Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji
Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru Mehdi Abdullayevdir
Abdullayev
Mehdi Kamal oğlu 1980-ci ildə anadan olub. Bakı
Dövlət Universitetinin hüquq fakültəsinin
bakalavr və magistratura pillələrini bitirib.
Eyni zamanda Azərbaycan Dillər Universitetində
tərcüməçilik ixtisası üzrə ikinci ali təhsil
alıb. Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında
müəllim, baş müəllim, dekan müavini, Azərbaycan
Müəllimlər İnstitutunda beynəlxalq əlaqələr üzrə
prorektor vəzifələrində işləyib. Ötən ilin aprel
ayından Azərbaycan Dövlət Pedaqoji
Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektorudur. 2009-cu ildə "Cinayət prosesində
insan haqlarının müdafiəsi, Avropa Şurasının
standartları və Azərbaycan Respublikasının
qanunvericiliyi" mövzusunda namizədlik
dissertasiyası müdafiə edib. Hüquq elmləri üzrə
fəlsəfə doktorudur. Hazırda doktorluq
dissertasiyası üzərində işləyir. M.Abdullayev
eyni zamanda Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai
Birliyinin Əlaqələndirmə Şurasının sədridir.
Ailəlidir, bir övladı var.
Hazırda
ölkəmizdə böyük vüsətlə həyata keçirilməkdə olan
təhsil islahatının əsas hədəflərindən biri
təhsil sistemimizin beynəlxalq təhsil məkanına
inteqrasiyasını təmin etməkdir. Bu hədəfə çatmaq
üçünsə təhsil sahəsində səmərəli beynəlxalq
əlaqələrin qurulması prinsipial əhəmiyyət kəsb
edir. Çünki məhz səmərəli qurulmuş beynəlxalq
əlaqələr, beynəlxalq təşkilatlar, ayrı-ayrı
ölkələrin nüfuzlu təhsil qurumları, müəssisələri
ilə qarşılıqlı faydalı əməkdaşlıq sayəsində
ölkədə təhsilin inkişafına, onun səviyyəsinin
daha da yüksəlməsinə nail olmaq mümkündür.
Beynəlxalq əlaqələr həm də dünya təcrübəsində
istifadə olunan yeni texnologiyaların, təlim
strategiyalarının, innovasiyaların öyrənməsinə
və tətbiqinə, insan potensialının inkişafına,
kadrların davamlı təkmilləşdirilməsinə,
tələbə-müəllim mübadiləsinə əlverişli şərait
yaradır, ölkəmizin beynəlxalq aləmdə daha yaxşı
tanınmasına və müsbət imicinin formalaşmasına
kömək edir. Məhz buna görə də hazırda ölkəmizdə
demək olar ki, bütün təhsil pillələrini əhatə
edən tədris müəssisələri, xüsusən də insan
kapitalının formalaşmasında, ölkənin gələcək
inkişafının təminatçısı olan yüksək ixtisaslı
mütəxəssislərin hazırlanmasında mühüm rol
oynayan ali məktəblər öz fəaliyyətlərində
beynəlxalq əlaqələrə böyük önəm verir, xarici
ölkələrin müvafiq təhsil müəssisələri ilə
əməkdaşlığın qurulmasına, mövcud əlaqələri daha
da genişləndirməyə səy göstərirlər. Bu məsələ
ölkəmizdə pedaqoji kadrlar hazırlayan ən böyük
təhsil müəssisəsi olan Azərbaycan Dövlət
Pedaqoji Universitetinin də daim diqqət
mərkəzində durur. Universitetin beynəlxalq
əlaqələri, son illər bu istiqamətdə görülmüş
işlərlə tanış olmaq və qəzetimizə yazı
hazırlamaq məqsədi ilə əməkdaşımız bu günlərdə
ADPU-da olmuş, bu ali təhsil ocağının beynəlxalq
əlaqələr üzrə prorektoru Mehdi Abdullayevlə
görüşmüşdür.
- Mehdi müəllim, istərdik öncə ölkəmizin təhsil
sistemində aparılan islahatlarda Azərbaycan
Dövlət Pedaqoji Universitetinin yeri və rolu,
son illər bu ali təhsil ocağında görülən işlər,
qazanılan uğurlar barədə məlumat verəsiniz.
- Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra, xüsusən də
1993-cü ildən başlayaraq inamla azad,
demokratik cəmiyyət quruculuğu yoluna qədəm
qoymuş, ölkə həyatının bütün sahələrində
islahatlara start verilmişdir. Ulu öndərimiz
Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin
qüdrətlənməsinə, xalqımızın rifah halının
yüksəlməsinə yönəlmiş quruculuq siyasəti bu gün
möhtərəm Prezidentimiz cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Ölkəmiz artıq
bir sıra nüfuzlu beynəlxalq təşkilatların
üzvüdür. Son illər Azərbaycanda elmi surətdə
əsaslandırılmış və cənab Prezident tərəfindən
təsdiq olunmuş dövlət proqramları həyata
keçirilir ki, bu da, beynəlxalq qurumların
xüsusi qeyd etdikləri kimi, ölkəmizin inkişafını
təmin edir. İndi təkcə təhsil sahəsində 16
inkişafyönümlü dövlət proqramı reallaşdırılır,
yeni məktəblərin tikilməsi, geniş miqyasda
aparılan quruculuq, bərpa və təmir işləri,
təhsil müəssisələrinin hər cür yeni
avadanlıqlarla, kompüterlərlə zamanın
tələblərinə uyğun təchizatı məqsədyönlü şəkildə
həyata keçirilən islahatların, dövlətimizin
təhsilə göstərdiyi diqqət və qayğısının
nəticəsidir.
Təbii ki,
ölkəmizin aparıcı ali təhsil müəssisələrindən
biri olan Azərbaycan Dövlət Pedaqoji
Universiteti də islahatlardan, yeniləşmədən
kənarda qalmamış, təhsil islahatının mühüm
komponentlərindən biri olan müasir təfəkkürlü
pedaqoji kadrların hazırlanması işinə öz
töhfələrini vermişdir. Xüsusən son illərdə
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, tanınmış alim və təhsil təşkilatçısı,
professor Yusif Məmmədovun universitetimizə
rektor təyin olunmasından sonra bu qocaman elm
və təhsil ocağı öz inkişafının yeni mərhələsinə
qədəm qoymuşdur. Hörmətli Yusif müəllimin
rəhbərliyi altında son illər universitetin
müsbət imicinin formalaşdırılması, zəngin
ənənələrinin qorunub saxlanılması və inkişaf
etdirilməsi istiqamətində planlı və məqsədyönlü
işlər görülmüşdür. Bu baxımdan universitetin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsilin
məzmununun təkmilləşdirilməsi, kollektivdə
sağlam mənəvi-psixoloji mühitin
formalaşdırılması, imtahan sessiyalarında
biliyin yeganə meyara çevrilməsi, imtahanların
tam şəffaf, obyektiv, ədalətli keçirilməsinin
təmin olunması yönündə atılmış mühüm addımları
xüsusi qeyd etmək istərdim. Rəhbərliyin qayğısı
və məqsədyönlü fəaliyyəti nəticəsində
universitetdə yeni elmi tədqiqat və tədris
laboratoriyaları, kompüter mərkəzi
yaradılmışdır. Bütün bunların nəticəsidir ki,
hazırda universitetimiz ölkədə ali təhsil
sahəsində həyata keçirilən islahatların önündə
gedir, ali təhsilin və elmin inkişafını təmin
etmək üçün qəbul edilmiş dövlət proqramlarında
qarşıya qoyulmuş vəzifələrin, "Təhsil haqqında"
Azərbaycan Respublikası Qanununun müddəalarının
yerinə yetirilməsində yaxından iştirak edir.
- Ölkənin ali məktəbləri arasında ilk dəfə
olaraq ADPU-da tələbələrin semestr imtahanlarını
kompüter vasitəsi ilə vermələri geniş
ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış və
təqdir olunmuşdur. Yeri gəlmişkən, tətbiq
etdiyiniz yenilik barədə bir qədər ətraflı
məlumat vermənizi istərdik.
- Qeyd
etdiyiniz kimi, artıq 3 ildir ki,
universitetimizdə semestr imtahanları test
sistemi ilə, kompüter vasitəsi ilə aparılır. Bu
addım universitet rəhbərliyinin təşəbbüsü ilə
tələbələrin biliyinin qiymətləndirilməsində
şəffaflığı və obyektivliyi təmin etmək,
sessiyalar ərzində yarana biləcək neqativ
halları aradan qaldırmaq məqsədi ilə atılıb.
İmtahanların yeni qayda ilə keçirilməsinə
2009-2010-cu tədris ilinin qış imtahan
sessiyasından başlanıb. Həmin sessiya zamanı
əyani şöbə üzrə bütün imtahanlar Boloniya
prosesinin tələblərinə uyğun, test üsulu ilə
keçirildi. Yenilik müəllimlərin imtahanlarda
bilavasitə iştirakını aradan qaldırır.
Universitetin kompüter mərkəzində aparılan
imtahanlar üçün test sualları müvafiq kafedralar
tərəfindən hazırlanaraq kompüterlərə daxil
edilir. Hər tələbə kompüter qarşısında əyləşərək
müvafiq əməliyyatlar apardıqdan sonra ayrılmış
vaxt ərzində kompüter vasitəsi ilə ona təqdim
olunan sualları cavablandırır və nəticəsini elə
həmin andaca da öyrənir.
Yeri gəlmişkən
qeyd edim ki, imtahanların kompüterlərlə
aparılmasına tələbələr də, müəllimlər də
dəfələrlə öz razılıqlarını ifadə etmişlər.
Gələcəkdə qiyabi şöbədə təhsil alan tələbələr
üçün də bu sistemin tətbiqi nəzərdə tutulub.
- Mehdi müəllim, bildiyiniz kimi,
universitetlərin reytinqi müəyyənləşdirilərkən
beynəlxalq əlaqələr, xarici tələbələrin sayı
əsas kriteriyalardan biri kimi götürülür. Bu
sahədə universitetinizdə vəziyyət necədir? Hansı
ölkələrin ali məktəbləri ilə əməkdaşlıq
edirsiniz?
- Son illər
digər sahələrdə olduğu kimi, beynəlxalq
əlaqələrin qurulması istiqamətində də
universitetimizdə mühüm addımlar atılıb və bu
sahə universitet rəhbərliyinin daim diqqət
mərkəzindədir. Universitetimiz Avropa Pedaqoji
Universitetləri Assosiasiyasının üzvüdür. Onun
iclaslarında müntəzəm iştirak edir, bu sahədə
olan nailiyyətlərdən, innovasiyalardan
bəhrələnməyə çalışırıq. Həm təşkilata üzv olan
ölkələrdən öyrənir, həm də öz təcrübəmizi
paylaşırıq. Aprel ayında Amsterdamda
Assosiasiyanın konfransı keçiriləcək. Orada
bizim nümayəndə heyətinin də iştirakı nəzərdə
tutulub.
Bir sıra
xarici ölkələrin universitetləri ilə
əlaqələrimiz var. Bunlardan ən önəmlisi qardaş
Türkiyənin Hacəttəpə Universiteti ilə qurulmuş
əlaqələrdir. Bu əlaqələr çərçivəsində elmi
mübadilə həyata keçirilir, birgə konfranslar,
simpoziumlar təşkil olunur. Hacəttəpə
Universitetinin əməkdaşları universitetimizdə
"Müəllim hazırlama siyasəti və problemlər",
"Təhsildə qloballaşma və İKT" mövzularında
keçirilən beynəlxalq elmi konfransların
iştirakçısı olmuş, elmi fikir mübadiləsi
aparmışlar. 2008-ci il noyabrın 24-də həmin
universitetdə keçirilmiş "Müəllim günü"nə
ADPU-nun nümayəndə heyəti dəvət olunmuşdu.
Bundan əlavə,
Rusiya Federasiyasının subyektlərindən olan
Tatarıstanın paytaxtındakı Kazan Dövlət Pedaqoji
Universiteti ilə əməkdaşlıq müqaviləmiz var.
Onlarla əməkdaşlığımız yenicə başlayıb. Bu
istiqamətdə iş qurmağa çalışırıq.
Ukraynanın,
Türkmənistanın, digər ölkələrin universitetləri
ilə də hazırda əməkdaşlıq əlaqələrinin qurulması
üzərində iş gedir.
Bizim Fransa
ilə də bir proqramımız var. Bu, həmin ölkənin
Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq əsasında
yaranan bir proqram, onların kursudur. Bu kurs
vasitəsi ilə Fransadan gələn müəllimlər fransız
dilinin ölkəmizdə öyrədilməsinə öz töhfələrini
verirlər. Çalışırıq ki, yaxın gələcəkdə TASİS,
TEMPUS, Erazmus Mundus proqramlarında da iştirak
edək. Bununla bağlı hələlik fikir mübadiləsi
aparılır, müəyyən təcrübə öyrənilir. Çox güman
ki, yaxın vaxtlarda bu sahədə də öz sözümüzü
deyəcəyik.
- Universitetinizdə nə qədər əcnəbi tələbə
təhsil alır?
- Hazırda
universitetimizdə 100-ə yaxın əcnəbi tələbə
təhsil alır. Onlar əsasən Türkiyədən
gələnlərdir. Vaxtı ilə universitetdə türkiyəli
tələbələrlə bağlı problem yaşanmışdı. Hörmətli
rektorumuz Yusif Məmmədovun universitetimizə
gəlişindən sonra o problem aradan qaldırıldı.
Hazırda əvvəlki etimad bərpa olunub. Türkiyədən
gələn tələbələrin sayının ildən-ilə artması bunu
deməyə əsas verir. Sadəcə, müəyyən dövrdə
universitetimizə inamın zəifləməsi Türkiyədən
gələn tələbələrin sayına təsirsiz ötüşməmişdir.
Belə ki, indi bizim universitetin yuxarı
kurslarında türk tələbələrinin sayının azlığı
müşahidə olunur. Ancaq hazırlıq şöbəsində, 1 və
2-ci kurslarda türkiyəli tələbələrin sayı
kifayət qədərdir. Güman edirik ki, yaxın illərdə
onların sayı daha da artacaq, Türkiyədən daha
çox tələbə cəlb edə biləcəyik. Apardığımız
müşahidələr, təhlillər, səfirliklə əlaqələrimiz
bunu deməyə əsas verir.
- Xarici tələbələrə yaradılan şərait necədir?
Onları yataqxana ilə təmin edə bilirsinizmi?
Ümumiyyətlə, xarici tələbələr universitetdəki
təhsil mühitindən razıdırlarmı?
- Xarici
tələbələrin təhsil alması üçün universitetimizdə
bütün şərait var. Onlar universitetin geniş,
işıqlı auditoriyalarından, laboratoriyalarından,
zəngin kitabxanasından, kompüter mərkəzindən,
İnternetdən istifadə edirlər. Lakin təəssüf ki,
məlum səbəblərə görə hələlik onları yataqxana
ilə təmin edə bilmirik.
Universitetimizdə demək olar ki, beynəlxalq
standartlara uyğun təhsil verilir. Bunu
universitetdə təhsil alan əcnəbi tələbələrlə
fərdi söhbətlərdə onlar özləri də dəfələrlə qeyd
etmiş, bizdəki təhsilin onlarda olan
standartlara yaxın olduğunu bildirmişlər. Bu
mənada onlar universitetimizdə təhsil
almalarından razıdırlar.
- Türkiyəli tələbələr universitetin həyatında,
mədəni-kütləvi tədbirlərdə nə dərəcədə iştirak
edirlər?
- Türk
tələbələri universitetimizdəki tələbə həyatında
fəal iştirak edirlər. Onların öz tələbə
qurumları var. O quruma hər fakültədən bir neçə
tələbə nümayəndə seçilir. Onlar həm də bizim
köməkçilərdir. Biz onların vasitəsi ilə bütün
proseslərdən, türk tələbələrinin problemlərindən
hali oluruq. Bizim qapılarımız onların üzünə
açıqdır. Onlar rastlaşdıqları çətinliklər,
problemlərlə bağlı universitetin rəhbərliyi
qarşısında məsələ qaldırır və rəhbərliyin
köməyi, müdaxiləsi ilə həmin çətinlik və
problemlər vaxtında öz həllini tapır.
Türkiyəli
tələbələr universitetdə keçirilən mədəni-kütləvi
tədbirlərdə də yaxından iştirak edir və fəallıq
göstərirlər.
Biz çalışırıq
ki, onları ölkəmizin tarixi inkişafı, aparılan
daxili və xarici siyasət, Dağlıq Qarabağ
problemi və s. ilə daha yaxından tanış edək.
Məsələn, bizim Dağlıq Qarabağ problemi haqqında
onların məlumatları var, lakin biz çalışırıq ki,
bu problemlə bağlı onlar daha dərin bilgilərə
malik olsunlar. Ölkələrinə qayıdandan sonra
bizim haqq səsimizi Türkiyə ictimaiyyətinə daha
dərindən çatdıra bilsinlər, Azərbaycan
həqiqətlərini yaysınlar.
- Maraqlı müsahibə üçün sağ olun.
Müsahibəni apardı:
Yusif ƏLİYEV |
|