Zaman-zaman
qədim oğuz yurdu olan indiki Ermənistan
ərazisində yaşayan azərbaycanlılar gizli və açıq
deportasiyaya məruz qalmış, tarixən yaşadıqları
ərazidən, dədə-baba torpaqlarından qovulmuşlar.
Deportasiya prosesi dəyişmiş formalarda
fasilələrlə, demək olar ki, sovet hakimiyyəti
illərində də davam etdirilmiş, İkinci Dünya
müharibəsindən sonra SSRİ Nazirlər Sovetinin 23
dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli
qərarları ilə 100 min azərbaycanlı kütləvi
surətdə əsrlər boyu yaşadıqları doğma
yurdlarından qovulmuşdur.
Ermənilərin
deportasiyasına və mənəvi terroruna tuş gələn
ailələrdən biri də Zəngibasar mahalının Rəncbər
kəndində zəhmətkeş kəndli həyatı yaşayan Əyyub
kişinin ailəsi və qohumları olmuşlar. Etnik
təmizləmə nəticəsində onlar Azərbaycanın
Sabirabad rayonuna köçürülmüşdür. İsti iqlim
şəraitinə dözə bilməyən kənd əhalisinin bir
hissəsi əzab-əziyyətlə yenidən doğma yurda
dönməyə nail oldu. 1950-ci illərdə Zəngibasarda
həyat yavaş-yavaş normal ritmə düşürdü. Digər
kəndlərdə olduğu kimi, Rəncbər kəndində də
azərbaycanlılar yenidən əkin-biçinlə məşğul
olmağa başlamışdı. 1951-ci ildə Əyyub kişinin
dördüncü oğul övladının - Əli Mehtiyevin dünyaya
gəlişi ailənin nisgilli günlərinə sevinc qatdı.
Yel qanadlı illər bir göz qırpımında, bir su
içimində keçib getdi. Əli Mehtiyev 1958-ci ildə
Rəncbər kənd səkkizillik məktəbinin birinci
sinfinə getdi. 1963-cü ildə ailə vəziyyəti ilə
əlaqədar Sumqayıt şəhərinə gələn Əli iki il
böyük qardaşının yanında yaşadıqdan sonra
yenidən doğma kəndlərinə qayıtdı. Burada
səkkizillik təhsilini başa vurduqdan sonra
yenidən Sumqayıt şəhərinə gəldi, əvvəlcə 7
nömrəli peşə məktəbini, sonra isə 5 nömrəli
ümumtəhsil məktəbini bitirdi. Texniki peşə
məktəbində təhsil alarkən çilingər peşəsinə
yiyələnməklə yanaşı, idmanın sərbəst güləş növü
ilə məşğul olmağa başladı. Güləşməyə o qədər də
həvəsi olmayan Əli Mehtiyev məşqçilərin
sayəsində qısa bir dövrdə güləşin texnika və
taktikasını mənimsədi. Bu peşəni sevdi və ona
ürəkdən bağlandı. İdman onun həyatının mənasına
çevrildi. O dövrdə həm orta, həm ali, həm də
texniki peşə məktəbləri arasında idmanın bütün
növləri üzrə yarışlar keçirilərdi. Əli Mehtiyev
peşə məktəbləri arasında dəfələrlə respublika
birinciliyinin qalibi oldu. Texniki təhsilini
başa vuran Əli Mehtiyev bir müddət Sumqayıt
şəhərindəki kimya kombinatında fəhlə işləməklə
yanaşı, idman karyerasını davam etdirmiş,
respublika və Ümumittifaq yarışlarının
mükafatçısı, Sumqayıt şəhər çempionu olmuşdur.
1974-cü il onun üçün uğurlu olmuşdur; o, SSRİ
idman ustası normasını yerinə yetirmişdir.
İdmana olan
həvəs onun həyat kredosuna çevrilir, özünü
idmandan kənarda təsəvvür edə bilmir. Ona görə
də bu sahədə ali təhsil almaq arzusu ilə Bakı
şəhərinə gəlir, sənədlərini Azərbaycan Dövlət
Bədən Tərbiyəsi İnstitutuna vermək istəyir.
Lakin valideynləri buna etiraz edirlər, onlar
Əlini ticarətçi görmək istəyirlər. Əli Mehtiyev
ailəsinin istəklərinə əks getməyərək Sovet
Ticarəti Texnikumuna qəbul olur. Bir müddət
orada oxumaqla yanaşı, idmanla da məşğul olur.
Atalar yaxşı deyiblər ki, niyyətin hara,
mənzilin də ora. Ticarət sahəsində özünü
görməyən Əli Mehtiyev istək və arzularına rəğmən
sənədlərini texnikumdan götürərək Azərbaycan
Bədən Tərbiyəsi İnstitutuna daxil olmaq qərarına
gəlir. Təsadüf nəticəsində attestatını itirir.
Yalnız bir il sonra, 1978-ci ildə arzusu
reallaşır, o, Azərbaycan Bədən Tərbiyəsi
İnstitutunun tələbəsi olmaq səadətini yaşayır.
Burada o, idmanın tarixi və nəzəriyyəsinin
incəliklərinə yiyələnir. Bədən tərbiyəsi və
idman tarixi kafedrasının müdiri Kamal Rzayev,
əməkdar bədən tərbiyəsi və idman xadimi, dosent
Züleyxa Hüseynova, gimnastika kafedrasının
müdiri, professor Bəhram Nərimanov, güləş
kafedrasının müdiri, dosent İsmayıl
Abdulqədirov və başqalarının mühazirələrini
dinləyir, praktik məşğələlərində iştirak edir,
peşəkar idmançı kimi yetişmək üçün daim məşq
edir. 1983-cü ildə institutu müvəffəqiyyətlə
bitirən Əli Mehtiyev peşəkar güləşçi kimi
Ümumittifaq və respublika yarışlarının qalibi və
mükafatçısı olur. Moskva, Çeboksarı, Perm,
Alma-ata, Leninqrad (indiki Sankt-Peterburq),
Səmərqənd, Salavat Yulayev və digər şəhərlərdə
güləş döşəyinin üzərinə çıxan Əli müəllim oradan
qalib kimi ayrılır. Güləş sahəsindəki
peşəkarlığı ona sonradan məşqçi kimi fəaliyyət
göstərməyə imkan verir. O, 1979-cu ildə sərbəst
güləş üzrə respublika dərəcəli hakim adına layiq
görülür. 1980-ci illərin əvvəlləri onun üçün
daha uğurlu olur. Məşqçi kimi o, respublika,
SSRİ, Avropa və bir sıra beynəlxalq yarışların
çempionu və mükafatçılarını hazırlayır. Əvvəlcə
"Neftçi" İdman Cəmiyyətində, sonra isə "Məhsul"
İdman Cəmiyyətində və Respublika idman təmayüllü
internat-məktəbdə baş məşqçi işləyir. Yaşlılar
arasında SSRİ çempionu Muxtar Novruzov, UGİ
məktəbləri arasında kənd idmançılarının SSRİ
birinciliyinin çempionu Sücəddin Səfərov,
yeniyetmələr arasında Avropa çempionu Azər
İsayev, SSRİ idman ustaları Əli Orucov, Şahin
Dibirov, Rövşən Quliyev, Məmməd Həsənov, Yaşar
Seyidov, Nurəddin Qasarayev, Əlləz Səfərov və
digərlərinin məşqçisi olmuş Əli Mehtiyevi indi
də hörmət və ehtiramla xatırlayırlar.
1980-ci
illərin əvvəllərində onun pedaqoji və idman
fəaliyyətində yeni bir mərhələ başlayır. 1981-ci
ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
APİ-də İbtidai hərbi və fiziki hazırlıq
fakültəsi təşkil olunur. Mütəxəssisləri işə cəlb
edən rektorluq peşəkar idmançı və məşqçi Əli
Mehtiyevi institutun təknövlülük və gimnastika
kafedrasına müəllim kimi işə qəbul edir. 1984-cü
ildə Əli Mehtiyev "Azərbaycan Respublikasının
əməkdar məşqçisi" fəxri adına layiq görülür. Bu
dövrdə Əli müəllimin fəaliyyətində yeni bir
istiqamət formalaşır, o, fiziki tərbiyənin
nəzəri və praktik məsələləri ilə bağlı
tədqiqatlar aparmağa başlayır. Elə bu səbəbdən
də fiziki tərbiyənin nəzəri əsasları və yüngül
atletika kafedrasına dəyişdirilir. 1994-2000-ci
illərdə həmin kafedranın dosenti və müdiri
işləyir. Həmin illər onun üçün daha uğurlu olur.
Belə ki, o, 1997-ci ildə "Məktəbdənkənar tərbiyə
müəssisələrində şagirdlərin fiziki hazırlıq və
hərbi vətənpərvərlik tərbiyəsi" mövzusunda
dissertasiya müdafiə edərək pedaqogika üzrə
fəlsəfə doktoru elmi dərəcəsi alır. 2000-ci ildə
ümumuniversitet kafedrasına - bədən tərbiyəsi və
idman kafedrasına müdir vəzifəsinə seçilir. Bu
illər Əli müəllim üçün həm pedaqoji, həm də elmi
fəaliyyətində zənginliyi və çoxşaxəliliyi ilə
yadda qalır. O, 2007-ci ildə müdiri olduğu
kafedranın professoru seçilir, fiziki tərbiyənin
nəzəriyyəsi, tarixi və metodikası ilə bağlı
silsilə məqalələri nəşr olunur, dərslik və dərs
vəsaiti işıq üzü görür. Onun "Məktəbdənkənar
tərbiyə müəssisələrində şagirdlərin fiziki
hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi"
(2008) adlı əsəri yüksək elmi nəzəri və praktik
əhəmiyyəti ilə seçilir, məktəbdənkənar tərbiyə
müəssisələrində aparılan tərbiyə işinin
təkmilləşdirilməsinə xidmət edir. "Fiziki
tərbiyə və onun tədrisi metodikası" (2009) adlı
dərs vəsaiti pedaqoji universitetlərin ibtidai
sinif müəllimi hazırlayan fakültələrinin
proqramı əsasında yazılmışdır. Dərs vəsaitində
ibtidai siniflərdə fiziki tərbiyənin məqsədi,
mahiyyəti və vəzifələri, bədən tərbiyəsi
dərslərinin planlaşdırılması, təşkili,
keçirilməsi, ibtidai siniflərdə gimnastika,
atletika oyunlarının nəzəri, pedaqoji
istiqamətləri və keçirilməsi metodikası, tədris
prosesində və dərsdən və məktəbdənkənar
məşğələlərin metodiki məsələləri şərh olunur.
İbtidai siniflərdə keçirilən dərslərin nümunəvi
icmalı verilir. Tələbələrin bədən tərbiyəsi və
idman fənni ilə bağlı zəruri ədəbiyyatla
təminatına üstünlük verən Əli Mehtiyev bu
istiqamətli tədqiqatlarını davam etdirir.
Müxtəlif konfranslarda və elmi sessiyalarda
yaddaqalan məruzələr edir. Sevindirici haldır
ki, ADPU ilə yanaşı, digər ali pedaqoji
məktəblərdə də onun tərtib etdiyi fiziki tərbiyə
və onun tədrisi metodikası proqramından və dərs
vəsaitindən istifadə olunur. Ümumiyyətlə, indiyə
kimi Əli müəllimin 3 dərslik və dərs vəsaiti, 9
proqramı, 40-a yaxın elmi məqaləsi və məruzə
tezisi nəşr olunmuşdur. Əli müəllim öz sahəsinin
tanınmış mütəxəssisidir. O, peşəkar idmançı və
məşqçi olmaqla yanaşı, həm də bacarıqlı
təşkilatçıdır. 17 ildir ki, kafedra müdiri kimi
fəaliyyət göstərir. Onun kafedrasında 13 nəfər
tanınmış fiziki tərbiyə və idman müəllimi
çalışır. Əli müəllimin peşəkarlığı nəticəsində
kafedrada işgüzar mühit yaranmışdır. O, pedaqoji
kadr hazırlığı ilə yanaşı, elmi kadr
hazırlığında da elmi rəhbər, rəsmi opponent
kimi yaxından iştirak edir.
Professor Əli
Mehtiyev 60 illik sadə, lakin mənalı bir ömür
yaşamışdır. Aldığı yüksək elmi adlar, dərəcələr,
fəxri fərmanlar, mükafatlar onun ömrünün
bəzəyidir. 3 övlad atası, 5 nəvə babası
professor Əli Mehtiyevi anadan olmasının 60
illik yubileyi münasibətilə təbrik edir, ona
pedaqoji fəaliyyətində və şəxsi həyatında
yeni-yeni uğurlar arzulayırıq.
Fərrux RÜSTƏMOV,
pedaqoji elmlər doktoru, professor
|
|