Təhsil sistemi
Fransada
təhsil pulsuzdur. Ölkənin müasir təhsil
sisteminin əsası 1880-1890-cı illərdə qoyulub və
6 yaşından 16 yaşınadək uşaqlar üçün icbari
xarakter daşıyır. Dövlət, eləcə də özəl təhsil
müəssisələri mövcud olan Fransada məktəblilərin
təxminən 20 faizi özəl orta təhsil
müəssisələrində oxuyur.
Həm dövlət,
həm də özəl təhsil müəssisələri üçün bütün
məktəb proqramlarını dövlət təsdiq edir.
Həmçinin müsabiqə və imtahanların keçirilməsi də
dövlət tərəfindən təmin olunur. Bakalavriat
dərəcəsi səviyyəsinədək diplomların verilməsi
hüququ yalnız dövlətə məxsusdur.
1959-cu ildən
bəri özəl təhsilə dövlət tərəfindən yardım
edilir. Ölkədə hər 9 özəl məktəbdən 8-i bu
yardımdan yararlanır. Özəl sektorda çalışan
müəllimlərin əməkhaqqı və təhsil xərclərini də
dövlət ödəyir.
Fransanın
təhsil sistemi aşağıdakı struktura malikdir:
*
məktəbəqədər təhsil (6 yaşınadək);
* ibtidai
təhsil (6-11 yaş);
* orta təhsil
(11-18 yaş) (orta təhsilin sonunda bakalavriat
diplomu verilir. Bu diplom imtahansız
universitetə qəbul olmaq hüququ verir);
* ali təhsil.
Müxtəlif
pillələrdə təhsilin təşkili və məzmunu, 30
ildən artıqdır ki, həyata keçirilən islahatlarla
müşayiət olunur. Aparılan islahatlar təhsilin
demokratikləşdirilməsini və onun inkişaf etməkdə
olan cəmiyyətin ehtiyaclarına yönəldilməsini
təmin edir. Fransada son illərin əsas təhsil
islahatları aşağıdakılardan ibarətdir:
* 3 yaşından 5
yaşınadək uşaqlar üçün məktəbəqədər uşaq
müəssisələri şəbəkəsinin inkişafı;
* ibtidai
məktəblərdən kolleclərə keçid imtahanlarının
ləğv edilməsi, təhsildən geri qalan şagirdlər
üçün adaptasiya siniflərinin yaradılması;
*
xüsusiləşdirilmiş və ibtidai məktəbdən kollecə
qədər qruplara bölünmə olmadan təhsilin ümumi
sütununun təşkili;
* təhsilin
ödənişsiz olması (şagirdlərin təhsil müddəti
ərzində lazımi vəsaitlərlə təmin olunması,
məktəbə gediş haqlarının ödənilməsi);
* yeni
fənlərin tədris proqramına daxil edilməsi:
(informatika, vətəndaş cəmiyyətinin əsasları və
digər).
Məktəbəqədər təhsil
Məktəbəqədər
uşaq müəssisələri - "ana məktəbləri" 3 yaşından
(boş yer olduqda 2 yaşından) 6 yaşınadək
uşaqları qəbul edir. Fransada məktəbəqədər
təhsil icbari olmasa da, faktiki olaraq 3-6
yaşında olan bütün uşaqlar (99,5 faiz) uşaq
müəssisələrinə gedirlər.
"Ana
məktəbləri"ni çox vaxt fransız təhsil sisteminin
ən böyük uğuru hesab edirlər. Məktəbəqədər
təhsil müəssisələrində siniflər, tədris prosesi
yaxşı təşkil edilib, uşaqların hərtərəfli
inkişafı üçün lazım olan bütün amillər nəzərə
alınıb. Uşaqlar müvafiq tədris materialları
əsasında öyrədilir, bir çox faydalı bilikləri
mənimsəyir və ünsiyyət vərdişlərinə
yiyələnirlər.
Bu məktəblərdə
uşaqlar üç yaş qrupuna bölünür. Birincisi, 3
yaşından (bəzən 2 yaşından) 4 yaşınadək
uşaqların oynadıqları və danışmaq vərdişlərinə
yiyələndikləri qrupdur. İkincisi, 4 yaşından 5
yaşınadək uşaqların yapma, rəsm və digər praktik
vərdişlər, eləcə də şifahi ünsiyyət vərdişlərinə
yiyələndikləri qrupdur. Üçüncü böyük qrup isə 5
yaşından 6 yaşınadək uşaqları əhatə edir. Burada
uşaqlar oxu, yazı və hesablama vərdişlərinə
yiyələnirlər.
Orta təhsil
Fransada
qəbul edilmiş orta təhsil sistemi özlüyündə üç
qrupa bölünür:
* ibtidai
məktəb (5 illik təhsil);
* kollec (4
il);
* lisey (3
il).
Adətən bu
təhsil müəssisələri bir-birindən ayrı
yerləşirlər. İbtidai məktəb və kollec məcburi
xarakter daşıyır.
İbtidai məktəb
6 yaşdan 11 yaşadək (əgər uşağın təhsillə bağlı
problemi yoxdursa) davam edir və aşağıdakı
pillələrə bölünür:
* hazırlıq
kursu (CP);
* ibtidai kurs
1-ci il (CE1);
* ibtidai kurs
2-ci il (CE2);
* orta kurs
1-ci il (CM1);
* orta kurs
2-ci il (CM2).
İbtidai
məktəbdə dərslər (saat 9-dan 12-dək və saat
14-dən 17-dək) həftədə dörd gün (27 saat) davam
edir. Çərşənbə günü, şənbə günü nahardan sonra
və bazar günü uşaqlar istirahət edirlər. Bu
günlər ərzində uşaqlar maraqlarına uyğun olaraq
müxtəlif idman və bədii dərnəklərdə məşğul ola
bilərlər.
Fransada
ibtidai məktəbdə oxuyan şagirdlərə evə tapşırıq
verilmir. İbtidai təhsil dövründə sinifdə bütün
fənləri bir müəllim tədris edir.
İbtidai təhsil
almış bütün şagirdlər kolleclərdə oxuya
bilərlər. Kollecdə təhsil, hər biri 2 il olmaqla
iki dövrə bölünür:
* müşahidə
dövrü;
*
istiqamətləndirici dövr.
Müşahidə
dövrünə VI və V siniflər daxildir. (Fransada
siniflərin sıralanması əks istiqamətdə
aparılır-VI, V, IV, III). Bu dövrdə tədris
prosesi orta təhsilin baza elementlərini təqdim
etməklə, ibtidai təhsili tamamlayır. Bütün
uşaqlar kollecə daxil olur, bərabər tədris
proqramı üzrə dərs keçir və mütləq şəkildə
müəyyən olunmuş xarici dillərdən birini
öyrənirlər.
İstiqamətləndirici dövrə ümumi təhsilin IV və
III sinifləri, eləcə də texniki təmayüllü
kolleclərin IV və III sinifləri daxildir. Bu
mərhələdə uşaqlar ikinci xarici dili öyrənməyə
başlayır və əlavə olaraq latın, yunan və ya
digər dilləri seçə bilirlər. III sinfin sonunda
şagirdlər imtahan verir və kolleci bitirmələri
haqda şəhadətnamə alırlar.
Bir sıra
kolleclərdə xüsusi dərs rejimi mövcuddur.
Kollecdə təhsil aldıqları müddət ərzində idman
və ya incəsənətin bir növü ilə intensiv şəkildə
məşğul olmaq istəyən şagirdlər üçün
uyğunlaşdırılmış dərs cədvəli üzrə siniflər
təşkil edilir (təmayüllü kolleclər kimi). Xarici
dilin dərindən öyrənildiyi, bir neçə fənnin
xarici dildə tədris edildiyi beynəlxalq
kolleclər və ya Avropa kollecləri də fəaliyyət
göstərir.
Kollecin III
sinfindən sonra şagirdlər təhsillərini ya peşə
(2 illik), ya da ümumtəhsil liseylərində (3
illik) davam etdirə bilərlər.
Ümumtəhsil
liseyi 3 il ərzində bakalavriat diplomu almaq
üçün buraxılış imtahanına hazırlayır. Liseydəki
siniflər "ikinci», "birinci" sinif və "Terminal"
adlanır. Birinci sinif bakalavriat dərəcəsinin
müxtəlif növlərinə aparan çoxlu sayda
istiqamətlərə - filyerlərə malikdir. Birinci
sinifdən sonra şagirdlər fransız dilindən
verdikləri sınaq imtahanında əldə etdikləri
qiymətlər bakalavriat dərəcəsi imtahanında
nəzərə alınır. "Terminal", yaxud liseyin sonuncu
sinfi bakalavriat imtahanının verilməsi ilə başa
çatır.
Fransızların
qısaca "Bak" adlandırdıqları orta təhsil
haqqında bu diplom böyük əhəmiyyətə malikdir
(Azərbaycanda verilən ali təhsilin bakalavr
diplomundan fərqlənir). Bu diplom məzunlara
imtahansız universitetə qəbul olmaq imkanı
verir.
Peşə
təhsili
Qeyd etdiyimiz
kimi, kolleci bitirdikdən sonra şagirdlər
təhsillərini 2 illik peşə liseylərində də davam
etdirə bilərlər.
"LEP" Peşə
liseyləri (Azərbaycandakı texniki peşə
məktəblərinə oxşar tədris ocaqları) 2 il ərzində
şagirdləri peşəkar diploma hazırlayır.
Müəyyən peşəyə
yiyələnmiş şagirdlərə "CAP" - peşəkar hazırlıq
şəhadətnaməsi verilir. Mehmanxana təsərrüfatı,
nəqliyyat və digər bu kimi sahələr üzrə
ixtisaslara yiyələnmiş şagirdlər isə "BEP" -
ümumi peşə təhsili şəhadətnaməsi alırlar.
Ali təhsil
Fransanın ali
təhsil sistemi olduqca çevik və rəngarəngdir.
Təhsil müəssisələri bir-birindən əhəmiyyətli
dərəcədə fərqlənirlər. Dövlət tərəfindən qəbul
edilmiş müvafiq sənədlərə baxmayaraq, hər bir
universitetin və ali məktəbin bir çox
özünəməxsus xüsusiyyəti var.
Fransada
təxminən 85 dövlət universiteti və ya
Universitet Mərkəzi (buraya universitetlərlə
yanaşı, institutlar-birprofil üzrə ali təhsil
verən təhsil müəssisələri də daxildir), çoxsaylı
ali məktəblər (çoxfənli peşə hazırlığı üçün),
elmi-tədqiqat laboratoriyaları və tədqiqat
mərkəzləri mövcuddur.
Dövlət
universitetləri nüfuzuna görə daha yüksək
qiymətləndirilir və hər hansı özəl ali təhsil
ocaqları ilə müqayisədə bir sıra üstünlüklərə
malikdir. Birincisi, universitetin tədris
planları milli təhsil nazirliyi tərəfindən
tənzimlənir və standartlaşdırılır. İkincisi,
dövlət universitetlərində dərs deməyə yalnız
dissertasiya müdafiə etmiş və çoxmərhələli
müsabiqəni keçmiş müəllimlər buraxılır. Təhsili
başa çatdırdıqdan sonra universitetlər dövlət
diplomları, ya da özlərinin daxili diplomlarını
verirlər.
Universitetlərin nəzdində müxtəlif növ
institutlar fəaliyyət göstərir. Bu sıraya
müxtəlif profilli orta texniki personal
hazırlayan və təxminən bizim texnikumlara uyğun
gələn qısamüddətli Universitet Texnoloji
İnstitutları (IUT), müəyyən dar çərçivəli
ixtisas üzrə magistratura səviyyəsində
mütəxəssislər hazırlayan Universitet Peşəkar
İnstitutları (IUP) daxildir. Fransada orta və
ali təhsil arasında kəskin hədd mövcud deyil.
Belə ki, orta
texniki təhsil ali təhsil üçün pillə rolunu
oynayır.
Hazırda
Fransada "Üçüncü Minilliyin Universiteti" (U3M)
adlanan yeni ali təhsilin inkişafı planı tətbiq
edilir. Sözügedən plan ali təhsil üçün
prioritetləri müəyyən edir və inkişafın əsas
istiqamətlərini göstərir. Bu istiqamətdə qarşıya
qoyulmuş əsas hədəflər:
* ali təhsil
müəssisələri arasında əməkdaşlığın şəbəkə
sistemində təşkili;
* ali təhsil
müəssisələrinin əməkdaşlığa açıqlığının və
beynəlxalq mobilliyin dəstəklənməsi;
* yeni
informasiya və kommunikasiya texnologiyalarının
inkişafı;
* elmi
tədqiqatların səmərəliliyinin artırılması.
Universitetlər
Fransada
universitetlər fakültələrə, Tədris-tədqiqat
şöbələrinə (UFR) və filyerlərə, yəni ixtisas
istiqamətlərinə bölünür. Avropanın hər yerində
olduğu kimi, hazırda Fransada da vahid
üçsəviyyəli universitet proqramında lisans,
master, doktorluq (LMD) tətbiq edilir. Lisans
Azərbaycandakı bakalavr dərəcəsinə uyğundur və 3
illik təhsilin yekununda verilir.
Təhsilin ilk
üçillik pilləsi lisans (Licence - L1, L2, L3)
diplomunun alınması ilə başa çatır. Lisansın
müxtəlif növləri mövcuddur : mono və ya plüri
fənlər üzrə, ümumi, tətbiqi və peşəkar - L3 Pros
(professional və ya peşəkar lisans). Lisans
pilləsi 180 kreditlə (hər biri 30 kredit olmaqla
6 semestr) qiymətləndirilir. Kreditlər tələbənin
biliyinin Avropa qiymətini təmin edir. Bütün
Avropa ölkələrinin universitet diplomları kimi,
Fransa universitetlərinin diplomları da UE-dən
(Unites dTEnseignement), yəni Avropa kreditləri
sistemində hər birinin öz dəyəri olan fənlər
blokundan ibarətdir.
Lisansın
müxtəlif istiqamətləri mövcuddur:
* iqtisadi və
sosial idarəetmə;
* hüquq və
siyasi elmlər;
* bədii və
mədəniyyət sektoru;
* filologiya
və dillər;
* humanitar və
sosial elmlər;
* təbii və
dəqiq elmlər və texnologiyalar;
* idman və
fiziki fəaliyyət texnikası;
* mühəndislik
texnologiyaları;
* ilahiyyat.
Lisans
diplomları arasında professional və ya peşəkar
diplomunu (Licence Pros) xüsusi qeyd etmək
lazımdır. Birillik lisans peşəkar təhsili alan
tələbələr həm nəzəri, həm praktiki məşğələlər,
eləcə də müəssisədə 12 həftədən 16 həftəyədək
davam edən iş təcrübəsini keçir. Bu peşəkar
diplom bank sektoru, mühəndis-tikinti, sənaye,
elektronika, turizm və mehmanxana işindən tutmuş
kənd təsərrüfatı sektoruna qədər 1000-dən çox
müxtəlif ixtisası təklif edir. Adətən məhdud
yerlər verilən Lisans Pros diplomuna müsabiqə
böyük olur.
Lisans Pros
diplomu hazırlığında əcnəbi tələbələr üçün də
yerlər nəzərdə tutulur. Yəni, fransız dilini
mükəmməl bilən və müxtəlif ali təhsil
ocaqlarında təhsil alan, yaxud da ali məktəbi
bitirmiş əcnəbi tələbələr öz sənədlərini birbaşa
Lisans Prosun 3-cü kursuna təqdim edə bilərlər.
Licence diplomunu aldıqdan sonra arzu etdikləri
təqdirdə əcnəbilər Master səviyyəsində də
təhsillərini davam etdirə bilər.
Onu da qeyd
edək ki, sığorta, maliyyə, bank işi, metal və
taxta konstruksiyaların inşası, mexanika,
elektrik enerjisi, elektronika sektoru, mülki
tikinti, avtomobillərin təmiri istiqamətlərində
Lisans Pros diplomu almaq istəyənlər daha
çoxdur.
İkiillik
master dövründə məzuna iki müstəqil diplom
verilir: Master 1 (M1) və Master 2 (M2). Burada
da seçim etmək imkanı vardır. Elmlə məşğul olmaq
istəyənlər elmi tədqiqatlar üzrə master diplomu
(Master Recherche), istehsalatda çalışmaq
arzusunda olanlar isə peşəkar master diplomu
(Master Professional) alırlar. Master
səviyyəsi 120 kreditlə (hər biri 30 kredit
olmaqla 4 semestr) qiymətləndirilir. Ümumilikdə,
beşillik "Licence" və "Master" pillələri 300
kreditlə qiymətləndirilir.
Sonuncu
üçillik pillə- doctorat doktorluq
dissertasiyasının müdafiəsi ilə başa çatır.
Doctorat pilləsində təhsil alan namizədlər
əvvəlki təhsil sənədləri və gələcək elmi işin
mövzusu təklif olunan məktub əsasında müsahibə
yolu ilə seçilir.
Bu pillə
seçilmiş ixtisasın dərindən öyrənilməsini təklif
edir. Mövzusunu proqrama daxil etməzdən əvvəl
namizədlərdən müstəqil elmi iş aparılması tələb
olunur. Bu mərhələni uğurla bitirənlərə doctorat
diplomu verilir.
Əcnəbi
tələbələr də təhsil səviyyələrindən asılı olaraq
birbaşa Licence 3 və ya Licence 2, Licence 1,
Master 1, Master 2 üçün sənədlərini təqdim edə
bilərlər. Fransanın dövlət universitetləri
müvafiq komissiyalar vasitəsilə ali təhsilin bu
pillələrində oxumaq istəyənlərin sənədlərinə
baxaraq müstəqil qərar verirlər. Bu baxımdan
vahid meyar mövcud deyil.
Fransa ali
təhsilində ən çətin mərhələ birinci iki il-L1 və
L2 hesab olunur. Belə ki, ilk iki ildə əsasən
nəzəri fənlərə üstünlük verilir. Bu zaman fənn
biliklərini qiymətləndirməklə yanaşı, həm də
dilə, universitet metodologiyasına yiyələnməyi
tələb edən yazılı və şifahi imtahanlar
keçirilir.
Əcnəbi
tələbələrin Fransa universitetlərinə qəbulu üç
əsas prinsipə əsaslanır:
* əcnəbi və
fransız tələbələrin hüquqlarının bərabərliyi;
* əcnəbi
abituriyentlər arasında bərabərlik;
* tələbələrin
qəbulu üzrə son sözü demək hüququnu özündə
saxlayan universitetlərin və ali məktəblərin
tələblərinə riayət edilməsi.
Fransada bir
sıra universitetlər müxtəlif səviyyələrdə
ingilis dilində də təhsil proqramları təklif
edirlər.
Fransada tibb
ixtisasları üzrə ali təhsil almaq özünəməxsus
fərqləri ilə seçilir. Digər ixtisaslara nisbətən
tibb ixtisasları üzrə təhsil daha uzun müddət
davam edir. 6 ildən 8 ilədək çəkən tibb
təhsilində tələbələr qarşısında daha mürəkkəb
tələblər qoyulur. Məsələn, olduqca ciddi seçim
imtahanından keçməyən tələbələr ikinci kursda
təhsil ala bilmir, müəyyən qədər yaxşı qiymət
toplamayanlar müsabiqədən keçmir və ya
imtahandan kəsilənlərə yalnız bir dəfə birinci
kursda təkrar təhsil almaq imkanı verilir.
Həkim-terapevt
diplomunu tələbələr 8 illik (bunun bir ili
təcrübəyə sərf olunur), stomatoloq və əczaçı
diplomunu isə 6 illik təhsildən sonra alırlar.
Tibbin hər hansı sahəsi üzrə ixtisaslaşmaq üçün
ordinaturaya daha 4-5 il sərf etmək lazımdır.
İctimai
səhiyyənin Dövlət Məktəbində əcnəbilər üçün də
açıq olan müxtəlif təhsil proqramları
mövcuddur.
İxtisaslaşmış ali məktəblər
Fransada
universitetlərlə yanaşı, müxtəlif profilli ali
məktəblər də (Grandes Ecoles) mövcuddur. Bu
məktəblərə xüsusiləşdirilmiş hazırlıq kursları
(ikiillik təhsil) keçdikdən sonra, yaxud olduqca
çətin müsabiqələr nəticəsində qəbul olmaq
mümkündür. Bu ali məktəblər özünəməxsusluğu ilə
fərqlənir və yüksək səviyyəli idarəetmə
kadrlarının hazırlanmasında onlar əhəmiyyətli
rola malikdirlər.
Bu təhsil
ocaqlarında yüksək səviyyəli mütəxəssislər
tərəfindən tədris proqramları hazırlanır və dərs
keçilir. Burada təhsil alan fransız tələbələr
imtahanlara buraxılmazdan əvvəl müəyyən illər
ərzində dövlət qulluğunda və dövlət
müəssisələrində çalışacaqlarına razılıq haqda
iltizam imzalamalıdırlar. Ali məktəbdə təhsil
aldıqları dövrdə tələbələr əməkhaqqı alır və
əməkdaş-təcrübəçi kimi çalışırlar. Əcnəbi
tələbələr də Fransada işləmək və əməkhaqqı almaq
hüququ olmadan, könüllü dinləyicilər qismində
müsabiqədən keçməklə bu məktəblərə qəbul ola
bilərlər. Təbii ki, söhbət ixtisasları ali
məktəblərin profilinə uyğun gələn yüksək
hazırlıqlı əcnəbi tələbələrdən gedir.
Fransanın
nüfuzlu ali məktəbləri arasında ENA-Dövlət
İdarəetmə Məktəbi, HEC-Ali Kommersiya Məktəbi
(özəl), Ecole Normale Superieure-Ali Pedaqoji
Məktəb (müxtəlif profilli ən yüksək səviyyəli
pedaqoji və elmi kadrlar yetişdirir), Ecole
Polytechnique-Ali Politexnik Məktəb (dövlət
qulluğunda texniki vəzifələr tutmaq üçün yüksək
səviyyəli hərbi kadrlar və mühəndislər
hazırlayır) və ENM-Ali Magistrlər Məktəbi
(dövlət qulluğunda çalışmaq üçün hüquq və
ədliyyə sahəsi üzrə yüksək səviyyəli kadrlar
yetişdirir) daha məşhurdur. Ölkə üzrə təxminən
200 Ali xüsusiləşdirilmiş Mühəndislik Məktəbi
mühəndis diplomu vermək hüququna malikdir.
Adətən bu məktəblərdə təhsil müddəti 5 il davam
edir və əksəriyyəti polivalent ümumi
mühəndislik diplomunun (Licence+Master) alınması
ilə başa çatır. İmtahan zamanı tələbələrdən
riyaziyyat və fizika üzrə olduqca mükəmməl
biliklər tələb olunur. Təhsilə iri sənaye
müəssisələrində təxminən 12 ay və ya xaricdə iş
təcrübəsi də daxildir. Mühəndislik məktəblərinə
xüsusiləşdirilmiş hazırlıq kurslarını keçdikdən
sonra və yaxud müsabiqələr yolu ilə (müsabiqə
böyükdür) qəbul olmaq mümkündür. Fransada ali
ixtisas məktəbləri adətən müvafiq nazirliklərin
nəzdində yerləşir və müxtəlif sahələr üzrə
ixtisaslı kadrlar hazırlayır.
Universitetlərə daxil olmaq üçün fransız
tələbələrin "Baccalaureat" diplomuna, yaxud
universitetdə təhsili davam etdirmək imkanı
verən və orta təhsil məktəbini-liseyi
bitirdiklərini təsdiq edən "BAK" diplomuna malik
olmaları (Fransada lisey şagirdlərinin orta
hesabla 70 faizi "BAK" diplomu ala bilir) əsas
şərtdir. Fransa universitetlərində təhsil almaq
istəyən əcnəbi tələbələr isə fransız dilinə
tərcümə edilmiş və notarial qaydada təsdiq
edilmiş aşağıdakı sənədləri təqdim etməlidirlər:
* orta təhsil
haqqında attestatın surəti;
* universitetə
daxil olmaq üçün test imtahanlarının nəticələri
haqqında çıxarışın surəti (xarici ölkələrdə
alınmış orta təhsil haqqında attestat imtahansız
universitetə qəbul olunmaq hüququ vermir);
* doğum
haqqında şəhadətnamənin surəti;
* zaçot
kitabçasının surəti (yaxud universitetdə
keçilmiş fənləri göstərən akademik arayış);
*
məktub-əsaslandırma
* 3 zərf
(namizədin ünvanı göstərilməklə ikisi kiçik
formatda və biri böyük formatda) və 2 beynəlxalq
kupon-cavab;
* TCF
imtahanının (fransız dili üzrə test) cavabları.
Fransız dili
üzrə test əsas (şifahi danışığın başa düşülməsi,
dilin quruluşu haqda bilgi və yazılı mətnlərin
başa düşülməsi) və iki əlavə imtahandan (yazılı
vərdişlər və şifahi vərdişlər) ibarətdir. TCF
imtahanının verilməsinin ən əlverişli vaxtı
yanvarın sonunda keçirilən sessiya hesab olunur.
Bu zaman imtahanlara qatılanlar nəticələri
martın əvvəlində alacaqlar ki, bu da onlara
sənədlərini hazırlamaq və seçdikləri
universitetlərə göndərmək üçün əlavə vaxt
qazanmaq imkanı verir.
Onu da qeyd
edək ki, əcnəbi tələbələr onların fransız dili
üzrə biliklərini təsdiq edən TCF imtahanında ən
azı 350 bal toplamalıdırlar ki, universitetlərə
sənəd verə bilsinlər. TCF imtahanı üzrə nə qədər
yüksək bal toplanarsa, onların sənədlərinin
universitet tərəfindən qəbul edilməsi şansı da
bir o qədər artmış olur. Əcnəbi tələbələr
Fransanın nüfuzlu ali təhsil müəssisələrinə
qəbul olmaq, eləcə də dövlət təqaüdü almaq
istəyirlərsə, əsas imtahan üzrə dördüncü və ya
beşinci səviyyəyə (400-500 baldan yuxarı) və
əlavə sınaqlar üzrə yaxşı qiymətlərə malik
olmalıdırlar.
Birinci və
ikinci kurslara daxil olmaq üçün (L1,L2) əcnəbi
tələbələr sadəcə TCF imtahanını deyil, eləcə də
TCF-DAP imtahanını verməlidirlər. TCF-DAP əsas
imtahandan əlavə, müvafiq cədvəlin yazılı
qaydada şərh edilməsi və verilən mövzu üzrə inşa
işindən ibarət olan yazılı imtahandır.
Bu gün
Fransada təxminən 300000 əcnəbi tələbə təhsil
alır. Fransa Birləşmiş Ştatlardan və Böyük
Britaniyadan sonra dünyanın əcnəbi tələbələri ən
çox qəbul edən üçüncü ölkəsidir. Bu cür uğurun
səbəbi, sözsüz ki, ali təhsilin keyfiyyəti və
ali məktəblərdə təşəkkül tapmış sağlam mühitlə
bağlıdır.
Fransanın
dövlət universitetlərində ali təhsil pulsuzdur,
yəni burada təhsilə görə ödəniş edilmir. Lakin
hər təhsil ilinin əvvəlində universitetə
qeydiyyat haqqına görə ödəniş etmək (səviyyə və
ixtisasdan asılı olaraq məbləğ 150-900 avro
arasında dəyişə bilər), eləcə də məcburi illik
tələbə sığortasına malik olmaq lazımdır.
Fransanın
dövlət universitetlərində təhsil almaq istəyən
əcnəbilərin illik xərci 6000-10000 avro (qalmaq,
yemək, yol, dərs vəsaitləri üçün xərc) arasında
dəyişə bilər.
Özəl
universitetlərdə isə illik təhsil haqqı
3000-7000 avro civarındadır. Təhsil
müəssisəsindən asılı olaraq bəzən bu məbləğ daha
da arta bilər.
Hazırladı:
Bəşarət MƏMMƏDOV |