Bakıdakı 8 nömrəli orta məktəbdə İKT-dən, fəal
təlim metodlarından istifadə ilə "açıq
dərs"lərin keçirilməsi ənənə halını alıb. "Elektron
məktəb" layihəsinin iştirakçısı olan təhsil
ocağında hazırda gün ərzində dərslərin ən azı
2-3-ü elektron formada aparılır. Bunun üçün
məktəbdə lazımi şərait və avadanlıqlar, İKT
vasitələri vardır. Ən əsası isə müəllimlərin bu
işə böyük maraq göstərməsi, təlimin təşkilinə
innovativ yanaşaraq dərslərini elektron formada
keçməyə səy etmələridir. Onlar məktəblərə
paylanmış mövcud elektron dərsliklər, tədris
vəsaitləri ilə kifayətlənmir, fəal yaradıcılıq
axtarışlarına qoşularaq digər fənlərdən də belə
vəsaitlər hazırlayıb tətbiq edirlər. Məktəbdə
keçirilmir, "açıq dərs"lər həftəsində
müəllimlərin ədəbiyyat, coğrafiya, biologiya,
kimya, fizika, tarix, riyaziyyat və rus dili və
ədəbiyyatından apardıqları elektron dərslər
həmin dərslərdə iştirak etmiş mütəxəssislər,
müəllim və valideynlər tərəfindən yüksək
qiymətləndirilmiş və bu təcrübənin digər təhsil
ocaqlarında yayılması tövsiyə edilmişdir.
"Açıq
dərs"lərə hazırlıq prosesində şagirdlərin
müxtəlif mövzularda elektron layihələr
hazırlayıb təqdim etməsi də bu tədris ocağında
tətbiq olunan yeniliklərdən biri, müəllimlərlə
şagirdlərin birgə innovativ axtarışlarının
nəticəsi kimi diqqəti cəlb edir. Tarix fənni
üzrə tanınmış şəxsiyyətlər və Milli
Qəhrəmanlarımıza, ədəbiyyat fənnindən böyük
şairimiz Səməd Vurğunun "Azərbaycan" şeirinə,
musiqidən korifey sənətkarımız Fikrət Əmirovun
həyat və yaradıcılığına həsr olunmuş
təqdimatları, III sinif şagirdlərinin "Xəzərin
ekoloji nağılı" mövzusunda keçirdikləri tədbiri,
VII sinif şagirdlərinin "Ən yaxşı təqdimat"
müsabiqəsini burada çox yüksək səviyyədə
qurulmuş müəllim-şagird əməkdaşlığının səmərəli
nəticəsi hesab etmək olar. Məktəbdə dərslərini
yüksək səviyyədə quran müəllimlər çoxdur.
Təsadüfi deyil ki, cari tədris ilində Türkiyədə
Azərbaycanın təhsil sərgisi keçirilən zaman məhz
8 nömrəli orta məktəblə canlı bağlantı
yaradılmış və biologiyadan aparılan dərs sərgidə
canlı yayımlanmışdır. Ötən dərs ilinin
sentyabrında Bakıdakı 132-134 nömrəli Təhsil
Kompleksinin açılışı zamanı da 8 nömrəli
məktəblə elektron bağlantı yaradılmış və burada
aparılan dərs möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən izlənmişdir. Elektron və "açıq
dərs"lərin təşkilində məktəbin müəllimlərindən
İlhamə Zalova, Gülgəz Həsənova, Yeganə Əhmədova,
Jalə Zeynalova, Laçın Nəbiyeva, Ofeliya Babayeva,
Həbibə Rəsulova xüsusilə fərqlənirlər. Məktəbin
riyaziyyat müəllimi İlhamə Əkbərova Təhsil
Nazirliyi, "Microsoft" şirkəti və "Mədəd"
humanitar təşkilatının birgə layihəsi olan "İnnovativ
müəllimlər" müsabiqəsində ötən il qalib gələrək
bu yarışmanın Avropa və dünya mərhələlərində
ölkəmizi təmsil etmişdir. Mehriban Abbasova isə
həmin yarışmada ölkə üzrə üçüncü olmuşdur.
Bütün bunlar haqqında bizə məlumat verən
məktəbin direktoru Aytən Baxşiyeva, direktorun
müavini Sevinc Əliyeva onu da xüsusi
vurğuladılar ki, 8 nömrəli məktəbdə "açıq
dərs"lər yeni kurikulumların tətbiq olunduğu
ibtidai siniflərdə xüsusilə tez-tez keçirilir.
Bunda məqsəd müəllimlərin yeni kurikulumlarla
necə işlədiyini aşkara çıxarmaqdır. Bu günlərdə
məktəbdə növbəti "açıq dərs" keçirilmişdir. Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin Metodik
Mərkəzindən, mərkəzin Nəsimi-Binəqədi
bölməsindən, bölmənin əhatə etdiyi məktəblərdən
dəvət olunmuş təhsil işçiləri, müəllimlər
məktəbin müəllimi Ofeliya Babayevanın III "c"
sinfində riyaziyyatdan "Perimetrin ölçülməsi"
mövzusunda apardığı "açıq dərs"də iştirak etmiş
və dərsdən razı qalmışlar.
Müəllimin dərsdə fəal təlim metodlarına geniş
yer verməsi, qruplarla iş təşkil etməsi, dərsin
motivasiya, problemin qoyuluşu və həlli,
qiymətləndirmə kimi mərhələlərinin kurikulumun
tələblərinə uyğun qurması, müxtəlif resurslardan
yerli-yerində istifadə etməsi dərsin təhlili
zamanı xüsusilə yüksək qiymətləndirilmişdir.
Bütün bu uğurlarda, şübhəsiz, məktəbin "Elektron
məktəb" layihəsində iştirakının böyük rolu
vardır.
Yusif ƏLİYEV |
|