Müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni
zamanda ikiqat məsuliyyətli işdir.
Heydər ƏLİYEV
Ölkəmizin
iyirminci əsrdə ikinci dəfə müstəqillik
qazanması və respublikamızda bazar iqtisadiyyatı
münasibətlərinin qurulması yeni idarəetmə
formalarının tətbiqini günün ən vacib məsələsinə
çevirmişdir. Müasir sosial-iqtisadi şərait bütün
xalq təsərrüfatı sahələrinin, o cümlədən
təhsilin məqsədyönlü idarə edilməsi və bu
istiqamətdə əsaslı inkişaf perspektivlərinin
təmin olunması həyati reallıqlarla
tənzimlənməlidir. İdarəetmə prosesində ictimai
və kollektiv maraqları əhatəli şəkildə təmin
etmək yalnız bazar münasibətləri və yeni
iqtisadi qanunauyğunluqları dərindən dərk edən
idarəetmə heyətinin mövcudluğu şəraitində həyata
keçirilə bilər.
İdarəetmə
proseslərinin aparılmasında iştirakçı olan heyət
üzvləri artıq dünənki tələbatlar səviyyəsilə
kifayətlənməyərək, cəmiyyət üzvlərinin artmaqda
olan fiziki və hüquqi tələbatlarının
ödənilməsində yerinə yetirəcəkləri əmək
fəaliyyətinin əsas məqsədlərini təşkil edir.
Həmin genişmiqyaslı məqsədlərə nail olunması isə
müasir idarəetmə heyətindən xüsusi təcrübə,
bilik və kollektiv əmək vərdişlərinin nümayiş
etdirilməsi tələb olunur. Deməli, müəssisə,
təşkilat üzrə idarəetmə heyətinin səmərəli
fəaliyyəti təkcə çalışdıqları iş sahələrində
deyil, həm də cəmiyyətin əsas inkişaf
istiqamətlərini əhatə etməklə, çevik idarəetmə
üsulları vasitəsilə onlar vaxtaşırı
təkmilləşdirilməlidir. Buna nail olmaq üçün
idarəetmə proseslərini həyata keçirən insanlar,
eləcə də bütün heyət üzvləri dinamik idarəetmə
fəaliyyəti aparmalı və bütün istehsal və
qeyri-istehsal sahələrinin qarşılıqlı əlaqə və
xüsusiyyətlərindən irəli gələn çevik idarəetmə
üsulları işləyib hazırlamalıdırlar. Bu iş isə,
ilk növbədə, mövcud əmək və hüquq
qanunvericiliyini daha yaxşı bilən, geniş
idarəetmə təcrübəsinə malik olan bacarıqlı
insanlar tərəfindən həyata keçirilə bilər. Digər
tərəfdən, müəssisənin, təşkilatın perspektiv
inkişafını həyata keçirən idarəetmə heyəti bütün
iş sahələrində çalışan işçilərin kollektiv
səylərinin vahid lider - başçı tərəfindən və ya
mərkəzləşdirilmiş idarəetmə heyəti vasitəsilə
aparılmasına nail olmaqdır.
Qeyd etmək
lazımdır ki, bütün ictimai-iqtisadi quruluşlarda
hökm sürən siyasi-sosial durumdan asılı olan
idarəetmə prosesləri insanlar tərəfindən həyata
keçirilmiş və bu proses indiki bazar
münasibətləri şəraitində xüsusilə daha aktual
əhəmiyyətə malikdir. Bu baxımdan, idarəetmə
fəaliyyətinin əsas təşkilatçısı və ilhamverici
qüvvəsi olan insanlar əvvəlki dövrlərə nisbətən
daha bacarıqlı olmaqla şüurlu - yaradıcı əmək
fəaliyyətinin adi iştirakçısından idarənin,
kollektivin sayılıb-seçilən və hamı tərəfindən
qəbul edilən vahid rəhbərinə çevrilməlidir.
Bütün heyət - pedaqoji kollektiv üzvləri
tərəfindən aparılan idarəetmə fəaliyyəti yüksək
səmərəlilik göstəricilərinə malik olduqda,
sağlam inkişaflı fərdi və kollektiv
perspektivlərə malik olmaq mümkündür. Heyətin
idarəetmə fəaliyyətinin insan amilləri ilə sıx
surətdə bağlı olduğunu nəzərə alaraq onun daim
yeniləşməsi və cəmiyyətin həyatında aparıcı
mövqe tutması istər sosial-siyasi baxımdan,
istərsə də iqtisadi inkişaf baxımından olduqca
əhəmiyyətli və zəruri prosesdir.
***
Bəşəriyyətin
fəaliyyət sahələrindən biri də təhsil sahəsidir.
Təhsil sistemi çoxpilləli və çoxcəhətli mürəkkəb
infrastruktura malik sistemdir. Bu sistemin ən
geniş sahəsi ümumi təhsil sahəsi - ümumtəhsil
məktəbləri şəbəkəsidir.
Məktəb
bütün dövrlərdə və zamanlarda xalq və dövlət
tərəfindən yüksək qiymətləndirilmiş və həmişə
diqqət mərkəzində saxlanılmışdır. Böyük
mütəfəkkirlər məktəbin cəmiyyətdəki misilsiz
rolunu yüksək qiymətləndirərək onun xalq üçün nə
qədər əhəmiyyət kəsb etdiyini söyləmişlər. Böyük
Fransa burjua inqilabının rəhbərlərindən biri
olan J.Danton deyirdi ki, "Çörəkdən sonra xalq
üçün ən mühüm, ən əhəmiyyətli şey məktəbdir".
"Məktəb yetişməkdə olan nəslin fikri, düşüncəsi
formalaşan bir emalatxanadır, əgər gələcəyi
əldən vermək istəmirsənsə, onu əldə möhkəm
saxlamaq lazımdır" (A.Barbüs).
Məktəb -
böyüməkdə olan nəsillərin təlimi və tərbiyəsini
mütəşəkkil şəkildə həyata keçirən təlim-tərbiyə
müəssisəsidir. (Pedaqoqiçeskiy slovar, M. 1960,
str. 588). Məktəb - yetişməkdə olan nəslə
təlim və tərbiyə verən təlim-tərbiyə
müəssisəsidir. (Azərbaycan dilinin izahlı
lüğəti, III c. s. 329, B.2006).
Belə bir
müəssisənin fəaliyyətinin uğuru ona kimin
rəhbərlik etməsindən - direktorun kim olmasından
çox asılıdır. Yeni cəmiyyətdə, yeni şəraitdə
məktəbin idarə edilməsi məktəb direktorundan
nəinki tədris prosesinin təşkilini bacarmağı,
eyni zamanda onu maksimal effektli etməyi tələb
edir.
Bazar
iqtisadiyyatı şəraitində məktəb direktoru hər
gün müəssisədə adi səliqə-sahman yaratmaqdan
tutmuş, təlim-tərbiyənin keyfiyyətini
yüksəltməyin yollarını müəyyənləşdirməyə qədər
çox vacib və operativ iş aparmalı və müvafiq
qərarlar qəbul etməli olur. Bu da direktordan
dərin bilik, bacarıq, peşəkarlıq, səriştəlilik,
çeviklik tələb edir. Bəs məktəb direktoru
kimdir, idarəedən-menecer, pedaqoq, yoxsa
tərbiyəçidir?
Hazırda bu
problem çox aktualdır.
Birincisi,
təhsil müəssisəsi - məktəb sosial sahənin elə
fəaliyyət obyektidir ki, burada müəssisənin əsas
rəhbəri - direktor məktəbin idarə olunmasını
dörd istiqamətdə aparır: pedaqoji, şagird,
valideyn kollektivlərini və obyektin
maliyyə-təsərrüfat fəaliyyətinin tənzimlənməsini
müvafiq normativ-hüquqi sənədlər əsasında həyata
keçirir. Ona görə də direktor son dərəcə bilikli
pedaqoq, gözəl təşkilatçı olmaqla, hüquqi və
iqtisadi biliklərə də sahib olmalıdır. Digər
tərəfdən, direktor müəllimdir. O ozü dərs
aparır, müəllimlərin dərslərini dinləyib təhlil
edir, tövsiyələr verir, onların yaradıcı
qabiliyyətlərini üzə çıxarır, onlar üçün
əlverişli iş şəraiti yaradır, onların
peşəkarlığının artırılmasına qayğı göstərir və
s. Bu deyilənləri müasir tələblər səviyyəsində
həyata keçirmək üçün direktor pedaqogika və
psixologiyanı, o cümlədən pedaqoji psixologiyanı
və yaş fiziologiyası və psixologiyasını yaxşı
bilməli, ümumiyyətlə bütövlükdə müəllim əməyinin
mahiyyətini dərindən dərk etməlidir.
İkincisi,
təhsil qarşısında qoyulan müasir tələblər məktəb
direktorundan çevik idarəetmə tələb edir. Bu
onunla bağlıdır ki, təhsil özü - özlüyündə çox
böyük sayda maraqları, proqramları özündə
birləşdirən qlobal instituta çevrilir. Bütün
bunların öhdəsindən layiqincə gəlmək üçün sadəcə
müəllim olmaq kifayət deyildir. Məktəb
iqtisadiyyatı və maliyyələşdirilməsi
məsələlərinin idarə edilməsi üzrə də
ixtisaslaşmaq vacibdir. Müasir məktəblərdə əsas
məsələ təlim-tərbiyə prosesini yaxşı bilən,
strateji düşüncəyə malik idarəedicilər - məktəb
direktorları hazırlamaqdan ibarət olmalıdır.
İdarəedici kadrların yeniləşdirilməsi nəticədə
müasir məktəbin qarşısında duran əsas problemin
- təhsilin keyfiyyətinin yüksəldilməsinə səbəb
olmalıdır.
Üçüncüsü,
məktəb direktorunun yeni pedaqoji
texnologiyalara bacarıqla yiyələnməsi həyati
zərurətdir. Direktor məktəbin idarə edilməsi ilə
bağlı öz şəxsi təcrübəsində müasir
texnologiyalardan istifadə etməyin nə qədər
mühüm olmasına inanmalı, yeni texnologiyalardan
istifadənin vacibliyini dərk etməli və onu
mənimsəməli və tətbiq etməyi bacarmalıdır.
Direktorun İKT-yə belə münasibəti pedaqoji
kollektivə sirayət edir, onun fəaliyyətinin
aktivləşməsinə təkan verir.
Qeyd
edilənlərdən aydın olur ki, yeni cəmiyyətin
tələblərinə uyğun olaraq təhsil menecmentinin
(idarəetmə elminin) formalaşdırılmasına ciddi
ehtiyac vardır.
Məktəb
menecmenti qarşıya qoyulan məqsəd və vəzifələri
həyata keçirməklə bağlı kadrların idarə
olunmasında, onların fəaliyyətinin koordinasiya
edilməsində, eyni zamanda nəzarətin və görülən
işlərin təhlilinin aparılmasında direktora
yaxından kömək etməlidir.
Pedaqoji
sahədə menecment nədir?
Pedaqoji
menecment - məktəbdə təlim-tərbiyə prosesinin
keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş
prinsiplərin, metodların, təşkilati formaların
və texnoloji vasitələrin məcmusudur.
Dördüncüsü,
müasir məktəb direktoru təhsilin qabaqlayıcı
xarakterini təmin etməyi, bu gün üçün vacib
olan, sabah isə daha vacib olacaq məsələləri
qaldırmağı və onların həlli yollarını tapmağı
bacarmalıdır. Məhz belə məktəb direktoru
peşəkar və bacarıqlı idarəedici ola bilər.
Deyilənlərdən
bu qənaətə gəlmək olar ki, müasir mərhələdə
ölkəmizdə mövcud olan məktəbi idarəetmə
təcrübəsi göstərir ki, yeni tipli rəhbərin -
təhsil menecerinin hazırlanmasına çox ciddi
ehtiyac vardır. Təhsildə gedən sürətli
dəyişikliklər şəraitində menecment üzrə yalnız
akademik səriştəyə malik olmaqla kifayətlənmək
yox, eyni zamanda həyata keçirilən
dəyişikliklərin, yeniliklərin mahiyyətini və
xarakterini, onların normativ-hüquqi təminatını,
təhsilin idarə edilməsini tənzimləyən bütün
qanunvericilik bazasını yaxşı bilməlidir. Başqa
sözlə, Azərbaycan təhsilinin özünəməxsus
spesifik, ölkəmizin təhsil sisteminin
xarakterinə uyğun menecmenti formalaşmalıdır.
Bazar
iqtisadiyyatı cəmiyyətinin müasir məktəb
qarşısında qoyduğu tələbləri vaxtında və
keyfiyyətlə həll etmək baxımından məktəb
rəhbərlərinə kömək məqsədilə Azərbaycan
Müəllimlər İnstitutu və Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
tərəfindən beynəlxalq təcrübəyə əsaslanan
menecment elminin prinsiplərini, menecerlik
idarə üsullarını özündə əks etdirən təhsil
menecerləri - ümumtəhsil məktəblərinin direktor
və müavinləri üçün ixtisasartırma kurslarının
tədris-tematik planları hazırlanmış və həmin
planlar üzrə məktəb rəhbərləri idarəetmənin yeni
metodlarının nəzəriyyəsi və praktikası ilə tanış
edilirlər. Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzi və Açıq Cəmiyyət İnstitutu - Yardım
Fondu tərəfindən "Məktəb liderliyinin inkişaf
layihəsi" üzrə keçirilən təlimlərdə məktəb
rəhbərlərinin peşəkarlığının artırılması ilə
yanaşı, onlara idarəetmənin problemli
aspektlərinin praktik həlli yollarını da
mənimsətməyə çalışmışlar.
Cəmiyyətimizin
müasir inkişaf səviyyəsi məktəbdə
təlim-tərbiyənin səviyyəsini daha da yüksəltməyi
təkidlə tələb edir. Bu gün şagirdlərə müəyyən
həcmdə biliklərin verilməsi kifayət deyil,
onlara məktəb illərindən əməksevərliyi,
axtarıcılığı, yaradıcı düşünməyi, bilikləri
müstəqil surətdə əldə etməyi, əxz edilən nəzəri
biliklərin həyata tətbiqini, gündən-günə artan
elmi informasiya axınında düzgün istiqamət
götürməyi aşılamaq gərəkdir.
(Ardı var)
Arif MURADOV,
Azərbaycan Respublikasının əməkdar müəllimi |