Mənalı ömür yolu keçib həyatda məqsəd və
arzularına çatanlar doğrudan da xoşbəxt
insanlardır. Haqqında söhbət açacağım Razim
Mirzəyev də belə insanlardan biridir. O, 1956-ci
ildə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan
olub. 1978-ci ildə indiki ADPU-nun filologiya
fakültəsini bitirərək Azərbaycan dili və
ədəbiyyat müəllimi ixtsası alıb. Doğulduğu
rayonda, sonra isə Bakı şəhərində pedaqoji
fəaliyyətə başlayan Razim Mirzəyev məktəblərdə
müəllim və direktor müavini işləmişdir.
1991-ci
ildən 2 nömrəli Bakı Peşə Liseyinə rəhbərlik
edir. İşlədiyi müddət ərzində o, dərs dediyi,
tərbiyə verdiyi şagirdlərin şəxsiyyətinə həmişə
hörmətlə yanaşıb, onlara öz balası kimi qayğı və
diqqət göstərir. Şagirdlərə yüksək səviyyəli
elm, savad, bilik verməklə yanaşı, onların
düzgün tərbiyələnərək yüksək mənəviyyat sahibi
olmalarına çalışır. Onlara mərdlik, qəhrəmanlıq,
mübarizlik, Vətən sevgisi, vətənpərvərlik kimi
gözəl mənəvi keyfiyyətlər aşılayır. Bu gün
rəhbərlik etdiyi 335 şagirdi və 59 nəfər
pedaqoji işçisi olan bu təhsil ocağı da dövlətin
peşə təhsilinin inkişaf etdirilməsi sahəsindəki
tapşırıqlarına var gücü ilə əməl etməyə
çalışır.Liseyin pedaqoji kollektivi
ənənələrinə sadiq qalaraq respublikamızın
sənaye, tikinti sahələri üçün ixtisaslı
kadrların hazırlanması işini davam etdirir.
Liseydə 5 peşə üzrə kadr hazırlanır.Təhsil
Nazirliyinin köməkliyi ilə lisey İnternetə
qoşulub və bütün hesabatlar, rəsmi sənədlər
İnternet vasitəsilə həyata keçirilir. Liseyə
istehsalat təcrübəsindən və büdcədənkənar
gəlirlər hesabına 5 ədəd kompüter alınıb
şagirdlərin istifadəsinə verilib.Tədris binası
və istehsalat emalatxanalarının dam örtükləri
təmir edilib və burada kanalizasiya xətlərinin
böyük bir hissəsi, pəncərə şüşələri yenisi ilə
əvəzlənib.
Xətai rayonunda yerləşən 3 nömrəli uşaq evindən
liseydə 8 nəfər şagirdin, həmçinin şəhid
ailələrindən olan uşaqların təhsil almalarına
lazımi şərait yaradılıb.
Bütün bunlarla bərabər, həm də liseydə oxuyan
şagirdlərin dünyagürüşünün genişləndirilməsinə,
fəal vətəndaşlıq mövqeyinə yiyələnmələrinə də
xüsusi fikir verilir və bu məqsədlərə xidmət
edən çoxlu sinifdənxaric tədbirlər - disputlar,
ədəbi-bədii gecələr, bilik yarışları, görkəmli
sənət adamları ilə görüşlər keçirilir, divar
qəzetləri buraxılır.Bütün ümumtəhsil və ixtisas
fənləri üzrə metodiki və əyani vəsaitlərlə
zəngin, müasir tələblərə cavab verən fənn
kabinetləri vardır. Liseydə işləyən müəllimlər
arasında qarşılıqlı səmimiyyət vardır ki, bu da
pedaqoji kollektivin yaxşı işləməsinə müsbət
təsir göstərir.
Pedaqoji kollektivin əsas məqsədi respublikada
yeni təhsil konsepsiyasının tələblərindən irəli
gələn vəzifələri, tədrisin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində "Azərbaycan
Respublikası Texniki Peşə Təhsilinin İnkişafı
üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"ndan
irəli gələn tələbləri uğurla həyata keçirməkdir.
İndi liseyin pedaqoji işçilərindən 2 müəllim və
3 istehsalat təlimi ustası kurikulumun, tədris
proqramları və modul sistemin hazırlanmasında
yaxından iştirak edir və metodiki şura
tərəfindən yeni tədris üsulu və proqramların
təkmilləşdirilməsi sahəsində aktiv işi - təmirçi
çilingər- qaynaqçı, qaynaq texnologiyası,
xarrat-dülgər, parket ustası, elektrotexnika
fənləri üzrə Təhsil Problemləri İnstitutunun
Peşə Təhsili şöbəsi tərəfindən bəyənilərək
yüksək qiymətləndirilib.Qazanılan uğurlara görə
liseyin direktoru Razim müəllim sevinir.
Pedaqoji kollektivin sevimlisi olan Razim
müəllim yaxşı müəssisə rəhbəri olmaqla bərabər,
həm də gözəl ailə başçısıdır.Onunla söhbətimiz
əsnasında məlum oldu ki, fevralın 28-də 55
yaşını qeyd etməyə hazırlaşır. Ad günündə ona
ünvanlanan çoxsaylı təbriklərə tələbə yoldaşı
kimi mən də qoşularaq Razim müəllimə həyatda ən
şirin nemət olan cansağlığı, şərəfli və
məsuliyyətli işində uğurlar arzulayıram.
Şakir CƏFƏROV |
|