İntellektual
potensialın inkişaf etdirilməsi və onun
qorunub-saxlanması hər bir dövlətin öz
qarşısında qoyduğu əsas məqsəddir. Mövcud olduğu
90 il ərzində Azərbaycan xalqı qarşısında böyük
xidmətlər göstərmiş Bakı Dövlət Universiteti
nəzdində fəaliyyət göstərən "Gənc istedadlar"
liseyi də məhz bu məqsədlə, BDU-nun rektoru,
akademik A.Məhərrəmovun təşəbbüsü ilə 2007-ci
ildə yaradılmışdır. Bu qısa müddət ərzində lisey
kollektivi kifayət qədər uğurlar qazanmışdır.
Şagirdlər bir sıra intellektual, bilik və idman
yarışlarının, respublika olimpiadasının
qalibləri olmuşlar. Liseydə BDU-nun 90 illik
yubileyinə həsr olunmuş "Müasir şəraitdə orta
ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini
yüksəltmək yolları" mövzusunda I Respublika
elmi-metodiki konfransı keçirilmiş, həmçinin
liseyə daxil olmaq istəyən şagirdlər üçün
testlər toplusu çap olunmuşdur. Bu siyahını
davam etdirmək olar. Amma liseyimizin ən böyük
uğuru 2009-cu və 2010-cu ildə məzunlarımızın
hamısının yüksək balla ali məktəblərə qəbul
olmalarıdır.
Liseyin
fəaliyyətini akademik A.Məhərrəmovun tövsiyələri
əsasında quran direktorluğun pedaqoji sistemi
düzgün idarə edərək tədris prosesini səmərəli
təşkil etməsi, şagird - müəllim - valideyn
münasibətlərini düzgün tənzimləməsi, həmçinin
BDU-nun professor-müəllim heyətinin X-XI
siniflərdə ayrı-ayrı fənlər üzrə mühazirə və
seminarlarda yaxından iştirakını təmin etməsi öz
nəticəsini göstərir. Liseyi bitirən 42 məzundan
9 nəfər 600-700 bal, 16 nəfər 500-600 bal, 10
nəfər 400-500 bal toplamışlar. Onlardan Rəcəb
Rəcəbov Prezident təqaüdünə layiq görülüb və
hazırda Türkiyə Ortadoğu Texniki Universitetində
təhsil alır. Məzunlardan Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında 2, BDU-da 16, Azərbaycan Dövlət
İqtisad Universitetində 7, Azərbaycan Tibb
Universitetində 4, Azərbaycan Dövlət Neft
Akademiyasında 4 nəfər təhsil alır. Qalan
məzunlar Heydər Əliyev adına Milli Təhlükəsizlik
Nazirliyinin Akademiyası, Milli Aviasiya
Akademiyası, MDU-nun Bakı filialı, Azərbaycan
Dövlət Texniki Universiteti və Azərbaycan Dövlət
Pedaqoji Universitetində əyani şöbədə təhsil
alırlar. Onlarla əlaqə saxlayıb semestr
imtahanları barədə maraqlananda da xoş təəssürat
yarandı. Həmin tələbələrdən 8 nəfəri dərs
əlaçısıdır. Qalanları isə yaxşı oxuyurlar.
Deməli, liseydə tədris prosesinin səmərəli
təşkili öz bəhrəsini vermişdir. Bəlkə də buna
görədir ki, "Gənc istedadlar" liseyində təhsil
almaq istəyənlərin sayı ilbəil artır və
ümidvarıq ki, liseydə görülən işlər və əldə
olunan nailiyyətlər daha geniş vüsət alacaq.
Liseydə
ənənəyə çevrilən tədbirlərdən biri məzunlarla
görüşlərdir. Fevralın 9-da keçirilmiş görüşdə
pedaqoji kollektivin üzvləri, məzunların böyük
qrupu və şagirdlər iştirak etmişlər. Görüşdə ali
məktəb və lisey həyatından xatirələr
danışılmışdır. Məzunlardan Azərbaycan Tibb
Universitetinin tələbəsi Nigar Tağızadə, Bakı
Dövlət Universitetinin tələbəsi Orxan Rüstəmov
çıxış etmişlər.
Tədbirin
sonunda xatirə şəkli çəkdirilmişdir.
Y.QƏHRƏMANLI,
"Gənc istedadlar" liseyinin
Azərbaycan dili və ədəbiyyat müəllimi |
|