Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş
ofisində xaricdə mütəxəssislərin hazırlanması
üzrə komissiyanın növbəti iclası keçirilmişdir.
Şirkətin
mətbuat xidmətindən AzərTAc-a verilən məlumata
görə, iclasda ARDNŞ-ın təqaüd proqramı
çərçivəsində Avropanın aparıcı
universitetlərində təhsillərini başa vurmuş
məzunlardan Fuad Həsənov və Nadir Məlikovun
hesabatları dinlənilmişdir. Fransanın Paris Neft
İnstitutunda "Geologiya elmləri və yataq
mühəndisliyi" ixtisası üzrə magistr dərəcəsi
almış Fuad Həsənov və Almaniyanın Konstans
Universitetini "Beynəlxalq biznes iqtisadiyyatı"
ixtisası üzrə bitirərək magistr dərəcəsi almış
Nadir Məlikov təhsil müddətində qazandıqları
bilik və təcrübə haqqında təqdimat keçirmiş,
diplom işlərinin mahiyyəti barədə komissiya
üzvlərinə ətraflı məlumat vermiş, onların
suallarını cavablandırmışlar. Qeyd olunmuşdur
ki, keçirilən təqdimatların nəticəsi olaraq,
komissiya üzvləri tərəfindən hər ikisinin
müvafiq işlə təmin olunmasına dair yaxın
günlərdə qərar veriləcəkdir.
Hazırda təqaüd
proqramı çərçivəsində 82 gənc (36 bakalavr və 46
magistr) dünyanın aparıcı universitetlərində ali
təhsillərini davam etdirir. İndiyədək proqram
çərçivəsində xaricə göndərilmiş 39 məzun
təhsillərini müvəffəqiyyətlə başa vuraraq Vətənə
qayıtmış və şirkətin müxtəlif idarə və
müəssisələrində ixtisaslarına uyğun işlə təmin
olunmuşdur. |