Təltif olunanlar arasında qəzetimizin və əməkdaşımızın
adları da var
Azərbaycan
Dillər Universitetinin İnformasiya-Resurs
Kompleksində İctimaiyyətlə əlaqələr və mətbuat
xidmətinin 2 illiyi ilə bağlı tədbir keçirildi.
Tədbirdə əvvəlcə mətbuat xidmətinin fəaliyyətini
özündə əks etdirən videoslayd nümayiş olundu.
ADU-nun
rektoru, professor Səməd Seyidov tədbirə dəvət
edilən qonaqları salamlayaraq mətbuat xidmətinin
yaranmasından 2 il ötdüyünə baxmayaraq, bu qısa
müddət ərzində böyük işlər gördüyünü nəzərə
çatdırdı. Azərbaycan Respublikası Prezidentinin
2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına
layiq görüldüyünü xatırladan rektor S.Seyidov
bunun bütün dövlət müəssisəsi rəhbərlərinin
media ilə sıx təmasda olmaları üçün gözəl şərait
yaratdığını bildirdi. İstənilən ali məktəbin
mətbuat xidmətinin olmasını həyati məsələ kimi
xarakterizə edən rektor universitetin
ictimaiyyət üçün, cəmiyyət üçün açıq olmasının
vacibliyindən danışdı. Mətbuat xidmətinin
fəaliyyətindən danışan ADU-nun rektoru bu
qurumun rəhbəri Zeynab Kazımovanın da əməyini
yüksək qiymətləndirdi. Rəhbərlik etdiyi ali
təhsil müəssisəsində aparılan islahatlara da
toxunan S.Seyidov universitetdə baş verən
proseslərin ictimaiyyətə obyektiv formada təqdim
edilməsində mətbuat xidmətinin böyük əməyini
qeyd etdi. Sonda rektor fəaliyyətə başlamasının
2 illiyi münasibətilə mətbuat xidmətinin
əməkdaşlarını təbrik etdi və fəaliyyətlərində
onlara uğurlar arzuladı.
ADU-nun
İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin
rəhbəri Zeynab Kazımova iki il ərzində bu
qurumun kifayət qədər tanındığını və KİV ilə
səmərəli əməkdaşlıq etdiyini qonaqların
diqqətinə çatdırdı. Yarandığı gündən indiyə
qədər rəhbərlik etdiyi şöbənin fəaliyyətindən
geniş bəhs edən Z.Kazımova ADU-nun mətbuat
xidmətinin aktiv fəaliyyət göstərməsində
universitet rəhbərliyinin dəstəyindən danışdı.
Mətbuat
xidmətini təbrik edən Azərbaycan Demokratik
İslahatlar Partiyasının sədri, millət vəkili
Asim Mollazadə bildirdi ki, söz azadlığı olmayan
dövlət demokratik sayıla bilməz. Tələbələrin
istər universitet qəzetində, istərsə də sosial
şəbəkələrdə aktiv fəaliyyət göstərdiyini
bildirən A.Mollazadə bunu ADU-da olan söz
azadlığı ilə əlaqələndirdi.
Millət vəkili
Sahib Alıyev ADU-nun belə aktiv mətbuat
xidmətinin olması ilə fəxr etdiyini söylədi.
Azərbaycan
Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da
ADU-nun məzunu olmasından qürur hissi
keçirdiyini, illər keçdikcə universitetin
simasının müsbət məcrada dəyişməsindən
sevindiyini dilə gətirdi. O, ADU-nun mətbuat
xidmətinin fəaliyyətini yüksək dəyərləndirdi.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid
mətbuat xidmətinin gördüyü işlərin bilavasitə
şahidi olduğunu vurğuladı. Mətbuat xidmətinin
tələbələr arasında keçirdiyi inşa yazı
müsabiqəsində münsiflər heyətinin sədri olduğunu
xatırladan baş redaktor tələbələrin ana
dilimizin saflığı uğrunda çalışacaqlarına əmin
olduğunu bildirdi. ADU kollektivini təbrik edən
R.Məcid Azərbaycan Yazıçılar Birliyinin üzvlük
vəsiqəsini rektor Səməd Seyidova təqdim etdi.
Milli Məclisin
Mətbuat xidmətinin rəhbəri Akif Nəsirov mətbuat
xidmətinin 1 illiyini qeyd etdiklərini gözəl
xatırladığını dedi. Sonrakı bir il ərzində də
xeyli işlərin görüldüyünü qeyd edən A. Nəsirov
qarşıdakı illərdə də ADU-nun mətbuat xidməti ilə
əməkdaşlığından məmnun olacağını bildirdi və
universitet kollektivinə uğurlar arzuladı.
Təhsil
Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin
müdiri Bayram Hüseynzadə öncə təhsil naziri
Misir Mərdanovun təbriklərini tədbir
iştirakçılarının diqqətinə çatdırdı. Görülən
işlərin ictimaiyyətə çatdırmağın prioritet
məsələ olduğunu bildirən nazirliyin şöbə müdiri
bu məsələdə ADU-nun mətbuat xidmətinin öz yeri
və rolu olduğunu qeyd etdi.
Sonra ADU ilə
sıx əməkdaşlıq edən, universitet haqqında
məlumat və xəbərləri operativ olaraq
ictimaiyyətə çatdıran yazılı və elektron KİV
nümayəndələri, eləcə də universitetin nəşri olan
"Poliqlot" qəzeti ilə əməkdaşlıq edən ADU
əməkdaşları və tələbələri müxtəlif hədiyyələr və
sertifikatlarla mükafatlandırıldılar.
Yeri
gəlmişkən, qeyd edək ki, mükafat alanlar
arasında qəzetimizin və redaksiyamızın bir
əməkdaşının da adları vardır. Azərbaycan Dillər
Universitetinin fəaliyyətini, həyata keçirilən
islahatların mütəmadi olaraq işıqlandırılmasına
və universitet ilə davamlı əməkdaşlığa görə
"Azərbaycan müəllimi" qəzeti "ADU-nun
fəaliyyətini ən yaxşı işıqlandıran qəzet"
nominasiyası üzrə təltif olunmuş, qəzetimizin
baş redaktoru Bayram Hüseynzadəyə müvafiq
sertifikat təqdim edilmişdir. Qəzetimizin
əməkdaşı Şakir Cəfərov isə "ADU-nun fəaliyyətini
ən yaxşı işıqlandıran müxbir" nominasiyası üzrə
mükafatlandırılmış və ona ADU-nun sertifikatı
verilmişdir.
Bundan başqa,
İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin
tələbələr arasında keçirdiyi inşa yazı
müsabiqəsinin iştirakçılarına da mükafatlar
verildi.
Şakir CƏFƏROV |