| Azərbaycan 
								Prezidenti İlham Əliyev fevralın 9-da Gəncədə 
								fiziki qüsurlu insanlar üçün Regional 
								İnformasiya Mərkəzinin açılışında iştirak 
								etmişdir.
								 Heydər Əliyev 
								Fondunun fiziki cəhətdən qüsurlu insanların 
								cəmiyyətə inteqrasiyası istiqamətində həyata 
								keçirdiyi layihələrindən olan Gəncə Regional 
								İnformasiya Mərkəzinin yaradılmasında əsas 
								məqsəd məhdud fiziki imkanlı insanlar üçün 
								informasiya texnologiyalarının tədrisidir.
								 Dövlət başçısı 
								açılışı bildirən lenti kəsdi və mərkəzlə tanış 
								oldu.  Mərkəzin 
								foyesində ümummilli lider Heydər Əliyevin, 
								Prezident İlham Əliyevin və Heydər Əliyev 
								Fondunun prezidenti Mehriban Əliyevanın 
								uşaqlara, gənclərə, fiziki imkanları məhdud olan 
								insanlara diqqət və qayğısını əks etdirən 
								fotoguşə yaradılmışdır.  Heydər Əliyev 
								Fondunun Rabitə və İnformasiya Texnologiyaları 
								Nazirliyi ilə birgə yaratdıqları mərkəzdə oxu 
								zalı, təlim-tədris mərkəzi, audiokitabxana, 
								kitabxana fondunun audioformata çevrilməsi üçün 
								səsyazma studiyası, kompüter mərkəzi vardır. Oxu 
								zalında gözdən əlillər üçün brayl əlifbası ilə 
								nəşr olunmuş 1000-ə yaxın kitab, habelə zəif 
								görən insanlar üçün böyük şriftlə çap edilmiş 
								kitablar, 4 ədəd brayl displeyi, 2 ədəd "kitab 
								həvəskarı - kompakt" sərbəst oxuyan maşın, 2 
								ədəd "videolight" böyüdücü cihazı və müvafiq 
								printer var. Mərkəzdəki kompüterlər əqli 
								cəhətdən zəiflər üçün zehni inkişaf etdirən 
								oyunlarla təmin edilmişdir. Kitabxanada nitq və 
								eşitmə problemi olanlar üçün subtitrli filmlər 
								də göstəriləcəkdir.  Bu mərkəzin 
								imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, 
								Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir 
								rayonlarından və Naftalan şəhərindən ümumilikdə 
								60 mindən çox fiziki qüsurlu insan istifadə edə 
								biləcəkdir.  Regional 
								İnformasiya Mərkəzinin İnternet saytı 
								(www.ganja.rim.az)  yaradılmışdır. Burada məhdud 
								fiziki imkanlı insanlar özlərinə lazım olan 
								informasiyanı əldə edə, habelə saytdakı 
								"Tanışlıq" bölməsində bir-birləri ilə ünsiyyət 
								qura bilərlər.  
								
								AzərTAc |