AzərTAc xəbər
verir ki, martın 5-də Trend Xəbərlər Şirkətinin
Mətbuat Mərkəzində Ukrayna səfirliyinin dəstəyi
ilə Azərbaycanda işgüzar səfərdə olan Luqansk,
Xarkov, Odessa, Donetsk və digər ali təhsil
ocaqları nümayəndələrinin iştirakı ilə
"Ukraynanın ali təhsil müəssisələri-2011"
mövzusunda mətbuat konfransı keçirilmişdir.
Ukrayna Təhsil
və Elm Nazirliyi Dövlət Beynəlxalq Təhsil
Mərkəzinin Azərbaycandakı nümayəndəsi Aydın
Novruzov tədbirin məqsəd və əhəmiyyəti, iki ölkə
arasında təhsil sahəsində əməkdaşlığın
vəziyyəti, nümayəndə heyətinin Bakıda keçirdiyi
görüşlər, Ukraynada təhsil almağın yolları
haqqında danışmışdır. Ukraynanın ölkəmizdəki
səfirliyinin attaşesi Yuri Lupey hazırda
ölkələrimiz arasında uğurlu siyasi və iqtisadi
əməkdaşlığın bərqərar olduğunu, bu
münasibətlərin təhsil sahəsində də inkişaf
etdirilməsinin vacibliyini vurğulamış, Bakıda
keçirilən görüşlərin bu sahədə mühüm rol
oynayacağına əminliyini ifadə etmişdir.
Hazırda
ölkəsində 50 minədək xarici vətəndaşın təhsil
aldığını, onların sayının ilbəil artdığını
vurğulayan Ukrayna Təhsil və Elm Nazirliyinin
nümayəndəsi Nataliya Tuzova Ukraynanın müxtəlif
universitetlərində oxuyan azərbaycanlı
tələbələrin təhsil uğurlarından, daxili intizam
qaydalarına ciddi əməl etmələrindən danışmışdır.
Ukraynanın dövlət təhsil müəssisələrini bitirən
azərbaycanlı gənclərin hər iki ölkədə və digər
MDB ölkələrində işləmək hüququ olduğunu diqqətə
çatdıran N.Tuzova ali təhsil müəssisələrində
yüksək səviyyəli təhsil proqramlarından,
tələbələrin hərtərəfli şəraitlə təmin olmasından
danışmışdır.
Tədbirdə
müxtəlif ali təhsil müəssisələrinin
nümayəndələri təmsil etdikləri universitetlərin
beynəlxalq əlaqələri, fakültə və ixtisasları
haqqında ətraflı məlumat vermişlər.
Sonda KİV
nümayəndələrinin sualları cavablandırılmışdır.
|