Martın 5-də
Astara Pedaqoji Kollecində valideynlər yığıncağı
keçirildi. Bu, orta ixtisas məktəbləri arasında
ilk təşəbbüsdür ki, müxtəlif şəhər və
rayonlardan olan valideynlər kollecdə bir araya
gəlir, mövcud vəziyyəti müzakirə edir və qarşıya
çıxan problemləri birgə həll edirlər.
Yığıncaq
başlamazdan əvvəl valideynlər tədris korpusu ilə
tanış olmuş, kollecin "Tələbə şəhərciyini"
gəzmiş və fənn-tədris kabinetlərinə, kitabxanaya
baxmışlar. Kompüterlərlə təmin olunmuş fənn
kabinetlərində olan valideynlər burada övladları
üçün yaradılmış şəraitdən razılıqlarını
bildirdilər. Şəhərciyin həyətində tələbə
yataqxanasında yaşayan tələbələrin məişət
şəraiti ilə yaxından maraqlanan valideynlər
hətta otaqda çay süfrəsinə dəvət edildilər.
Sonra kollecin
akt zalında yığıncaq öz işinə başladı.
Respublikanın əksər guşələrindən gəlmiş 200-ə
yaxın valideyn kollecin direktoru, əməkdar
müəllim, fəlsəfə doktoru, dosent Əlihəsən
Həmzəyevin "Valideynlərlə əlaqənin
möhkəmləndirilməsi bizim bütün uğurlarımızın
əsasıdır" mövzusunda məruzə-təqdimatını dinlədi.
Məruzə-təqdimatda natiq ulu öndər Heydər
Əliyevin müstəqil Azərbaycan Respublikasında
təhsil sisteminin inkişafında misilsiz rolu
haqqında, ölkə Prezidenti cənab İlham Əliyevin
təhsil sahəsində apardığı böyük işlər barədə,
eləcə də Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın
rəhbərliyi ilə həyata keçirilən layihələrin ölkə
təhsilinin tərəqqisinə müsbət təsiri haqqında
valideynlərə geniş məlumat verdi. Kollecin
keçdiyi yol barədə danışan Ə.Həmzəyev vurğuladı
ki, kollecin rəhbərliyi valideynlərlə sıx əlaqə
saxlayır. Bildirildi ki, kollecə gələn
valideynlər öz övladlarının təhsili və yaşayışı
ilə maraqlandıqda razı qalırlar.
Hörmətli
təhsil naziri cənab Misir Mərdanov təhsil
müəssisələrində valideynlərin məktəblə
əlaqələrinin səmərəliliyinin artırılmasına
xüsusi diqqət verdiyini və bunun əhəmiyyətli bir
iş olduğunu daim vurğulayıb.
Təhsil naziri
Misir Mərdanov 1999, 2002 və 2007-ci illərdə
kollecdə olmuş və pedaqoji kollektivin işinə
yüksək qiymət vermişdir.
Məruzə-təqdimatda uğurlarla yanaşı rast gəlinən
nöqsanlardan, çatışmazlıqlardan da danışıldı.
Çıxış edən
valideynlərdən Lənkərandan Hacı İlham Rzayev,
Masallıdan Larisa Həşimova, Astaradan Nəsrəddin
Teymurov və başqaları xüsusilə vurğuladılar ki,
belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti
vardır. Qeyd edildi ki, məruzədə bizi narahat
edən bütün problemlərdən danışılıb və biz
valideynlər, kollec rəhbərliyi ilə
övladlarımızın gələcəyi üçün birgə fəaliyyət
göstərmişik, bundan sonra da daha əməli
fəaliyyət göstərəcəyik.
Belə tədbirlər
valideynlərin və ictimaiyyətin
maarifləndirilməsi istiqamətində ölkədə aparılan
mühüm işlərin davamıdır. Gələcəkdə də belə
yığıncaqların keçirilməsi qərara alındı.
Sonda
yığıncağı yekunlaşdıran kollecin direktoru
Əlihəsən Həmzəyev valideynləri gənc nəslin
tərbiyəsi və onların intellektual səviyyəsinin
yüksəldilməsi istiqamətində pedaqoji kollektivlə
daha sıx əlaqə saxlamağa və bu prosesdə daha
yaxından iştirak etməyə çağırdı.
Azad ABDULLAYEV |