Azərbaycan
Gənclər İttifaqı 2003-cü ildən ölkədə Norveç
Təbiəti Mühafizə Cəmiyyətinin keçirdiyi
Resurslardan və Enerjidən İstifadə üzrə Məktəbli
Layihəsinə qoşulub. Layihədə Şərqi Avropanın və
keçmiş Sovetlər İttifaqının 19 ölkəsi iştirak
edir.
Layihənin əsas
məqsədi məktəblilərdə enerjiyə qənaətin, təbii
resurslardan səmərəli istifadənin zəruriliyini
aşılamaq, onları əməli fəaliyyətə sövq etməkdir.
Sözügedən proqramın tərkib hissəsi olun "Enerji
probleminin sadə həlli" layihəsi çərçivəsində
məktəblərdə enerji effektivliyinin təmin
olunması məqsədi ilə sinif otaqlarının pəncərə
və qapılarının, dam örtüyünün izolyasiyası və
digər fəaliyyətlər həyata keçirilir.
2010-2011-ci tədris ilində layihəyə Ucar
rayonundan Qəzyan kənd 2 nömrəli məktəbi,
İsmayıllı rayonundan isə Ruşan kənd məktəbi
seçilmişdir. Qeyd edək ki, layihənin həyata
keçirilməsində yerli icmanın da dəstəyindən
istifadə olunur.
Layihə ilkin
olaraq İsmayıllı rayonu Ruşan kənd ümumtəhsil
məktəbində başlamışdır. İlk növbədə məktəbdə
enerji effektivliyinin necə təmin olunmasını
öyrənmək məqsədi ilə monitorinq aparılmış və
görüləcək işlər planlaşdırılmışdır. Məlumat üçün
deyək ki, 170 şagirdi olan bu məktəb dağlıq
ərazidə yerləşdiyindən qış aylarında havanın
temperaturu - 20 dərəcəyə çatır.
Məktəb
binasının 2003-cü ildə inşa edilməsinə
baxmayaraq, onun isidilməsində xeyli qüsurlar
vardır. Bu səbəbdən də sinif otaqlarının
isidilməsi böyük problemə çevrilmişdir. Qeyd
edək ki, sinif otaqlarının isidilməsində odundan
istifadə olunur. Dam örtüyünün izolyasiya
edilməməsi, sinif qapılarının yararsız vəziyyəti
məktəbin isidilməsi işinin səmərəsini aşağı
salırdı. Sobaların boruları dam örtüyündən çölə
çıxarılmayaraq, çardaqda saxlanılmışdı. Daha
doğrusu, bacaların olmaması tüstünün lazımi
dərəcədə sovrulmasını təmin etmir və zəif
küləkli günlərdə belə tüstü sinif otaqlarını
bürüyürdü. Belə hallarda siniflərin isidilməsi
dayandırılır, otaqların havasını təmizləmək üçün
qapı-pəncərələr açılırdı. Beləliklə, çətinliklə
əldə edilmiş istilik itirilirdi. Otaqlarda
havanın temperaturu 8-10 dərəcəyə düşürdü.
Yerli icmanın
dəstəyi ilə Ruşan kənd məktəbində aparılan
işlərin nəticəsi olaraq sinif otaqlarının
qapıları dəyişdirildi, dam izolyasiya edildi,
sobaların boruları üçün bacalar tikildi. İndi
otaqların havası həm isti, həm də təmizdir.
Bundan başqa, məktəbin işıqlandırılma sistemi
yenidən qurulub. Əvvəl elektrik naqilləri
çardaqdan keçirdi, bu isə yanğın baş verməsi
baxımından çox təhlükəli idi. Elektrik naqilləri
yeniləndi və çardaqdan çıxarıldı. Eyni zamanda
məktəbdəki közərmə lampaları qənaətcil
lampalarla əvəz olundu.
Enerjidən
səmərəli istifadə işi bununla bitmədi. Qapılar
dəyişdirildikdən, dam izolyasiya edildikdən
sonra məktəbdə pəncərələrin isidilməsi üzrə
praktiki məşğələ keçirildi. Yuxarı sinif
şagirdləri məşğələyə böyük maraq göstərdilər və
sinif otaqlarında pəncərələrin izolyasiya
edilməsi prosesində yaxından iştirak etdilər.
Beləliklə, məktəblilər sadə yolla enerjiyə
qənaət etməyi öyrəndilər.
Məşğələ günü
bayırda 4 dərəcə, siniflərdə isə 14 dərəcə
istilik var idi. Bu, məktəbdə aparılan işin və
enerjidən səmərəli istifadənin nəticəsi idi. |