(Əvvəli qəzetimizin ötən nömrəsində)
Strateji və
fəaliyyət planlarının qarşılıqlı əlaqəsi,
onların təhsil sistemində əhəmiyyəti və
hazırlanma prosedurları. Strateji planlaşdırma
təşkilatın məqsədləri və potensial imkanlarını
nəzərə almaqla həlledici qərarların qəbul
edilməsində, mövcud problemlərin və imkanların
proqnozlaşdırılmasında mühüm vasitə hesab
olunur. Belə ki, təhsil müəssisəsinin inkişaf
rejimi şəraitində fəaliyyət göstərməsi və
keyfiyyətin ümumi idarə olunması sisteminin
mühüm tərkib hissəsi müəssisənin inkişaf
planının - strateji planın işlənib
hazırlanmasıdır. Hazırda təhsil müəssisələrində
illik fəaliyyət planları hazırlanır. Lakin
dünyanın bir çox inkişaf etmiş ölkələrinin
təhsil müəssisələrində perspektiv istiqamətləri
müəyyənləşdirmək üçün strateji planlar
hazırlanır və həmin planlarda əldə olunacaq
nəticələr öz əksini tapır. Bu baxımdan müasir
dünya təcrübəsinə əsaslanaraq təhsil
müəssisələrində strateji planların və onun
tərkib hissəsi olan illik fəaliyyət planlarının
hazırlanması məqsədəuyğun hesab olunur.
Strateji plan
strategiyanın ayrı-ayrı məqsədlərinə müəyyən
müddətdə (3-5 il müddətində) nail olmanı nəzərdə
tutan ətraflı plandır və bu planın hazırlanması
gələcəyə ciddi və sistemli hazırlıq deməkdir.
Strateji planda problemlər və perspektivlər
təhlil edilir, müvafiq müddətə (3-5 ilə) vacib
tədbirlər dairəsi müəyyənləşdirilir. Strateji
plan inkişafyönümlü xarakterdə olmalı,
perspektivlərin müəyyənləşdirilməsinə zəmin
yaratmalı, potensial imkanları nəzərə almalı,
geniş məlumatlara və göstəricilərə əsaslanaraq
tərtib olunmalıdır.
Strateji
planlar elə hazırlanmalıdır ki, onlar uzun
müddət ərzində özlərini doğrultmaqla yanaşı
çevikliyini saxlaya bilsin. Bu ona görə vacibdir
ki, strateji plan cəmiyyətdə baş verə biləcək
dəyişikliklərə uyğun olmalıdır. Bu plana bir
inkişaf proqramı kimi baxmaq lazımdır ki, həmin
proqram təşkilatın fəaliyyətini uzun müddət
ərzində istiqamətləndirir.
Yuxarıda qeyd
olunan fikirləri nəzərə alaraq, strateji planın
hazırlanması qaydasını nəzərdən keçirək. Bu
baxımdan strateji plan aşağıdakı mərhələlərə
müvafiq olaraq hazırlanır:
1. Strateji
planın hazırlanmasında ilkin tapşırıq təşkilatın
"missiya"sını müəyyənləşdirməkdir. Missiya
fəaliyyətin ümumi məqsədini və səbəbini əks
etdirən bir məfhumdur. Təşkilatda çalışan və
onun fəaliyyətinə cəlb olunan insanlarda maraq
oyatmaq üçün həmin təşkilatın ümumi məqsədi
"missiya"da xüsusi şəkildə əks olunmalıdır. Hər
hansı bir təhsil müəssisəsinin missiyasını
müəyyənləşdirərkən həmin missiyada əsasən
fəaliyyətin məqsədi, fəaliyyətin səbəbi (işin nə
üçün edildiyi) və işin kim üçün edildiyi kimi
vasitələr öz əksini tapmalıdır. Misal:
Məktəblərimizin missiyası şagirdlərin fərdi
tələbatlarını ödəmək və potensial imkanlarından
tam istifadə etmək məqsədilə bacarıqlarını
inkişaf etdirməsidir.
2. Strateji
planın ikinci elementi perspektivlər və onların
müəyyənləşdirilməsidir. Perspektivlər təşkilatın
cari vəziyyətinin gələcəkdə təkmilləşdirilməsini
əks etdirir və əldə olunacaq nəticələr
perspektiv nöqteyi-nəzərindən müəyyənləşdirilir
(yəni təşkilatın 5 və ya 10 ildən sonra hansı
səviyyədə olması müəyyənləşdirilməlidir). Misal:
Məktəblərimizin perspektivi təhsil almağa
meyilli olan yüksək savada malik, bilikli
şagirdlər hazırlamaqdan ibarətdir.
3. Hər bir
təhsil müəssisəsi uğurlu və səmərəli fəaliyyət
göstərməsi üçün özünün dəyərlərinə malik
olmalıdır. Həmin dəyərlər təhsil müəssisəsindəki
tədrisin keyfiyyətini və davranış qaydalarına
olan diqqəti artırır. Bu baxımdan da strateji
planın növbəti elementi dəyərlərdir. Dəyərlər
müsbət xüsusiyyətləri əks etdirən anlayışlardır.
Təhsil müəssisələri aşağıda misal olaraq qeyd
olunan və digər dəyərləri müəyyənləşdirmək
imkanına malikdir. Misal: düzgünlük, səmimilik,
səmərəlilik, hörmət, fərdilik, tamlıq, nailiyyət
və s.
4. Təhsil
siyasətində səmərəlilik vacib yer tutduğu üçün
təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyi
haqqında məlumatı həmin müəssisənin strateji
planına daxil etmək məqsədəmüvafiqdir. Belə ki,
strateji planın növbəti elementi olan
"fəaliyyətin səmərəliliyi" gələcək fəaliyyəti
planlaşdırmaq üçün təhsil müəssisəsinin cari
dövrdə nə dərəcədə səmərəli fəaliyyət
göstərməsinin müəyyənləşdirilməsidir.
Fəaliyyətin səmərəliliyini təhsil müəssisəsinin
güclü və zəif cəhətləri, imkan və riskləri ilə
yanaşı, aşağıdakı sualları nəzərə almaqla
müəyyənləşdirmək mümkündür:
- Təhsil
müəssisəsində hansı fəaliyyət daha səmərəli icra
olunur? Bunu hansı faktlarla sübut etmək olar?
-
Nailiyyətlərin hansı aspektləri indikinə
nisbətən daha da təkmilləşdirilə bilər?
- Təhsil
müəssisəsinin fəaliyyətinin səmərəliliyini hansı
səviyyəyə qaldırmaq olar? Hansı təkmilləşdirmə
işləri aparılmalıdır?
5. Strateji
planın növbəti və mühüm elementlərindən biri də
strateji məqsədlərdir. Strateji məqsədlər
təşkilat üçün arzuolunan nəticələrdir. Strateji
plan uzunmüddətli məqsədlərə nail olmanı nəzərdə
tutan ətraflı plan hesab olunduğundan burada
perspektivlər, uğursuzluqlar təhlil edilməklə,
vacib tədbirlərlə birgə məqsəd və alt-məqsədlər
müəyyənləşdirilir. Məqsədlər həm də təhsil
müəssisələrində nailiyyətlərin yüksəldilməsi
üçün müəssisənin həyata keçirmək istədiyi
təkmilləşdirmə fəaliyyətlərini müəyyən edən
geniş anlayışlardır. Alt-məqsəd isə
müəyyənləşdirilmiş məqsədə nail olmağa yönəlmiş
spesifik ideyaları, addımları ifadə edir. Misal:
Məqsəd: "Məktəbimizdə hər bir şagird oxu
bacarığını inkişaf etdirəcəkdir." Alt-məqsəd:
"Hazırda III, IV və V siniflərdə təhsil alan,
yaş səviyyəsinə uyğun şəkildə oxumağı bacarmayan
şagirdlərin 80%-i 2012-ci ilə qədər öz oxu
bacarıqlarını təkmilləşdirəcəklər.
6. Strateji
məqsədlər müəyyənləşdirildikdən sonra növbəti
proses strateji planın əhatə etdiyi illər
müddətində planlaşdırılan tədbirlərin strateji
plana daxil edilməsi, həmin məqsədlərin vaxtında
həyata keçirilməsi üçün plana daxil edilən
tədbirlərin icrası, təşkili və həyata
keçirilməsi məqsədilə illik fəaliyyət planının
hazırlanmasıdır. Fəaliyyət planında təşkilat
qarşısında qoyulan məqsədlərə nail olmaq üçün
bir il ərzində görüləcək işlər əks etdirilir və
eyni zamanda həmin sənəddə konkret tədbirlərin
həyata keçirilməsi açıqlanır. Fəaliyyət planı
iki bölmədən ibarət olmalıdır: Növbəti il üçün
nəzərdə tutulan "Fəaliyyət" bölməsi və fəaliyyət
planında əks olunan məqsəd və alt-məqsədlərin
həyata keçirilməsinin "Monitorinq" bölməsi.
7. Strateji
planın sonuncu elementi fəaliyyətin nəzərdən
keçirilməsi (monitorinq və qiymətləndirmə) və
hesabatın hazırlanmasıdır. Təhsil müəssisələri
hər il əldə etdikləri nailiyyətləri nəzərdən
keçirir, həmin nailiyyətlər haqqında icmalarına
məlumat verir və təkmilləşdirmə prosesinin
növbəti mərhələsini planlaşdırırlar. İllik
təhlil cari il üçün "illik hesabat"ın və növbəti
il üçün fəaliyyət planının hazırlanmasına,
həmçinin strateji planda lazım olarsa, müəyyən
düzəlişləri və dəyişiklikləri etmək, əldə
olunmuş nailiyyətləri qeyd etmək və
uğursuzluqlardan nəticə çıxarmaq imkanı yaradır.
Yuxarıda qeyd
olunan elementləri həyata keçirdikdən sonra
strateji və fəaliyyət planlarının hazırlanması
mümkün hesab oluna bilər.
Strateji planın struktur modeli
Təhsil müəssisəsi haqqında ümumi məlumat
1. Müəssisənin
fəaliyyəti haqqında ümumi məlumat;
2. Müəssisənin
strateji planının hazırlanmasında əsas məqsəd və
həmin planın əhəmiyyəti barədə məlumat.
Təhsil müəssisəsinin strukturu
Təhsil müəssisəsinin strukturu haqqında ümumi
məlumat.
Missiya
Təhsil
müəssisəsinin fəaliyyətinin ümumi məqsəd və
səbəbi (fəaliyyətin məqsədi, fəaliyyətin səbəbi
(işin nə üçün edildiyi) və işin kim üçün
edildiyi).
Perspektivlər
Təhsil
müəssisəsinin ümumi perspektivi (Təşkilatınızı
gələcəkdə (5-10 ildən sonra) necə görmək
istəyirsiniz?).
Dəyərlər
Təhsil
müəssisəsinin səmərəli fəaliyyət göstərməsi üçün
müəyyənləşdirilən dəyərləri.
Fəaliyyətin səmərəliliyi
Təhsil
müəssisəsinin fəaliyyətinin səmərəliliyini əks
etdirən amillər, güclü və zəif cəhətlər,
imkanlar və risklər.
Strateji məqsədlər və prioritetlər
Təhsil
müəssisəsinin müəyyən müddəti əhatə edən
strateji planına müvafiq olaraq strateji
məqsədlərin və prioritetlərin
müəyyənləşdirilməsi.
Strateji planın əhatə etdiyi illər müddətində
həmin planda müəyyənləşdirilən uzunmüddətli
məqsədlərə əsasən planlaşdırılan tədbirlərin
strateji plana daxil edilməsi və onların həyata
keçirilməsi
Fəaliyyətin nəzərdən keçirilməsi (monitorinq və
qiymətləndirmə) və hesabatın hazırlanması
Təhsil
müəssisəsinin fəaliyyətinə dair və
əməkdaşlarının rüblük və illik hesabatlarının
nəzərdən keçirilməsi, eyni zamanda həmin
müəssisənin əməkdaşlarının müəyyən göstəricilərə
(meyarlara) əsasən qiymətləndirilməsi.
Fəaliyyət planının
nümunəsi
FƏALİYYƏT PLANI |
Tədbirlər |
Tədbirin məqsədi |
İcraçı |
İcra müddəti |
Resurslar |
|
Alt-məqsəd |
|
|
|
|
|
|
|
|
Monitorinq |
Nəticə
(Əldə olunan “nəticə”) |
Fərqin təhlili
(Yaranan fərqlər və onların təhlili) |
Növbəti addımlar
(Növbəti il növbəti məqsədə müvafiq
görüləcək işlər) |
Təhsilin
keyfiyyətinə nail olmaq üçün, birinci növbədə,
hər bir mərhələdə görüləcək işlər
planlaşdırılmalı, idarə olunmalı, onun
monitorinqi və qiymətləndirilməsi aparılmalıdır.
İdarəetmənin hər bir funksiyası monitorinqin
əsas təhlil obyekti kimi çıxış edir, yəni
monitorinq fəaliyyətin məqsədlərinə,
planlaşdırılmasına, təşkilinə və icrasına aid
edilir. Strateji planda fəaliyyətin monitorinqi
və qiymətləndirilməsinin müntəzəm təhlili üzrə
tədbirlərin nəzərə alınması çox vacibdir.
Monitorinq planların həyata keçirilməsinin
qiymətləndirilməsi vasitəsidir və bu proses
tamlıq, relevantlıq, adekvatlıq, dəqiqlik və s.
kimi xassələrə malikdir. Monitorinq prosesində
səciyyəvi xüsusiyyətlərin nəzərə alınması,
strateji planın vaxtlı-vaxtında hazırlanması
onun mühüm amillərindən biri hesab edilir.
Təhsil müəssisələrində, təhsili idarəetmə
orqanlarında strateji planın vəziyyəti barədə
vaxtında və dəqiq məlumatlar əldə edilməli,
nəticələr, verilən tövsiyə və təkliflər elmi
şəkildə əsaslandırılmış, tam, obyektiv və
konkret olmalıdır.
Qiymətləndirmə
prosesi aparılarkən əldə olunan nəticələr əsas
kimi götürülür. Bu da həmin nəticələrin
təkmilləşdirilməsinə şərait yaradır. Strateji
plan fəaliyyətin qiymətləndirilməsi prosesində
obyektivliyin təmin olunmasında (qiymət
meyarlarına düzgün əməl edilməsi) monitorinq
sisteminin əhəmiyyətini artırır. Strateji planın
məzmunca yeniləşdirilməsi və orada əks olunan
tədbirlərin daha obyektiv qiymətləndirilməsi
təhsilin keyfiyyətinin tələb olunan
amillərindəndir. Bunu təşkilatın yüksək
səviyyəli rəhbər işçiləri, struktur bölmə
rəhbərləri və əməkdaşları tərəfindən əldə edilən
nəticələrin qiymətləndirilməsi ilə
müəyyənləşdirmək mümkündür. Fəaliyyətin
qiymətləndirilməsi prosesində strateji planın
rolu prosesə təsir edən göstəricilərə (indikatorlara)
əsasən öyrənilməsi və həyata keçirilməsi kimi
başa düşülməlidir.
Hər bir
mərhələdə, prosesdə gedən müsbət və mənfi
tendensiyalar monitorinq və qiymətləndirmə
vasitəsi ilə izlənilməli, nəticələr təhlil
edilməli və prosesin növbəti mərhələsinin
planlaşdırılmasında istifadə olunmalıdır.
Monitorinq və qiymətləndirmə prosesinə pedaqoji
prosesin və onun ayrı-ayrı sahələrinin
keyfiyyətinin öyrənilməsinin başlıca aləti kimi
baxılmalıdır.
Strateji
planda tədbirlər bir-biri ilə
əlaqələndirildiyindən, həmin plan uzun müddətə
tərtib olunduğundan, 2-3 nəfər tərəfindən deyil,
təhsil müəssisəsində fəaliyyət göstərən
kollektiv tərəfindən, eyni zamanda ehtiyac
olarsa maraqlı tərəflərin cəlb olunması
vasitəsilə hazırlanmalıdır. Əgər plan kollektiv
şəkildə tərtib olunarsa, bu müəssisənin nail
olmaq istədiyinə çatmaq üçün optimal yolların
axtarılmasına kömək edir, problem və çətinliklər
aradan qaldırılır, təhsil müəssisəsi səmərəli
fəaliyyət göstərir və nəticədə təhsilin
keyfiyyəti artır.
Strateji plan
perspektiv nöqteyi-nəzə
rindən təhsili
idarəetmə orqan və təşkilatlarda yüksək
səviyyəli rəhbər işçilər, müavinlər, struktur
bölmə rəhbərləri və planların hazırlanmasına
məsul olan şəxslər, məktəb səviyyəsində məktəb
direktorları, müavinlər, metodbirləşmə
rəhbərləri, Məktəb Şuraları, planlaşdırma
sahəsinə məsul olan şəxs və digər təhsil
müəssisələrində çalışan əməkdaşlar tərəfindən
hazırlanmalıdır.
Qeyd olunan
fikirlərdən, elementlərdən və prosedurlardan
aydın olur ki, təşkilatın strateji planında əsas
prioritet məsələlərin cəmiyyətin inkişaf
tələbləri ilə uyğunlaşdırılması nəzərə
alınmalıdır. Strateji planın düzgün istiqamətdə
həyata keçirilməsi nəticəsində təşkilatın
fəaliyyətinin səmərəliliyi artır və
inkişafyönümlü proqramlar hazırlanır.
Müasir dövrdə
təhsilin idarə olunmasında strateji planlaşdırma
prosesi geniş fəaliyyət spektrini əhatə etməklə
perspektiv inkişaf üçün düzgün və çevik
planlaşdırma işlərinin aparılmasına, təhsilin
keyfiyyətinin yüksəldilməsinə, innovasiyaların
tətbiqi və effektiv nəticələrin əldə olunmasına,
tədris müəssisələrinin tələbatlarının tam
ödənilməsinə, pedaqoji kadrların tərkibinin -
dinamikasının yaxşılaşdırılmasına, mövcud olan
ehtiyatların səmərəli istifadəsinə, maliyyə
islahatlarının inkişaf etdirilməsinə,
maddi-texniki bazanın daim təkmilləşdirilməsinə,
nəhayət, nöqsan və problemlərin aradan
qaldırılmasına yardımçı olur.
Məlumat üçün
bildirmək istərdik ki, Təhsil Sektorunun
İnkişafı üzrə Birinci Layihənin (TSİL)
(2003-2008-ci illər) "İdarəetmə və planlaşdırma
imkanları" alt-komponenti çərçivəsində strateji
planlaşdırma mexanizminin tətbiqi ilə bağlı
xeyli işlər görülmüş, həmin mexanizmin inkişafı
istiqamətində beynəlxalq məsləhətçilər cəlb
olunmuş və həmin məsləhətçilər ilə birgə işlər
davam etdirilmişdir. Buna müvafiq olaraq, Təhsil
Nazirliyinin 2007-2009-cu illər üçün 3 illik
Strateji Planı hazırlanmış, həmin plan
nazirliyin illik fəaliyyət planları ilə
əlaqələndirilmiş, strateji planın icra vəziyyəti
Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması
şöbəsində təhlil edilərək nəzərdən keçirilmiş və
müəyyən təkliflər hazırlanmışdır. Eyni zamanda
həmin illər ərzində müəyyənləşdirilmiş pilot
rayon və şəhərdə (Ucar və İsmayıllı rayonları,
Şirvan şəhəri) strateji planlaşdırma mexanizmi
tətbiq edilmişdir.
Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihə
(2009-2014-cü illər) çərçivəsində "Təhsil
sistemində idarəetmənin təkmilləşdirilməsi,
müəllim peşəsi ilə bağlı reqlamentləşdirici
qaydaların yenidən işlənməsi və tətbiqi" alt-komponentin
İcra Planına əsasən Təhsil Nazirliyinin növbəti
3 illik (2010-2012-ci illər) Strateji Planı
hazırlanmışdır. Həmin planın nazirlikdə uğurla
tətbiqi əsas götürülərək yerli təhsili idarəetmə
orqanları və təhsil müəssisələrində də strateji
planlaşdırma mexanizminin və yeni hesabatvermə
sisteminin tətbiqi nəzərdə tutulmuşdur. Bu
istiqamətdə işlərin daha səmərəli həyata
keçirilməsi məqsədilə rayon (şəhər) təhsil
şöbələrində (idarələrdə) həmin funksiyaları
yerinə yetirən məsul şəxslər müəyyənləşdirilmiş
və həmin məsul şəxslər üçün təlimati seminar
keçirilmişdir. Buna müvafiq olaraq, R(Ş)TŞ-lərdə
(idarələrdə) müvafiq işçi qrupları yaradılaraq
2011-2012-ci illəri əhatə edən 2 illik strateji
planlar hazırlanmışdır.
Vüqar ƏBDÜLRƏHİMOV,
Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və
kadrların idarəolunması şöbəsinin aparıcı
məsləhətçisi |