Səlimov
Araz Bahadur oğlu
1960-cı il iyunun 1-də Xocalı şəhərində anadan
olub. Orta məktəbi də orada bitirərək sovet
ordusu sıralarında hərbi xidmətə çağırılıb. Araz
1980-ci ildə Çelyabinsk vilayətində hərbi
xidmətini başa çatdırıb ordudan tərxis olunaraq
Xocalıya qayıdıb. 1988-ci ildə doğma
Azərbaycanın başı üzərini qara buludlar alıb
qanlı hadisələr başlayan zaman o da Vətəni
müdafiə etmək üçün silaha sarılıb. 1990-cı ildə
könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna
yazılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə
məxsus olan və o dövrdə Dağlıq Qarabağın
Xankəndi şəhərində yerləşən 366-cı alayın
iştirakı ilə Xocalıya hücum edən zaman Araz da
son gülləsi qalana qədər vuruşub.
Erməni yaraqlıları yaralı halda olan Arazın
izinə düşərək onu vəhşicəsinə qətlə yetiriblər.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral
1997-ci il tarixli 553 nömrəli Fərmanı ilə
Səlimov Araz Bahadur oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn
olunub.
Səmədov
Pərviz Əbdüləhəd oğlu
1970-ci il mayın 5-də Gəncə şəhərində anadan
olub. 1985-ci ildə səkkizinci sinfi bitirərək,
təhsilini 15 nömrəli texniki peşə məktəbində
davam etdirib və avtomobil çilingəri peşəsinə
yiyələnıb. Pərviz 1988-ci ildə sovet ordusu
sıralarına hərbi xidmətə çağırılaraq iki il Çita
şəhərində xidmət edib. 1990-cı ildə əsgəri
xidmətini başa çatdıraraq doğma yurdu Gəncəyə
qayıdıb. O, 1992-ci ildə könüllü olaraq Ağdam
bölgəsinə gələrək, kəşfiyyat bölüyünün
komandiri kimi fəaliyyətə başlayıb. P.Səmədov
Şelli, Naxçıvanik, Aranzəmin, Pircamal
kəndlərinin müdafiəsi uğrunda erməni
işğalçılarına qarşı gedən ağır döyüş
əməliyyatlarının həyata keçirilməsində misilsiz
xidmətlər göstərib.
P.Səmədov 1992-ci il mayın 15-də Ağdamın Gülablı
kəndində işğalçı erməni yaraqlılarına qarşı
gedən qanlı döyüşlərdə qəhrəmanlıq nümayiş
etdirərək, döyüş yoldaşlarına yardım edib, özü
isə qəhrəmancasına həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun
1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə
Səmədov Pərviz Əbdüləhəd oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Gəncə şəhərində dəfn olunub. Gəncə şəhərində
adına küçə var.
Səfərov
Cəlil Əziz oğlu
1962-ci il yanvarın 28-də Gürcüstan
Respublikasının Marneuli rayonunun Lejbəddin
kəndində anadan olub. 1977-ci ildə Sumqayıt
şəhər 10 nömrəli orta məktəbin səkkizinci
sinfini bitirərək, C.Naxçıvanskı adına Hərbi
Liseyə qəbul olunub. Təhsilini başa çatdıraraq
Vladiqafqaz Hərbi Raket-Zenit Komandirləri
Məktəbinə daxil olub. 1984-cü ildə təhsilini
başa çatdırdıqdan sonra leytenant rütbəsi ilə
Qazaxıstanın Priozyorsk və Balxaş şəhərlərindəki
hərbi hissələrdə çalıçıb. Cəlil 8 ildən sonra
Vətənə qayıdaraq, Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin Operativ İdarəsində baş
zabit vəzifəsinə təyin edilib. Dağlıq Qarabağa,
Şuşa döyüş bölgələrinə hərbi əməliyyatlara
göndərilib.
C.Səfərov 1992-ci il mayın 15-də Şuşa şəhərinin
Turşsu-Zarıslı istiqamətində gedən ağır döyüşdə
iştirak edib və qəhrəmancasına həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun
1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə
Səfərov Cəlil Əziz oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Sumqayıt şəhərindəki 10 nömrəli orta məktəb onun
adını daşıyır. Gürcüstan Respublikasının
Marneuli rayonunun Lejbəddin kəndində abidəsi
ucaldılıb.
Səfərov
Sərdar Mədəd oğlu
1960-cı il avqustun 12-də Kəlbəcər rayonunda
anadan olub. 1977-ci ildə orta təhsilini başa
çatdırıb. 1979-1981-ci illərdə ordu sıralarında
xidmət edib. Sərdar 1982-ci ildə Bakı Avtomobil
Zavodunda işə düzəlib. Sonra 3 il Qusar Rayon
Daxili İşlər Şöbəsinin mühafizə bölməsində milis
nəfəri kimi fəaliyyət göstərib. 1991-ci ildə isə
həmin rayonun Daxili İşlər Şöbəsində sahə
müvəkkili kimi xidmətini davam etdirib. O, hər
bir əməliyyatın yerinə yetirilməsində xüsusi
fəallıq göstərib. 1991-ci ildə Əskəran rayonu
ərazisində baş vermiş hadisə yerinə göndərilən
istintaq qrupunun tərkibində olan Sərdar geri
qayıdarkən "Ağa körpüsü"ndə erməni
yaraqlılarının təcavüzünə məruz qalıb.
S.Səfərov elə bu hadisə zamanı yoldaşlarını
xilas edərkən qəhrəmancasına həlak olub.
Ailəli idi. Ölümündən 3 ay sonra bir övladı
dünyaya gəlib.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə
Səfərov Sərdar Mədəd oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Kəlbəcər rayonunda dəfn olunub. Kəlbəcər
şəhərində adına küçə var.
Senyuşkin
Sergey Aleksandroviç
1957-ci il sentyabrın 15-də Samara vilayətinin
Sızran şəhərində anadan olub. 1974-cü ildə
Sızran şəhər 21 nömrəli orta məktəbi bitirdikdən
sonra Sızran Politexnik İnstitutuna daxil olub.
Sergey 1975-ci ildə təhsilini Ali Hərbi
Təyyarəçilər Məktəbində davam etdirib, 1979- cu
ildə məktəbi bitirərək Belorusiya Hərbi
Dairəsinə göndərilib. 1989-cu ildə Zaqafqaziya
Hərbi Dairəsindəki hərbi hissələrdən birinə
komandir müavini təyin edilib. 1992-ci ildən
xidmətini Azərbaycanda davam etdirən S.
Senyuşkin 843 nömrəli hərbi hissənin təlim məşq
mərkəzinin təyyarəçi- təlimatçısı vəzifəsinə
təyin edilib. Qarabağda erməni işğalçılarına
qarşı aparılan döyüş əməliyyatlarında fəal
iştirak edib. Erməni yaraqlıları tərəfindən
ev-eşiyindən didərgin salınmış insanların
təhlükəsiz yerlərə daşınmasında müstəsna
xidmətləri olub.
S.Senyuşkin 1992-ci il fevralın 29-da
qəhrəmancasına həlak olub.
Evli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 14
sentyabr 1992-ci il tarixli 204 nömrəli Fərmanı
ilə Senyuşkin Sergey Aleksandroviç ölümündən
sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Samara vilayətinin Sızran şəhərində dəfn olunub.
Bakının Xətai rayonunda adına küçə var.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ |