Təhsil
naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq
Estoniya ilə əlaqələrin hələ keçmiş Sovetlər
Birliyi dönəmində mövcudluğunu və bu əlaqələrdə
təhsil sahəsinin də xüsusi yeri olduğunu qeyd
edib.
Nazir ötən il Azərbaycanın Estoniya
Respublikasında yeni səfirliyinin açılmasının
iki ölkə arasında təhsil sahəsində də səmərəli
əməkdaşlığın qurulmasına əlverişli imkan
yaradacağını diqqətə çatdırıb. Təhsil naziri,
eyni zamanda Azərbaycanla Estoniyanın Təhsil
nazirlikləri arasında ötən il imzalanmış
əməkdaşlıq haqqında sazişin bu istiqamətdə
ikitərəfli əlaqələr üçün hüquqi baxımdan geniş
imkanlar açdığını vurğulayıb. Mövcud
əməkdaşlığın daha da inkişaf etdirilməsinin
məqsədəuyğunluğundan söz açan nazir, istər
universitetlərarası, istərsə də alim və
tələbələrin mübadiləsinin qarşılıqlı
münasibətlərin inkişafına xüsusi töhfə
verəcəyinə əminliyini ifadə edib.
Sonra Misir
Mərdanov "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində azərbaycanlı gənclərin
Estoniyanın ali təhsil müəssisələrində təhsil
alması məsələsinə toxunub və bu məqsədlə qeyd
olunan ölkənin seçilmiş universitetlərinin
müvafiq siyahıya əlavə edilməsi üzrə iş
aparıldığını qonağın diqqətinə çatdırıb. İki
ölkənin orta təhsil müəssisələri arasında
əlaqələrin qurulmasının müsbət əhəmiyyətindən
danışan təhsil naziri birgə olimpiada və
yarışların keçirilməsinin önəmli olduğunu
bildirib. Nazir, həmçinin alim və tələbələrin
qarşılıqlı səfərlərinin, birgə elmi simpozium və
konfransların təşkil olunması təklifini irəli
sürüb.
Təhsil naziri
Misir Mərdanov bu günlərdə Estoniyadakı uşaq
bağçalarının birində baş verən yanğın zamanı 10
nəfər uşağın həlak olması ilə əlaqədar səfirə
başsağlığı verib.
Səmimi qəbul
üçün təhsil naziri Misir Mərdanova
minnətdarlığını bildirən səfir Aivo Orav
Azərbaycanda Estoniya Respublikasının səfirliyi
olmadığından Bakıya tez-tez gələcəyini
vurğulayıb. Hələ sovet dövründə çoxlu sayda
azərbaycanlı gənclərin Estoniyanın
universitetlərində təhsil aldığını qeyd edən
səfir bu ənənənin davam etdirilməsinin
əhəmiyyətini nəzərə çatdırıb. Aivo Orav
Estoniyanın XVII əsrdə formalaşmış mükəmməl
universitet sisteminə malik olduğunu, hazırda bu
ali məktəblərin informasiya texnologiyaları,
mühəndislik, eləcə də tibb sahəsində kadr
hazırlığı baxımından zəngin təcrübə qazandığını
qeyd edib. Səfir, eyni zamanda Estoniyada
informasiya texnologiyalarının təhsildə tətbiqi
üzrə yüksək nəticələr əldə edildiyini nəzərə
çatdıraraq, bu sahədə əməkdaşlığın
məqsədəuyğunluğunu önə çəkib.
Səfir təhsil
nazirinin iki ölkə arasında əməkdaşlığın inkişaf
etdirilməsi istiqamətində irəli sürdüyü
təkliflərlə həmrəy olduğunu da açıqlayıb.
Qarşılıqlı
fikir mübadiləsi şəraitində keçən görüşdə səfirə
ölkəmizin təhsil sistemi, son dövrlərdə bu
sahədə aparılan islahatlar, Dünya Bankı ilə
birgə görülən işlər, ali təhsil müəssisələrinin
adambaşına maliyyələşdirmə sisteminə keçməsi və
digər bu kimi məsələlər barədə məlumat verilib. |