İdarəetmə
sahəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə
təsir göstərən amilləri öyrənmək və onları
düzgün planlaşdıraraq inkişafa gedən yolun -
strategiyanın dəqiq müəyyənləşdirilməsini təmin
etmək aktual problem kimi qarşıya qoyulur.
Ümumiyyətlə, təhsildə keyfiyyət dedikdə təhsilin
keyfiyyətinin məzmunu, idarə olunması,
monitorinqi, qiymətləndirilməsi, keyfiyyətə
nəzarət amilləri ilə yanaşı "keyfiyyətin
planlaşdırılması" kimi də başa düşülməlidir.
Təbii ki, keyfiyyət öz-özünə yaranmır, o
planlaşdırılmalıdır. Bu məqsədlə qeyd etmək
istərdik ki, həm sovet dövründə, həm də müasir
müstəqillik dövrümüzdə təhsildə idarəetmə
sisteminin ilkin funksiyalarından sayılan
planlaşdırma anlayışı öz yerini tutmuşdur.
Təhsilin keyfiyyətinin planlaşdırılması təhsil
sahəsindəki fəaliyyətin ümumi
planlaşdırılmasının tərkib hissəsidir.
Təhsil
sistemində planlaşdırma cari və perspektiv
planlaşdırma mərhələlərinə bölünür. Əgər cari
strategiya düzgün planlaşdırılmırsa, müsbət
nəticələr əldə etmək mümkün olmur. Bu baxımdan,
təhsil sistemində aparılan islahatların strateji
istiqamətlərindən biri də təhsilin idarə
olunması sahəsində yeni model və mexanizmlərin
tətbiqidir. Bununla əlaqədar başlıca vəzifə
inkişaf etmiş ölkələrin təhsili idarəetmə
təcrübəsini öyrənməklə ölkəmizdə müasir
idarəetmə sisteminə, xüsusən də, "strateji
planlaşdırma" mexanizminə keçilməsinə nail
olmaqdır. Strateji planlaşdırma mexanizmi təhsil
sistemində səmərəli idarəetmə üçün real zəmin
yaradır.
Strateji
planlaşdırma anlayışını izah etməzdən əvvəl
"strategiya"nın nə olduğunu bilmək
məqsədəmüvafiqdir. Strategiya təşkilatın
məqsədlərinə çatması üçün ətraflı hazırlanmış
kompleks plan, gözlənilən nəticələrə doğru
istiqamətlənmiş hərəkətdir. Eyni zamanda
strategiya müəyyənləşdirildikdən sonra mütləq
planlaşdırılmalıdır.
Planlaşdırma
müəyyən müddət ərzində nəzərdə tutulan
nəticələrin əldə edilməsinə yönəldilmiş
fəaliyyətin müəyyənləşdirilməsi prosesidir.
Strateji
planlaşdırma isə təşkilatın fəaliyyətinin
səmərəliliyini daha da artırır, təşkilatın
gələcək fəaliyyət istiqamətlərini (strateji
istiqamətləri) və uzunmüddətli məqsədlərini
müəyyənləşdirir. Strateji planlaşdırma həmin
məqsədlərə nail olmaq üçün tədbirləri, ayrılan
büdcə hesabına inkişaf üçün xərclərin necə sərf
edilməsini müvafiq qaydada müəyyən edir,
müntəzəm olaraq fəaliyyətin qiymətləndirilməsinə
imkan yaradır.
Strateji
planlaşdırmanın missiyası təşkilatın gələcəyini
əks etdirməklə yanaşı onun prioritetlərini,
uzunmüddətli məqsədlərini və həmin məqsədlərə
nail olmaq üçün tədbirləri müəyyənləşdirmək, bir
sıra müvafiq proqramları yenidən hazırlamaq,
onları təkmilləşdirmək, idarəetməni, əməkdaşlığı
inkişaf etdirmək, təşkilatın inkişafını
dəyərləndirmək və həmin təşkilatda yenilikləri,
dəyişiklikləri yüksək səviyyədə təmin etməkdir.
Bu baxımdan qeyd etmək lazımdır ki, strateji
planlaşdırma mexanizminin tətbiq olunması
idarəetmə sisteminin təkmilləşdirilməsi üçün
vacib hesab olunur.
Strateji
planlaşdırma mexanizmi cari vəziyyətin,
perspektivlərin və inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi, idarəetmə sisteminin və
planlaşdırmanın təkmilləşdirilməsi, müasir
informasiya-kommunikasiya texnologiyaları
vasitələrindən səmərəli istifadə edilməsi,
tədqiqat işlərinin aparılması və inkişaf
etdirilməsi, təşkilatda iş sisteminin effektiv
qurulması, koordinasiya edilməsi və nəzarətin
həyata keçirilməsi, təşkilatın fəaliyyətinin
müəyyən indikatorlar vasitəsilə
qiymətləndirilməsi məqsədilə tətbiq olunur.
Strateji
planlaşdırma prosesi hər hansı təhsil
müəssisəsinin ümumi səbəb və məqsədini
(missiyasını), inkişaf istiqamətlərini
(dəyərləri, perspektivləri və məqsədləri)
müəyyənləşdirməklə həyata keçirilir, həmin
müəssisədə digər əsas funksiyalara, xüsusilə bir
sıra proqram və resursların planlaşdırılmasına
olan tələbatı təmin edir. Belə ki, əgər strateji
planlaşdırma səmərəli həyata keçirilmirsə,
təşkilat arzuolunan nəticəni əldə etmir.
Bu mexanizmin
tətbiqi zamanı cari vəziyyətlə bərabər
uzunmüddətli məqsədlər, perspektivlər
müəyyənləşdirilir, monitorinq və
qiymətləndirməyə imkan verilir və
hesabatvermənin təşkilinə zəmin yaradılır.
Strateji planlaşdırma təhsil müəssisələrinin
fəaliyyətinin inkişafı üçün çox faydalıdır və
fəaliyyətin planlaşdırılması üçün uzunmüddətli
baza yaradır. Fəaliyyətin perspektiv
planlaşdırılması ondan ibarət olmalıdır ki,
gələcəkdə əldə olunacaq nəticələrə verilən
tələblər perspektiv nöqteyi-nəzərdən
müəyyənləşdirilməli, planlarda arzu olunan
nəticələr öz əksini tapmalıdır.
Strateji
planlaşdırma yerli idarəetmə orqanları və təhsil
müəssisələrinin struktur bölmələrində
planlaşdırma işlərini aparmaq məqsədilə baza
formalaşdırır və gələcəkdə təhsilin necə təşkil
olunacağını müəyyənləşdirir. Təhsil sahəsində bu
proses təşkilatın ətraf mühit ilə qarşılıqlı
əlaqələrini aşkar edir, ehtimal olunan
problemləri təhlil edərək müəyyən qərarlar
çıxarmağa imkan verir.
Strateji
planlaşdırma bir sıra məqsəd və vəzifələrə
xidmət edir ki, onlar da aşağıdakı kimi
ümumiləşdirilə bilər.
Belə ki,
strateji planlaşdırma məqsəd və vəzifələrin
təşkilatın struktur bölmələri ilə
əlaqələndirilməsi, hər bir şəxsin fəaliyyəti və
yüksək nailiyyətin əldə olunması üçün zəmin
yaradılması, səmərəliliyin və keyfiyyətin
artırılmasının təmin edilməsi, təşkilatda
rəhbərlik, struktur bölmə rəhbərləri və işçilər
arasında səmərəli əməkdaşlığın yaradılması,
müəyyən məsələlərlə bağlı işçi qrupların
yaradılmasını və onların fəaliyyətinin təmin
edilməsini, səmərəlilik və keyfiyyətlilik
nəticəsində fəaliyyətin məhsuldarlığının
artırılması kimi məqsədlərə, eyni zamanda
təşkilatın ümumi məqsədlərinin, vəzifə və
funksiyalarının müəyyənləşdirilməsi, təqdim
olunan hesabatların və təkliflərin
ümumiləşdirilməsi, nəzərdən keçirilməsi və
qiymətləndirilməsi, inkişaf proqramlarının
yerinə yetirilməsi, təşkilatın şəraiti və işçi
heyətinin inkişafının qiymətləndirilməsi
prosesinin həyata keçirilməsi, məktəb-valideyn
fəaliyyətinin səmərəli həyata keçirilməsi
məqsədilə valideynlərin işçi qruplarının işinə
cəlb edilməsi, tədrisin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində yönəldilmiş
təşkilati-pedaqoji tədbirlərin planlaşdırılması,
müəyyən edilmiş idarəetmə nəticələrinə
əsaslanaraq siyasətin yerinə yetirilməsinin
monitorinqi və qiymətləndirilməsi prosesinin
həyata keçirilməsi, idarəetmə sistemində çalışan
əməkdaşların fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi, büdcə vəsaitindən
istifadənin nəzərə alınması və idarəetmə
sahəsində həyata keçirilən tədbirlər üçün geniş
imkanların yaradılması kimi vəzifələrə xidmət
edir.
Strateji
planlaşdırma sahəsində aparılan bir sıra aparıcı
strateji istiqamətlər də vardır ki, həmin
istiqamətlər aşağıdakı kimi həyata keçirilir:
1. Təşkilatın
fəaliyyət istiqamətini və gözlənilən
nəticələrini müəyyənləşdirmək üçün illik
fəaliyyət planının hazırlanması;
2. Təşkilatda
çalışan işçilərin birgə fəaliyyət göstərməsinə
zəmin yaradılması;
3. Təşkilat
haqqında ictimai rəyin formalaşdırılması;
4. Təşkilatın
infrastrukturunun təşkilinin müasir tələblər
səviyyəsində nəzərdə tutulması;
5. Təşkilatın
güclü və zəif cəhətlərini, imkan və risklərini
müəyyənləşdirmək üçün imkanın yaradılması.
Yuxarıda qeyd
olunan məqsəd və vəzifələr, strateji
istiqamətlər təhsil sisteminə daxil olan
ayrı-ayrı pillələr üçün spesifikdir, yəni təhsil
müəssisələrində strateji planlaşdırmaya aid olan
istiqamətlər daha dəqiq (spesifikaya uyğun)
müəyyənləşdirilməlidir.
Strateji
planlaşdırma prosesində nəzərdə tutulan mühüm
məsələlərdən biri də büdcə planlaşdırılmasının
həyata keçirilməsidir. Strateji planlaşdırma ilə
büdcənin idarə olunması arasında sıx əlaqə
vardır. Hər hansı təhsil müəssisəsində strateji
planlaşdırma prosesi həyata keçirilərkən həmin
müəssisənin məqsədləri büdcənin planlaşdırılmış
xərcləri ilə əlaqələndirilməli, eyni zamanda
həmin məqsədlərə nail olmaq üçün lazımi
resurslardan istifadə olunması
müəyyənləşdirilməlidir. Bu prosesin üstünlüyü
ondan ibarətdir ki, burada resurslardan (maliyyə
və insan resursları, avadanlıqlar) daha səmərəli
istifadə olunur. Təhsil müəssisəsinin büdcə
planlaşdırması strateji planlaşdırmanı həyata
keçirməyə kömək edir və "strateji plan"dakı
prioritetlər üzrə ayrılan büdcənin necə sərf
edilməsi müəyyən olunur.
(Ardı var)
Vüqar ƏBDÜLRƏHİMOV,
Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması
şöbəsinin
aparıcı məsləhətçisi |