2008-ci ildə
Avropa İttifaqı ilə imzalanmış Anlaşma
Memorandumuna əsasən "Peşə Təhsili və Təlimi
Sahəsində İslahatlar Strategiyası və
Azərbaycanın seçilmiş rayonunda pilot icrası"
layihəsi çərçivəsində Azərbaycan dövlətinin
vəsaiti hesabına İsmayıllı rayonunda müasir
tipli peşə təhsili kompleksinin inşası nəzərdə
tutulmuşdur.
Bununla
əlaqədar, İsmayıllı Rayon İcra Hakimiyyəti
tərəfindən tikinti üçün ərazi ayrılmış və həmin
ərazidə kompleks inşa olunmuşdur. Tədris binası,
yataqxana, konfrans zalı, yeməkxana və
emalatxanadan ibarət kompleksdə iqtisadiyyatın
müxtəlif sahələri, o cümlədən bu regionun əsas
inkişaf prioriteti olan turizm sahəsi üçün
ixtisaslı kadrların hazırlanması təmin
ediləcəkdir. Burada quraşdırılmış avadanlıqların
bir qismi Təhsil Nazirliyi tərəfindən, digər
turizm və xidmət sahəsi üzrə tələb olunan
avadanlıqlar isə Avropa İttifaqının qrantı
hesabına təmin edilmişdir.
2010-cu ildə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müvafiq əmri ilə İsmayıllı Peşə Tədris Mərkəzi
yaradılmış və müəyyən edilmiş ixtisaslar üzrə
kadr hazırlığına başlanmışdır.
Layihə
çərçivəsində texniki dəstəyi həyata keçirən
"British Council" (Britaniya Şurası) təşkilatı
tərəfindən regionun əmək bazarı təhlil edilmiş,
tədris ediləcək ixtisaslar müəyyənləşmiş,
müvafiq ixtisaslar üzrə müəllimlərin
hazırlanması həyata keçirilmiş, həmçinin 5
ixtisas üzrə yeni modul proqramlar
hazırlanmışdır. Hazırda pilot olaraq bu tədris
mərkəzində həmin proqramlar üzrə kadrların
hazırlanması həyata keçirilir və uğurlu
nəticələr əldə olunacağı təqdirdə digər peşə
təhsili müəssisələrində yeni metodika üzrə
kadrların hazırlanmasına başlanılacaqdır.
Martın 4-də
"Peşə Təhsili və Təlimi Sahəsində İslahatlar
Strategiyası və Azərbaycanın seçilmiş rayonunda
pilot icrası" layihəsi çərçivəsində 460 şagird
yerlik yeni inşa olunmuş Peşə Tədris
Mərkəzinin açılış mərasimi keçirildi.
Təhsil naziri
Misir Mərdanov yeni Peşə Tədris Mərkəzinin
açılışı münasibəti ilə rayon rəhbərliyini,
təhsil müəssisəsinin pedaqoji və şagird
kollektivini, rayon sakinlərini təbrik etdi.
İsmayıllı rayonunda görülən bütün bu işlərin
ölkə başçısı İlham Əliyevin təhsilə göstərdiyi
diqqət və qayğısı nəticəsində mümkün olduğunu
bildirdi.
Nazir Misir
Mərdanov İsmayıllı Rayon İcra Hakimiyyətinin
başçısı Nizami Ələkbərov və digər qonaqlarla
birlikdə Peşə Tədris Mərkəzinin sinif
otaqlarına, kompüter kabinetlərinə,
laboratoriyalara, kitabxanaya, tibb
məntəqəsinə, yeməkxanaya, yataqxanaya, idman və
iclas zalına baxdılar. Azərbaycanda, hətta
regionda hazırda ən müasir peşə təhsili
kompleksi olan İsmayıllı Peşə Tədris Mərkəzində
görülmüş işlərdən razılıq edən təhsil naziri
Misir Mərdanov bu layihənin həyata
keçirilməsində əməyi olan hər bir kəsə
minnətdarlığını bildirdi. Son illər ərzində
təhsil sahəsində aparılan islahatlara toxunan
nazir nəinki paytaxtımızda, eləcə də regionlarda
müasir tədris ocaqlarının istifadəyə
verilməsinin ölkə rəhbərliyinin diqqət və
qayğısı sayəsində mümkünlüyünü qeyd etdi.
Sonda Peşə
Tədris Mərkəzinin qarşısına toplaşan rayon
ictimaiyyəti görülmüş bu qiymətli işə görə
Təhsil Nazirliyinə və xidməti olan
təşkilatlara öz razılıqlarını bildirdilər.
Şakir CƏFƏROV |