Nyu-Yorkdakı Pratt Strateji Planlaşdırma və
İnstitutsional Tədqiqatlar İnstitutunun icraçı
direktoru Vladimir Brillerin mülahizələri
Hazırda
Dünya Bankı Azərbaycanda ali təhsilin
təkmilləşdirilməsi istiqamətlərinin işlənib
hazırlanması məqsədilə Yaponiya hökuməti
tərəfindən maliyyələşdirilən ilkin layihənin
tədqiqatını həyata keçirir. Belə
istiqamətlərdən biri ali təhsilin idarə
olunmasıdır. İlkin təhlil üzrə iş Nyu-Yorkdakı
Pratt Strateji Planlaşdırma və İnstitutsional
Tədqiqatlar İnstitutunun icraçı direktoru,
pedaqoji elmlər doktoru Vladimir Brillerə həvalə
olunub. O, Bakıda bir sıra aparıcı ali
məktəblərin rektorları və eləcə də Təhsil
Nazirliyinin nümayəndələri ilə görüşüb. Aşağıda
V.Brillerin ölkəmizdə ali təhsilin idarə
olunması problemləri barədə mülahizələrini
təqdim edirik.
İstənilən ali
təhsil sistemində başlıca idarəetmə məsələlərinə
ali məktəblərin nə dərəcədə müstəqil olması,
onların dövlət maliyyələşdirməsindən və ya digər
mənbələrdən nə dərəcədə asılı olması,
keyfiyyətin kim tərəfindən müəyyənləşdirilməsi
və təmin olunması, ona kimin nəzarət etməsi, ali
məktəb liderlərinin rolunun nədən ibarət olması
daxildir.
Bütün dünyada
təhsil kosmetik təkmilləşdirmə deyil, ciddi
dəyişikliklər tələb edən ictimaiyyət,
işəgötürənlər və siyasətçilərin təzyiqi
altındadır. Ali təhsilin vəzifəsi bərabər
imkanlara şərait yaradıb, lazımi bilik vermək,
cəmiyyəti təkmilləşdirmək və tələbələrin
tələbatını səmərəli reallaşdırmaqdır. Bunun
nəticəsi kimi tələbələr, resurslar, elmi və
pedaqoji kadrlar uğrunda rəqabət kəskin artır.
Digər
tərəfdən, kadrlar uğrunda rəqabət təkcə ali
məktəblər arasında deyil, eləcə də özəl və
dövlət sektorları arasında da gedir. Belə
şəraitdə ali məktəblərin birbaşa vertikal
idarəçiliyi inkişafı ləngidir. Problem ortaya
çıxır: vacib sosial-iqtisadi vəzifələri nəzərdən
qaçırmamaqla ali məktəbin müstəqilliyini və
inkişaf dinamikasını necə təmin etməli? Bu
problemin həlli dövlət və bazar münasibətlərinin
çevik uyğunlaşdırılmasındadır.
Maliyyələşdirmə
Azərbaycanda
ali məktəblərin problemləri bütün dünyada olduğu
kimidir və onlar tədricən həll olunurlar:
məsələn, ali məktəblərin maliyyələşdirilməsi
barədə yeni qanunlar daha çox müstəqilliyə və
prioritetlərin sərbəst seçilməsinə imkan
yaradır. Lakin islahatlar uzağa getməyib; ali
məktəblərin fakültələrə öz büdcələrini daha
sərbəst idarə etmək imkanı verməsi, onların isə,
öz növbəsində, belə bir hüququ kafedralara
verməsi daha məntiqli olardı. Bu cür müstəqillik
bölmələrin məsuliyyətini yalnız gücləndirə və
onların fəaliyyətinin səmərəliliyini artıra
bilərdi. Əgər ölkə dünya təhsil məkanının
bərabərhüquqlu üzvü olmaq istəyirsə,
dəyişikliklər daha əsaslı olmalı və sürətlə
aparılmalıdır. Nadir istisna hallarını çıxmaqla
Azərbaycanda ali təhsil müəssisələri dövlət
vəsaiti və tələbələrin ödədikləri təhsil haqları
hesabına mövcuddur. Tədqiqatlar üçün vəsaitlərin
özəl şirkətlərdən əldə edilməsi, eləcə də ali
məktəb məzunlarının maliyyələşməyə cəlb olunması
təcrübəsi praktik olaraq yoxdur.
Dünyada ali
məktəblərin maliyyələşdirilməsi onların
fəaliyyətinin nəticələri ilə sıx bağlıdır. Ali
məktəblər akademik missiyalar, sağlam maliyyə,
ənənələr, innovasiyalar və icra potensialı
arasında yaradıcı balansı, hökumət isə yüksək
keyfiyyət nailiyyətləri və təqdim olunmuş
bərabər imkanlar arasında balansı
dəstəkləməlidirlər.
Müstəqillik
Dünya
təcrübəsində ali məktəblərin müstəqilliyinin
güclənməsi ilə bir vaxtda nəticələrə görə
hesabatlılığının güclənməsi tendensiyaları da
müşahidə olunmaqdadır. Bu nəticələr, bir qayda
olaraq, ali məktəb və dövlət, yaxud təsisçi
(özəl ali məktəb) arasında razılaşmanın
nəticəsidir. İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatı tərəfindən aparılmış tədqiqatların
nəticəsi olan aşağıdakı cədvəl müxtəlif
ölkələrin müxtəlif komponentlər üzrə müstəqillik
səviyyəsini göstərir.
Ölkələr |
Bina və avadanlıqlara malik olmaq |
Kreditlər götürmək |
Büdcəni öz məqsədinə müvafiq olaraq
xərcləmək |
Dərs proqramları və fənlərin məzmununu
müəyyən etmək |
Professor-müəllim heyətini işə götürmək
və azad etmək |
Əməkhaqları müəyyən etmək |
Tələbə qəbulu sayını müəyyən etmək |
Təhsil haqqını müəyyən etmək |
Meksika |
· |
□ |
· |
· |
· |
|
· |
· |
Niderland |
· |
· |
· |
|
· |
· |
· |
|
Polşa |
· |
· |
· |
· |
· |
|
· |
|
Avstraliya |
· |
|
· |
· |
· |
· |
|
|
İrlandiya |
· |
|
· |
· |
· |
|
· |
|
Böyük Britaniya |
· |
|
· |
· |
· |
· |
|
|
Danimarka |
|
· |
· |
|
· |
|
· |
|
İsveç |
|
|
· |
· |
· |
· |
|
|
Norveç |
|
|
· |
· |
· |
|
· |
|
Finlandiya |
|
|
· |
|
· |
· |
|
|
Avstriya |
|
|
· |
· |
· |
· |
|
|
Koreya* |
|
|
|
|
|
|
· |
|
Türkiyə |
|
|
|
|
|
|
|
|
Yaponiya* |
|
|
|
|
|
|
|
|
ABŞ |
· |
· |
· |
· |
· |
· |
· |
· |
* - yalnız
dövlət ali məktəbləri
· - tam hüquqlu - qismən
hüquqlu
Cədvəldən
göründüyü kimi, daha yaxşı reputasiyaya malik
ali məktəblər daha çox azaddırlar. Bu halda
onlar həm də təhsil və elmi-tədqiqat
fəaliyyətinin nəticələri üzrə daha yüksək
hesabatlılıq səviyyəsinə malikdirlər.
Rəhbərlik
Müxtəlif
ölkələrdə ali məktəb liderinin təyin
olunması-seçilməsi proseduru müxtəlif cür
aparılır, lakin hazırda ali məktəb işçiləri,
müəllimlər və tələbələrin rəyi nəzərə alınmaqla
xarici idarə orqanı (qəyyumlar şurası,
müşahidəçilər şurası) tərəfindən seçilmiş
rəhbərin ali məktəb lideri olması tendensiyası
müşahidə olunur. Bir sıra ölkələrdə liderin
namizədliyi hökumət tərəfindən təsdiq
olunmalıdır. Bu sahədə ABŞ istisnalıq təşkil
edir. Amerikada universitetin prezidenti ilə
müqavilə imzalanır, qarşıya qoyulan məqsədlərə
nail olunduğu təqdirdə müqavilənin müddəti
uzadılır. Digər bütün ölkələr isə ali məktəb
liderinin öz postunda qalmasını 3 ildən (Norveç)
10 ilə qədər (İrlandiya) məhdudlaşdırırlar. Orta
hesabla Avropada ali məktəblərin rəhbərləri 5-6
il, Amerikada isə 8-9 il öz vəzifələrində
qalırlar. Özəl ali məktəblərdə isə bu rəqəm
dövlət müəssisələrində olduğundan xeyli
yüksəkdir. Azərbaycanda ali məktəbin (dövlət)
rəhbəri ölkə Prezidenti tərəfindən təyin olunur;
bu, ona çox yüksək status verir. Lakin bununla
belə, ictimaiyyət, müəllimlər və tələbələr
qarşısında məsuliyyətin səviyyəsi yüksək
etimadın səviyyəsinə müvafiq olmalıdır.
Elmi Şura
Ali
məktəblərin elmi şuraları formal olaraq
idarəetmə orqanları hesab olunurlar. Lakin onlar
səmərəli fəaliyyət göstərən strukturlardan daha
çox keçmişin nişanəsidir.
Elmi şuralar
təlimin məzmunu və metodikasının idarə olunması,
qismən də elmi tədqiqat işlərinin aparılmasına
görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər.
Yaxşı olardı ki, strategiya və prioritetlərin
müəyyən olunması ilə (xüsusən də
maliyyələşdirmə) ali məktəblərin qəyyumluq,
yaxud da müşahidəçi şuraları məşğul olsunlar.
Keyfiyyət
Daha uğurlu
təhsil sistemlərində ali məktəbə nəzarət
keyfiyyətin qiymətləndirilməsi vasitəsi ilə
həyata keçirilir. 1990-cı illərin sonlarından
demək olar ki, bütün Avropa dövlətlərində ali
məktəblərin qiymətləndirilməsi agentliyi
(Amerikada bu, daha əvvəllər həyata keçirilib)
mövcuddur. Bu agentliklər hökumət tərəfindən
maliyyələşir, lakin eyni zamanda Təhsil
Nazirliyindən asılı deyillər. Praktik olaraq
onların hamısı qiymətləndiricilərin daimi
ştatından deyil, dəvət olunmuş təcrübəli və
hörmətli akademik işçilərdən və inzibatçılardan
istifadə edirlər. Oxşar təhsil sistemlərinə
məxsus bir sıra kiçik ölkələrdə keyfiyyətin
qiymətləndirilməsinə görə cavabdehliyi bir
təşkilat, digər ölkələrdə isə bütövlükdə ali
məktəbin, yaxud müəyyən ixtisasların
akkreditasiyasına cavabdeh olan bir sıra
təşkilatlar daşıyırlar.
Azərbaycanda
akkreditasiya prosesi (bu prosesin beynəlxalq
anlamında) başlanğıc mərhələdədir və hələlik
Amerika və Avropanın ən yaxşı nümunələrinə tam
uyğun gəlmir.
Təhsil sistemi
akkreditasiyanın nəticələrinin aşkarlığı, onun
ictimaiyyət üçün əlçatan olmasının təmin
edilməsi məsələsini də özü üçün
müəyyənləşdirməlidir.
Nəticə
Bütün
deyilənlərdən bu nəticəyə gəlmək olar ki:
Ali məktəblər
daha çox müstəqillik əldə etməlidir, lakin
bununla belə, onlar fəaliyyətlərinin başlıca
parametrləri üzrə son dərəcə dürüst hesabat
verməlidirlər.
Azərbaycanda
ali məktəblərin siyasətini, prioritetlərini və
strategiyasını müəyyən edən qəyyumluq şuraları
institutunun yaradılması çox vacibdir.
Təhsilin idarə
olunması peşə olmalıdır, idarəçilər isə
respublikanın aparıcı ali məktəblərində
məqsədyönlü şəkildə hazırlanmalıdır.
Azərbaycanın
ali məktəblərinin strateji planlaşdırma və
planlaşdırma nəticələrinin büdcə imkanları ilə
əsaslandırılması bacarığına ehtiyacı var.
Ali təhsil
sisteminin göstəricilərinə əsaslanan qərarları
qəbul etməyə imkan verən keyfiyyətli informasiya
sisteminə ehtiyac var.
Kafedralar,
fakültələr və ali məktəblər öz büdcələrini idarə
etmək səlahiyyətinə malik olmalıdırlar, lakin
eyni zamanda büdcə vəsaitlərindən istifadənin
məqsədyönlülüyü və səmərəliliyini kəmiyyət və
keyfiyyət baxımından sübut etməlidirlər.
Hazırladılar:
Oruc MUSTAFAYEV,
Yusif ƏLİYEV |