Martın
10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyeva Azərbaycanda səfərdə olan ABŞ
Prezidentinin elm məsələləri üzrə xüsusi
nümayəndəsi Elis Qastın başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşmüşdür.
Mehriban xanım
Əliyeva qonaqları Heydər Əliyev Fondunda
görməkdən məmnun qaldığını demiş, səfərin uğurlu
olacağından əminliyini bildirmişdir.
Azərbaycanın birinci xanımı ölkəmizin
gündən-günə artan potensialı barədə məlumat
vermiş, onun regionda ən sürətlə inkişaf edən
dövlət olduğunu diqqətə çatdırmışdır.
Respublikada elmin, təhsilin, texnologiyaların
inkişafına xüsusi önəm verildiyini deyən Fondun
prezidenti son illərdə bu sahələrdə böyük
işlərin görüldüyünü söyləmişdir. Qeyd olunmuşdur
ki, təhsilin maddi-texniki bazası
yaxşılaşdırılmış, müasir texnologiyalardan
istifadə olunaraq yeni tədris müəssisələri
yaradılmışdır. Hazırda əsas diqqət təhsilin
keyfiyyətinin artırılmasına yönəldilmişdir. Bu
gün azərbaycanlı gənclər dünyanın ən mötəbər ali
təhsil ocaqlarında biliklərə yiyələnirlər.
Mehriban xanım
Əliyeva dövlətin azərbaycanlı uşaqların və
gənclərin xaricdə təhsil almaları prosesinin
genişləndirilməsində maraqlı olduğunu
bildirmişdir. Azərbaycanın birinci xanımı ABŞ-ın
təhsil sahəsindəki təcrübəsindən faydalanmağın
ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını da
diqqətə çatdırmışdır. Mehriban xanım Əliyeva
Heydər Əliyev Fondunun bütün sahələrdə olduğu
kimi, elm və təhsil sahəsində də əməkdaşlığa hər
zaman hazır olduğunu vurğulamışdır.
ABŞ
Prezidentinin elm məsələləri üzrə xüsusi
nümayəndəsi Elis Qast səmimi qarşılanmaya görə
Mehriban xanım Əliyevaya təşəkkürünü
bildirmişdir. Qonaq Heydər Əliyev Fondunun
nəinki Azərbaycanda, habelə xaricdə də həyata
keçirdiyi layihələrin vacibliyini vurğulamış,
görülən işlərin böyük heyrət doğurduğunu
demişdir.
Görüşdə həm
orta məktəbdə fərqlənən şagirdlərin, həm də
tələbələrin ABŞ-da təhsil almaları, gənclərin
təhsilə marağının artırılması istiqamətində
həyata keçirilən tədbirlər barədə müzakirələr
aparılmışdır.
AzərTAc |