2010-2011-ci dərs ilində Bakıdakı 17 nömrəli
orta məktəbdə şagirdlərə möhkəm və əsaslı bilik
vermək, proqram materiallarını şüurlu surətdə və
dərindən mənimsətməklə yanaşı, onların
vətənpərvərlik, estetik, fiziki, əxlaqi
tərbiyəsinə və hərtərəfli inkişafına da xüsusi
diqqət yetirilir. Məktəbin direktoru Bədəl
Bədəlov bildirdi ki, pedaqoji kollektivin səyi
nəticəsində məktəbdə bununla əlaqədar sistemli
və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu
çoxsahəli işlər arasında vətənpərvərlik
tərbiyəsinə istiqamətlənmiş tədbirlər mühüm yer
tutur. Bu işlər əsasən 3 formada həyata
keçirilir.
Birincisi, bilavasitə təlim prosesində
mövzuların tədrisi həyatla, vətənimizin azadlığı
və bütövlüyü uğrunda vuruşan, şəhid olan
Mübariz İbrahimov kimi qəhrəmanların, görkəmli
şəxsiyyətlərin, əfsanəvi sərkərdələrin həyatı
ilə əlaqələndirilir. Onların keçdikləri şərəfli
ömür yolu, vətən qarşısında xidmətləri təhlil
olunub şagirdlərə çatdırılır. Həmçinin doğma
torpaq, el-oba haqqında ulularımızın
yaratdıqları atalar sözü və zərb-məsəllərdən,
bayatı və əfsanələrdən nümunulər söylənilir.
İkincisi, respublikamızı hər bir şagirdə ətraflı
şəkildə tanıtmaq məqsədilə aparılan işlər. Bu
mərhələdə müxtəlif tədbirlərdən istifadə
olunmaqla, bütün şəhər və rayonların timsalında
Azərbaycan ərazisinin, təbii sərvətlərinin,
təhsilinin, mədəniyyətinin və s. öyrənilməsi
təmin edilir.
Nəhayət, üçüncü forma sinifdənxaric və
məktəbdənkənar işləri əhatə edir. Bura ayrı-ayrı
şəhər və rayonlara, bütövlükdə demokratik, azad,
müstəqil respublikamıza həsr olunan sərgilər,
ədəbi-bədii axşamlar, disputlar, viktorinalar,
ekskursiyalar və gəzintilər daxildir. Bütün
bunlar ölkəmiz haqqında şagirdlərin biliklərini
zənginləşdirir, onların doğma
yurdumuzun-Azərbaycanımızın hər qarış torpağına
ülvi məhəbbət, tükənməz sevgi ruhunda böyüməsinə
imkan verir.
Şakir CƏFƏROV |
|