Bakıdakı 5 nömrəli orta məktəbdə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının bir qrup
səhnə ustası ilə görüş keçirilib. "Maskasız,
qrimsiz görüşlər" silsiləsindən olan tədbirdə
xalq artistləri İlham Əsgərov, Firəngiz
Mütəllimova, aktrisa Vəfa Rzayeva ilə yanaşı,
teatrın direktor müavini, əməkdar artist Azər
Mirzəyev, ədəbi hissə müdiri, əməkdar mədəniyyət
işçisi Atababa İsmayıloğlu da iştirak ediblər.
Məclisi məktəbin direktoru Nərminə Gündüzlü
açaraq şagirdlərin incəsənətə, məktəbdə
hazırlanan səhnəciklərə marağından söhbət açıb.
Azər Mirzəyev teatrın təşəbbüsü ilə həyata
keçirilən bu tədbirlərin məqsədini açıqlayıb,
Atababa İsmayıloğlu müsəlman Şərqinə nümunə olan
Azərbaycan teatrının məktəbdə təşəkkül tapmasını,
məktəblə səhnə müəssisələrinin qarşılıqlı
əlaqəsini diqqətə çatdırıb. Məktəbin müəllimləri
İradə Hacıyeva, Südabə Mehdiyeva teatr
tamaşalarının, belə görüşlərin şagirdlərin
yaddaşında buraxdığı əbədi izdən, onların həyat
və sənət yollarını müəyyənləşdirərkən
köməklərinə çatmasından danışıblar. Sonra
qonaqlar şagirdlərin çoxsaylı suallarını
cavablandırıblar.
Görüşdə qərara alınıb ki, qocaman səhnə ocağı
ilə məktəb arasında qarşılıqlı əlaqə
möhkəmləndirilsin, belə görüşlər qocaman səhnə
ustaları ilə də keçirilsin, şagirdlərin
hazırladığı tamaşalara metodiki köməklik
göstərilsin, mənbə kimi teatr tamaşalarından da
istifadə olunsun.
A.XİLƏLİ |
|