Fevralın 1-dən
5-nə kimi Azərbaycan Dillər Universitetində
TEMPUS proqramı çərçivəsində "Azərbaycanda
yazılı və şifahi tərcümənin tədrisində
islahatlar" mövzusunda treninq keçirildi. Bu
tədbirə universitetin tərcümə fakültəsinin
müəllimləri ilə yanaşı, Gəncə Dövlət
Universitetinin, Lənkəran Dövlət Universitetinin
və Naxçıvan Dövlət Universitetinin xarici dil
kafedralarının müəllimləri də cəlb edilmişdilər.
Treninq proqramına tərcümə və tərcüməşünaslıq,
tərcümənin növləri, yazılı və şifahi tərcümənin
xüsusiyyətləri, özəllikləri, tərcüməçinin iş
şəraiti, tərcümə zamanı qarşıya çıxan
problemlərin həlli yolları və sair kimi mövzular
daxil edilmişdi.
Təlimin
məqsədi Avropanın Milan Ali Tərcümə Məktəbi və
Leypsiq Universiteti kimi tərcümənin tədrisi
sahəsində zəngin təcrübəyə malik məktəblərin
təcrübəsindən yararlanmaq idi. Belə ki, 2009-cu
il 28 noyabr-11 dekabr tarixlərində ispan dili
kafedrasının müəllimi Gülsüm Əliyeva, italyan
dili kafedrasının müəllimi Aydan Sadıqova və
sətirlərin müəllifi Milan Ali Tərcümə
Məktəbində, alman dilinin tərcüməsi
kafedrasının dosenti Lətifə Qurbanova, ingilis
dili tərcümənin nəzəriyyəsi və praktikası
kafedrasının baş müəllimi Təranə Məmmədova və
həmin kafedrada çalışan fəlsəfə doktoru Könül
Hüseynova isə Leypsiq Universitetində müəllimlər
üçün təşkil olunmuş ikihəftəlik təlim
kurslarında iştirak etmişlər. Həmin müəllimlər
Azərbaycanın yuxarıda adıçəkilən ali
məktəblərindən gəlmiş 50 nəfər xarici dil
müəlliminin iştirak etdiyi beşgünlük treninqdə
təlimçilər üçün təlimçi qismində çıxış edərək
Avropanın tanınmış məktəblərində gördüklərini və
öyrəndiklərini öz həmkarları ilə bölüşdülər. 5
günlük treninq canlı müzakirələr şəraitində
keçdi. Ölkəmizi təmsil edən nümayəndələrin
çıxışlarını treninq iştirakçıları maraqla
qarşılayaraq mövzular ətrafında dərin
müzakirələr apardılar. Kompüterin köməyi ilə
tərcümə, audiovizual və ya subtitr (ekranaltı)
tərcüməsi, yazılı mətndən şifahi tərcümə, şifahi
tərcümənin tarixinə səyahət və s. kimi mövzular
Milan və Leypsiqdə tərcümənin tədrisi ilə bağlı
ən kiçik detallar belə iştirakçılarda böyük
maraq oyatdı. Aydan Sadıqovanın Milanda ardıcıl
tərcümə (qeydgötürmə) dərsində çəkdiyi 5
dəqiqəlik "film" isə çox yerinə düşdü və tərcümə
dərslərinin quruluşu haqqında hər kəsdə aydın
təsəvvür yaratdı. Xüsusilə Azərbaycanın üç
bölgə universitetindən gələnlər üçün istər
yazılı, istərsə şifahi tərcümə ilə bağlı hər bir
məlumat yeni və maraqlı oldu. Mövzuların
təqdimatı zamanı yerdən verilən suallar və
sonuncu gün keçirilən yekun müzakirədə çıxış
edən hər bir iştirakçının təlimçilərin ünvanına
söylədiyi xoş sözlər bunu sübut etdi. LDU-nun
müəllimi A.Məmmədova əcnəbilərin təşkil etdiyi
bir çox treninqlərdə iştirak etdiyini, bu
treninqin daha maraqlı keçdiyini və ondan daha
çox faydalandığını bildirdi. GDU-dan gələn
Məhərrəm müəllim isə söylədi ki, indiyə kimi
treninqlərdə iştirakını təsdiq edən 18
sertifikata sahibdir, amma tərcüməyə aid olan bu
birinci təlim onun işində yenidənqurmaya səbəb
olacaq. Treninq iştirakçıları ADU-nun bu
təşəbbüsünü və tədbirin keçirilməsini yüksək
qiymətləndirərək belə tədbirlərin davamlı
olmasını arzu etdilər. Hətta tərcümə tədrisində
çalışan müəllimlərin Facebook-da əlaqələri davam
etdirməsi təklifi də səsləndi. ADU-nun dosenti
F.Abdullayeva əvvəlcə təlimçilərə rəhbərliyin
etimadını doğrultduqlarına, həmçinin təlimi çox
yüksək səviyyədə keçirdiklərinə görə
minnətdarlıq etdi, sonra tədrisdə gözəl
nəticələr qazanılması üçün bir sıra konkret
təkliflər irəli sürdü.
Xədicə ƏYYUBOVA,
ADU-nun fransız dilinin tərcüməsi
kafedrasının baş müəllimi |
|