Fevralın 24-də Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
"Xocalı soyqırımı - tarix unudulmur" mövzusunda
elmi-praktik konfrans keçirildi.
Tədbir
Azərbaycan Respublikasının Dövlət himninin
səslənməsi ilə başladı. Sonra Xocalı faciəsi
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
olundu.
BPKİYİ-nin rektoru, professor Asəf Zamanov giriş
sözündə Xocalının işğal edilməsi ilə bağlı
tarixi faktları xatırlatdı. Qeyd olundu ki,
Xocalı çox strateji əhəmiyyətə malik yaşayış
məskəni idi. Dağlıq Qarabağda yeganə aeroport
məhz burada yerləşirdi. Ermənilər üçün
Azərbaycanla əlaqəni kəsmək və istənilən
silah-sursatı gətirmək məqsədilə Xocalını işğal
etmək çox vacib idi.
Bu proses ona gətirdi ki, 1992-ci il fevralın
25-dən 26-na keçən gecə erməni yaraqlıları
Xankəndində yerləşən 366-cı alayın köməyi ilə
Xocalıya hücum etdilər. Öz hökumətindən kömək
görməyən silahsız Xocalı sakinləri vəhşicəsinə
öldürüldü, şikəst edildi, əsir götürüldü.
Beləliklə, XX əsrin ən dəhşətli faciəsi baş
verdi.
O
dövrdə hakimiyyətdə olanların xalqımızın başına
gətirilən müsibətlərə çox laqeyd münasibət
bəslədiyini təəssüf hissi ilə xatırladan Asəf
Zamanov bildirdi ki, ümummilli liderimiz Heydər
Əliyev ölkəyə rəhbərlik etməyə başladıqdan sonra
Xocalı faciəsinə siyasi qiymət verilməsinə nail
oldu. Bu faciənin dünya ictimaiyyəti tərəfindən
soyqırımı kimi tanınması üçün bir sıra mühüm
addımlar atıldı və hazırda ölkə başçısı,
Prezident İlham Əliyev həmin siyasəti uğurla
davam etdirir.
Sonra məruzələr dinlənildi. Azərbaycan Milli
Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi
Muzeyinin böyük elmi işçisi Nardanə Yusifova
"Tarixin Xocalı imzası" və Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
kafedrasının dosenti Şəmil Sadıqov "Milli mənəvi
dəyərlərimiz və gənclik" mövzusunda məruzələrlə
çıxış etdilər.
BPKİYİ-nin rektoru Asəf Zamanov məlumat verdi
ki, təhsil nazirinin "Xocalı soyqırımının on
doqquzuncu ildönümünün təhsil müəssisələrində
qeyd olunması haqqında" əmrinə müvafiq olaraq
Binəqədi rayonunda fəaliyyət göstərən ümumtəhsil
məktəblərinin yuxarı sinif şagirdləri arasında
"Müharibə uşaqların gözü ilə" mövzusunda inşa
yazı müsabiqəsi keçirilmiş və işlər BPKİYİ-nin
Azərbaycan dili və ədəbiyyatı kafedrasının
müəllimlərindən ibarət münsiflər heyəti
tərəfindən yoxlanılaraq qiymətləndirilmişdir.
Qeyd edək ki, müsabiqədə 45 şagird iştirak
etmiş, münsiflər heyəti 8 inşanı fərqləndirmiş
və ilk 3 yerin qalibini müəyyənləşdirmişdir.
Qaliblərin adlarını açıqlayan professor Asəf
Zamanov onlara hədiyyələr təqdim etdi və
gələcəkdə dərslərində daha böyük nailiyyətlər
qazanmağı arzuladı.
Sonra Bakıdakı 309 nömrəli məktəbin
şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya
təqdim olundu. Məktəblilər Xocalı faciəsi ilə
bağlı statistik məlumatları tədbir
iştirakçılarının diqqətinə çatdırdılar,
vətənpərvərlik mövzusunda şeir və mahnılar
səsləndirdilər.
Sonda dinlənilən məruzələrlə bağlı çıxışlar
oldu.
Hicran ƏKBƏROVA |