Fevralın 28-də
Təhsil Nazirliyində növbəti kollegiya iclası
keçirildi. Kollegiya üzvlərinin, Təhsil
Nazirliyinin struktur-bölmə rəhbərlərinin və
orta ixtisas təhsili müəssisələrinin
direktorlarının iştirak etdiyi iclasda "Orta
ixtisas təhsili müəssisələrində monitorinqin
nəticələri" barədə məsələ müzakirə olundu. Həmin
mövzuda məruzə-təqdimatla çıxış edən təhsil
naziri Misir Mərdanov öncə diqqəti orta ixtisas
təhsilinin cəmiyyətdə yeri və roluna yönəltdi.
Qeyd olundu ki, ölkənin sosial-iqtisadi inkişafı
ilə bağlı məsələlərin həllində, formalaşan bazar
münasibətləri şəraitində şəxsiyyətin və
cəmiyyətin təhsilə olan tələbatının
ödənilməsində orta ixtisas təhsilinin
özünəməxsus yeri vardır. Təhsilin bu pilləsi
iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı
kadrlarla təmin olunmasında, milli təhsil
sisteminin nüfuzunun artmasında və cəmiyyətin
intellektual potensialının formalaşmasında,
vətəndaşların təhsil və mədəni səviyyəsinin
yüksəldilməsində mühüm rol oynayırr.
Onun
əsas üstünlüklərindən biri də bu təhsilin
məzmununun əmək bazarının dəyişən şəraitinə və
işəgötürənlərin tələblərinə daha tez
uyğunlaşması, burada nəzəriyyəçilərin deyil,
bilavasitə praktiklərin hazırlanmasıdır.
Nazir
vurğuladi ki, hazırda bu pillənin məzunları
əksər xarici ölkələrdə olduğu kimi
respublikamızda da sosial-iqtisadi inkişafın
aparıcı qüvvəsinə çevrilirlər. Bir çox gənclər
müvafiq peşələrə yiyələnmək üçün əlçatmaz olan
ali təhsil müəssisələrinə üz tutmaqdansa müasir
tələblərə cavab verən orta ixtisas təhsili
müəssisələrini seçməyi daha əlverişli hesab
edirlər. Nazir belə bir faktı da xüsusi diqqətə
çatdırdı ki, Azərbaycanın 2010-cu il statistik
göstəricilərinə görə məşğul əhalinin (4071475
nəfər) 10,9 faizini (445983 nəfər) orta ixtisas
təhsillilər təşkil edirlər.
Təhsil naziri
təqdimatında son illər orta ixtisas təhsili
sahəsində görülən işlərdən söz açaraq bildirdi
ki, "Azərbaycan Respublikasında təhsil
sisteminin təkmilləşdirilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il
13 iyun tarixli 349 nömrəli Fərmanı ilə bir sıra
dövlət qurumlarının tabeliyində olan orta
ixtisas təhsili müəssisələrinin Azərbaycan
Respublikası Təhsil Nazirliyinin tabeliyinə
verilməsi orta ixtisas təhsilinin məzmununda
köklü dəyişikliklərin aparılmasına, kadr
hazırlığı strukturunun və təhsil müəssisələri
şəbəkəsinin təkmilləşdirilməsinə geniş imkan
yaratdı. Həmin dövrdə respublikada bir sıra
texnikumların birləşdirilməsi nəticəsində
onların maddi-texniki bazası, pedaqoji kadr
potensialı və bu sahədə olan beynəlxalq təcrübə
nəzərə alınmaqla yeni tipli orta ixtisas təhsili
müəssisələri - kolleclər və təhsil
komplekslərinin yaradılmasına başlanıldı.
Təhsil
Nazirliyinin 13 sentyabr 2001-ci il tarixli əmri
ilə "2001-2004-cü illər üçün Azərbaycan
Respublikasında orta ixtisas təhsilinin İnkişaf
Proqramı" təsdiq olundu və həyata keçirildi.
Nazirlər Kabinetinin "Orta ixtisas təhsili
müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi
haqqında" 26 avqust 2002-ci il tarixli qərarı
ilə bir sıra orta ixtisas təhsili
müəssisələrinin fəaliyyəti dayandırıldı, bir
qismi birləşdirilərək bazalarında yeni tipli
tədris müəssisələri (kolleclər) yaradıldı,
bəzilərinin isə profilləri genişləndirildi.
Nazir 2009-cu
ildə qəbul olunmuş "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununa müvafiq olaraq hazırlanmış
və Azərbaycan Respublikası hökumətinin müvafiq
qərarları ilə təsdiq edilmiş normativ sənədlərlə
kollegiya iştirakçılarını tanış etdi. Bildirdi
ki,təsdiq olunmuş "Orta ixtisas təhsili üzrə
ixtisasların Təsnifatı"nda orta ixtisas təhsili
müəssisələrində kadr hazırlığı aparılan
ixtisasların sayı 398-dən 157-yə qədər
azaldılmışdır.
Nazirlər
Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş
"2010-2013-cü illərdə Azərbaycan Respublikasının
orta ixtisas təhsili sistemində islahatlar üzrə
Tədbirlər Proqramı" üzərində ətraflı dayanan
nazir proqram çərçivəsində orta ixtisas
təhsilində aparılması nəzərdə tutulan
islahatların istiqamətləri, proqramın
reallaşması nəticəsində əldə olunması gözlənilən
nəticələr barədə məlumat verdi.
Nəzərdə
tutulan tədbirlərin uğurla həyata keçirilməsi
üçün orta ixtisas təhsili müəssisələrində həmin
sahələr üzrə mövcud vəziyyətin öyrənilməsi,
statistik məlumatların təhlili, qarşıda duran
vəzifələrin müəyyənləşdirilməsi zərurəti
yarandığını söyləyən nazir bu məqsədlə Təhsil
Nazirliyinin 22 sentyabr 2010-cu il tarixli 1249
saylı əmri ilə yaradılmış işçi qrupu tərəfindən
ötən ilin oktyabr-noyabr aylarında nazirliyin
tabeliyində olan orta ixtisas təhsili
müəssisələrində monitorinq keçirildiyini
bildirdi və monitorinqin nəticələri ilə iclas
iştirakçılarını tanış etdi. Təhsil naziri öncə
orta ixtisas təhsili müəssisələri haqqında bəzi
statistik rəqəmləri diqqətə çatdırdı. Qeyd
olundu ki, hazırda ölkədə orta ixtisas təhsili
proqramlarını həyata keçirən 56 dövlət və 1
qeyri-dövlət təhsil müəssisəsi, o cümlədən
Təhsil Nazirliyinin tabeliyində 46, Səhiyyə
Nazirliyinin tabeliyində 7, Mədəniyyət və Turizm
Nazirliyinin tabeliyində 2, Fövqəladə Hallar
Nazirliyinin tabeliyində 1 kollec, Azərittifaqın
tabeliyində 1 özəl kollec fəaliyyət göstərir.
Orta ixtisas
təhsili müəssisələrinin regionlar üzrə
paylanması, ixtisas profilləri üzrə təsnifatı
barədə verilən məlumatdan aydın oldu ki, orta
ixtisas təhsili müəssisələri respublikanın
regionları üzrə, demək olar ki, bərabər
paylanmışdır. Kolleclərdən 16-sı texniki və
texnoloji, 18-i iqtisadiyyat və humanitar, 6-sı
pedaqoji, 10-u mədəniyyət və incəsənət, 7-si
tibb profillidir.
Nazir son
illərdə bir sıra orta ixtisas təhsili
müəssisələrinin sahə nazirlikləri, şirkətlər və
konsernlər, işəgötürənlərlə sıx əlaqələr
yaradaraq, onların köməyi ilə maddi-texniki
bazanın möhkəmləndirilməsində, dərs və dərs
vəsaitlərinin hazırlanmasında müsbət nəticələr
əldə etdiyini diqqətə çatdırdı.
Daha sonra
təhsil naziri son 5 ildə orta ixtisas təhsili
müəssisələrində təhsil alan, ştatda olan
müəllimlərin sayı, müəllim-tələbə nisbəti, bu
müəssisələrə tələbə qəbulu barədə ətraflı
məlumat verdi. Bildirdi ki, son 5 ildə orta
ixtisas təhsili müəssisələrində qəbul
planlarının azalması ilə bağlı tələbələrin sayı
bir qədər aşağı düşmüşdür. Belə ki, 2005-2006-cı
tədris ilində tələbələrin sayı 55 min olduğu
halda, 2009-2010-cu tədris ilində bu rəqəm 51,1
min nəfər olmuşdur. Təhsil Nazirliyinin
tabeliyində olan məktəblər üzrə isə həmin
illərdə tələbələrin sayı demək olar ki, eyni
səviyyədə qalmış və 2009-2010-cu tədris ilində
43,6 min, o cümlədən ödənişli əsaslarla təhsil
alanların sayı 16,5 min təşkil etmişdir.
Həmin illərdə
müəllimlərin sayı 6706-dan 7013-ə qədər artmış,
Təhsil Nazirliyinin tabeliyində olan
müəssisələrdə bu rəqəmlər müvafiq olaraq 5258 və
5595 nəfər təşkil etmişdir. Nazir diqqəti belə
bir fakta cəlb etdi ki, son 5 ildə tələbələrin
sayının ölkə üzrə təxminən 4000 nəfər, o
cümlədən Təhsil Nazirliyi üzrə isə 1000 nəfər
azalmasına baxmayaraq, ştatda olan müəllimlərin
sayı 302 nəfər (Təhsil Nazirliyi üzrə 337 nəfər)
artmışdır. Nəticədə müəllim-tələbə nisbəti
respublika üzrə 8,2-dən 7,3-ə, Təhsil Nazirliyi
üzrə isə 8,4-dən 7,8-ə qədər azalmışdır.
2005-2010-cu
illərdə orta ixtisas təhsili müəssisələrinə
tələbə qəbulunun və ərizə verənlərin
dinamikasına aid diaqramı təhlil edən nazir
həmin illərdə tələbə qəbulu planı azalsa da
ərizə verənlərin sayının artdığını, 2005-ci ildə
1 yerə 2,1 nəfər ərizə verdiyi halda, 2010-cu
ildə həmin rəqəmin artaraq 3,1 nəfər təşkil
etdiyini söylədi, bunu gənclər arasında orta
ixtisas təhsilinə marağın artması kimi
dəyərləndirdi.
Təhsil naziri
məruzə-təqdimatında orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulunun nəticələri
barədə də söz açaraq diqqəti 2009 və 2010-cu
illərdə ümumi orta təhsil bazasından qəbul
olunan abituriyentlərin topladıqları balların
paylanma diaqramına cəlb etdi. Aparılan müqayisə
və təhlildən aydın oldu ki, qəbul imtahanlarının
nəticələrinə görə keyfiyyət göstəriciləri
yüksəlmiş, əvvəlki illərə nisbətən 2010-cu ildə
tələbələr daha yüksək ballarla qəbul olunmuşlar.
Təhsil
müəssisələrinin maliyyələşdirilməsi məsələsindən
danışan və diqqəti son 5 ildə bu müəssisələrə
ayrılan vəsaitlərin dinamikasını əks etdirən
diaqrama yönəldən nazir dövlət tərəfindən
ayrılan büdcə və ödənişdən əldə olunan
vəsaitlərin ilbəil artmasına baxmayaraq, onların
həcminin bu təhsil müəssisələrinin inkişafı üçün
kifayət olmadığını bildirdi. 2010-cu ildə Təhsil
Nazirliyinin tabeliyində olan orta ixtisas
təhsili müəssisələrinə təmir üçün ayrılan
vəsaiti misal gətirən nazir qeyd etdi ki, həmin
vəsait ümumi büdcənin 1,7%-ni (cari təmir üçün
250000, əsaslı təmir üçün 299000 manat) təşkil
edir ki, bu da zəruri təmir işlərinin
aparılmasına kifayət etmir. Nazir bu vəziyyətdən
çıxmaq üçün Təhsil Nazirliyi tərəfindən orta
ixtisas təhsili müəssisələrinin cari və əsaslı
təmirinə ayrılan ümumi vəsaitin kolleclərin
hamısına deyil, ilk növbədə, təmirə zəruri
ehtiyacı olanlara istiqamətləndirilməsinin
qərara alındığını, bunun nəticəsi olaraq son
illərdə bir sıra orta ixtisas məktəblərində
maddi-texniki bazanın möhkəmləndirilməsi
istiqamətində müəyyən işlər görüldüyünü söylədi.
Təhsil naziri
məruzə-təqdimatında kolleclərin fəaliyyətinə
mənfi təsir edən amillərə də toxunaraq bildirdi
ki, kadr istehlakçılarını, investorları, biznes
nümayəndələrini orta ixtisas təhsilinin
inkişafına cəlb olunmasını stimullaşdıran
mexanizm yoxdur. Bir çox hallarda işəgötürənlər
mütəxəssislərin kompetensiyasına olan tələbatın
müəyyənləşdirilməsində iştirak etmədiyindən kadr
hazırlığının məzmununda lazımi çevik
dəyişikliklər aparılmır. Bu istiqamətdə ciddi
tədbirlər görülməli və elə bir mexanizm
yaradılmalıdır ki, həmin kateqoriyadan olan
fiziki və hüquqi şəxslər ixtisaslar üzrə dövlət
standartlarının hazırlanmasında, ixtisas
təsnifatının tərtib edilməsində, təhsil
müəssisələrinin akkreditasiyasında, müasir
avadanlıqlarla, İKT ilə təmin olunmasında,
istehsalat təcrübəsinin təşkilində yaxından
iştirak etsinlər.
Təhsil naziri
diqqətə çatdırdı ki, qeyd olunanlarla yanaşı,
orta ixtisas təhsili müəssisələrində tədris
prosesinin təşkilində, müəllim kadrlarının işə
qəbulunda və onlar arasında dərs yükünün
bölüşdürülməsi işində bir sıra nöqsanlar
mövcuddur.
Bəzi təhsil
müəssisələrində müəllimlərə öz ixtisaslarına
uyğun olmayan fənlərin tədrisinin, digər
müəllimlərə isə 7 və daha çox fənnin tədrisinin
həvalə olunması halları mövcuddur.
Müəllimlərin
işə qəbulunda da nöqsanlara yol verilmişdir.
Bəzi orta ixtisas təhsili müəssisələrində xarici
ölkələrin ali təhsil müəssisələrini bitirmiş
şəxslərin diplomları nostrifikasiya olunmadan
onlar işə qəbul olunmuşlar.
Bəzi
kolleclərdə işçilərin şəxsi işlərinin
aparılması, əmək kitabçalarının doldurulması,
saxlanılması və qeydiyyatı barədə mövcud
təlimata riayət olunmur. Müəllimlərin
ixtisasartırmasında mövcud normativlərin
tələbləri gözlənilmir. Bir sıra orta ixtisas
təhsili müəssisələrində tədris prosesinin
təşkilində və normativ sənədlərin tələblərinin
yerinə yetirilməsində də nöqsanlara yol verilir.
2003 və
2010-cu illərdə ayrı-ayrı ixtisaslar üzrə dövlət
standartlarına müvafiq olaraq təhsilin
məzmununda yeniləşmə aparılmasına baxmayaraq,
bəzi orta ixtisas məktəblərində hələ də
köhnəlmiş və Təhsil Nazirliyinin qrifi alınmamış
fənn proqramlarından istifadə olunur.
Bütün orta
ixtisas təhsili müəssisələrində buraxılış
imtahanlarında iştirak edən məzunların hamısı
müsbət qiymət almaqla ixtisas dərəcəsi və diplom
alırlar. Halbuki bu günədək aparılan
akkreditasiyada orta ixtisas təhsili
müəssisələrində sonuncu kurs tələbələri arasında
keçirilmiş test yoxlamalarında müvəffəqiyyət
faizinin 75-85% arasında olması qeydə
alınmışdır. Belə hallar buraxılış dövlət
imtahanlarının obyektiv keçirilməsinə şübhə
yaradır. Buna oxşar vəziyyət imtahan sessiyaları
zamanı da müşahidə olunur. Belə ki, 2010-2011-ci
tədris ilinin qış imtahan sessiyasının
nəticələrinə görə imtahan sessiyasında iştirak
edənlərin (32304) arasında qeyri-müvəffəq qiymət
alanların sayı (1682) 5,2 faiz olmuşdur.
Təhsil naziri
orta ixtisas təhsili müəssisələrində istehsalat
təcrübəsinin təşkili vəziyyətinə də toxundu və
bir sıra orta ixtisas təhsili muəssisələrində
təcrübələrin təşkilində nöqsanlara yol
verildiyini söylədi.
Məruzə-təqdimatının sonunda iclas
iştirakçılarını monitorinqin ümumi nəticələri
ilə tanış edən təhsil naziri mövcud problem və
nöqsanların aradan qaldırılması, orta ixtisas
təhsili müəssisələrinin fəaliyyətində yüksək
keyfiyyətə nail olunması üçün irəli sürülmüş
təklifləri onların diqqətinə çatdırdı, orta
ixtisas təhsili müəssisələrinin istilik sistemi
ilə təchizatı, onların informasiya-kommunikasiya
texnologiyaları ilə təminatı, təmirə ehtiyacı
olan kolleclərin müəyyənləşdirilməsi, bu sahə
üzrə dərs vəsaitlərinin hazırlanması və digər
mühüm məsələlərlə əlaqədar müvafiq şəxslərə
tapşırıqlar verdi.
Sonda müzakirə
olunan məsələ barədə rəy və təkliflər
dinlənildi.
Yusif ƏLİYEV |