünə, onların iqtisadi hadisə və
proseslərdən anlamağa yardım göstərməlidir.
Əhalinin bir qrupunun iqtisadi təfəkkürünün
formalaşmasında texniki peşə məktəblərinin
mövqeyini, rolunu və əhəmiyyətini görmək və
qiymətləndirmək lazımdır. Təhsil sisteminin bu
çərçivəsində şagirdlərə elə bilik aşılamaq
gərəkdir ki, burada çilingər, tornaçı, tikişçi,
mexanizator və s. ixtisası qazanan hər bir
şagird həm də lazımi səviyyədə iqtisadi
biliklərə yiyələnə bilsin, öz ixtisası və
peşəsindən faydalı istifadə edilməsi barədə
tələb olunan səviyyədə düşünməyi bacarmış olsun.
Buna nail olmaq üçün respublika Təhsil və
İqtisadi İnkişaf nazirliklərinin birgə və
səmərəli fəaliyyəti tələb olunur. Təhsil ilə bir
sırada getməyən iqtisadi, siyasi və sosial
tərbiyə ilə bir sırada getməyən əmək tərbiyəsi
(o cümlədən iqtisadi tərbiyə) fayda vermir,
bitərəf proses olur.
Tələbə-gənclərin iqtisadi təfəkkürünün
formalaşmasına ali məktəblərin və onların
professor-müəllim heyətinin ümumi fəaliyyətinin
tərkib hissəsi kimi baxılmalı, bu işin təşkili,
planlaşdırılması və aparılması məqsədyönlü bir
proses olmalı, tədris olunan iqtisadi elmləri və
tədris fənlərinin imkanları bu mühüm işin təmin
olunmasına xidmət göstərməli, onların tədrisinin
faydalılığının yüksəldilməsinə səy edilməli və
qayğı göstərilməlidir. Tələbə-gənclərin iqtisadi
təfəkkürünün formalaşmasında iqtisadi yönümlü
dərnək, nəzəri seminarların, istehsalat
təcrübələrinin, tələbə elmi işlərinin imkanları
ölçülüb biçilməli və bu imkanların gerçəkliyə
doğru hərəkəti üçün əsaslı tədbirlər həyata
keçirilməli, faydalı surətdə təmin edilməlidir.
Bu mühüm işdə bütün səviyyələrdə respublika
gənclər, idman və turizm təşkilatları da öz
töhfələrini verə bilər və verməlidir. Bazar
iqtisadi sisteminə keçid, bu sistemin qəti
olaraq qərarlaşdırılması şəraitində əhalinin
iqtisadi təfəkkürünün buna uyğun təşəkkülü, həm
də iqtisad elmlərin tədrisinin və elmi işlərin
yeni qayda, metodologiyaya bələd olmaq əsasında
həyata keçirilməlidir. Halbuki açığını desək,
iqtisad elmləri üzrə tədqiqat və araşdırmalar
təkrar olunur, çoxdan işlənmiş elmi-tədqiqat
işləri və dissertasiyalar aktual mövzu və
problem kimi yenidən müdafiə şuralarına təqdim
edilir və müdafiə olunur. Belə zərərli cəhətlər
bütün sahələrdə olduğu kimi əhalinin ağıllı,
düzgün iqtisadi təfəkkürünün formalaşmasına,
əlbəttə, mənfi təsir göstərməyə bilməz. Ona görə
də bu günlər təməli araşdırmalara qayğı, diqqət
və nəzarət əsaslı surətdə artırılmalıdır.
Başqa
sahələrlə yanaşı, əhalinin də əsaslı iqtisadi
təfəkkürünün formalaşmasını təmin etmək
məqsədilə iqtisadi elmlər üzrə magistratura,
aspirantura qaydası ilə yüksək ixtisaslı kadrlar
hazırlanması əsaslı surətdə yenidən qurulmalı və
daha da təkmilləşdirilməlidir. Ölkənin
müstəqilliyi və onun bazar iqtisadiyyatına keçid
mərhələsində səriştəli, bacarıqlı iqtisadçı
kadrların hazırlanması və tərbiyə edilməsi
məsələsi diqqət mərkəzində saxlanılması
gərəkdir. Əhalinin iqtisadi təfəkkürünün
formalaşmasını mükəmməl zənginləşdirməkdən ötrü
ali məktəblərin iqtisadi yönümü şöbə, fakültə və
universitetlərin rolu və əhəmiyyəti xeyli
artırılmalı, bu istiqamətdə hazırlanan tələbələr
isə müasir dövrdə ölkə üçün zəruri olan iqtisadi
problemləri görməli və onu həll etmək bacarığına
dərindən bələd olmalıdırlar.
Əhalinin
iqtisadi təfəkkürünün formalaşmasında təsərrüfat
işçilərinin və sahibkarlıq fəaliyyəti ilə məşğul
olanların hazırlanması və yenidən hazırlanması
bu gün özünü daha faydalı və gərəkli hesab edir.
Buna görə bu sistem daha da təkmilləşdirilməli
və bazar iqtisadiyyatının tələbi səviyyəsinə
cavab verməli və yüksəldilməlidir.
İndiki
şəraitdə ölkəmizdə sosial-iqtisadi inkişafda və
digər məsələlərin həllində işçi qüvvəsinin rolu
və əhəmiyyətinin artdığını nəzərə alaraq hər bir
istehsalçının, yəni bazar iqtisadiyyatının
iqtisadi düşüncə və təfəkkürü yeni şəkildə
qərarlaşdırılmalıdır. Bundan başqa, işçi
qüvvəsinin birbaşa istehsalçının iqtisadi
biliklərdən ağıllı, səriştəli istifadə etməsi
üçün onlarda peşə və praktiki hazırlıq səviyyəsi
artırılmalı, menecerlər hazırlanması yeni
sistemin tələbi istiqamətində
təkmilləşdirilməlidir. Həmçinin maddi istehsal
müəssisələrində adi işçilər üçün iqtisadi təhlil
dərnəkləri təşkil edilməlidir.
Bir daha izah
etməyə ehtiyac yoxdur ki, bazar iqtisadiyyatının
formalaşdırılması, inkişafı və
möhkəmləndirilməsi xüsusi sahibkarlığın daim
yeni nəslinin əmələ gəlməsi ilə sıx bağlıdır və
həmin sahibkarların demək olar ki, əksəriyyəti
gənclərdən ibarətdir. Onlarda mülkiyyətçilik,
sahibkarlıq hissini aşılamaq, bazarla davranış
mühitini formalaşdırmaq məqsədilə gənc
sahibkarlar üçün geniş fəaliyyət göstərən
seminar və kurslar təşkil etmək və onların
tədris proqramlarında və təcrübi məşğələlərində
başqa məsələlərlə yanaşı iqtisadi alət,
vasitələr, onların mahiyyəti, sahibkarlıq
fəaliyyətində onların rolu məsələlərinin
öyrənilməsinə üstünlük verilməlidir. Bu isə
sahibkarlığın yeni nəslinin iqtisadi
təfəkkürünün təşəkkülünə və iqtisadi biliklərin
tətbiq edilməsinə köməklik göstərə bilər.
İqtisadi
düşüncə və təfəkkür, bütünlükdə iqtisadi tərbiyə
əhalinin inkişafında, onların səmərəli istehsal
fəaliyyətində iqtisadi hadisə və proseslərdən
baş çıxarmaqda və qiymətləndirməkdə, bütünlükdə
yeni iqtisadi sistemə çoxcəhətli bələd olmaqda
onların köməyinə gəlir. Bu isə əhalinin iqtisadi
təfəkkürünün formalaşması prosesinin
planlaşdırılması, təşkili və reallaşdırılmasına
sistemli və kompleks yanaşmağı ön plana çəkir.
Yəni əhalinin iqtisadi fikrinin təşəkkülünü
davamlı və dayaqlı etmək üçün ona bütöv şəkildə
yanaşılmalı, bu məsələyə dövlətin ümumi
fəaliyyətinin tərkib hissəsi kimi baxılmalıdır.
Ölkə əhalisinin iqtisadi təfəkkürünün
formalaşması və biliyinin möhkəmləndirilməsi
məqsədilə bəzi təklif və tövsiyələrimizi
bildirməyi zəruri hesab edirik.
Hər şeydən
əvvəl, əhalinin iqtisadi təfəkkürə yiyələnməsinə
sistemli səciyyə verilməli, bu belə desək, həyat
tərzinin, fəaliyyətinin bir anına çevrilməlidir.
- İqtisadi
məsələyə dair respublika Milli Məclisinin qəbul
etdiyi qanunlar və normativ sənədlər (təlimat,
əsasnamə və s.) ayrıca kitab şəklində nəşr
edilməli və əhalinin müntəzəm istifadəsinə
istiqamətləndirilməlidir.
- Əhalinin
iqtisadi təfəkkürünün təşəkkülü ilə bağlı
Respublika İqtisadi İnkişaf Nazirliyi və onun
bütün səviyyələrdə idarə və təşkilatları
əhalinin iqtisadi maariflənməsində daha faydalı
iştirak etməli, necə deyərlər, xalis iqtisadi
məsələlər üzrə sistemli iş aparılmalı, bu
istiqamətdə daim fəaliyyət göstərən seminar və
kurslar təşkil olunmalıdır. İqtisadi biliklərin
təbliği, yayılmasında və nəticə etibarilə
respublika əhalisinin iqtisadi təfəkkürünün
qərarlaşmasında ölkənin kütləvi informasiya
vasitələrinin yeri və mövqeyi görünür. Ona görə
təkcə iqtisadi təmayüllü mətbuat deyil, digər
qəzet və jurnallar da, radio və televiziya da
malik olduğu imkanları gerçəkləşdirməyə
borcludur və onun ana vəzifəsidir.
- Bazar
iqtisadiyyatı şəraitində iqtisadçıların peşə və
ixtisasına diqqətlə yanaşılmalı, onların
tövsiyə, ideya və təkliflərinə diqqət
göstərilməli, onlara təşəbbüs etmək, tələbkarlıq
və sərbəstlik şəraiti yaradılmalıdır.
- Cəmiyyətin
inkişafında sağlam iqtisadi təfəkkürə malik olan
insanların formalaşmasında iqtisad elmin rolunu
geniş imkan və şərait qərarlaşdırmalıdır.
- Dövlətin
sosial-iqtisadi inkişafı proqramının elmi
əsasında başlıca olaraq iqtisadi nəzəriyyə və
digər iqtisad elmlərinə arxalanır və söykənir.
Buna görə də təhsil sisteminin bütün
səviyyələrində bu elmlərin tədrisi və öyrənənlər
tərəfindən dərindən mənimsənilməsinə, həmin
elmlərin təməli (fundamental) məsələlərinin
işlənib hazırlanmasına həssaslıq və diqqətlə
yanaşılmalıdır.
- Fikrimizcə,
əhalinin iqtisadi təfəkkürünün formalaşdırılması
sahəsində ümumdünya və beynəlxalq maliyyə
təşkilatlarının təcrübəsini də öyrənmək və ondan
istifadə etmək faydalı olar.
Bütün bunlar
reallaşdırılmalı, həyata keçirilməlidir. Bu,
bazar sisteminin, ölkənin sosial-iqtisadi
inkişafının hökmü və tələbidir.
Asif ŞİRƏLİYEV,
iqtisad elmləri doktoru,
Naxçıvan Dövlət Universitetinin
iqtisad fakültəsinin dekanı |
|