"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
19.8-ci maddəsinə görə, ümumi təhsili xüsusi
nailiyyətlərlə başa vuran məzunlar müəyyən
edilmiş qaydada qızıl və ya gümüş medalla təltif
olunurlar.
"Təhsil
haqqında" Qanunun həmin maddəsini əsas tutaraq,
Azərbaycan Respublikasının Nazirlər Kabineti 14
yanvar 2010-cu il tarixli, 8 nömrəli qərarla
"Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran
məzunların qızıl və ya gümüş medalla təltif
olunma Qaydası"nı təsdiq etmişdir. Nazirlər
Kabinetinin bu qərarı Təhsil Nazirliyinin 27
yanvar 2010-cu il tarixli, 83 nömrəli əmri ilə
elan olunmuş və qızıl (gümüş) medalla təltif
olunma barədə "Qayda" da əlavə edilməklə
"Azərbaycan müəllimi" qəzetinin 2010-cu il 29
yanvar tarixli nömrəsində dərc edilmişdir.
"Qayda"ya
uyğun olaraq, tam orta təhsil səviyyəsində
təhsil alan şagirdlərin qızıl və ya gümüş
medalla təltifi üçün namizədliyinin irəli
sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı
əsasında məktəbin pedaqoji şurasında baxılıb
müvafiq qərar qəbul edilir.
Medalla
təltifə ümumi orta təhsil səviyyəsini 75 faiz
"əla" qiymətlərlə bitirməklə tam orta təhsil
səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari
qiymətlərinin ən azı 75 faizi, illik
qiymətlərinin isə hamısı "əla" olan və bunlarla
yanaşı, nümunəvi davranışı ilə fərqlənən,
müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik
yarışlarında, müsabiqə və layihələrdə iştirak
edib mükafata layiq görülən şagirdlərin
namizədliyi irəli sürülür.
Bildiririk ki,
2010-2011-ci dərs ilindən etibarən, təhsil
aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış və
müəyyən olunan "Qayda"da təsbit edilmiş şərtlərə
cavab verən tam orta təhsil səviyyəsi
məzunlarının qızıl (gümüş) medalla təltifi
həyata keçiriləcəkdir.
Bununla
əlaqədar medalla təltifə namizəd şagirdlərin
müəyyənləşdirilməsi üçün ümumtəhsil
məktəblərinin rəhbərliyi ilə birlikdə müvafiq iş
aparıb obyektiv seçimi təmin etməklə həmin
şagirdlərin adlı siyahısını bu məktuba əlavə
olunan forma üzrə 2011-ci il aprelin 15-dək
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsinə təqdim etmək Sizə tapşırılır.
Nəzərə alınsın
ki, Naxçıvan Muxtar Respublikasında tam orta
təhsil səviyyəsi məzunlarının qızıl (gümüş)
medalla təltifi ilə bağlı aidiyyəti məsələlər
təsdiq edilmiş "Qayda"nın tələblərinə uyğun
surətdə Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən
müstəqil həyata keçiriləcəkdir.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
9 mart 2011-ci il
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 09 mart
2011-ci il tarixli,
46-14-1732/16 nömrəli məktubuna əlavə
|