Fevralın
22-də təhsil naziri Misir Mərdanov Dünya
Bankının ölkəmizdə səfərdə olan missiyası ilə
görüşüb.
Qonaqları
səmimi salamlayan nazir Dünya Bankı ilə
əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata
keçirilən layihələrin uğurla davam etdiyini
bildirib. Birgə görülən işlərin yüksək səviyyədə
yerinə yetirilməsi üçün müvafiq mütəxəssislər
qrupunun formalaşdırıldığını qeyd edən Misir
Mərdanov Azərbaycan təhsilində baş verən
yeniliklər haqda beynəlxalq ekspertlərin də
müsbət fikirlər səsləndirdiyini nəzərə çatdırıb.
Təhsil naziri son illərdə təhsil sahəsində
həyata keçirilən islahatların nəticələrindən
bəhs edib və bu baxımdan Dünya Bankı ilə
əməkdaşlığın üstün cəhətlərinə toxunub. Nazir
Dünya Bankı ilə qarşılıqlı əlaqələr sayəsində
təhsilin bütün pillələrində müsbət irəliləyişə
nail olunduğunu və bir sıra istiqamətlər üzrə
nəzərdə tutulan layihələrin icrasının
intensivləşdirilməsinin zəruriliyini qeyd edib.
Azərbaycanda
təhsilin inkişafının dövlət siyasətinin
prioritet istiqamətlərdən biri olduğunu, ölkə
Prezidenti cənab İlham Əliyevin bu sahəyə daim
qayğı ilə yanaşdığını bildirən Misir Mərdanov
son illərdə 2000-dən çox yeni məktəb binasının
tikildiyini və əsaslı təmir edildiyini, tədris
ocaqlarının maddi-texniki təchizatının
nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını
vurğulayıb. Nazir təhsilin inkişafı ilə bağlı
dövlət başçısının imzaladığı sərəncam və
proqramlar çərçivəsində olduqca əhəmiyyətli
işlərin görüldüyünü nəzərə çatdırıb. Təhsil
naziri həyata keçirilməsi nəzərdə tutulan bir
sıra layihələrin reallaşdırılmasında da Dünya
Bankı ilə əməkdaşlığın mühüm nəticələr
verəcəyinə ümidvar olduğunu bildirib.
Missiyanın
rəhbəri, Dünya Bankının məsləhətçisi Mark Blank
təhsil sahəsində görülən işlərlə bağlı ətraflı
məlumat verdiyi üçün nazirə təşəkkür edib.
Təhsil Nazirliyi ilə Dünya Bankı arasında
səmərəli əlaqələrin mövcud olduğunu vurğulayan
qonaq təhsil sektorunda həyata keçirilən bütün
layihələrin uğurla nəticələndiyini bildirib.
Yaxın zamanlarda nəzərdə tutulmuş digər
layihələrin də reallaşdırılacağına inamını ifadə
edən M.Blank Dünya Bankının bundan sonra da
birgə əməkdaşlıq çərçivəsində Azərbaycana hər
cür kömək etməyə hazır olduğunu nəzərə çatdırıb.
Daha sonra
Təhsil Nazirliyi ilə Dünya Bankı arasında
gələcək əməkdaşlığın istiqamətləri və bir sıra
digər məsələlər ətrafında müzakirələr aparılıb. |