Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - ¹06

 

Belə dərslikləri təqdir edirik

 

Təhsil islahatının mühüm istiqamətlərindən biri də yeni nəsil dərsliklərin tərtib olunması və nəşr edilməsidir. Bu sahədə görülən işlər təqdirəlayiqdir. Son illər çap olunan onlarca dərslik və dərs vəsaitləri öz məzmunu, tərtibatı, yeni texnologiyalarla səsləşməsi baxımından pedaqoji ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Məqalədə məhz yeni nəsil dərsliklərindən biri olan, "Altun-kitab" nəşriyyatının çap etdiyi V və VI siniflər  üçün Azərbaycan dili dərslikləri haqqında fikirlərimizi bölüşmək istəyirik.

Əvvəlcə V sinif dərsliyi barədə (müəllifləri: R.İsmayılov, X.Qasımova, F.Şahbazlı, Q.Əmircanova). Öncə onu qeyd etmək istərdik ki, adıçəkilən dərslik müasir tələblərə uygun hazırlanmışdır. Belə ki, dərslikdə interaktiv təlim üsullarının tətbiqinə, audio və videomateriallarla işləməyə şərait yaradan  tapşırıqlara, mövzulara geniş yer ayrılmışdır. 

Dərslikdəki materiallar dörd bölmədə və qırx mövzuda əhatə olunmuşdur. Hər mövzunun isə əsasən üç mərhələdə öyrədilməsi nəzərdə tutulur:

1. Keçiləcək mövzuya hazırlıq

2. Yeni biliklərin möhkəmləndirilməsi

3. Tətbiqi, yəni çalışma mövzuları

Keçiləcək mövzuya motivasiya xarakteri daşıyan hazırlıq mərhələsinin hər bir fənnin tədrisində müstəsna rolu vardır. Burada qoyulan tapşırıqlar dolayı yolla şagirdin keçiləcək mövzu haqqında bildiklərini yada salır və onları yeni mövzunun mahiyyəti barədə düşünməyə vadar edir. Qazanılacaq bilik, bacarıq və vərdişlərin əsası məhz bu mərhələdə qoyulur. Bu həm də tətbiqinə başlayacağımız kurikulumla səsləşmə deməkdir. Mübaliğəsiz demək olar ki, müəlliflər ilk mərhələni uğurlu hazırlamışlar. Dərslikdən verdiyimiz aşağıdakı nümunə dediyimizə əyani sübutdur.

Müəlliflər sözün quruluşca növləri (səh.14) mövzusunun hazırlıq hissəsində öncə "Qarabağ" adının mənasını açıqlamağı tövsiyə edirlər. Sonra "Bu adda neçə söz var?", "Qara sözünün müxtəlif mənalarına diqqət yetirin" kimi tələblər irəli sürülür. Sonda isə belə bir yekunlaşdırıcı sual qoyulur: "Qara rəngli bağ ola bilərmi?".

Əlbəttə, bu suallar şagirdləri düşünməyə vadar edir. Onlar sərbəst şəkildə öz fikirlərini ifadə edirlər və müəllimin köməyi ilə yekun qərara gəlirlər.

Bu mərhələdən sonra müəlliflər "Yadda saxla" rubrikasını tərtib etmişlər. Həmin rubrikada nəzəri məlumatlar öz əksini tapmışdır ki, onların da dili öz sadəliyi ilə diqqəti cəlb edir. Bundan başqa, ənənəvi nəzəri məlumatların bəzilərinə yeni baxış da təqdirəlayiqdir.

Üçüncü mərhələdə müəlliflər nəzəri məlumatın tətbiqini düşünərək şagirdlər üçün müxtəlif  çalışmalar, mətnlər, test tapşırıqları, sxemlər, cədvəllər, diaqramlar tərtib etmişlər. Ən xoşagələn yeniliklərdən biri, həm də ən mühümü budur ki, interaktiv təlim üsulları (debat, qruplarla iş, cütlüklərlə iş, mətnlə iş və s.) birbaşa dərsliyə gətirilmişdir.

Çalışmalar tərtib olunarkən inteqrasiyaya, nitq inkişafına xüsusi diqqət yetirilmişdir.

İnkaredilməz həqiqətdir ki, nitq təfəkkürlə, onun fəaliyyəti ilə sıx bağlıdır və o, təfəkkür fəaliyyətinin nəticəsi olan fikrin məzmununu ifadə edir. Nitqin məzmununu isə istifadə olunan sözlər təşkil edir. Danışıq zamanı sözdən məqamına görə düzgün, yerli-yerində istifadə etmək natiqlik məharətinin vacib şərtidir. Bu məharət isə, əsasən, məktəbdə, xüsusən dil və ədəbiyyat dərslərində formalaşdırılır.

Məlumdur ki, nitqə gözəllik gətirən cəhətlərdən biri emosionallıqdır, ifadəlilikdir. Nitqin emosionallığı sözün kəsb etdiyi məna ilə, cümlədə onun sıralanması ilə bağlıdır. Bu da nitqə bədii çalar, obrazlılıq gətirən məcaz növlərinə bələd olmağı tələb edir.

Şagirdlərin obrazlı nitqə yiyələnməsi üçün mümkün olan bütün imkanlardan istifadə etmək lazımdır. Belə imkanlardan biri də şifahi xalq yaradıcılığı nümunələri üzərində işdir. Şifahi ədəbiyyat xalqın söz xəzinəsidir, nitq inkişafına onun qüvvətli təsiri inkaredilməzdir. Məktəbdə dilin tədrisi prosesində şagirdlərin nitqini inkişaf etdirmək məqsədilə bu nümunələrdən istifadənin faydalılığını məktəb təcrübəsi sübut edir.

Müəllim şagirdə başa salmalıdır ki, şifahi xalq ədəbiyyatı nümunələri cilalanmış, obrazlaşmış nitq nümunəsidir. Bu nümunələrdə məcazilik üzvi şəkildə birləşir. Həm də bu nümunələr dil-nitq vahidi kimi təqdim olunur.

Yəni şifahi xalq yaradıcılığı nümunələrinin üslubu da nitqin inkişafına təsir göstərən amildir. Belə nümunələr üzərində iş prosesində, xüsusilə onların oxusu, yaxud söylənilməsi zamanı hər birinin üslubu diqqət mərkəzində saxlanılmalıdır.   

Məhz bu xüsusiyyətləri nəzərə alan müəlliflər dərsliyi hazırlayarkən yalnız xüsusi mətnlərlə kifayətlənməmiş, xalq yaradıcılığının zəngin xəzinəsindən də faydalanmışlar.  Təəssüf edirik ki, dərsliklərlə bağlı bəzi fikirlərdə bu cür təqdimatlara düzgün yanaşılmır və onları savadsız mülahizələrlə yozurlar.

Belə ki, səhifə 17-də çalışma 7, səhifə 25-də çalışma 3, səhifə 53-də çalışma 6, səhifə 89-da çalışma 5  və sair tapşırıqları atalar sözü və məsəllər, səhifə 18-də çalışma 9-da və səhifə 53-də çalışma 7-də isə tapşırığı ağı, layla, tapmaca, nazlama və bayatı üzərində icra etmək təklif olunur.

Bu isə bəzi ziyalıların qeyd etdiyi kimi şagirdlərdə hər hansı mənfi xüsusiyyətlər yaratmır, əksinə onlarda xalq yaradıcılığına, söz xəzinəmizə dərin məhəbbət aşılayır.  

"Mətnlə iş" rubrikasında verilmiş materiallar tarixi şəxsiyyətləri - Xətib Təbrizi, Nəsirəddin Tusi, Mahmud Kaşğari, Herodot, Ş.İ Xətai və başqalarını şagirdlərə tanıdır, onlarda elmə, biliyə maraq oyadır. Təqdim olunan testlər fakt tapıntısından daha çox düşündürücü xüsusiyyətə malikdir. Verilmiş çaynvord və krossvordlar da mövzuların daha dərindən mənimsənilməsinə, şagirdlərin dərslik üzərində daha həvəslə işləmələrinə kömək edir.

Dərslikdə müəyyən mövzularla bağlı debatlar da verilmişdir. Debatlar şagirdlərdə danışmaq, dinləmək, fikri əsaslandırmaq, məntiqi və tənqidi təfəkkür kimi qabiliyyətləri inkişaf etdirir. Əslində, dilin tədrisinin məqsədi də budur. Debatlar zamanı sinif 2 qrupa bölünür, hər bir qrupun özünün lideri olur. Qrup üzvləri liderləri faktlarla təmin edirlər. Hər bir qrupun cavabları müvafiq ballarla qiymətləndirilir. Bu da şagirdlərdə dərsə qarşı daha böyük maraq oyadır, onlarda müstəqil düşünmə, fikrini ifadəetmə bacarığı formalaşdırır. 

Hər bölmədə, yeri gəldikcə "Sözlük" rubrikası altında sözlərin lüğəvi mənası izah olunur. Məsələn: bəşəriyyət-insanlıq, ünsiyyət-qarşılıqlı münasibət, poliqlot-çox dil bilən adam və s. Müəlliflər hər sözə diqqətlə yanaşmış, onları çox məharətlə seçmiş, şagirdlərin dünyagörüşünə və müasir dövrün texnoloji yeniliklərinə uyğun olanları əhatə etmişlər. Bu isə şagirdlərin söz ehtiyatının zənginləşməsinə öz töhfəsini verir. 

Dərslikdə müəyyən yerlərdə "Bilirsinizmi?" başlığı altında verilən məlumatlar şagirdlərin dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Bu mənada səhifə 21-də "Bazar gününün tarixi", səhifə 44-də "Ən qədim türk əlifbası", səhifə 58-də "Kenquru nə deməkdir?", səhifə 116-da "Dünyanın ən iri quşu" və s. haqqında verilən məlumatları nümunə göstərə bilərik.

"İsmailiyyə" (s.31), "Opera teatrı" (s.108) kimi memarlıq abidələri, elm, sənət məbədləri haqqındakı məlumatlar da təqdirəlayiqdir.

Hər bölmənin sonunda verilmiş "Ümumiləşdirici təkrar" da şagirdlərin müstəqil şəkildə biliyini qiymətləndirmək, onlarda özlərinə inam yaratmaq üçün çox faydalıdır.

Struktur baxımından VI sinif dərsliyi də (müəllifləri: R.İsmayılov, F.Ellazov) müasir təlim metodlarına uyğun olaraq hazırlanmışdır. V sinif dərsliyinin varisliyi əsasında tərtib olunan bu dərslikdə özünəməxsus cəhətlər diqqəti cəlb edir. Müəyyən mövzuların hazırlıq mərhələsində şagirdlərə BİBÖ (bilirəm, istəyirəm biləm, öyrəndim) cədvəli təqdim olunur və şagirdlərə bildiklərini və bilmək istədiklərini cədvəlin müvafiq sütunlarına yazmaq tövsiyə olunur. Bunun üçün istiqamətləndirilmiş suallar da verilmişdir. Mövzu tədris olunduqdan sonra isə şagirdlərə yeni öyrəndiklərini cədvəlin üçüncü sütununda yazmaq tövsiyə olunur. Bu cədvəl şagirdlərlə yanaşı, müəllimə də öz işinin nəticələrini qiymətləndirməyə kömək edir.  

VI sinif dərsliyindəki mətnlər öz rəngarəngliyi ilə seçilir. Maraqlısı odur ki, mətnlər seçilərkən fənlərarası inteqrasiyaya xüsusi diqqət yetirilmişdir. Dərslikdə ayrı-ayrı fənlərə: ədəbiyyata, tarixə, coğrafiyaya, riyaziyyata, musiqiyə və s. kimi fənlərə aid mövzular öz əksini tapmışdır. "Azərbaycanın landşaftı", "Dahi bəstəkar", "Ay adları", "Naftandazlar", "Küləklər", "Naftalan", "Qopuz və saz", "Şirvanşah I İbrahim", "Təqvimlər" və s. kimi mətnlər dediyimizə əyani sübutdur. 

Mətnlərdən sonra verilən suallarda da bir orijinallıq, inteqrativlik diqqəti cəlb edir. Səh. 116-da "Tarixdə il hesabları" adlı kiçik mətn verilmişdir. Mətnə aid suallardan biri belədir: Makedoniyalı İsgəndər e.ə. 356-cı ildə anadan olmuş və cəmi 33 il yaşamışdır. Deyə bilərsinizmi onun ölümündən neçə il sonra N.Gəncəvi "İsgəndərnamə" poemasını yazmışdır?

Şagirdlər ədəbiyyat dərsliyindən bilirlər ki, "İsgəndərnamə" poeması 1203-cü ildə yazılmışdır. Tarix dərsliyindən də bilirlər ki, Makedoniyalı İsgəndər e.ə. 323-cü ildə vəfat etmişdir. İlləri hesablayaraq  belə bir qərara gəlirlər ki, İsgəndərin ölümündən 1526 il sonra "İsgəndərnamə" poeması yazılmışdır. Göründüyü kimi, şagirdlər yuxarıdakı suala cavab vermək üçün ədəbiyyat, tarix və riyaziyyat fənlərindən öyrəndikləri bilikləri səfərbər etməlidirlər.

"Məntiq" rubrikasında müəlliflər daha diqqətli olmuşlar. Məntiqi qanunauyğunluğun ən barizini, ən "dərinini" seçib şagirdlərin diqqətinə çatdırmışlar. Məntiqi çalışmalar adi test tapşırıqlarından fərqlənir. Fərq ondadır ki, test tapşırıqlarında düzgün cavabı təyin etmək üçün əlamət verilir. Məntiqi tapşırıqlarda isə şagirdlərə düzgün cavabı tapmaq üçün əvvəlcə məntiqi ardıcıllığı və əlaməti tapmaq, sonra isə bu ardıcıllığı tamamlamaq və qanunauyğunluğu pozan elementi aşkar etmək tövsiyə olunur. Məsələn, dərsliyin 78-ci səhifəsindəki 6 nömrəli çalışmada hər bir sırada morfoloji cəhətdən fərqli olan sözü tapmaq tövsiyə olunur:

1. ağıllı, ədəbli, kəndli, buludlu, qarlı  

2. şabalıdı, badamı, qızılı, yazı, palıdı

Birinci nümunədəki sözlərin hamısı  -lı4, ikinci nümunədə isə -ı4 şəkilçisi ilə düzəlmişdir. Şagirdlər ilk olaraq ümumi əlaməti və məntiqi ardıcıllığı, sonra isə bu ardıcıllığı pozan elementi tapır. Məlim olur ki, birinci nümunədə kəndli, ikinci nümunədə isə yazı sözü əşya bildirdiyi üçün sifətlərin cərgəsini pozur.

VI sinfin dərsliyində özünə yer alan "Ümumi müzakirə" rubrikası da diqqəti cəlb edir. Bu rubrikada sinfin bütün şagirdləri iştirak edir, fikir mübadiləsi aparılır,  mövqelər əsaslandırılır. Ümumi müzakirə şagirdlərdə nitq qabiliyyətini, kollektivlə işləmək bacarığını inkişaf etdirir. Müzakirələr bəzən mübahisələrə də səbəb ola bilir. Nəticədə şagirdlər daha düzgün fikri qəbul edirlər. 

Ümumiyyətlə, biz dilimizi, ədəbiyyatımızı tədris edən bir müəllim kimi belə dərslikləri təqdir edir və onları hazırlayanlara razılığımızı bildiririk. 

Xəyalə QƏMBƏROVA,
Elçin MANAFOV,
Bakıdakı R.Hüseynov
adına 49 nömrəli "İntellekt" məktəb-liseyin

Azərbaycan dili və ədəbiyyat müəllimləri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov