Löven Katolik
Universiteti (Catholic University of Leuven)
Belçikanın Flandriya siyasi-coğrafi regionunda,
Löven şəhərində yerləşir. Universitet ölkənin ən
böyük və qədim ali məktəbidir. Kortreyk
şəhərində də ali məktəbin kampusu mövcuddur.
Böyük
Britaniyanın "Times Higher Education Supplement
- QS World Universities Rankings" jurnalının
2009-cu ildə apardığı dünya universitetlərinin
reytinqinə əsasən, Löven Katolik Universiteti
100 ən yaxşı ali məktəb arasında 65-ci yerdə
olub. "Times Higher Education World University
Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu
universitetləri arasında apardığı araşdırmaya
əsasən Löven Katolik Universiteti 119-cu, "QS
World University Rankings"in açıqlamasına görə
isə 86-cı yerdə olub.
Tarixi
Löven
Katolik Universitetinin tarixi üç mərhələyə
bölünür: Qədim universitet (1425-1797), Dövlət
universiteti (1816-1835), Katolik universiteti
(1835-1968).
Qədim
universitet: XV əsrdə Löven şəhərinin mülki
rəhbərliyi Brabanta hersoqu IV İoannın dəstəyi
ilə universitet yaradılması haqqında Roma
katolik kilsəsində Müqəddəs Prestola (Roma
katolik kilsəsinin yepiskoplar tərəfindən idarə
olunan yurisdiksiyasıdır, yepiskop burada adətən
Papa kimi tanınır) müraciət edir. 1945-ci il
dekabrın 9-da Papa V Martin Lövendə universitet
(Studium Generale) yaradılması haqqında papa
bullası çıxarır. Yeni yaradılacaq universitet
yerli dini iyerarxiyalardan müstəqil olmalı idi.
Yarandığı gündən ləğv edilənədək universitetdə
dərslər latın dilində tədris edilir. Ali məktəb
ilk dövrlərdə Paris, Köln və Vyana
universitetlərinə oxşar olaraq fəaliyyət
göstərir. Burada Erasmus Rotterdamus, Yohannes
Molanus, Coan Luis Vives, Andreas Vesalius,
Gerardus Merkator kimi dahi alimlərin çalışması
nəticəsində universitet XVI əsrdə sürətlə
inkişaf edir.
Fransa
inqilabından sonra Fransa və Avstriya arasında
Kampo Formio sazişinə əsasən, Avstriya
Niderlandı (hazırda Belçika) Fransaya, Venesiya
Respublikası isə Avstriyaya birləşdirilir.
1797-ci il oktyabrın 25-də Dil Departamentinin
(Belçikada mövcud olan Birinci Fransız
imperiyasının departementi olub, departamentin
ərazisindən axan çayın şərəfinə Dil
adlandırılıb) fərmanına uyğun olaraq Löven
Universitetinin fəaliyyəti dayandırılır.
Universitetin kitabları və digər əşyaları
müsadirə edilərək, Brüsseldəki Mərkəzi Məktəbə
köçürülür. Həmin dövrdə qüvvədə olan qanun
əsasında bu məktəb qədim Löven Universitetinin
rəsmi varisi təyin edilir, lakin məktəb 1802-ci
ildə bağlanır.
Dövlət
universiteti: Löven Dövlət Universiteti 1817-ci
ildə Birləşmiş Niderland Krallığının kralı I
Vilhelm tərəfindən yaradılıb. 1830-cu ildə
Belçika Niderland Krallığından ayrılaraq
müstəqillik əldə edir. 1834-cü ildə Belçikanın
Mexlin (fransızca Malin) şəhərində Mexlin
Katolik Universiteti yaradılır. Bir il sonra -
dekabrın 1-də Mexlin Katolik Universiteti Löven
şəhərinə köçürülür və Löven Dövlət Universiteti
bağlanır. Sonradan Mexlin Katolik Universiteti
isə Löven Katolik Universiteti adlandırılır.
Katolik
universiteti: Löven Katolik Universiteti 1835-ci
ildən fəaliyyət göstərir. 1914-cü ildə I Dünya
müharibəsi dövründə universitet alman ordusu
tərəfindən qarət olunur, Löven şəhərinin böyük
hissəsi yandırılır. Universitet kitabxanasından
300000 kitab, eləcə də çoxlu sayda əlyazma yoxa
çıxır.
Löven Katolik
Universiteti yarandığı gündən burada dərslər
fransız dilində keçilir. Universitetdə Belçika,
holland və digər rəsmi dillərdə mühazirələrə
1930-cu ildən icazə verilir. 1962-ci ildə
konstitusiya islahatlarına əsasən, universitetin
fransız və holland dilli bölmələri muxtariyyat
qazanır. Fələməng millətçilər universitetin
bölünməsini tələb edir, hollandlılar fransız
dilli müəllimlərə edilən güzəşt və imtiyazlara
etirazlarını bildirirlər. Fransız dilli
sosial-coğrafiyaçının televiziya çıxışında Löven
şəhərinin inzibati statusunun dəyişdirilməsi
təklifi gərginliyi daha da artırır, fələməngli
siyasətçilər və tələbələr etiraz aksiyaları
keçirir, nümayişlər 60-cı illərdə davam edir və
yalnız 1968-ci ildə Belçika hökuməti tərəfindən
yatırılır.
1968-ci
ildə universitetin bölünməsi nəticəsində
mübahisəyə son qoyulur. Universitetin holland
dilli hissəsi Löven şəhərində qalır və Löven
Katolik Universiteti kimi fəaliyyət göstərir,
fransız dilli hissəsi isə Brüsseldən 20 km
cənub-şərqdə yerləşən Löven-la-Nev bələdiyyə
şəhərində Qrinfild kampusuna köçürülür və de
Löven Katolik Universiteti adlandırılır.
1972-ci ildə
Löven şəhərindəki Löven Katolik Universiteti
universitetin "Löven tədqiqatları və inkişafı"
adlı layihə həyata keçirir. Bu layihə
nəticəsində universitetin tədqiqatları üçün bir
sıra şirkətlər milyonlarla avro vəsait
ayırırlar. 1999-cu ildə Avropanın 29 ölkəsinin
iştirakı ilə Boloniya deklarasiyası imzalanır.
Deklarasiya nəticəsində Avropada ali təhsil
islahatları aparılır, beynəlxalq əməkdaşlıq
gücləndirilir, Löven Katolik Universitetində
təhsil bakalavr və magistratura dərəcələrinə
bölünür.
Hazırda bu iki
- "bacı universitetlər" arasında sıx əməkdaşlıq,
tələbə mübadiləsi aparılır və geniş əlaqələr
qurulur.
Büdcəsi və təhsil haqqı
Löven Katolik
Universitetinin illik büdcəsi 646 milyon avro
təşkil edir. Həmin məbləğin 272 milyonu dövlət
vəsaiti, 259 milyonu elmi tədqiqatlar, 108
milyonu şəxsi, 7 milyonu isə digər vəsaitlər
hesabına əldə olunmuş gəlirlərdir. Universitet
xəstəxanasının illik büdcəsi isə ümumilikdə 650
milyon avrodur.
Löven
Katolik Universitetinin bakalavr pilləsində
yerli və Avropa İqtisadi Məkanına (1993-cü ildə
yaradılmış 19 ölkədən ibarət Qərbi Avropada
geniş iqtisadi birlik) daxil olan ölkələrin
tələbələri üçün təhsil haqqı 567 avrodur.
Magistratura pilləsində təhsil haqqı 1400-8750
avro arasında dəyişir. Əksər ixtisaslar üzrə
əcnəbi tələbələrin təhsil haqqı bakalavr və
magistratura pilləsində 5600 avrodur. Erasmus
Mundus proqramı çərçivəsində Avropa İqtisadi
Məkanına daxil olan ölkələrin tələbələri üçün
magistratura pilləsində təhsil haqqı 1000, daxil
olmayan ölkələrin tələbələri üçün isə 7000
avrodur. Nanoelmlər və nanotexnologiya üzrə
Erasmus Mundus proqramı çərçivəsində Avropa
İqtisadi Məkanı ölkələri üçün magistratura
pilləsində təhsil haqqı 4000, əcnəbilər üçün isə
8000 avrodur. Mühəndislik, kimya texnologiyaları
üzrə isə Erasmus Mundus proqramı çərçivəsində
Avropa İqtisadi Məkanı ölkələri üçün 3200,
əcnəbilər üçün isə 8000 avrodur. Tələbə təhsil
haqqından əlavə qeydiyyat, nəqliyyat, yataqxana,
qidalanma, tibbi sığorta və s. xərcləri də
nəzərə almalıdır.
Universitet bu gün
Löven şəhəri 5
bələdiyyə vilayətindən (Löven, Heverli,
Kassel-Lo, Vilsel və Uijqmaal) ibarət
aqlomerasiyadır və Brüsseldən 30 km şərqdə
yerləşir. Löven sakit və qonaqpərvər qədim
Avropa şəhəridir. Şəhərdə 90000 nəfərdən çox
əhali yaşayır. "Tələbə şəhəri" adlandırılan
Lövenin əhalisinin 46000-ni tələbələr təşkil
edirlər. Şəhərin mərkəzində "Əbədi tələbə"
abidəsi qoyulub. Heykəl bir əlində kitab tutur,
digər əli ilə isə qədəhdən başına "elm" tökür.
Löven şəhərində Löven Katolik Universitetinin
421 binası mövcuddur. Məşhur qotik üsluba aid
Citi Hollun yanında yerləşən orta əsrlərə aid
Klos Holl tikilisi universitetin əsas inzibati
binasıdır. Həmçinin Belçikanın Kortreyk
şəhərinin cənubunda, Hoog Kortreyk kvartalında
universitetin kampusu yerləşir.
Löven Katolik
Universitetində aşağıdakı kafedra, fakültə və
institutlar fəaliyyət göstərir.
Humanitar
və ictimai elmlər qrupu İlahiyyat, Kilsə
hüququ, Hüquq, Biznes və iqtisadiyyat, İctimai
elmlər, İncəsənət, Psixologiya və pedaqogika
elmləri fakültələrindən, KADOC-Din, Mədəniyyət
və Cəmiyyət Sənədləşməsi və Tədqiqatı
Mərkəzindən, Fəlsəfə, Löven Xarici Dillər
institutlarından ibarətdir.
Dəqiq elmlər,
mühəndislik və texnologiya qrupu Dəqiq elmlər,
Mühəndislik, Bioelmlər mühəndisliyi, Memarlıq,
şəhərsalma və regional planlaşdırma, Biologiya,
Biosistemlər, Mülki tikinti, Kimya, Kimya
texnologiyası, Kompüter elmləri, Yer və ətraf
mühit haqqında elmlər, Elektrotexnika,
Metallurgiya və materialşünaslıq, Mikrob və
molekulyar sistemlər, Fizika və astronomiya,
Riyaziyyat, Maşınqayırma fakültələrindən, Dəqiq
Elmlər, Texnologiya və Etika Mərkəzindən
ibarətdir.
Biotibbi
elmlər qrupu Tibb, Əczaçılıq, Kineziologiya və
reabilitasiya elmləri fakültələrindən, Kəskin
tibbi elmlər, Biotibbi kineziologiya,
Eksperimental tibb, Əczaçılıq elmləri,
Ürək-damar xəstəlikləri, Cərrahiyyə, İnsan
kineziologiyası, Səhiyyə, Tibbi diaqnostika
elmləri, İnsan genetikası, Mikrobiologiya və
immunologiya, Molekulyar və hüceyrə
biologiyası, Əzələ-sümük, Neyroelmlər,
Onkologiya, Patofiziologiya, Reabilitasiya
elmləri, Stomatologiya, patalogiya və çənə-üz
cərrahiyyəsi, Qadın və uşaq departamentlərindən,
Gövdə Hüceyrəsi İnstitutundan, İnfeksion
xəstəliklər, Fiziki fəallıq və Sağlamlıq
mərkəzlərindən ibarətdir.
Universitetdə,
həmçinin Avropa Etika, Universitet Statistika,
Aqrar Tarix, LUKAS-Qayğı Tədqiqatları və
Məsləhətləşmə mərkəzləri, HIVA-Əmək və Cəmiyyət
Elmi-Tədqiqat, Energetika institutları
mövcuddur.
Löven Katolik
Universiteti özəl olsa da, universitetin tədris
proqramları və diplomları bütövlükdə Flandriya
dövləti tərəfindən akkreditə olunub.
Universitetə TEMPUS və Erasmus, tələbə
mübadiləsi proqramları çərçivəsində əcnəbi
tələbələr qəbul olunurlar. Ali məktəbdə dərslər
holland dilində keçilməklə yanaşı, ingilis
dilində də proqramlar təklif olunur. Bakalavr
pilləsində təhsil 3 ildir və bu mərhələdə
dərslər, əsasən, holland dilində keçilir. Yalnız
Fəlsəfə İnstitutunun və İlahiyyat fakültəsinin
bakalavr pilləsində bütöv ingilis dilində
proqramlar mövcuddur. Diplomdan sonrakı təhsildə
isə əcnəbilər üçün geniş imkanlar yaradılıb və
tədris holland dili ilə yanaşı, ingilis dilində
aparılır.
Diplomdan
sonrakı təhsil, bir çox ölkələrdə olduğu kimi,
iki pillədən ibarətdir - magistratura (1 və ya 2
il) və doktorantura (PhD). Hər iki pilləni
bitirərkən dissertasiya müdafiə edilir. Bu ali
məktəbdə ingilis dilində 70-dən çox beynəlxalq
proqram (ixtisas) təklif olunur. Universitetdə
tələbələrin müstəqil işinə, tədqiqatlarına
xüsusi diqqət ayrılır. Tədris metodikası iki
variantda təqdim edilir: klassik
mühazirə-monoloq və dərsliklərlə iş. Löven
Katolik Universitetinin doktorantlar üçün 3
məktəbi mövcuddur. Bunlar Dəqiq Elmlər,
Mühəndislik və Texnologiya, Biotibbi Elmlər,
Humanitar Elmlər və İncəsənət doktorantura
məktəbləridir. Məktəbin vəzifəsi milli və
beynəlxalq səviyyədə elmlər namizədlərinin
təhsilini, onların bütün sahələrdə akademik
karyera əldə etmələrini təmin etməkdir.
Löven Katolik
Universitetinin hazırkı kitabxanasının yaranma
tarixi 1834-cü ilə təsadüf edir. Naamsestraat
binasındakı kolleksiya XVII əsrdən toplanmağa
başlanıb. Qədim universitetə məxsus arxivlər
hazırda Belçika Milli Arxivinin əsas
hissələrindən biridir. I Dünya müharibəsi zamanı
universitet kitabxanası dağıdıldıqdan sonra
1921-1928-ci illərdə Ladeuzepleində amerikalı
memar Uitni Uorren tərəfindən yeni kitabxana
binası tikilir. Həmin bina hazırda
universitetin ən böyük tikililərindən biridir.
Dünyanın əksər
ölkələrindən olan insanlar universitetin
kitabxanasına edilən vandalizm aktından bərk
hiddətlənirlər və onların verdiyi ianələr
nəticəsində kitabxana kolleksiyası bərpa olunur.
Lakin 1940-cı ildə alman ordusunun Löven
şəhərinə hücumu nəticəsində kitabxana binası
yandırılır, 900000 əlyazma və kitab məhv
edilir. Müharibədən sonra isə bina Uorrenin
dizaynına uyğun olaraq bərpa edilir və 1968-ci
ildə kitabxana 4 milyondan çox kitaba malik
olur. Həmin il universitetin holland və fransız
dilli hissələrə ayrılmasından sonra kitabxana
kolleksiyası da iki yerə bölünür.
Universitetin
kitabxana sisteminə hazırda Mərkəzi, Humanitar,
İncəsənət, Biznes və iqtisadiyyat, Fəlsəfə,
Hüquq, Psixologiya və pedaqogika, Sabbe
ilahiyyat, İctimai, Biotibbi elmlər, Arenberq,
Kortreyk kitabxanaları daxildir. Ümumilikdə
kitabxana kolleksiyasına 4,3 milyon cild kitab,
14500 jurnal, 7492 tam mətnli elektron jurnal
daxildir. Təkcə Mərkəzi kitabxananın
kolleksiyası 1300000-dən çox materialdan
ibarətdir, İlahiyyat kitabxanası isə bu sahə
üzrə Avropanın ən zəngin kitabxanalarından
biridir.
Löven Katolik
Universitetinin müəllim və tələbələri
vəzifələrinin icrasında akademik sərbəstliyi,
eyni zamanda məsuliyyətliliyi ilə seçilir.
Universitetin müəllimləri arasında gənc kadrlara
geniş yer ayrılıb. Löven Katolik Universitetinin
rektoru hazırda professor Mark Vaerdir. Ali
məktəbin əməkdaşlarının ümumi sayı 9560
nəfərdir. Onların 1463 nəfəri böyük akademik,
5136 nəfəri kiçik akademik, 3098 nəfəri isə
inzibati heyətdir. Universitet xəstəxanasında
8500-dən çox işçi çalışır.
Löven Katolik
Universitetində ümumilikdə 36923 tələbə təhsil
alır, onlardan 5078 nəfəri əcnəbi tələbələrdir.
Tələbələrin 2518 nəfəri Avropa Şurasına daxil
olan, 2560 nəfəri isə dünyanın digər
ölkələrindən olan gənclərdir.
Löven
şəhərində tələbələrə uyğun qiymətə geniş
spektrdə universitet və özəl yataqxanalar təklif
olunur. Mənzil idarəsi otaqla təmin olunmaqda
tələbələrə yardım edir. Tələbələrin Löven
şəhərinə gəlməmişdən öncə yataqxana ilə bağlı
universitetə müraciət etmələri daha
məqsədəuyğundur. Yaşayış yeri tapmaq üçün ən
çətin vaxt sentyabr ayıdır. Universitet
yataqxanaları 20-dən başlayaraq 400-ə qədər
otağa malikdir. Mətbəx və hamam otaqları
ümumidir. Löven Katolik Universiteti Erasmus
proqramı çərçivəsində təhsil alan əcnəbi
tələbələrin məskunlaşmaları üçün 1200 yataqxana
otağının 200-nü ehtiyat kimi ayırıb. Mübadilə
proqramı çərçivəsində təhsil alan tələbələr
universitet yataqxanalarında qala bilməzlər,
onlar özəl mənzillərdə məskunlaşdırılır.
Universitet yataqxanalarında ailəli tələbələr
üçün də otaqlar mövcuddur. Yataqxanalarda mebel,
avadanlıqlarla təchiz edilmiş, ümumi mətbəx və
vanna otağından ibarət bir otağın (başqa
tələbələrlə bir yerdə qalmaq şərti ilə) aylıq
qiyməti 260-300, ayrıca mətbəx və vanna otağı
olan, mebel və avadanlıqlarla təchiz edilmiş
otağın aylıq qiyməti isə 400-500 avrodur.
Adətən
tələbələr boş vaxtlarını dostları ilə birgə
Löven şəhərini gəzməklə, şəhərin kafelərində
söhbət etməklə keçirirlər. Tələbələrin
toplaşdıqları ən məşhur məkan Qədim Bazar
Meydanıdır. Tələbələr kinoteatrda vaxtlarını
keçirməyi də çox sevirlər. Şəhərin böyük
kinoteatrı 8 kino zalından ibarətdir və burada
ən yeni filmlər nümayiş olunur. Şəhərdə
video-studiyalar da fəaliyyət göstərir.
İyul-avqust aylarında Löven şəhəri konsert
meydanına çevrilir - hər kəs sevdiyi musiqini
canlı dinləmək fürsəti qazanır, rok, caz, blyuz,
Latın-Amerika, klassik musiqi festivalları
təşkil edilir. Tələbələr ekskursiyalara getməyi,
səyahət etməyi də çox sevirlər. Paris, Amsterdam
və Avropanın digər şəhərləri Lövendən çox da
uzaqda deyil, gənclər bu şəhərlərə asanlıqla
gedə bilərlər.
Avropanın
aparıcı elmi-tədqiqat mərkəzlərindən biri olan
Löven Katolik Universiteti Koimbra (aparıcı
Avropa universitetlərindən ibarət şəbəkə), LERU
(Avropa Tədqiqat Universitetləri Liqası)
qruplarının üzvüdür. Universitet İsa peyğəmbərin
anası Müqəddəs Mariyanın şərəfinə fəaliyyət
göstərir və bu, onun emblemində də təsvir
edilib. Ali məktəbin devizi isə "Müdriklik
taxtı" sözləridir. Hər il fevralın 2-də
universitetdə Müqəddəs Mariyaya həsr olunmuş
təntənəli mərasim keçirilir. Həmin gün
universitet fəxri doktor mükafatı təqdim edir.
Bu ali məktəb katolik universitet olduğu üçün
elm və din arasındakı əlaqələrlə məşğul olur,
kilsə və dünya arasında dialoq yaratmağa
çalışır, eləcə də bəşəriyyətin elmi və mədəni
inkişafında fəal iştirak edir.
Universitetin məşhur məzunları
|
VI Adrian |
Roma papası |
|
|
Herman van Rompey |
2009-cu ildən Avropa Şurasının
prezidenti |
|
|
Otto fon Qabsburq |
müasir Qabsburqlar ailəsinin başçısı,
Avstriya və Macarıstan kralı I Karlın
böyük oğlu |
|
|
Rafael Anxel Kalderon Quardiya |
Kosta-Rikanın sabiq prezidenti |
|
|
Frans van Kauvelaert |
siyasi xadim |
|
|
Əbdül Qədir xan |
Pakistanın nüvə silahı proqramının
yaradıcısı |
|
|
Piter de Somer |
Löven Katolik Universitetinin birinci
rektoru |
|
|
Patrik Frensis Hili |
Corstaun Universitetinin 29-cu
prezidenti |
|
|
Kristian de Duve |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Andreas Vasalius |
müasir anatomiyanın atası |
|
|
Venq Venhao |
Çin coğrafiyasının banisi |
|
|
Karl Jan de la Valle-Pusen |
sadə ədədlər teoremini kəşf etmiş alim |
|
|
Mauris Entoni Bio |
Belçika-Amerika fiziki,
poroelastiklik nəzəriyyəsinin banisi |
|
|
Andre Qoffeau |
mayanın DNT kodunun kəşfində iştirak
etmiş alim |
|
|
Corc Lemetr |
keşiş, astronom |
|
|
Rembert Dodoens |
botanik |
|
|
Yustus Lipsius |
humanist |
|
|
Antuan Verqote |
ilahiyyatçı, filosof, psixoloq və
psixoanalitik |
|
|
Leonardus Lessius |
etik və iqtisadçı |
|
|
Antanas Baranaukas |
Polşa-Litva şairi |
|
|
Albrext Rodenbax |
şair |
|
|
Emil Cozef Dillon |
yazıçı və jurnalist |
|
Universitetin
fəxri doktorları
|
Meri Robinson |
İrlandiyanın sabiq prezidenti |
|
|
Patriarx I Varfolomey |
dünya ortodoks xristianlarının lideri,
Konstantinopol kilsəsinin rəhbəri
|
|
|
Oskar Arnulfo Romero |
San-Salvador arxiyepiskopu, insan
hüquqları müdafiəçisi |
|
|
Karla Del Ponte |
BMT-nin beynəlxalq cinayət hüququ
tribunalının baş prokuroru |
|
|
Helmut Koll |
Almaniyanın sabiq kansleri |
|
|
Helmut Şmidt |
Almaniyanın sabiq kansleri |
|
|
Rocer Penrouz |
Oksford Universitetinin
riyaziyyat-fizika üzrə professoru |
|
|
Timoti Qarton Eş |
Oksford Universitetinin Avropa
tədqiqatları üzrə professoru |
|
|
Mario Varqas Lyosa |
Peru yazıçısı |
|
|
Nadin Qordimer |
Cənubi Afrika yazıçısı, ədəbiyyat üzrə
Nobel mükafatı laureatı |
|
|
Con Breytueyt |
Avstraliya kriminalisti, ədalətli və
sülhpərvər ideyaların müəllifi |
|
|
Jak Derrida |
fransız filosof |
|
|
Marta Nussbaum |
Amerika filosofu, Çikaqo Universitetinin
əməkdaşı |
|
|
Roberto Beninyi |
İtaliya aktyoru və rejissoru
|
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|