Artıq
dördüncü ildir ki, respublikamızın ümumtəhsil
məktəblərində mərkəzləşdirilmiş qaydada yoxlama
və buraxılış imtahanları keçirilir. Təcrübə
göstərir ki, əvvəlki illərlə müqayisədə imtahan
prosesinin aparılma mexanizmi təkmilləşmiş,
şagirdlərin və valideynlərin yoxlama və
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılmasına münasibətləri müsbət mənada
dəyişmişdir.
Fevralın 12-də
və 13-də Bakı şəhəri üzrə ümumi orta təhsil və
tam orta təhsil səviyyələri üzrə 2010-2011-ci
dərs ilinin mərkəzləşdirilmiş qaydada yoxlama
imtahanları keçirilmişdir.
Aparılan
yoxlama imtahanlarında imtahan rəhbəri kimi
yalnız Təhsil Nazirliyinin əməkdaşları deyil,
həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,
Təhsil Problemləri İnstitutunun, Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun, müxtəlif ali və orta ixtisas
məktəblərinin əməkdaşları, Bakı şəhərinin
qabaqcıl məktəb direktorları, direktor
müavinləri və müəllimləri yaxından iştirak
etmişlər. İmtahan rəhbərləri və nəzarətçilər bu
dövlət əhəmiyyətli mühüm tədbirin həyata
keçirilməsində fəal iştirak edib, yoxlama
imtahanlarının obyektiv, şəffaf aparılması üçün
əllərindən gələni etmişlər.
Fevralın 12-də
keçirilmiş yoxlama imtahanlarında
Valideyn-Müəllim Assosiasiyasının nümayəndələri
72 mərkəzdən 67-sində müşahidəçi valideyn
qismində iştirak etmişlər. Onlar möhürlü
zərflərin açılmasını, sual və cavab kartlarının
şagirdlərə paylanmasını müşahidə etmiş,
imtahanların gedişi ilə tanış olmuşlar.
Müşahidəçi valideynlər imtahanın sonunda öz rəy
və təkliflərini də yazmışlar.
245 nömrəli
tam orta məktəbdə təşkil edilmiş mərkəzdə
imtahanda iştirak edən Valideyn-Müəllim
Assosiasiyasının nümayəndəsi, Bakı şəhəri 47
nömrəli tam orta məktəbin valideyni Esmira
Əhmədovanın rəyindən: "İmtahanlar vaxtında -
saat 10:00-da başladı. Şagirdlərə sual
kitabçaları və cavab kartları paylandıqdan sonra
dəhlizlərdə bir nəfər də olsa şagirdə rast
gəlmədim. İmtahanlar çox şəffaf keçirilirdi və
imtahan nəzarətçiləri öz işlərinin öhdəsindən
məsuliyyətlə gəlirdilər".
Xətai rayonu
138 nömrəli tam orta məktəbdə təşkil edilmiş
mərkəzdə nəzarətçi valideyn olmuş Naira Həyatova
rəyində qeyd edir: "İmtahan saat 10:00-da
başladı. Həm nəzarətçi müəllimlər, həm də
imtahan rəhbərləri məsuliyyətlə öz işlərini
yerinə yetirirdilər. Problem təkcə şagirdlərin
mobil telefonlarla içəri keçmələri idi.
İmtahandan əvvəl və imtahanın gedişi zamanı
telefonların ciddi nəzarətlə yığılmasına
baxmayaraq, yenə də şagirdlərdən mobil telefon
tapılırdı. Məncə, bu problemi həll etmək üçün
ciddi tədbirlər görmək lazımdır.
İmtahan saat
13:00-da başa çatdı. Şagirdlərdən cavab kartları
lazımi qaydada yığıldı".
Lalə
Adıgözəlova 152 nömrəli tam orta məktəbin
valideyni kimi 267 nömrəli tam orta məktəbdə
yerləşən mərkəzdə olmuşdur. O, imtahan
rəhbərinin hesabatında qeyd etmişdir ki,
qaydaları pozduğuna görə bir nəzarətçi müəllim
imtahandan xaric edilmiş, bir nəzarətçi müəllim
isə qeyri-kafi qiymətləndirilmişdir.
Mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama
imtahanlarında Valideyn-Müəllim Assosiasiyasının
nümayəndələrinin iştirakı valideyn və
müəllimlər tərəfindən müsbət
qiymətləndirilmişdir. |