|
Amerika Birləşmiş Ştatları |
|
|
Ərazisi: |
9,8 milyon kv.km. |
Əhalisi: |
317,6 milyon nəfər |
Paytaxtı: |
Vaşinqton şəhəri |
Dövlət dili: |
İngilis dili |
Pul vahidi: |
ABŞ dolları (USD) |
Amerika Birləşmiş Ştatları (ABŞ) geniş
perspektivlər və hədsiz imkanlar ölkəsidir. ABŞ
elmi-tədqiqatların, qabaqcıl texnologiyaların
tətbiqi və sənayenin inkişafı sahəsində böyük
uğurlar qazanıb. Bütün bu uğurlar Amerikanın
təhsil sisteminə də təsirsiz ötüşməyib. ABŞ
təhsil sistemi dünyanın ən qabaqcıl tələblərinə
cavab verən, texniki və elmi bazasının
unikallığı ilə seçilən və analoqu olmayan bir
sistemə çevrilib. Amerika universitetləri sadəcə
ali təhsil müəssisələri deyil. Onların hər biri
elmin bütün sahələri üzrə qabaqcıl elmi
tədqiqatların aparıldığı və böyük kəşflərin
edildiyi elmi tədqiqat mərkəzləridir. Təsadüfi
deyil ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik
Administrasiyasının (NASA-National Aeronautics
and Space Administration) Cet Propuljon
laboratoriyası Kaliforniya Texnologiya
İnstitutunda yerləşir. Nüfuzlu təhsil
müəssisələri dünyanın hər yerindən minlərlə
şagird və tələbəni, eləcə də alimləri bu ölkəyə
cəlb edir. Məhz yüksək keyfiyyətinə görə dünyada
ən bahalı təhsil də məhz ABŞ-dadır. ABŞ-da
tarixi, iqtisadi və sosial amillərin təsiri
altında formalaşmış müasir təhsil sistemi
özünəməxsusluğu ilə seçilir. Burada dövlətin
vahid təhsil sistemi yoxdur. Hər ştat təhsilin
strukturunu müstəqil şəkildə müəyyən etmək
hüququna malikdir.
Təhsil sistemi
Digər
ölkələrlə müqayisədə Amerika məktəbləri daha
demokratik olmaları ilə fərqlənir. İngiltərədə,
Fransada və digər Qərbi Avropa ölkələrində
uşaqlar adətən erkən yaşlarından ibtidai
siniflərdə 2-4 il oxuduqdan sonra müxtəlif növ
məktəblərə daxil olurlar. Məsələn, İngiltərədə
uşaqların təxminən 10-15 faizi qrammatik
məktəblərə, Fransada isə liseylərə gedirlər.
ABŞ-da isə belə məktəb sistemi yoxdur. Ölkədə
vahid məktəb strukturu da mövcud deyil.
Dövlətə məxsus məktəblərlə yanaşı, ABŞ-da kilsə
və özəl təhsil müəssisələri də mövcuddur. Kilsə
məktəbləri dini təşkilatlar tərəfindən
maliyyələşir və buradakı təlim-tərbiyə işləri
dini ruhda aparılır. Özəl məktəblərdə isə təhsil
bahalı olduğundan burada, adətən imkanlı
ailələrin övladları təhsil alırlar.
Uşaq bağçalarını başa vuran uşaqların təxminən
99 faizi məktəblərə daxil olurlar (6 yaşdan 13
yaşadək). Onların 94 faizi təhsillərini 18
yaşadək davam etdirirlər. 18-24 yaş arası
gənclərin 29 faizi isə kollec və universitetlərə
qəbul olurlar.
ABŞ-da universitet və ya kolleclərə daxil
olmazdan əvvəl 12 illik ibtidai və orta məktəb
təhsilini başa vurmaq əsas tələblərdən biridir.
Məktəbəqədər təhsil
ABŞ-da
məktəbəqədər təhsil icbari deyil. Valideynlər
övladlarını istədikləri təhsil müəssisəsinə verə
bilərlər. Ölkədə məktəbəqədər təhsil
müəssisələri sırasına oyun məktəbləri (play
school - azyaşlı uşaqlar əşyaları oynayaraq
tanıyırlar), körpələr evi (nursery school) və
bağçalar (kindergarten) daxildir.
Bundan əlavə, ibtidai məktəblərin (elementary
schools) əksəriyyətini beş yaşlı uşaqlar üçün
məktəbəqədər təhsil müəssisələri təşkil edir.
Adətən bu, ibtidai məktəbin birinci sinfi hesab
olunur.
Amerikanın bəzi məktəbəqədər təhsil
müəssisələrində Montessori metodundan istifadə
olunur. Bu metod doktor Mariya Montessori
tərəfindən 1900-cü ilin əvvəllərində yaradılıb.
Həmin metoda əsasən hər bir uşağın özünəməxsus
ehtiyacı, marağı və inkişaf xüsusiyyətləri
olduğu üçün ona fərdi yanaşma tətbiq olunmalıdır.
Bəzi Montessori məktəbləri (Montessori schools)
məktəbəqədər təhsil müəssisələrindən (2-5 yaşlı
uşaqlar üçün) və ibtidai məktəblərdən (6-12
yaşlılar üçün) ibarətdir.
2010-cu ildə ABŞ-da uşaq bağçalarına cəlb
olunmuş uşaqların sayı 1 milyon 94 min nəfər
olub.
Orta təhsil
ABŞ-da
təxminən 120 min orta məktəb var. Onların 27
mini özəldir. Şagirdlərin 15 faizi özəl təhsil
müəssisələrində və ya kilsə məktəblərində təhsil
alırlar. Məktəb məzunlarının təxminən 30 faizi
universitetlərə qəbul olur.
Amerikanın orta təhsil strukturu 12 illik təhsil
təklif edir və aşağıdakı pillələri əhatə edir:
1. İbtidai məktəb (elementary school): 6-11
yaşlı uşaqlar üçün (I-VI siniflər);
2. Əsas məktəb (secondary school): 12-15 yaşlı
uşaqlar üçün (VII-IX siniflər);
3. Orta məktəb (High school): 16-18 yaşlı
uşaqlar üçün (X-XII siniflər).
Məktəblərdə fənlərin tədrisi baxımından vahid
tələblər qoyulmur. Onlar məktəbin yerləşdiyi
ərazidən (ştatdan) və ya həmin məktəbin öz
siyasətindən asılı olaraq dəyişə bilər.
Bütün məktəblərdə tədris olunan icbari fənlərə
ingilis dili (İngiltərə və Amerika ədəbiyyatı),
riyaziyyat (cəbr və həndəsə), xarici dil (əsasən
ispan dili), tarix (Amerika və Avropa tarixi) və
təbiət elmləri (biologiya, kimya, ekologiya)
daxildir.
Amerikanın məktəb sistemində biliyin
qiymətləndirilməsi bir qədər demokratik xarakter
daşıyır. Burada fənlər üzrə vahid dövlət
imtahanları mövcud deyil, onları aralıq və
semestr testləri əvəz edir. İlin sonunda isə
yekun imtahan verilir.
Təhsil
alanların bu və ya digər fəndən aldığı qiymət
yalnız testlərin nəticəsi əsasında
müəyyənləşdirilmir. Qiymətləndirməyə onun
təhsilə münasibəti, məktəb həyatında iştirakı və
digər müvafiq meyarlar da təsir göstərir. Yeganə
dövlət imtahanı SAT-dır (Scholastic Aptitude
Test-Təhsilin qiymətləndirilməsi testinin). Buraya
bacarıqlar üzrə ümumi akademik test, riyaziyyat
biliyi və dil bacarıqlarının səviyyəsi daxildir.
Bu test kollec və universitetlərə daxil olmaq
imkanı yaradır.
Tədris ili semestrlərə bölünür və 170-186 gün
davam edir. Dərslər 5-6 saat olmaqla həftənin
beş günü keçirilir.
İbtidai məktəb.
Əsasən 6 yaşdan etibarən başlayır. Burada təhsil
ştatdan asılı olaraq 5-6 il davam edir.
Amerikada adətən məktəbə uşaqları 6 yaşında
qəbul edirlər. Bütün dərslər (oxu, ədəbiyyat,
şifahi nitq, orfoqrafiya, musiqi, təsviri
incəsənət, hesab, tarix, təbiətşünaslıq,
gigiyena, bədən tərbiyəsi və əmək) bir müəllim
tərəfindən aparılır.
İbtidai məktəblərdə şagirdləri adətən testlərin
nəticələrinə uyğun qruplara bölürlər. Bu testlər
xüsusi hazırlıq tələb etmir, istedadlı uşaqları
üzə çıxarır və riyazi dəqiqliklə intellekt
əmsalını - IQ (intelligence quotient)
müəyyənləşdirməyə imkan verir. IQ (ay kyu)
testləri insanın intellekt səviyyəsinin
qiymətləndirilməsidir. ABŞ-da orta intellekt
əmsalı 100-dür. Ölkə məktəblərinin məzunlarının
orta IQ-su 115, əlaçıların 135-140 təşkil edir.
70-dən aşağı IQ əqli gerilik hesab olunur.
IQ
müəyyən edildikdən sonra A, B və C (istedadlı,
normal və qabiliyyətsizlər) qrupları yaradılır
və təhsil diferensiallaşdırılır. Təhsildə geri
qalan uşaqlarla ciddi iş aparılır. İstedadlılar
isə adətən kollec və universitetlərə
hazırlaşırlar.
Əsas məktəb
(secondary school). Təhsilin bu pilləsi 3
illikdir (VII-IX siniflər). Burada tədris olunan
əsas fənlər aşağıdakılardır: ingilis dili,
riyaziyyat, təbiətşünaslıq, bədən tərbiyəsi,
gigiyena, musiqi, təsviri incəsənət, əmək və ya
evdarlıq. Səkkizinci sinifdən etibarən şagirdlər
maraq göstərdikləri fənləri seçmək hüququna
malikdirlər.
Orta məktəb
(high school). Təhsil müddəti 3 ildir (X-XII
siniflər). Əsas fənlərə riyaziyyat (2 il),
ingilis dili (4 il), təbiət elmləri (2 il) və
sosial elmlər (3 il) daxildir.
Orta məktəbdə qiymətləndirmə sistemi ingilis
əlifbasının A, B, C, D, F hərfləri ilə aparılır.
Orta qiymətin müəyyən edilməsi üçün hərflərə
uyğun ballardan (A=4, B=3, C=2, D=1 və F= 0)
istifadə olunur.
C-dən yuxarı qiymətlər yaxşı qiymətlər hesab
edilir. Təhsilin davam etdirilməsi üçün tədrisin
sonunda B və ya A qiymətləri alınmalıdır. D -
biliyin orta səviyyədən aşağı olduğunu, F isə
qeyri-qənaətbəxş nəticə və ya tədris
materialının tamamilə öyrənilməməsi deməkdir.
Orta məktəbin bitirilməsi haqqında diplom almaq
üçün son 4 il ərzində 16 akademik kurs üzrə
zaçot almaq kifayətdir. Akademik kurs adətən
90-180 məşğələdən ibarət olur. Adətən hər
yarımilə 5-6 kurs düşür. Son 4 ildə şagirdlərə 5
əsas fənnin - ingilis dili (4 il), riyaziyyat (3
il), təbiət elmləri (3 il), sosial elmlər (3 il),
kompüter (5 ay) öyrənilməsi məsləhət görülür.
Universitet və dördillik kolleclərdə təhsilini
davam etdirmək istəyənlər üçün xarici dil
kursunu (2 il) keçmək də tələb olunur.
Əsas fənlər 20-30 ixtisaslaşmış kurslara bölünür.
Məsələn, ingilis dilinə Amerika ədəbiyyatı və
ədəbi yaradıcılıq daxil edilir. Məqbul qiymət
almaq üçün müasir yazıçıların yaradıcılığı və ya
jurnalistika sahəsindən də imtahan vermək
mümkündür.
Təhsil Nailiyyətlərinin Milli Qiymətləndirilməsi
(National Assessment of Educational Progress -
NAEP) təşkilatının verdiyi məlumata əsasən,
2010-2011-ci tədris ilində təxminən 49,4 milyon
şagird dövlət ibtidai və orta məktəblərində
təhsil alır. Bundan əlavə, 5,8 milyon şagird
özəl məktəblərdə təhsil alır. Bütün bu
məktəblərdə təxminən 3,8 milyon müəllim çalışır.
2010-2011-ci tədris ilində isə 19,1 milyon nəfər
iki və dördillik kolleclərə və universitetlərə
daxil olub. Bu rəqəm 2000-ci illə müqayisədə 3,8
milyon nəfər çoxdur.
2010-2011-ci tədris ilində orta təhsilə təxminən
340 milyard dollar məbləğində vəsait ayrılıb.
Ölkə üzrə hər şagirdə orta hesabla 10 min 792
dollar düşür. Müqayisə üçün qeyd edək ki,
2007-2008-ci tədris ilində bu məbləğ 10 min 297
dollar təşkil edib.
Ali təhsil
ABŞ-da
ali təhsil müəssisəsi anlayışının dəqiq təyinatı
mövcud deyil. Orta məktəbdən sonra təhsil verən
istənilən təhsil müəssisəsi kollec, məktəb,
institut və hətta universitet adlandırıla bilər.
Hər hansı təhsil müəssisəsinin statusunu
müəyyənləşdirən yeganə meyar orda tədris olunan
ixtisasların keyfiyyəti və həyata keçirilən elmi
tədqiqatlar ola bilər.
Ali məktəblərə qəbul olunmaq üçün
abituriyentlərə qarşı vahid tələblər yoxdur.
İkiillik kolleclərə daxil olmaq üçün heç bir
qəbul şərtləri və yaş məhdudiyyəti qoyulmur.
Abituriyentlərdən sadəcə olaraq orta təhsil
haqqında sənəd tələb edilir.
Ali təhsil müəssisəsinin növündən və nüfuzundan
asılı olaraq, qəbul olmaq istəyənlərdən müsabiqə
imtahanları, müsahibələr və test imtahanları
götürülə bilər. Əsasən namizədlərdən aşağıdakı
sənədlər tələb edilir:
- orta məktəb nailiyyətləri haqqında sənəd (GPA
- Grade Point Average, orta bal);
- SAT (Scholastic Aptitude Test) - təhsilin
qiymətləndirilməsi testinin nəticələri;
- müəllimlərin zəmanəti;
- yazılı inşa;
- liderlik potensialının olması haqqında və
tədrisdənkənar tədbirlərdə (məsələn, məktəb
qəzetində, idman komandalarında, yaradıcılıq
müsabiqələrində, ictimai işlərdə) iştirakı
təsdiqləyən sənədlər.
Amerika
ali təhsilində çoxpilləli sistem qəbul edilib.
Bu sistemə əsasən ölkədəki ali təhsil müəyyən
dövrlərə bölünür.
Bakalavr (Undergraduate) dövrü 4 il davam edir
və humanitar (Bachelor of Arts, BA) və ya təbiət
elmləri (Bachelor of Science, BS) bakalavr
dərəcəsinin alınması ilə başa çatır. Bakalavr
kursunun proqramına təxminən 30 tədris fənni
daxildir. Onlardan hər biri müəyyən kredit balı
ilə qiymətləndirilir. Ümumilikdə, bakalavr
dərəcəsini almaq üçün 120 kredit toplamaq
lazımdır. Əgər tələbə müəyyən sayda mühazirədə
iştirak edibsə (akademik saatlarla ölçülən),
laborator işləri yerinə yetiribsə, müstəqil iş (referat,
esse, hesabat və s.) yazıbsa, o zaman müvafiq
krediti qazanmış hesab olunur.
Amerika təhsil sistemi özünəməxsus çevikliyi ilə
fərqlənir. Məsələn, bakalavr proqramı üzrə
təhsilin ilk iki ili bir sıra əsas fənlərin
icbari qaydada öyrənilməsi nəzərdə tutulur.
Növbəti iki ildə isə tələbələr kifayət qədər
geniş siyahıdan istədikləri kursu seçə bilirlər.
Magistr (Graduate) dövrü magistr dərəcəsinin (MasterTs
Degree) verilməsi ilə nəticələnir.
Magistraturada təhsil iki ildir. Sonda məzunlar
magistr dissertasiyası yazır və müdafiə edirlər.
Ali təhsil müəssisələri
ABŞ-ın ali təhsil müəssisələrinin sayı 4480-dən
çoxdur. Buraya ikiillik və dördillik kolleclər,
eləcə də universitetlər daxildir.
Universitetlər proqram seçimində və onların
məzmununun müəyyən edilməsində sərbəstdirlər.
Bundan əlavə, ölkənin ən yaxşı universitetləri
böyük maliyyə sərbəstliyinə malikdirlər. Onların
maliyyə mənbələri yalnız tələbələrdən alınan
təhsil haqları hesabına deyil, həmçinin
elmi-tədqiqat işlərindən, sponsor yardımından
əldə edilən gəlirlər hesabına formalaşır.
Ölkənin ən qədim ali təhsil müəssisəsi 1636-cı
ildə yaradılmış Harvard Universitetidir. 1693-cü
ildən 1749-cu ilədək ABŞ-da daha dörd ali təhsil
ocağı - Vilyam və Meri Kolleci (1693, Virciniya
ştatı), Yel (1701), Prinston (1746) və
Pensilvaniya (1749) universitetləri fəaliyyətə
başlayıb.
Digər universitetlər ərazilərə görə (Orta Qərb,
Şimal, Cənub və Qərb bölgələri) bölünürlər. Bu
sıraya öz ştatlarının büdcəsindən maliyyələşən
dövlət universitetləri, ayrı-ayrı şəxslərin və
ya fondların maliyyə vəsaiti hesabına fəaliyyət
göstərən özəl universitetlər daxildir.
Dünya universitetləri reytinqində ABŞ
universitetləri həmişə yüksək pillələri tuturlar.
"Times Higher Education World University
Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu
universitetləri arasında apardığı araşdırmaya
əsasən dünyadakı 100 ən yaxşı universitetin 51-i
ABŞ-dadır. Reytinqin ilk beşliyində də ABŞ
universitetləri (Harvard Universiteti,
Kaliforniya Texnologiya Universiteti,
Massaçusets Texnologiya Universiteti, Stanford
Universiteti və Prinston Universiteti) qərar
tutur.
"QS World University Rankings"in hesabatına
əsasən isə dünyadakı 100 ən yaxşı universitetin
31-i ABŞ-da yerləşir. Bu reytinqdə ilk onluğa
daxil olan universitetlərin altısı (Harvard
Universiteti -2, Yel Universiteti - 3,
Massaçusets Texnologiya Universiteti - 5, Çikaqo
Universiteti - 8, Kaliforniya Texnologiya
Universiteti - 9, Prinston Universiteti - 10)
Amerikanın payına düşür.
Təhsilin sonunda bakalavr, magistr və doktorluq
dərəcələri verilir. Kollec və universitetlər
veriləcək dərəcələri və onları alacaq tələbələri
özləri müəyyənləşdirir.
Amerika universitetləri tədris binaları,
laboratoriyalar, kitabxanalar, yataqxanalar,
müəllimlər üçün evlər, kafe və yeməkxanalar,
idman və mədəni kampuslar, təhsil şəhərcikləri
ilə əhatə olunur. Tədris ili 2 və ya 3
semestrdən ibarətdir.
Mühazirələrdə, adətən, minədək tələbə iştirak
edir. Hər tələbənin şəxsi tədris planı olur.
Universitetlərdə daimi qruplar yoxdur.
Müəllimlər adətən mühazirənin surətini
tələbələrə payladıqları üçün konspekt tutmağa
ehtiyac olmur. Hər semestrin sonunda imtahan və
zaçotlar verilir. Bu zaman nailiyyət qazana
bilməyən tələbələr universitetlərdən
çıxarılmırlar. Onlara imtahanı bir neçə dəfə
yenidən vermək imkanı yaradılır.
Dördillik kolleclər statusuna görə
universitetlərə bərabər tutulurlar. Onların
bəziləri müstəqil təhsil müəssisələri olsa da,
digərləri universitetlərin tərkibində fəaliyyət
göstərirlər. Kolleclərlə universitetlər arasında
yeganə fərq kolleclərin yalnız bakalavr proqramı
əsasında tədris aparmasından ibarətdir.
Təhsilini magistraturada davam etdirmək istəyən
tələbə universitetin magistr (Graduate)
proqramına qəbul oluna bilər.
Bundan əlavə, ABŞ-da ştatdaxili regional
kolleclər də fəaliyyət göstərir. XX əsrin
əvvəllərində yaradılan regional kolleclərdən
ibarət sistemin əsas məqsədi məktəblə
universitet arasında keçid yaratmaqdır. Bu
kolleclərdə təhsil 2 il davam edir və Associate
degree (Aralıq dərəcə) alınması ilə başa çatır.
Bu dərəcə tələbələrə bakalavr dərəcəsi almaq
üçün öz təhsillərini universitetlərdə davam
etdirmək imkanı yaradır. Regional kolleclərin
özünəməxsusluğu, onların ümumtəhsil proqramları
və texniki sahələr üzrə ixtisasartırma kursları
təklif etməsindən ibarətdir.
ABŞ-da tibbi təhsil ən bahalı təhsillərdən hesab
edilir. Tələbələrin bir hissəsi təhsil haqqı
ödəmək iqtidarında olmadıqlarından, əsasən
təhsil kreditləri hesabına oxuyurlar.
Statistikaya əsasən, təhsilin sonunda Amerika
Tibb Məktəbi məzunlarının əksəriyyətinin 100 min
dollardan artıq borcu olur. Buna baxmayaraq,
məzunların təcrübi və tədqiqat fəaliyyətlərinin
ilk aylarında aldıqları yüksək məvaciblər
təhsilə xərclənmiş vəsaiti ödəmək imkanı yaradır.
ABŞ-ın ən məşhur tibb məktəbləri arasında Oreqon
Tibb və Elm Universiteti (Oregon Health &
Science University), Miçiqan Dövlət Universiteti
Osteopatik Tibb Kolleci (Mich. State U. College.
of Osteopathic Medicine), Minnesota Universiteti
(University of Minnesota), Con Hopkins
Universiteti (Johns Hopkins University),
Kolumbiya Universiteti Terapiya və Cərrahiyyə
Kolleci (Columbia U. College of Physicians and
Surgeons) və digər tədris ocaqlarının adlarını
çəkmək olar.
Amerika ali təhsilindən danışarkən biznes
təhsilini qeyd etməmək mümkün deyil. Belə ki,
dünyada ilk biznes məktəbi - Tak Biznes Məktəbi
(TuckTs School of Business) məhz ABŞ-da
yaradılıb. Bu gün dünyanın aparıcı biznes
məktəblərinin təxminən 60 faizi Amerikadadır. Bu
ölkədə alınmış MBA (Master of Business
Administration) diplomu bütün dünyada gələcək
uğurlu karyeranın zəmanəti hesab edilir.
ABŞ-da 1500-dən artıq təhsil müəssisəsi MBA
proqramları təklif edir. Amerikanın ən məşhur
biznes-proqramlarına marketinq, maliyyə,
beynəlxalq və İnternet biznesi, sahibkarlıq,
pərakəndə satış və digər sahələr üzrə proqramlar
aiddir. ABŞ biznes-məktəblərində təhsil iki il
davam edir. Təhsil haqqı ildə təxminən 50 min
dollardır. Amerika biznes məktəbinə daxil olan
hər kəs qəbul komissiyasına təhsil haqqını ödəmə
qabiliyyətinin olması ilə bağlı zəmanət təqdim
etməlidir.
İlk MBA məktəbləri olan Harvard, Stenford və
Barton məktəbləri uzun illərdir ki, dünya
universitetlərinin reytinq siyahısında ilk üç
pilləni tuturlar. Bəzən onlar reytinq
siyahısında bir-birini əvəz edirlər.
Onu da qeyd edək ki, ABŞ-da 16-24 yaşlılar
arasında təhsilini yarımçıq qoyanlar 2009-cu
ildə 8,1 faizə qədər azalıb. Tələbələr arasında
qızların sayı (10,9 milyon) oğlanlardan (8,3
milyon) çoxdur. Bütün tələbələrin 11,9 milyonu
əyani təhsil, 7,2 milyonu isə qiyabi təhsil alır.
Əcnəbi tələbələr
ABŞ universitet və kolleclərdə təhsil alan
əcnəbi tələbələrin sayına görə dünya lideridir.
Tələbələrin Amerikanı seçməsinin bir sıra
səbəbləri var. Amerikada geniş ixtisas seçimi və
güclü elmi-tədris bazası mövcuddur. Amerika
universitetləri sadəcə ali təhsil müəssisələri
deyil. Onların hər biri elmin müxtəlif sahələri
üzrə qabaqcıl tədqiqatların aparıldığı və
kəşflərin edildiyi mərkəzlərdir.
ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət
İşləri üzrə Bürosunun dəstəyi ilə Beynəlxalq
Təhsil İnstitutunun (Institute of International
Education, IIE) hazırladığı illik hesabatına
əsasən 2009-2010-cu tədris ilində ABŞ
universitetlərinə 202 mindən çox əcnəbi tələbə
qəbul olunub. Ümumlikdə, 2009-2010 - cu tədris
ilində ABŞ universitetlərində 700 minə yaxın
əcnəbi tələbə təhsil alıb ki, bu da 2008-2009-cu
ilin tədris ili ilə müqayisədə 2,9 faiz çoxdur.
ABŞ-da təhsil alan əcnəbi tələbələrin böyük
əksəriyyəti Çin (18,5 faiz), Hindistan (15,2
faiz) və Cənubi Koreya (10,4 faiz)
vətəndaşlarıdır. Bu üç ölkədən olan tələbələr
əcnəbi tələbələrin ümumi sayının təxminən 44
faizini təşkil edir. Əgər 2008-2009-cu tədris
ilində əcnəbi tələbələr arasında
hindistanlıların sayı çoxluq təşkil edirdisə,
2009-2010-cu tədris ilində çinlilər ön mövqeyə
çıxıb. Bundan əlavə, ABŞ-da təhsil alan əcnəbi
tələbələrin statistikasında ilk onluğa Kanada
(4,1 faiz), Tayvan (3,9 faiz), Yaponiya (3,6
faiz), Səudiyyə Ərəbistanı (2,3 faiz), Meksika
(1,9 faiz), Vyetnam (1,9 faiz) və Türkiyə (1,8
faiz) daxildir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"
çərçivəsində 26 azərbaycanlı gənc ABŞ-ın ən
nüfuzlu ali təhsil müəssisələrinə göndərilib.
Artıq onlardan 9 nəfəri təhsillərini başa
vuraraq ölkəmizə qayıdıb.
ABŞ-da təhsil alan əcnəbi tələbələrin
əksəriyyəti Cənubi Kaliforniya Universitetində
(University of Southern California, 8 minə qədər),
İllinoys - Urbana Şampeyn Universitetində
(University of Illinois - Urbana-Champaign,
təxminən 8 min), Nyu-York Universitetində (New
York University, 7,3 min), Perdyu
Universitetində (Purdue University, 6,9 min),
Kolumbiya Universitetində (Columbia University,
6,8 min), Miçiqan Universitetində (University of
Michigan - 6,1 min), Kaliforniya Universitetində
(University of California, 5,7 min), Miçiqan
Dövlət Universitetində (Michigan State
University, 5,4 min), Texas Universitetində
(University of Texas, 5,3 min) və Boston
Universitetində (Boston University, 5,2 min)
təhsil alırlar.
ABŞ-da təhsil alanların 21,1 faizi (145,5 min
nəfər) biznes və menecment sahələrinə, 18,4
faizi (127,4 min nəfər) mühəndislik elmlərinə,
8,9 faizi (61,285 min nəfər) fizika və həyat
haqqında elmlərə, 8,8 faizi (təxminən 61 mini)
riyaziyyat və kompüter elmlərinə, 8,7 faizi (təxminən
60 mini) ictimai elmlərə üstünlük verirlər.
Beynəlxalq Təhsil İnstitutunun (Institute of
International Education, IIE) məlumatına görə,
2008-2009-cu tədris ilində Amerikadan olan 260
mindən artıq tələbə xarici ölkələrdə təhsil alıb.
Bu ölkələr arasında liderliyi Böyük Britaniya
(12 faiz), İtaliya (10,5 faiz), İspaniya (9,3
faiz), Fransa (6,5 faiz) və Çin (5,3 faiz) tutur.
Xarici dövlətlərdə oxuyan amerikalılar əsasən
sosial elmlərə, biznes və idarəetmə, humanitar,
tətbiqi incəsənət, rəssamlıq, fizika və yer
haqqında elmlərə üstünlük verirlər.
Təhsil və yaşayış haqqı
ABŞ universitetlərində təhsil haqqı bir sıra
meyarlardan asılıdır. Bu baxımdan təhsil
ocağının statusu (dövlət və ya özəl, kollec və
ya universitet), nüfuzu və konkret fakültə əsas
götürülür. Ən aşağı qiymətlər dövlət kollecləri
və universitetlərindədir. İlk ildə təhsilin
məbləği orta hesabla 7 min, ikinci il 9-10 min
ABŞ dolları ola bilər. Məsələn, Berkli
Universiteti kifayət qədər tanınsa da, burada
təhsil ildə təxminən 14-20 min dollar təşkil
edir. Özəl ali təhsil müəssisələrində isə (məsələn,
Stenford və ya Harvard universitetlərində)
qiymətlər 30 min dollardan (qiymətlər tədris
ilinə görə fərqlənə bilər) başlayır. Texniki
ixtisaslar bahalı laboratoriya avadanlıqlarından
istifadəni nəzərdə tutduğu üçün humanitar
elmlərə nisbətən daha çox xərc tələb edir. Qeyd
etdiyimiz kimi, Amerikada ən yüksək təhsil haqqı
tibb ixtisası üzrədir.
Yaşayış qiymətləri isə universitetin yerləşdiyi
ərazidən asılıdır. Həyat səviyyəsinə görə
ölkənin ən bahalı şəhərləri Nyu-York, Los-Anceles
və Çikaqodur. Ən ucuz yaşayış ölkənin kiçik
əyalət şəhərlərindədir.
Tələbələrin xərclərinin əsas hissəsini yaşayış
xərcləri təşkil edir. Universitet kampusundakı
yataqxanalardakı otaqlarda qalmaq ildə 5-12 min
dollara (universitetin yerləşdiyi ərazidən asılı
olaraq) başa gəlir.
Təqaüd proqramları
ABŞ hökuməti Amerikada təhsil almaq istəyən
əcnəbi tələbələr üçün xeyli sayda təqaüdlər
təklif edir. Onların böyük hissəsi magistr və
doktor proqramlarının iştirakçıları üçün nəzərdə
tutulub. Lakin bakalavrlar üçün də təqaüdlər
mövcuddur.
Qlobal Bakalavr Mübadiləsi Proqramı (UGRAD)
çərçivəsində təqaüd I-III kurs tələbələrinə
verilir. Bu, 1 və ya 2 il ərzində kənd
təsərrüfatı, biznes, informatika, pedaqogika,
iqtisadiyyat, beynəlxalq əlaqələr və digər
istiqamətlər üzrə təhsil almaq imkanı yaradır.
1995-ci ildən bu proqramda 200-dən çox
azərbaycanlı tələbə iştirak edib.
Fulbrayt Proqramı (Fulbright Program)
çərçivəsində magistraturada təhsil üçün
incəsənət, humanitar və ictimai elmlər, texniki
və təbiət elmləri, eləcə də ABŞ tarixi, hüquq,
jurnalistika, psixologiya, kinematoqrafiya,
teatr və incəsənət, sosiologiya, memarlıq və
digər sahələr üzrə təqaüd ayrılır. Eləcə də bu
proqram çərçivəsində Amerika universitetlərində
magistr (MA- Master of Arts) dərəcəsinin
alınması üzrə ikiillik qrantlar təklif edilir.
Bundan əlavə, proqram Amerika universitetlərində
və arxivlərində namizədlik dissertasiyası üçün
material toplamaq məqsədilə elmi-tədqiqat işləri
aparmağa birillik qrantlar ayırır.
Fulbrayt Proqramı üzrə təqaüdlər Azərbaycan
vətəndaşları üçün də verilir. Bu proqram üzrə
təqaüdlərin verilməsi açıq müsabiqə yolu ilə
ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən hər
tədris ilində həyata keçirilir. Ali təhsili (ən
azı bakalavr dərəcəsi) olan, ingilis dilini
bilən Azərbaycan vətəndaşları bu proqrama
qoşulmaq üçün ərizə verə bilərlər.
ABŞ Konqresi tərəfindən 1992-ci ildə təsis
edilmiş Edmund S.Maski Magistr Proqramının
(Edmund S.Muskie Graduate Fellowship Program)
məqsədi Avrasiya ərazisində iqtisadiyyatın və
demokratiyanın inkişafına yardım göstərməkdir.
Bu, ABŞ Dövlət Departamentinin Təhsil və
Mədəniyyət İşləri üzrə Bürosunun proqramı olsa
da, IREX tərəfindən həyata keçirilir. Proqram
Azərbaycan, Rusiya, Gürcüstan, Qazaxıstan,
Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan,
Ermənistan, Özbəkistan və Ukraynadan olan
aspirantlara və mütəxəssislərə ABŞ-da 1 il
dərəcəsiz, 1 və ya 2 il müddətində isə dərəcə
almaq üçün təhsil təklif edir.
1998-2008-ci illər ərzində təqribən 280-ə yaxın
azərbaycanlı gənc bu proqramda iştirak edib.
Proqram iştirakçıları magistr dərəcəsi almaqla
yanaşı, bitirdikləri universitetdə ixtisasları
üzrə 12 həftəlik təcrübə keçmək imkanı da
qazanırlar. Ali təhsili (ən azı bakalavr
dərəcəsi) olan, ingilis dilini bilən və biznes
idarəçiliyi, iqtisadiyyat, hüquq, ictimai
idarəetmə, ictimai siyasət, ətraf mühit,
beynəlxalq əlaqələr, kitabxanaçılıq, təhsil və
jurnalistika ixtisaslarından birinə yiyələnmək
istəyən istənilən Azərbaycan vətəndaşı proqram
üzrə təqaüd almaq üçün müraciət edə bilər.
Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX)
ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə həyata
keçirilir. Bu proqram çərçivəsində MDB
ölkələrindən hər il yüzlərlə X və XI sinif
şagirdləri ABŞ-ın orta məktəblərində təhsil alır
və bu ölkədə yaşayır. Proqram üzrə seçim prosesi
ingilis dilini bilmə, şəxsi keyfiyyətlər,
akademik nailiyyətlər və rəhbərlik potensialı
kimi meyarlara əsaslanır. Seçilmiş şagirdlər
Amerika haqqında kurslar keçir və bir il
müddətində Amerikanın orta məktəblərində tam
kursu bitirirlər.
1998-ci ildən başlayaraq FLEX Proqramı üzrə hər
il 55 azərbaycanlı şagird ABŞ-da təhsil alır.
İndiyədək 800-dən artıq şagirdimiz bu proqramda
iştirak edib. FLEX Proqramı çərçivəsində ABŞ-da
bir il təhsil almaq hüququ qazanan məktəblilər
arasında təkcə Bakı şəhərinin deyil, Sumqayıt,
Naxçıvan, Gəncə, Mingəçevir, Quba, Şəki,
Lənkəran məktəblərinin də şagirdləri var.
Gənc Müəllimlərin İnkişafı Proqramı
(JFDP) gənc ali məktəb müəllimləri üçün nəzərdə
tutulur. Bu layihə tədris proqramlarının
hazırlanması və tədris metodikasının
təkmilləşdirilməsi sahələrini əhatə edir. Həmin
proqram çərçivəsində müəllimlər ABŞ və
Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlıq
əlaqələri yaradırlar. Birillik akademik
proqramda 2 aylıq stajkeçmə də nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, bu proqram elmi dərəcə
alınmasını nəzərdə tutmur. 1999-2007-ci illərdə
Azərbaycandan 35 nəfər bu proqramda iştirak edib.
2010-2011-ci tədris ili üzrə Gələcək Liderlərin
Mübadiləsi Proqramı (FLEX) çərçivəsində 42, Gənc
Müəllimlərin İnkişafı Proqramı (JFDP) üzrə 5,
"Open World" Proqramı çərçivəsində 50, Qlobal
Bakalavr Mübadiləsi Proqramı (UGRAD)
çərçivəsində 10, Edmund S. Maski Proqramı
çərçivəsində isə 15 nəfər ABŞ-a göndərilib.
Bunlardan əlavə, Amerikada hər universitetin öz
təqaüd proqramı mövcuddur. Bir çox hallarda
onlar əcnəbi tələbələrə də şamil edilir. Bəzən
təhsildə və ya idmanda yüksək göstəricilər
qazanmaq təqaüd almaq üçün əsas ola bilər.
Adətən, bu cür təqaüdlərin məbləği yüksək olmur
və təhsil xərclərinin yalnız bir qismini ödəyir.
Elmi tədqiqatlar
ABŞ-da elmin idarə edilməsi təcrübəsi xeyli
maraq doğurur. Çünki söhbət təhsil, iqtisadiyyat
sahələri və müxtəlif dövlət orqanları ilə sıx
inteqrasiya edən dünyanın ən iri Elmi-Texniki
Kompleksindən gedir. Burada universitetlərin
tədqiqat mərkəzləri, sənaye korporasiyaları,
milli dövlət laboratoriyaları, azad tədqiqat
təşkilatları, kiçik və orta kommersiya və
mühəndis şirkətləri, kooperativ təşkilatlar
daxildir. Hökumət ETK-nın müstəqil fəaliyyətinin
səmərəliliyini təmin edir, həmçinin elmi-texniki
siyasətin formalaşması işinin təşkili ilə məşğul
olur.
Milli Elm Fondu (MEF) federal hökumət tərkibində
elm və texnikanın inkişafına məsul olan yeganə
qurumdur. MEF əsasən universitetlərdəki kiçik,
orta kommersiya və mühəndis firmalarındakı
fundamental tədqiqat proqramlarını
maliyyələşdirir.
Federal hökumətin büdcə maliyyəsi nəzəri elmin
inkişafını stimullaşdıran əsas mənbə hesab
olunur. Federal hökumətin maliyyəsi
universitetlərin fundamental tədqiqat
xərclərinin 65 faizini və qeyri- təhsil
xərclərinin isə 60 faizini təşkil edir. Dövlət
bu investisiyanı bütün elm sahələrində liderliyi
saxlamaq məqsədilə ayırır.
Ali təhsil müəssisələri qabaqcıl fundamental
tədqiqatların həyata keçirilməsində və yüksək
ixtisaslı elmi kadrların yetişdirilməsində əsas
rola malikdir. ABŞ ali məktəblərində təhsil
prosesi ilə yüksək keyfiyyətli elmi tədqiqatlar
bir-birilə sıx birləşir.
Bundan əlavə, ölkədə bir sıra elmi-tədqiqat
institutları fəaliyyət göstərir. Bu
müəssisələrin məqsədi tədqiqatların aparılması,
biliklərin dərinləşdirilməsidir. Bu institutlar
arasında 1916-cı ildə yaradılmış Dövlət
Tədqiqatları İnstitutu (Institute for Government
Research) və 1927-ci ildən fəaliyyət göstərən
Brukinqs İnstitutu (Brookings Institution) daha
məşhurdurlar.
Nobel mükafatçıları
Birləşmiş Ştatlar dünya elmində lider mövqeyə
malikdir. Nobel laureatları arasında
amerikalıların sayı mütləq çoxluq təşkil edir.
Belə ki, dünyada olan 817 Nobel mükafatçısının
316-sı amerikalıdır. Con Bardin (fizika) və
Linus Paulin (kimya və sülh) Nobel mükafatına
iki dəfə layiq görüldüyündən, ümumilikdə,
amerikalıların aldıqları mükafatların sayı
318-dir.
Amerikalılar kimya üzrə 62, iqtisadi elmlərə
görə 47, ədəbiyyat sahəsi üzrə 11, fizika üzrə
84, fiziologiya və ya tibb üzrə 93, Nobel sülh
mükafatına isə 21 dəfə layiq görülüblər.
Hazırladı:
Leyla HEYDƏROVA
Yazının hazırlanmasında ABŞ-ın Federal Təhsil
Departamentinin rəsmi məlumatlarından istifadə
olunub. |