Martın 9-da
Bakıdakı 177 nömrəli orta məktəbdə Azərbaycan
Təhsil Şurası İdarə Heyətinin iclası keçirilib.
İclası şuranın sədri, professor Əjdər Ağayev
açaraq heyət üzvlərini qarşıdan gələn Novruz
bayramı münasibəti ilə təbrik edib, İdarə
Heyətinin növbəti iclasına ev sahibliyi etdiyinə
görə 177 nömrəli orta məktəbin direktoru Həqiqə
Məmmədovaya təşəkkürünü bildirib.
İclasda 177
nömrəli orta məktəbin innovativ fəaliyyəti ilə
tanışlıq, Təhsil Şurası İdarə Heyətinin birillik
fəaliyyəti barədə və ümumtəhsil məktəblərinin
yeni təsdiq olunmuş nümunəvi Nizamnaməsinin
müddəalarına əməl olunmasının vacibliyi
mövzularında məsələlər müzakirə olunub.
İlk məsələ
haqqında İdarə Heyətinin üzvü, 177 nömrəli
məktəbin direktoru, əməkdar müəllim Həqiqə
Məmmədova təqdimatla çıxış edib. Təqdimatında
məktəb haqqında ümumi məlumat verən H.Məmmədova
tədris ocaqlarının 2010-cu ildə "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi
olduğunu bildirib və məktəblərində tətbiq olunan
innovativ axtarışların nəticələrindən,
layihələrdən söz açıb.
Direktorun
məktəbdə artıq bir neçə ildir ki, uğurla həyata
keçirilən ikimərhələli tədris eksperimental
layihəsinin mahiyyəti və onun tətbiqi
nəticəsində əldə olunmuş uğurlar barədə məlumatı
iclas iştirakçılarında maraq doğurub. Qeyd
olunub ki, aparılan eksperiment bazis tədris
planında məktəb komponenti üçün nəzərdə
tutulmuş, yəni seçmə fənlərə ayrılmış saatlardan
səmərəli istifadə etməyə imkan verib ki, bu da
nəticədə məktəbin yuxarı sinif şagirdlərinin
repetitor xidmətindən imtina etməsinə gətirib
çıxarıb.
İclasda çıxış
edən Təhsil Şurası İdarə Heyəti üzvlərindən
professorlar Əjdər Ağayev, Mirzəli Murquzov,
əməkdar müəllim Arif Muradov, əməkdar incəsənət
xadimi, professor Nazim Kazımov və başqaları
məktəbdə həyata keçirilən tədbirləri, innovativ
axtarışların nəticələrinin təlim-tərbiyə
prosesinə tətbiqi istiqamətində atılmış
addımları yüksək qiymətləndirib, toplanmış
müsbət təcrübənin yayılmasını tövsiyə ediblər.
İclasda ikinci
məsələ haqqında Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev məlumat verərək rəhbərlik
etdiyi qeyri-hökumət təşkilatının son bir ildə
gördüyü işləri diqqətə çatdırıb. Şura sədri
hesabat dövrü ərzində təşkilatın xətti ilə bir
sıra mövzularda elmi-praktik konfransların,
müzakirələrin keçirildiyini, həmin tədbirlərdə,
habelə pedaqoji kollektivlərlə görüşlər zamanı
irəli sürülmüş təkliflərin ümumiləşdirilərək
aidiyyəti qurumlara çatdırıldığını bildirib.
Çıxış edənlər
hesabatı qaneedici sayaraq Təhsil Şurasının
İdarə Heyətinin birillik fəaliyyətini kafi
qiymətləndiriblər. İclasda müzakirələr zamanı
qaldırılmış problemlərin, söylənən təkliflərin,
o cümlədən üçüncü məsələnin müzakirəsi zamanı
irəli sürülmüş təhsil ocaqlarının mövcud
nümunəvi Nizamnamədən kənar fəaliyyətinə imkan
verilməməsi təklifinin Təhsil Nazirliyinə
çatdırılması barədə qərar qəbul olunub.
Yusif ƏLİYEV |