Birminhem Universiteti
(University of Birmingham) İngiltərənin
Birminhem şəhərində Vest-Midlends vilayətində
yerləşir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Birminhem
Universiteti 100 ən yaxşı ali məktəb arasında
66-cı yerdə olub. "Times Higher Education World
University Rankings"in 2010-cu il üzrə dünyanın
ən nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən, Birminhem Universiteti
145-ci, "QS World University Rankings"in
açıqlamasına görə isə 59-cu yerdə qərarlaşıb.
Tarixi
1825-ci
ildə cərrah Uilyam Sands Koks Birminhem
şəhərində atasının evində tələbələr hazırlamağa
başlayır. 1836-cı il iyunun 22-də qraf Hou və
digər bir sıra nüfuzlu şəxslər kral IV Vilhelmə
Birminhem şəhərində tibb məktəbi yaradılması
haqqında memorandum təqdim edirlər və kralın
razılığını alırlar. Bundan sonra Birminhem
şəhərində Kral Tibb və Cərrahiyyə Məktəbi açılır.
Eyni zamanda şəhərdə xəstəxanaya da böyük
ehtiyac duyulur. Bu zərurəti dərk edən S.Koks
1839-cu ildə lazımi vəsaitin toplanılması işini
həyata keçirir və 1841-ci ildə xəstəxananın
tikintisinə başlanılır. Sonradan Kraliça
Viktoriya xəstəxanaya himayədarlıq etdiyi üçün
xəstəxana Kraliça Xəstəxanası adlandırılır.
1843-cü ildən məktəbə də Kraliça Kolleci adı
verilir və kollecin tələbələri London
Universiteti tərəfindən elmi dərəcələrlə təltif
olunur.
1851-ci ildə Birminhem şəhərində daha bir ali
məktəb - Sindenhem Kolleci açılır. 1868-ci ildə
yeni təhsil müəssisəsi yaradılması məqsədi ilə
Kraliça və Sindenhem kollecləri birləşdirilir.
1875-ci ildə Birminhem şəhərində Meyson Dəqiq
Elmlər Kolleci fəaliyyətə başlayır. 1897-ci ildə
bu kollecin universitet kollecinə çevrilməsi
haqqında qanun qəbul edilir. 3 il sonra Kral,
Sindenhem, Meyson Dəqiq Elmlər kollecləri
birləşdirilir və dövlət xadimi Cozef Çemberlinin
yorulmaz səyi nəticəsində 1900-cü il martın
24-də kraliça Viktoriya Birminhem
Universitetinin yaradılması haqqında Kral
xartiyası imzalayır. Cozef Çemberlin
universitetin kansleri təyin edilir və həmin
ildən universitetə qız tələbələr qəbul olunurlar.
Yarandığı
gündən Birminhem Universitetində bir çox işlər
görülür və yeni-yeni nailiyyətlərə imza atılır:
1902-ci ildə iqtisadçı Uilyam Eşlinin səyi
nəticəsində universitetdə ticarət fakültəsi
fəaliyyətə başlayır. Belə bir fakültə Böyük
Britaniyada ilk dəfə olaraq açılır və hazırda
universitetin Biznes Məktəbi MBA üzrə dünyada
birinci yerlərdədir. 1908-ci ildə Hüquq Məktəbi
yaradılır, 1909-cu ildə kral VII Eduard Aston
Vebb binasının açılışında iştirak edir, 1932-ci
ildə Böyük Britaniyanın ən qədim tələbə
təşkilatından olan Tələbə Gildiyasının binası
istifadəyə verilir, 1939-cu ildə Robert
Atkinson tərəfindən Təsviri İncəsənət Bərbərlik
İnstitutu yaradılır, universitetin fizika
fakültəsinin əməkdaşları Con Rendall, Harri But
və Ceyms Sayers tərəfindən maqnetron, kimya
fakültəsində qaz diffuziyası işlənib hazırlanır.
II Dünya müharibəsi dövründə müttəfiqlərin
qələbəsində maqnetronun böyük rolu olur. Artıq
1940-cı ildə universitetin fizika fakültəsində
atom bombası işlənir və bu Birminhem
Universitetinin əməkdaşları tərəfindən yazılmış
Friş-Payerls memorandumunda öz əksini tapır.
1943-cü ildə universitetin professoru Mark
Olifant proton sinxotronu maşınının
quraşdırılmasına qərar verir, lakin onun
işləməsinə zəmanət vermir. 1945-ci ildə
universitet ilk olaraq sinxotron maşının
quraşdırılmasını istəsə də, vəsait tapa bilmir
və yalnız 1953-cü ildə buna nail olur. Lakin
artıq 1952-ci ildə ABŞ-ın Brukheyven Milli
laboratoriyası Birminhem Universitetini
qabaqlayaraq kosmotronun fəaliyyətinə start
verir. 1956-cı ildə Böyük Britaniyada ilk dəfə
olaraq diplomdan sonrakı təhsil müəssisəsi kimi
magistratura proqramı təklif edən Geotexniki
Mühəndislik bölməsi açılır. Eləcə də həmin il
Birminhem Universitetində Kolder Hollda atom
elektrik stansiyası istifadəyə verilir. 1960-cı
illərdə universitetin çoxlu sayda yeni binaları
tikilir və tələbə şəhərciyi genişləndirilir.
1964-2002-ci illər arasında universitetdə
kulturologiya elmi tədris edilir və Birminhem
Kulturologiya Məktəbi yaradılır. Məktəb Riçard
Hoqqart kimi aparıcı şəxsiyyət tərəfindən
yaradılmasına və sonradan Styuart Holl kimi
məşhur nəzəriyyəçinin rəhbərlik etməsinə
baxmayaraq, bir sıra mübahisələr nəticəsində
bağlanır.
2010-cu il aprelin 29-da Böyük Britaniyada ümumi
seçki kampaniyası zamanı BBC kanalının təşkil
etdiyi partiya liderlərinin televiziya debatının
finalı Birminhem Universitetində təşkil olunub.
Büdcəsi və təhsil haqqı
2009-2010-cu
tədris ilində Birminhem Universitetinin illik
gəlirləri 462373000 funt-sterlinq olub.
Gəlirlərin 146750000-ni maliyyə qrantları,
116083000-ni təhsil haqqı və dəstək qrantları,
104811000-ni tədqiqat və sazişlər, qalanlarını
isə digər əməliyyatlar hesabına əldə edilən
vəsaitlər təşkil edib. Ali məktəbin illik
xərcləri həmin tədris ilində 440105000
funt-sterlinq olub. Bu vəsaitin 244191000-ni
işçilər üçün sərf olunan, 47435000-ni
amortizasiya, 3079000-ni yenidənqurma və təmir,
qalanlarını isə digər xərclər təşkil edib.
Birminhem Universitetində təhsil haqqının
məbləği tələbənin yerli, Avropa Şurası
ölkələrindən və ya əcnəbi olmasından asılı
olaraq dəyişir. Təhsil haqqına tədris, imtahan,
buraxılış, Tələbə Gildiyasına (təşkilatına)
üzvlük xərcləri də daxildir. 2010-2011-ci tədris
ilində Birminhem Universitetində təhsil alan
yerli və Avropa Şurasına daxil olan ölkələri
təmsil edən tələbələrin təhsil haqqı bakalavr
pilləsində ildə 3290, magistratura və
doktorantura pillələrində isə 4650 funt-sterlinq
təşkil edir. Əcnəbi tələbələrin təhsil haqqı
bütün pillələrdə onların təhsil aldıqları
ixtisasa görə fərqlənir (11340-26590
funt-sterlinq). Erasmus proqramı çərçivəsində
təhsil alan tələbələrdən təhsil haqqı tutulmur.
Təhsil haqqı, adətən, tədris ilinin əvvəlində
ödənilməlidir.
Birminhem Universitetində maddi çətinlik çəkən,
ailə büdcəsi müəyyən edilmiş məbləğdən aşağı
olan, təhsil haqqını tam ödəyə bilməyən, eləcə
də yüksək akademik və yaradıcılıq, idman və s.
nəticələr göstərən tələbələr üçün kredit, təqaüd
və qrantlar təklif olunur. Yüksək göstəricilərə
malik, illik ailə büdcəsi müəyyən edilmiş
məbləğdən (36170 funt-sterlinq) aşağı, Böyük
Britaniya vətəndaşı olan, əyani təhsil alan
tələbələrə 877-20906 funt-sterlinq dəyərində
qrant, 1316 funt-sterlinq təqaüd verilir.
Əcnəbi
tələbələrə universitetdə bir sıra beynəlxalq
təqaüd proqramları təklif olunur, həmin
proqramların əksəriyyəti magistrant və
doktorantlar üçün nəzərdə tutulur. Beynəlxalq
diplomdan sonra təhsil təqaüdü bütün ölkələrdən
olan magistrantlara verilir, İslam İnkişaf Bankı
Təqaüdü 56 ölkədən olan tələbələr üçün nəzərdə
tutulur, QE II təqaüdü isə "Universitetlər 21"
Assosiasiyası ölkələrinin magistrantları üçündür.
Yaxın Şərq və Afrika ölkələrini təmsil edən
tələbələr üçün Alan və Nesta Ferquson Xeyriyyə
Fondu təqaüdü, Suriya, Livan, Fələstin və
İordaniyadan olan tələbələrə Səid Fondu təqaüdü,
ukraynalı tələbələrə Ukrayna Viktor Pinçuk
təqaüdü, Asiya ölkələrindən olan tələbələrə Çin
Diplomdan Sonra Təhsil, Li Siquanq, Honq Konq,
Çarlz Uolles Hindistan Trest təqaüdləri,
amerikalı tələbələrə isə ABŞ Təqaüd Proqramı,
Birminhem Marşall təqaüdləri verilir.
Universitet bu gün
Birminhem Universitetinin əsas kampusu
Birminhem şəhərinin cənub-qərbində Edcbaston
ərazisində 5 km yaxın sahəni əhatə edir. Bu
ərazidəki 100000 m2
torpaq sahəsi universitetə 1900-cü ildə Lord
Kaltorp tərəfindən verilib. Kampusda müxtəlif
memarlıq üslubuna və bir neçə memara aid
tikililər mövcuddur. Universitetin ilk
kanslerinin şərəfinə ucaldılmış məşhur Cozef
Çemberlin memorial saat qülləsi (binanı həm də "Qoca
Co" adlandırırlar), özünəməxsus gümbəzlərdən
ibarət universitetin Aston Vebb binası bu
ərazidə yerləşir. Saat qülləsi 1908-1969-cu
illərdə inşa edilib və Böyük Britaniyanın, eləcə
də dünyanın ən hündür qüllələrindən biridir.
Qüllənin hündürlüyü müxtəlif mənbələrdə 110 və
ya 99 metr göstərilir. Aston Vebb binasında
Musiqi departamenti, 500-ə yaxın insan tutumuna
malik konsert zalı, tədris və məşğələ otaqları
mövcuddur. Kampusda iki qoşa bina - Myuirhed
qüllələri ucaldılıb. Binaların tikintisi 1960-cı
ildə "Arup Associates" şirkəti tərəfindən həyata
keçirilib və 1969-cu ildə tamamlanıb. Lakin 16
mərtəbəli qüllənin tikintisi 2009-cu ildə başa
çatıb. Professor Con Henri Myuirhedin şərəfinə
adlandırılmış binalarda hazırda İctimai Elmlər
Kolleci, Kedberi elmi kitabxanası, Ellardays
Nikol teatr studiyası və s. yerləşir.
Memarlıq
üslubuna görə seçilən universitet tikililərindən
Birminhem Biznes, Tibb məktəblərinin, Kraliça
Elizabet xəstəxanasının, Tələbə Gildiyasının,
Təsviri İncəsənət Bərbərlik İnstitutunun
binalarını nümunə göstərmək olar. Təsviri
İncəsənət Bərbərlik İnstitutunun girişində I
Georqun at üstündə heykəli qoyulub. Bu abidə
Dublin korporasiyası tərəfindən fələməng
heykəltəraş Con vat Nosta sifariş edilib.
Birminhem Universitetinin kampusunda tələbələrə
və universitet xəstəxanalarına xidmət etmək üçün
Kross-Siti Layn dəmiryolu stansiyasından yeni
xətt açılıb. Edcbaston ərazisindən kənarda 24000
m2 ərazini əhatə
edən Uinterborn Botanika bağı yerləşir.
Edcbaston ərazisində universitetin nəzdində
Lapvort Geologiya muzeyi fəaliyyət göstərir.
Muzey Meyson Dəqiq Elmlər kollecində çalışmış
geoloq Çarlz Lapvortun adını daşıyır. 2007-ci
ildən universitetin kampusunda fermerlərin
yarmarkası təşkil olunur. Birminhem Universiteti
fermerlərin yarmarkasını keçirməyə lisenziya
almış dünyada yeganə ali məktəbdir.
Selli-Ouk kampusu əsas kampusdan cənubdadır. Bu
kampusda universitetin İlahiyyat və Təhsil
kollecləri, həmçinin bir sıra digər binaları
yerləşir.
Birminhem Universitetində 5 kollec mövcuddur.
Kolleclərin rəhbərləri pro-vitse-kansler
kimi fəaliyyət göstərir və universitetin
İcraçılar Şurasında əyləşirlər. Kolleclərin
tərkibində məktəb, kafedra, departament, mərkəz
və institutlar vardır.
İncəsənət və Hüquq Kollecinə Birminhem Hüquq;
İngiltərə, Amerika və Kanada Teatr Tədqiqatları
(keçmiş İngiltərə, Amerika və Kanada, Drama və
teatr incəsənəti departamentləri); Tarix və
Mədəniyyət; Dillər, Mədəniyyətlər, İncəsənət
tarixi və musiqi; Fəlsəfə, İlahiyyat və Din
məktəbləri, Arxeologiya və Antik Mədəniyyət
İnstitutu daxildir. Hər bir məktəb və institut
öz növbəsində, bölmə və elmi-tədqiqat
mərkəzlərindən ibarətdir.
Mühəndislik
və Fiziki Elmlər Kollecində dəqiq elmlər,
texnologiya, mühəndislik, riyaziyyat üzrə
elmi-tədqiqatlar həyata keçirilir və yeni nəsil
mühəndis və alimlər hazırlanır. Kollecdə Kimya;
Kimya maşınqayırması; Kompüter Elmləri,
Elektronika, Elektrotexnika və Hesablama
Texnikası; Maşınqayırma; Metallurgiya və
Materialşünaslıq, Fizika və Astronomiya
məktəbləri fəaliyyət göstərir.
Həyat və Ətraf Mühit Haqqında Elmlər Kolleci
həyatın müxtəliflik və təkamül problemləri,
bioresurslardan və təbiətdən istifadə
məsələlərini öyrənir, ekologiya tədqiqatlarından
başlayaraq xərçəng xəstəliyi, məhkəmə
psixologiyasının öyrənilməsinə qədər nəzarət
edir. Kollecə Bioelmlər; Coğrafiya; Yer və Ətraf
Mühit Elmləri, Psixologiya, İdman və Fiziki
Tərbiyə məktəbləri aiddir.
Tibb və Stomatologiya Kolleci tibb, səhiyyə,
stomatologiya, əczaçılıq üzrə gələcək
mütəxəssislər hazırlayan ali təhsil ocağıdır.
Kollec Xərçəng Elmləri; Kliniki və Eksperimental
Tibb; Stomatologiya; Səhiyyə və Əhalinin
Sağlamlığı; İmmunitet və İnfeksiya
məktəblərindən ibarətdir.
İctimai Elmlər Kollecinə Birminhem Biznes;
Təhsil; Hökumət və Cəmiyyət; İctimai Fəaliyyət
məktəbləri daxildir.
Universitetin
Birminhem Biznes, Tibb məktəbləri, Beynəlxalq
İnkişaf Departamenti, Qərbi Afrika Tədqiqatları
Mərkəzi, Yerli İdarəetmə Tədqiqatları, Şekspir,
Ayronbric institutları, universitet rəsədxanası
dünya üzrə məşhur elmi-tədqiqat müəssisələridir.
Birminhem Universiteti rəsədxanasında ali
məktəbin fizika, astrofizika, astronomiya
proqramları üzrə təhsil alan tələbələr
tədqiqatlar aparır, göy cismlərini müşahidə edir
və təcrübələr keçirirlər.
Birminhem Universitetinin Tibb Məktəbi və
Kraliça Elizabet xəstəxanası Avropanın ən böyük
tibb mərkəzindən biridir. Burada xərçəng,
immunologiya, qan-damar xəstəlikləri,
nevrologiya və endokrinologiya üzrə ən müasir
tədqiqatlar həyata keçirilir. Vest-Midlands
ərazisində yerləşən NHS Trest Fondu Universitet
Xəstəxanası ali məktəbin əsas tədris
hospitalıdır. Uğurlu fəaliyyətinə görə xəstəxana
son dörd il dalbadal üç ulduz alıb. Trestə
həmçinin Selli-Ouk xəstəxanasında fəaliyyət
göstərən Kral Müdafiə Tibbi Mərkəzi aiddir.
Burada hərbi qulluqçulara, İraq müharibəsindən
qayıtmış hərbiçilərə tibbi xidmətlər göstərilir.
Birminhem Universitetinin kitabxana sistemi
əhəmiyyətli miqdarda nadir kitab və əlyazmaya
malikdir. Universitetin xüsusi kolleksiyasına
1471-ci ildən bu günədək çap edilmiş milyonlarla
kitab, 3 milyondan çox əlyazma daxildir.
Kolleksiyaya Nivill Çemberlin, Cozef Çemberlin,
Ostin Çemberlin, Robert Entoni İden (qraf Eyvon)
kimi dövlət xadimlərinin işləri, "Cadbury"
şirkətinin sənədləri, şərqşünas Alfons
Minqananın "Minqana" Yaxın Şərq əlyazmaları,
dramaturq Noel Pirs Kovardın əsərləri, Kilsə
Missioner Cəmiyyətinin sənədləri və s. aiddir.
Xüsusi kolleksiya Kedberi elmi kitabxanasında
Myuirhed qülləsində yerləşir. Universitetin
kitabxana sisteminə Edcbaston, Selli-Ouk
kampuslarında, Birminhem Şəhər Mərkəzində,
Stratford-upon-avonda yerləşən 10 kitabxana
daxildir. Universitetin elektron kitabxanası
istifadəçilərə 270000 kitab, 50000 abunə və
elektron jurnal, minlərlə verilənlər bazası və
s. resurslar təqdim edir.
Birminhem
Universitetinin hazırkı 6-cı kansleri
britaniyalı iş adamı Dominik Kedberi,
vitse-kansleri isə professor Devid İstvuddur.
Universitetdə akademik, texniki, rəhbərlik,
dəftərxana və digər vəzifələrdə 6000 nəfərə
yaxın işçi çalışır. Ali məktəbin müəllimlərinin
27%-ni əcnəbilər təşkil edirlər.
Birminhem Universitetində 26073 nəfər tələbə
təhsil alır. Onların 17355 nəfərini bakalavr,
8718 nəfərini isə magistr və doktorantlar təşkil
edirlər. Burada dünyanın 150 ölkəsindən 4759
tələbə təhsil alır. Bu universitet əcnəbi
tələbələrinin sayına görə Böyük Britaniyanın
4-cü ali məktəbidir. Universitetdə Erasmus
mübadilə proqramı çərçivəsində Avropanın aparıcı
ali məktəbləri arasında tələbə mübadiləsi həyata
keçirilir. Birminhem Universiteti Avropa
məkanında 236, Avropadan kənarda isə 45 ali
məktəblə əməkdaşlıq edir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində Birminhem Universitetinin
doktorantura pilləsində Kəmalə Beykəs qızı
İmranlı tarix, Elmar Rəhim oğlu Rəhimov isə
mexanika mühəndisliyi ixtisasları üzrə təhsil
alırlar. 2009-2010-cu tədris ilində həmin
proqram çərçivəsində iki azərbaycanlı gənc -
Rəna Firdovsi qızı Cəlilova qlobal maliyyə və
bank işi, Anar Ağadadaş oğlu Cəfərli isə maliyyə
və bankçılıq ixtisasları üzrə Birminhem
Universitetinin magistratura pilləsinin
məzunları olublar.
Universitetdə tələbələrə geniş çeşidli
yataqxanalar təklif olunur. Burada özünəməxsus
tələbə kəndləri mövcuddur. Pritkatts Park kəndi
Edcbaston ərazisində yerləşir və 1000-ə yaxın
tələbə tutumuna malikdir. Pritkatts Park kəndi
Eşkroft, Okli Kort, Pritkatts Evi, Spinni adlı
ayrı-ayrı yataqxana komplekslərindən ibarətdir.
Selli-Ouk kəndi bir yataqxana korpusundan -
Carratt Holldan ibarətdir və əsas kampusun
cənubundadır. Mərkəzi həyəti olan yataqxana 3-6
çarpayılı, ümumi mətbəx, vanna və istirahət
otaqlarına malik apartamentlərdən ibarətdir.
Veyl kəndi Birminhem şəhərinin mərkəzindən 3 km
aralıda əsas kampusun yaxınlığında yerləşir.
Gölün kənarındakı bu yataqxana çox sakit və
gözəl landşafta malik ərazidədir. Yataqxana
otaqlarının xüsusi mətbəxi və hamamı var. Biçis
yataqxanasında tələbələrə 240 bir nəfərlik otaq
təklif olunur və hər bir otaq yüksək
standartlara cavab verən avadanlıqlarla, xüsusi
mətbəx, vanna və qonaq otaqları ilə təchiz
edilib. Hanter Kort yataqxanası 334 tək nəfərlik
otaqlar təklif edir, xüsusi mətbəx, vanna
otağına malikdir, avadanlıqlarla təchiz olunub.
Universitetin yaxınlığında tikilmiş müasir
Viktoriya Holl yataqxana kompleksi ən yüksək
şəraitə malik otaqlardan ibarətdir. Bütün
yataqxana otaqları mebel, lazımi avadanlıqlar,
telefon və İnternet xətləri ilə təmin olunub.
Yataqxanalarda yerləşməmişdən öncə tələbələr 550
funt-sterlinq ödəməlidirlər. Otaqların
qiymətləri müxtəlifdir və qiymətlər siyahısı
tələbə qeydiyyatdan keçdikdən sonra təqdim
edilir.
Universitetdə fəaliyyət göstərən Tələbə
Gildiyasına onlarca gənc təşkilatları, tələbə
qruplaşmaları daxildir. Birminhem Universitetinə
qəbul olan şəxs avtomatik olaraq gildiyaya üzv
seçilir və tələbə bileti gildiyaya üzvlük bilet
kimi qəbul olunur. Hazırda Tələbə Gildiyasının
28000-ə yaxın üzvü var. Gildiya universitet
qrantları, nəzdində fəaliyyət göstərən mağaza,
restoran və kafe, eləcə də digər xidmət
sahələrindən əldə etdiyi gəlirlər hesabına
maliyyələşir və fəaliyyət göstərir. Tələbə
Gildiyası 1936-cı ildən həftəlik "Redbrick"
tələbə qəzeti dərc edir və Birləşmiş Krallıqda
ilk universitet qəzeti dərc edən
müəssisələrdəndir. Tələbələrin dərsdən sonrakı
vaxtlarının səmərəli keçirilməsində, onların
özlərinə maraqlı məşğuliyyət tapmasında, işləmək
istəyən tələbələrin işlə təmin olunmasında
gildiyanın rolu böyükdür.
Ali məktəbdə idmana geniş yer ayrılır. Burada
idmanın bütün növləri ilə məşğul olan 40-dan çox
komanda qeydə alınıb. Yerli və əcnəbi idmançı
tələbələr üçün universitetdə 40-a yaxın təqaüd
proqramı mövcuddur. İdmanın fitnes, yoqa,
aerobika, kriket, futbol, reqbi, otüstü xokkey,
Amerika futbolu və s. növlərinə tələbələr daha
çox meyil göstərirlər. Universitetin
kampuslarında və yataqxana kəndlərində gənclərin
idmanla məşğul olmaları üçün yüksək şəraitli
stadionlar, idman zalları, hovuzlar quraşdırılıb.
Onu da qeyd edək ki, 2012-ci ildə Londonda
keçiriləcək olimpiadada universitet Yamayka
yüngül atletika komandasının təlim düşərgəsi
kimi çıxış edəcək.
Birminhem Universiteti beynəlxalq arenada xüsusi
nüfuza malik ali təhsil müəssisəsidir. Bu
elmi-tədqiqat mərkəzi indiyədək əldə etdiyi
nailiyyətlərlə qürur duyur və səylə daha uğurlu
yeniliklərə imza atır. Universitetin
vitse-kansleri Devid İstvud rəhbərlik etdiyi ali
məktəbi belə səciyyələndirir: "Biz artıq ən
yaxşı universitetlərin yer tutduğu yüzlükdə yer
almışıq. Lakin universitetimiz bununla
kifayətlənmir və qlobal tədqiqat ali məktəbləri
arasında ən aparıcı mövqelərdə qərarlaşmaq
niyyətindədir. Universitet keyfiyyətli təhsili,
savadlı, səmimi və mehriban işçi heyəti, biliyə,
yeniliklərə can atan tələbələri sayəsində
arzuladığı nəticələri əldə etməsinə əmindir".
Birminhem Universiteti "Universitetlər 21"
qlobal şəbəkəsinin, Böyük Britaniyanın 20 ali
məktəbini birləşdirən Rassel qrupunun, Avropa
Universitetləri (European University
Association), Birlik Universitetləri
(Association of Commonwealth Universities)
assosiasiyalarının üzvüdür.
Universitetin məşhur məzunları
|
Manuçöhr Mirzə Fərman |
İran şahzadəsi |
|
|
Seeiso Lesoto |
Cənubi Afrika şahzadəsi |
|
|
Stenli Bolduin |
Böyük Britaniyanın sabiq baş naziri |
|
|
Nevill Çemberlin |
Böyük Britaniyanın sabiq baş naziri |
|
|
Qladston Perri Kristi |
Bahama adalarının baş naziri |
|
|
Baronessa Amos |
BMT-nin Baş katibinin humanitar
məsələlər üzrə müavini və fövqəladə
yardım üzrə koordinatoru |
|
|
Riçard Hu |
Sinqapurun sabiq maliyyə naziri |
|
|
Henri Oriem Okello |
Uqandanın xarici işlər naziri |
|
|
Baron Bxattaçaria |
Lordlar Palatasının üzvü |
|
|
Frensis Uilyam Aston |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Ser Norman Havort |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Lord Robert Sesil |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Piter Bullok |
sülh üzrə Nobel mükafatı laureatı |
|
|
Piter Medouor |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Mauris Uilkins |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Pol Nurs |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Con Veyn |
tibb üzrə Nobel mükafatı laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|