Bakıdakı 91 nömrəli orta məktəbdə təlimin
səviyyəsinin yüksəldilməsində "açıq dərs"lərin
əhəmiyyətini nəzərə alaraq onların təşkilinə
geniş yer verilir. Məktəbdə qabaqcıl təcrübəsi
öyrənilib yayılmağa layiq olan və yaradıcı
fəaliyyət göstərən müəllimlərin hər həftə "açıq
dərs"ləri keçirilir və müzakirə olunur.
Məktəbin direktoru Svetlana Zülfüqarova bildirdi
ki, bu günlərdə məktəbin üç müəlliminin - Şəfiqə
Axundovanın VII "B" sinfində fizikadan "Ümumdünya
cazibə qanunu", İradə Rüstəmovanın VII "D"sinfində
kimyadan "Suyun tətbiqi və əhəmiyyəti" və
Təranə Sadatovanın IX "A" sinfində biologiyadan
"Həzm sistemi" mövzularında keçdikləri "açıq
dərs"lər deyilənlərə əyani sübutdur.
S.Zülfüqarova qeyd etdi ki, müəllimlər dərsdə
İKT-dən, elektron dərsliklərdən geniş istifadə
edirlər. Onlar bu qənaətdədirlər ki, müqayisəli
öyrədilən biliklər daha möhkəm olur, şagirdlərin
düşünmə, nəticəçıxarma, mühakiməetmə
qabiliyyətlərini inkişaf etdirir, elmə marağını
artırır.Elektron dərsliklərdən istifadə həmçinin
şagirdlərdə müstəqil işləmək meyilini
gücləndirir, bütövlükdə proqram materiallarının
dərindən, şüurlu surətdə öyrənilməsinə və uzun
müddət unudulmamasına səbəb olur.
Şakir CƏFƏROV |
|