XX
əsrdə xalqımızın başına gələn bəlaları,
müsibətləri, məşəqqətləri, faciələri saymaqla
qurtaran deyil. Azərbaycan xalqına qarşı elan
olunmamış amansız və ədalətsiz müharibədən 22 il
keçməsinə baxmayaraq, hələ də müharibə
şəraitində, səksəkədə yaşayırıq. 19 il əvvəl
erməni silahlı qüvvələri Rusiyanın Xankəndində
yerləşən 366-cı motoatıcı alayı ilə birləşərək
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə
Xocalı şəhərini yerlə yeksan etdilər. Erməni
quldurlarına havadarlıq edən rus zabitləri
dünyanın cılız, oğru, vandal, insanlıq simasını
itirmiş ermənilərlə birləşərək azərbaycanlıları
xüsusi amansızlıqla qətlə yetirdilər.
Həmin müdhiş gecədə Xocalıda baş verən qanlı
cinayət belədir: 613 nəfər, o cümlədən 106 nəfər
qadın, 63 nəfər azyaşlı uşaq, 70 nəfər ahıl
insan öldürüldü. 1000 nəfərə yaxın adam vəhşi
aksiyanın qurbanı oldu. 487 nəfər əlil, 8
ailənin kökü kəsildi. 25 nəfər uşaq hər iki
valideynini, 130 nəfər uşaq valideynlərindən
birini itirdi. 1275 nəfər girov götürüldü, 150
nəfər itkin düşdü, 56 nəfər diri-diri
yandırıldı, nə qədər günahsız, dinc əhalinin
üzünün, başının dərisi soyuldu, başlarını kəsib,
doğrayıb tonqalda yandırdılar. Erməni vandalları
körpə uşaqların gözlərini çıxarır, hamilə
qadınların qarınlarını yırtır, ana bətnində
formalaşmaqda olan uşağı çıxarıb süngüyə taxır,
ananın yırtılmış qarnına ərinin kəsilmiş başını
dürtüb tikiblər.
Erməni quldur dəstələrinə yardımçı olan 366-cı
motoatıcı alayın komandiri Y.Zarviqarov, erməni
separatçılarına həvəslə silah-sursat verən
general-polkovnik Qromov, general-leytenant
Qrekov və polkovnik Qraule döyüşdə xüsusi
fərqləniblər.
Günahsız azərbaycanlıları güllələyənlər arasında
Baylukov, birinci batalyonun komandiri polkovnik
İ.Moiseyev, ikinci batalyonun komandiri mayor
Navokix, rota komandiri baş leytenant
O.Mirzoxalzarov, tank rotasının komandiri
V.Qarmaş və başqaları dinc əhalini meydana yığıb
güllələyərək ağır cinayət törətmişlər. Hələ
bunlar azmış kimi xüsusi tapşırılmışdır ki,
Telavidə uçuş kursunu bitirmiş erməni pilotlara
Mi-24 R markalı yeni vertolyotlar verilsin.
Həmin pilotlar muzdla tutulmuş Suriya və Livan
erməniləri idi. Onların kimlərdən ibarət
olduqlarına diqqət yetirək:
17 nömrəli vertolyot, pilotu İrəvandan olan
hərbi qulluqçu Ararat Saracyan
29 nömrəli vertolyot, pilotu Livan vətəndaşı
Zahid-əl-Məhəmməd
39 nömrəli vertolyot, pilotu Livan ermənisi Romb
Qalakçiyan
40 nömrəli vertolyot, pilotu suriyalı erməni
Razdan Minoyan
45 nömrəli vertolyot, pilotu İrəvan polis
əməkdaşı Suren Pirimyan
Həmin
vertolyotlar 1992-ci il 22 fevralda Xankəndinə
uçuş edərək 366-cı motoatıcı alayın tərkibinə
qatıldılar. Onlar 1992-ci il fevral ayının 26-da
saat 1600-dan 2400-dək Xocalını bombalamaq üçün
89 ədəd raket buraxmışdılar. Fevralın 26-da
Zahid-əl-Məhəmməd və Suren Pirimyan döyüşdə
fəallıq göstərdiklərinə görə "Qızıl Xaç" ordeni
ilə təltif olundular. Həmin vaxt Fransadan
gəlmiş operatorlar Jül Barilyan və Şerik Staryan
azərbaycanlılara qarşı törədilən ağlasığmaz
vəhşilikləri, güllələnmiş xocalıların
meyitlərini 02-19 MM nömrə nişanlı "KAMaz"
avtomaşınında gətirib qaladıqları tonqallarda
yandırma səhnəsini görsələr də, çox
soyuqqanlıqla lentə aldılar. Ona görə ki,
onların qanında, canında azərbaycanlılara qarşı
ölçüyəgəlməz dərəcədə kin-küdurət var.
Deyirəm nə yaxşı ki, o qanlı faciəni xalqımızın
qeyrətli oğlu Çingiz Mustafayev lentə ala
bilmişdir. Yoxsa biz Xocalı soyqırımı barədə
dünyaya, beynəlxalq təşkilatlara Azərbaycan
həqiqətlərini çatdırmaqda çətinlik çəkərdik.
Yaxşı ki, kamera qulaqları kəsilmiş, gözləri
çıxarılmış uşaqları, baş dərisi soyulmuş
kişiləri, qarınları yırtılmış qadınları, bütün
cəsədlərdə əzab-əziyyətli işgəncələri lentə ala
bilmişdi.
Canilərin canisi Zori Balayan 1935-ci ildə
Xankəndində anadan olub, orada boya-başa çatıb,
Azərbaycanın suyunu içib, havasını udub.
İxtisasca həkimdir. Lakin o öz sənətinin ardınca
gedib müalicə etmək, şəfa verməkdən vaz keçib.
Uzun müddət "Komsomolskaya pravda" qəzetində
müxbir işləməklə Azərbaycan xalqına qarşı böhtan
xarakterli yazılar yazmaqla məşğul olub.
Millətlərarası
ədavət yaradan bu cani bir-birinin ardınca
azərbaycanlıların heysiyyatına toxunan əsərlər
çap elətdirirdi. 1984-cü ildə "Sovetakan qroğ"
nəşriyyatında 20 min tirajla buraxılan "Ocaq"
kitabı, 1986-cı ildə çapdan çıxan "Yolda"
povesti və nəhayət, 1996-cı ildə "Ruhumuzun
canlanması" kitabı işıq üzü gördü. Sonuncu
kitabı azərbaycanlıların tökülən nahaq qanı ilə
yazılıb. Gərək o qədər vəhşi, insanlıq simasını
itirəsən, qəlbi daş olasan ki, öz yırtıcılığını,
caniliyini yazasan. O vəhşi yazır: "Mən uşaqlıq
dostum Xaçaturla Xocalı şəhərində bir türk evinə
girdik. Bizim əsgərlər tərəfindən qollarından
pəncərə çərçivəsinə mıxlanmış 13 yaşlı bir türk
uşağını gördük. O, qışqırırdı. Onun zəhlətökən
səsini eşitməmək üçün Xaçatur yeniyetmənin
anasının kəsilmiş döşünü onun ağzına dürtdü. Mən
də həmin türkün başının, qarnının və sinəsinin
dərisini soydum. Sonra saata baxdım. 7 dəqiqədən
sonra türk balası çoxlu qan itirməsi nəticəsində
öldü. Mən həkim olduğum üçün bu hərəkətimə bir o
qədər də sevinmədim. Məni sevindirən o idi ki,
mən xalqımın qisasını aldım. Sonra Xaçatur
yeniyetmənin cəsədini balta ilə parçalayıb
itlərə atdı. Axşam çağı daha üç türk
yeniyetməsini bu yolla qətlə yetirdik. Mən
bununla da erməni xalqını sevən bir adam kimi öz
borcumu yerinə yetirdim. Sonra dostum Suren
dedi: "Biz yırtıcı deyilik, ona görə də
ürəyimizi buz kimi saxlamalıyıq. Türk
cəlladlarının qətlə yetirdikləri ermənilərin
ruhları az da olsa sakitləşəcək".
Düzdür, 366-cı motoatıcı alay Rusiyaya
qaytarıldı, lakin alayın azərbaycanlıların
qanını axıdan zabitlərindən biri də törətdikləri
cinayətə görə cəzalanmadı. Livandan, Suriyadan,
Beyrutdan gələn muzdlu əsgərlərdən biri, Livan
ermənisi Daud Xeyriyanın 2000-ci ildə işıq üzü
görən "Xaç naminə" kitabından: "Biz şaxtalı qış
günündə erməni işğalında olan ərazidəki Daşbulaq
yaxınlığından 1 km bataqlığı keçmək üçün
meyitlərdən körpü salmalı olduq. Mənim
meyitlərin üstündən keçib getmədiyimi görən
polkovnik Ohanyan mənə bildirdi ki, qorxmaq
lazım deyil, bu, müharibənin qanunudur. Mən qana
bulaşmış meyitlərin üstündən keçib getdim".
Daud Xeyriyan yazır: "Martın 2-də "Qaflan"
erməni qrupu 200-dən artıq azərbaycanlı meyitini
yığıb Xocalıdan təxminən 1 km aralı olan
qəbiristanda yandırırdı. Axırıncı maşında mən
alnından və qolundan yaralanmış 10 yaşlı bir qız
uşağı gördüm. Sifəti göyərmiş bu uşaq aclığa,
soyuğa, yaralarına baxmayaraq hələ də sağ idi.
O, sakitcə nəfəs alırdı. Ölümlə çarpışan bu
uşağın baxışlarını unuda bilmirəm və heç vaxt
unutmayacağam. Bir qədər sonra Tiqran adlı əsgər
qızın saçlarından tutub alovlanmaqda olan meyit
tonqalına atdı. Mənə elə gəlirdi ki, yanan
meyitlərin arasında kim isə qışqırır, köməyə
çağırırdı. Bu vəhşiliyi gördükdən sonra mən daha
yeriyə bilmədim".
Mayor Leonid Kravetsin Xocalı barədə
dediklərindən:
-"26 fevralda mən yaralıları daşıyırdım. Mən
özüm 200-ə qədər öldürülmüş və səpələnmiş
adamları gördüm. Sonra uçduq, ölüləri götürmək
istədik. Bizim ilə bir yerli kapitan da var idi,
adı yadımdan çıxıb. O, ölülər arasında özünün 4
yaşlı oğlunu tapdı. Onun kəllə beyni dağılmışdı.
Kapitan ağlını itirdi. Götürə bilmədiyimiz başqa
uşağın başı kəsilmişdi. Biz hər yerdə
vəhşicəsinə təhqir olunmuş qadın, uşaq, qoca
meyitləri gördük".
1992-ci ildə əsir düşmüş Xanım arvadın
dediklərindən: "Bizi, kəndin arvad-uşağını,
cavanını, ahılını bir yerə topladılar. Dinəni
güllələdilər. Gəlinim Mələk on gün idi zahı
yatmışdı. Ongünlük çağa mənim qucağımda idi
(Lamiyənin indi 18 yaşı var). Yaş yarım olan
uşağı Mələk dalına şəlləmişdi. Bu heyndə
dığalardan biri əlində avtomat tüfənglə Mələyə
yaxınlaşdı: "İndi sən mənimsən" dedi! Mələk bir
yerə baxdı, bir göyə baxdı, südəmər körpəsini
açıb bağrına basdı, yön çevirdi dərgaha. "Sən ey
gözəgörünməz, özün kömək et mənə, özün saxla, ya
Rəbim döşümdəki körpəni. Qurda-quşa yem eylə,
vəhşilər yesin məni. Belə başkəsənlərin əlində
qalmayım mən, ləyaqəti alçalan bir qadın olmayım
mən". Yaxınlaşıb lomba ilə tüpürdü dığanın
üzünə. Vəhşiləşmiş dığa bir daraq gülləni
boşaltdı ana-balanın bədəninə...
Ruslar ermənilərə qoşulub adamları seçirdilər.
Cavan oğlanları, qızları maşınlara doldurub
harasa aparırdılar".
Günahsız insan karvanı qərbə doğru gedirdi,
Gedənlərin canında min bir ağrı gedirdi.
Südəmər uşaqları qarılar aparırdı,
Cavanları qırmağa "sarılar" aparırdı.
Qubadlı rayonunun Qaraağaclı kəndindən əsir
düşmüş Şamil müəllimin dediklərindən: "Bizi bir
damda suyun içində saxlayırdılar. Tikanlı
məftillərlə dövrələnmiş hasarın içində
gəzişirdik. Burada məftillərdən kəsilmiş qulaq,
burun, dil və insanın başqa əzaları asılmışdı.
Bir üstü açıq maşın gəldi. Sürücü və iki dığa
bizə dedilər: "Sizə xaş gətirmişik, gəlin
götürün". Dörd qulplu mis qazanı maşından
endirdik. "Qazanın ağzını açın", əmrini
verdilər. Qazanın ağzı açılanda kəsilmiş insan
başlarını gördük. Burda bizi bir-birimizin
üstünə salıb it kimi boğuşdururlar. Kəlpətinlə
qızıl dişləri çıxarır, çənə sümüklərini, sağlam
dişləri sındırırlar. Qızarmış dəmirlə sinələrə
xaç şəkilli damğa vururlar. Bizimlə olan Zaur
Gülməmmədovun, Arzu İbrahimovun, Mail
Məmmədlinin bədənini siqaretlə yanıq-yanıq
ediblər".
"Xocalı qırğını" barədə xarici jurnalistlərin
yazılarından:
Fransa jurnalisti Jan-İv Yunet: " Biz Xocalı
faciəsinin şahidləriyik. Qətlə yetirilmiş
yüzlərlə dinc əhalinin - qadınların, uşaqların,
qocaların və Xocalını müdafiəyə qalxanların
cəsədlərinin səpələndiyi yerləri görmüşük. Mən
müharibə və alman faşistlərinin vəhşilikləri
barədə çox eşitmişəm, bütün bunlar ermənilərin
törətdiyi vəhşiliklərlə müqayisədə heç nədir.
Onlar 5-6 yaşlı uşaqları da güllələyir və
tonqalda yandırırdılar".
"İzvestiya" qəzetinin müxbiri Belıx gördüklərini
belə qələmə almışdı: "Ermənilər öldürdükləri
adamların gözlərini çıxarmış, qulaqlarını
kəsmiş, baş dərilərini soymuşdular. Bəzi
meyitlərin boyunlarını da vurmuşdular. Bir neçə
meyiti toplayaraq bronetransportyorun dalınca
sürükləyirdilər".
"Sandi Tayms"da dərc olunan məqalədə yazılmışdı
ki, "ermənilər şəhərdən baş götürüb qaçan
ailələrə də aman vermir, onları avtomatlardan və
pulemyotlardan açılan atəşlə kütləvi şəkildə
qırırdılar".
Parisdə çıxan "Valer aktyuel" jurnalının 14 mart
1992-ci il tarixli nömrəsində yazılmışdı: " Bu
muxtar regionda erməni hərbi birləşmələrinin və
onlara Yaxın Şərq ölkələrindən köməyə gəlmiş
erməni hərbçilərinin müasir hərbi texnikası, o
cümlədən "ASALA" vertolyotları, Suriya və
Livanda hərbi düşərgələri, silah anbarları var
idi. Ermənilər Qarabağın yüzdən artıq müsəlman
kəndində dinc azərbaycanlı əhalini amansızlıqla
qırırdılar".
"Faynenşl tayms" qəzeti 14 may 1992-ci ildə
yazmışdı: "General Pyankovun dediyinə görə,
366-cı batalyonun 103 erməni hərbi qulluqçusu
vuruşmaq üçün Dağlıq Qarabağda qalmışdır".
"Moskovski komsomolets" belə bir xəbər yaymışdı:
"Xocalıda ancaq ölülər qalmışdır". Həmin qəzetin
müxbiri V.İvleva yazmışdı: "Hücum başlayanda mən
hərbi dəstənin ikinci eşelonunda irəliləyirdim.
Xocalıya yaxınlaşanda buluda oxşar nəyinsə bizə
tərəf gəldiyini gördüm. Bu, yarıçılpaq, çılğın
adamlardan ibarət izdiham idi. Ən arxada qarın
üstü ilə güclə yeriyən ayaqyalın bir qadın üç
uşağını arxasınca bir təhər sürükləyirdi. Ən
kiçik uşaq ikigünlük idi. Bu adamlar canlarını
qurtarmaq üçün dağlara və meşələrə çəkilmək
istəyirdilər. Amma yolda erməni silahlıları
onları amansızlıqla güllələyirdilər. Erməni
quldurlardan yaxa qurtaranlar isə soyuqdan və
şaxtadan qırılırdılar".
Qarabağın ən qədim məskənlərindən biri olan
Xocalıda törədilən erməni cinayətkarlığı dünya
tarixində vəhşilik baxımından analoqu çox az
olan ən dəhşətli genosid idi. Xocalı faciəsi XX
əsrdə xüsusi qəddarlıqla törədilmiş Xatın,
Xirosima fəlakətləri ilə bir sırada durur.
Əvəz Mahmud Lələdağ |